Söylə kardeşim
Söylə kardeşim
(Şair Seyraqif Coculunun “Benim YOK,SUL Kardeşim” başlıqlı şerinə qarşılıqlı) Bizlərdə zəifə zəli deyirlər, Kəlçəyə dağların kəli deyirlər, Düzünü deyənə dəli deyirlər, Sizlərdə necədi, söylə kardeşim. Biçarə, biəlac, bihal insana Bizlərdə dünyanın bici deyirlər, Kirmişə, fağıra gici deyirlər, Sizlərdə necədi, söylə kardeşim. Bizlərdə nənəyə cici deyirlər, İblislik insanın imici deyirlər, Cindara, cibgirə ciddi deyirlər, Sizlərdə necədi, söylə kardeşim. Boşanmış qadınlar ərsizdir, duldur, Dula tamah salan qudurmuş, quldur, Qulduru yolundan azdıran puldur, Sizlərdə necədi, söylə kardeşim. Bankirlər oyanıb, baxtın yatanda, Dirilib lap gordan gəlsin atan da, Bizdə aldadırlar alıb - satanda, Sizlərdə necədi, söylə kardeşim. Adamlar öz dərdi, öz azarında, Şıdırğı alver gedir bazarında, Qolları qandallanır yazarın da, Sizlərdə necədi, söylə kardeşim. Qanunu vecinə heç alanmı var, Soyan, çapan, qapan, heç talanmı var, Böhtan, iftira, eh, heç yalanmı var, Sizlərdə necədi, söylə kardeşim. Yırtsın da özünü yüz də “ANS”1, Lap olsun pul-paran, əşi nə biznes, Bir kəsdən gözləmə sağol, malades2, Sizlərdə necədi, söylə kardeşim. Zurnada zuy tutur dədə dəmkeşim, Qəmişdəndi tütəyi də, qəmkeşim, Qərəz, bizim yollar toz, eşim – eşim, Sizlərdə necədi, söylə kardeşim. Mafiya, mafioz, hər yan inhisar, İzinə keçərsən, qulaqlar, asar, Səni kim dinləyər, kim qulağ asar? Sizlərdə necədi, söylə kardeşim. Sığınacaq yurd, sıcağı söndürür, Qucağ açan od qucağı söndürür, Bir nanəcib min ocağı söndürür, Sizlərdə necədi, söylə kardeşim. Necolur bilmirəm heç neftim, qazım, Ucuzca ulayır, uf, tulam, tazım, Hansını söyləyim, hansını yazım, Sizlərdə necədi, söylə kardeşim. Müftəxoru, bərk gedəni, yeyini, İflic olub böyüklərin beyini, Açılmayır millətimin eyini, Sizlərdə necədi, söylə kardeşim. Milyardlar əriyir kərə yağı tək, Kababı köz üstə nərə yağı tək, Təklənib ortada dərə, dağı tək, Sizlərdə necədi, söylə kardeşim. Dağların başında qalan qar qurtlar, Bizdə gön sökürlər qurdlar, manqurtlar, İnanmam türk olan bunları kutlar, Sizlərdə necədi, söylə kardeşim. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Qeyd: 1.ANS – Ans tv; 2.Malades – afərin mənasında. 03.08.2011-ci il |
Burada bir halkın derdi deyil tüm insanlığın problemleri
araştırılır. Cemiyyetin bu günki durumu aytınlaçdırılır.