2
Yorum
3
Beğeni
5,0
Puan
1047
Okunma
Orda el qızları gül çiçək sayıb,
Qaya xınasıyla yanaq boyayıb.
Cüyür bulağına dodaq dayayıb
Əyilib içəni yad eylə, nolar!
Binə qurulardı Keçəl dağında
Mələrdi quzular axşam sağında
Gözüm qalıb yaxmasında, yağında
Yaylağa köçəni yad eylə, nolar!
Orda qalıb ürəyimin yarısı
Cavanların başlarına darısı.
Mərhum Nəcəf əmimizin arısı
Verərdi beçəni, yad eylə, nolar!
Hələ xəyallarım edər seyranı
Al yaşıl dağların olmuş heyranı
Yanında bir cürdək nəhrə ayranı
Yamacı biçəni yad eylə, nolar!
Şehli yamaçlarda hər səhər çağı
Axtarardıq qıjı, quzuqulağı
Otların içindən biçin qabağı
Çiyələk seçəni yad eylə, nolar!
Nə vaxt mehman olsan, etsən bir səfər
Kəndin ayağından başına qədər
Könlündən qopanı süfrəyə sərər
Kəsilən beçəni yad eylə, nolar!
5.0
100% (2)