ÖZGE KAPI ÖNÜNDE
ÖZGƏ QAPI ÖNÜNDƏ
Bu qapının dalında uşaqlığım dayanıb, Bu qapıdan o yanda daha duymazlar məni. Bir vaxt böyümək üçün bu qapıdan çıxmışam, Bu qapıdan girməyə indi qoymazlar məni. Orda qalıb nənəmin xanım-xatun yerişi, Qanovuz ətəklərin xışıltısı ordadı. O bağçada babamın əkdiyi ağacların Dəyməmiş alçası da şəkər dadır, bal dadır. Məxmər ləçəklərini yerə sərib qızılgül, Hənirimdən tanıyıb ağac, budaq, bağ məni. Bu həyətə girməsəm ətrini qoxladığım Qızılgül kollarının haqqı tutacaq məni. Bu qapının dalında qanadlı arzularım, Şaxta, boran görməyən isti, qaynar bir həyat. Havası xoş, suyu saf, orda hamı mələk tək, Bu qapının dalında cənnət kimi bir həyət. Bu həyətdə saz səsi, kəhər at kişnərtisi, Novruz tonqalı boyda uşaq fərəhi qalıb. İkimərtəbə evin aynabənd eyvanında Ətirşah çiçəkləri sanki xəyala dalıb. Onda qonum-qonşu da ev adamı kimiydi, Bu qapı səhər-axşam açıq idi hamıya. İyirmi ildən çox ötüb, özgə qapı önündə Keçmişə qapı açan adamı kim tanıyar?! Təranə Turan Rəhimli |