GƏNCƏMİN...Keçmiş tarixinə bir salın nəzər, Adında mərdliklə cəsarət gəzər, Düşməni ərənin baxışı əzər, İgidlikdir, hər dövranı Gəncəmin. Yağı düşmənlərlə döyüşdən keçib, Zəfər şərbətini ürəklə içib, Cavad xan qeyrətlə şəhidlik seçib, Var igidlik çox dastanı Gəncəmin. Çinar vüqarlıdır hər bir ərəni, Düşmənə ləyaqət dərsi verəni, Elində azadlıq eşqi görəni, Olubdur həmişə canı Gəncəmin. Hətta düşmən qorxub adından belə, Gəncə adına da çox qurub tələ, Ötəri baş tutub qurduğu hiylə, Dəyişməyib öz ad-sanı Gəncəmin. Azadlıq eşqilə öndə durandır, Şərqdə müstəqillik ilkin qurandır, İgidlik mərdliklə qəlbi vurandır, Vətənçün hey coşur qanı Gəncəmin. Bayramın həyatı həm varlığıdır, Vətənə bağlılıq tək marağıdır, Elimin bir olan mərd sorağıdır, Türk İslamdır, din imanı Gəncəmin... |