Molla & Şair
- Kim hədis düşmənidir Haqq onu peşman etsin!
- Kim ağıl sahibidir haqqına iman etsin! - Mənsiz iman eliyən kəsləri şeytan etsin! - Səni şeytan eliyib, şeytanı yeksan etsin! - Mənə şeytan deyənin ömrünü zindan etsin! - Yeni Yusiflər üçün zindanı xəndan etsin! - Səni biçarə qoyub gözləri giryan etsin! - Süzülən qətrələrə lütfünü ehsan etsin! - Səni rüsvayi-cahan, dillərə dastan etsin! - Mən Ona təslim olan, hökmünə fərman etsin! - Səni kim xəlq eliyib bizlərə duşman etsin? - Məni Xaliq yaradıb hər şeyə səhman etsin! - Bizə səhman eliyən kəs gələcək qan etsin! - Qorx ki, səndən yapışıb qanuva qəltan etsin! - Səni Allah gecə əzrailə mehman etsin! - Ölümündən qaçanın qəbrini ümman etsin! Bir ovuc torpağa həsrət qoysun. Gələcək ümmətə ibrət qoysun. Ama kim Xaliqə zalimlik edir, Qəbrini viran günə millət qoysun. Müəllif: Anar Əhəd |