ÖYRƏT
İllərim məhv oldu sevgi odunda,
Sadəcə öyrəndim xəyal qurmağı. Heç kəs öyrətmədi unudum necə, Amma öyrənirdim unudulmağı. Bu ruh düşkünlüyü, bu sevgi yası, İlahi nələri yaşatdın mənə? Mən səndən mələklər istədim amma, Sən göydən mələk yox daş atdın mənə. Şair sevdasına susamış qismət, Xoşbəxtlik qapımı döyməyəcəkmi? Sevgidən səcdəyə gedən bu şair, Əbədi məhəbbət görməyəcəkmi? Payız gözəlliyi daşıyan qadın, Bahar ayrılığın niyə sevir ki? Şair ürəyində yaşayan qadın, Tərk edib bu ömrü niyə gedir ki? Mən sənə öyrətdim məhəbbət nədir, Get sən də özgəyə sevməyi öyrət. Qapını elə çırp, elə yox ol ki, Şairə tərk edib getməyi öyrət... |