BİR KÖYÜN HASRATI
DAYOĞLU SAYATDAN
QADAN ALIM Ay mamoğlu, yazda mənim yerimə, Dağların seyrinə çıx, qadan alım. Anamız Şindinin dolan başına, Qucaqla köksünə sıx, qadan alım. Şönmüş ocaqlara atəş paylayıb, Dolan Damyerini çiçək qoxlayıb, Ən uca zirvədə ayaq saxlayıb, Pirdən bu cahana bax, qadan alım. Bayram bulağını ziyarət eylə, Gözündən öp, dindir, dərdimi söylə, Görüş ilk eşqimin son görüşüylə, Həsrət qalasını yıx, qadan alım. Hər yamac doğmadı, candı istə get, Ötən ömrü dağ-dərədə səstə get, Mədnə təpəsində ocaq üstə get, Xoş günə bir nəzir çıx, qadan alım. Sayadam doymaram hər qarışından, Gül qoxuyan torpağından, daşından, Bir tük belə əyilməsin başından, Sevirəm Şindini çox, qadan alım. AY SAYAD Ayrılıq həsrəti üzəndə məni, Dağların seyrinə çıxdım, ay Sayad. Anamız Şindinin qlxıb başına, Ağlayıb köksümə sıxdım, ay Sayad. Ayaqladım Böyüktapın başını, Qartal uçan qayaların tuşunu, Yazıb bir lövhəyə yurdun yaşını, Mən Bala Şindiyə taxdım, ay Sayad. Dərəsini, təpəsini yoxladım, Dolandım Yaylanı çiçək qoxladım, Ən uca zirvədə ayaq saxladım, Pirdən bu cahana baxdım, ay Sayad. Yaralar var vətənimin köksündə, Dayanıblar millətimin qəsdində. Mədnə təpəsində, ocaq üstündə, Xoş günə bir nəzir çıxdım, ay Sayad. Dolana-dolana Tağlıya getdim, Bayram bulağını ziyarət etdim, Əyilib gözündən doyunca içdim, Həsrət qalasını yıxdım, ay Sayad. Göy üzünü qara bulud alanda. Şimşəklər çaxanda, leysan olanda, Sellər-sular dərələrə dolanda, Qoşulub sellərə axdım, ay Sayad. Coculuyam, bitirmədim sözümü, El-obada ağartmışam üzümü, Şindilərdə qoyub gəldim izimi, Dünən vardım, bu gün yoxdum ay Sayad. |