0
Yorum
0
Beğeni
0,0
Puan
1887
Okunma
Bu gün mənim doğum günüm...
Hamı oyaq mən yatmışam.
Kimsədən zəng gözləmirəm,
Telefonumu qapatmışam.
Saatın dili açılır,
Alır məni yuxulardan.
İçmişəm sanki,sərxoşam,
Özüm yorğun,başım duman.
Toz basmış yan yörəsini,
Saralmış yaşıl səmənim.
Təkcə təqvimlər bilir ki,
Doğum günüm bu gün mənim.
Xəyallar bu, ara-sıra,
Oyalayan şəksiz məni...
Fotolar divardan baxıb,
Qutlayır çiçəksiz məni.
Masamın üstü qurumboş,
Pastalar dükanda qalmış.
O bəbək xatirələrim
Uyumuş divanda qalmış.
Oturmuşuq,üzbəüzük,
Tək fotom mənə arkadaş.
Bir qədəh ovutmaz bizi,
İçək mi yenə,arkadaş.
Açıram iş telefonumu,
Mesaj yazıram özümə:
-Doğum günün qutlu olsun!
Ünvan qoyuram:"Özümə"
Səs gəlir...
Çölə baxıram.
Bəlkə,təbrikə gələnmiş.
Pərt oluram,pozuluram,
Sən demə,ağacdələnmiş.
Təqvimlərdə bitib gedir
Həyatımin ildönümü.
Qoparıram gözümdə yaş,
Divardan doğum günümü...
Bu gün mənim doğum günüm...
İçimdə bir qəriblik var.
Bir az qəmli,bir az da xoş...
Nə gözəlmiş bu duyğular.
*