DAŞA YAZILAN TALE
*****
Daşı ətəyimə tökən kəs mənə "Daşı ətəyindən tök"-deyir,indi. İllərcə çalışıb tikdiyim evi, "Tikmisən,təzədən sök"-deyir,indi. * Heç dilə tutmasın məni boş yerə, Daha dəyişmişəm,sözə baxmıram. Zövqüm də dəyişib görkümə görə, Geyəndə qumaşa,bezə baxmıram. * Başıma vurmuram səhv eləyəndə, Vuranda çovuyub qəlbimə dəyir. Nöqsanım,qüsurum ağır yük kimi, Dizimi əyməyir,belimi əyir. * Bəzən fırladıram daşı göylərə, Düşəndə qayıdıb başıma düşür. Cavanlıq dilimə,dodaqlarıma, Qocalıq ömrümə,yaşıma düşür. * Nə dünya dağılır,nə ömür bitir... Bəlkə,taleyimiz qoşa yazılıb. Onunku tanrının öz dəftərinə. Mənimki atdığım daşa yazılıb. *** |