ANACAN
(Bəzən daşa dönərik gözümüz heç nə görməz,
Göz yaşına dönərik bizi göz də götürməz!...) Ana! Ana! Eşit məni anacan, Sənin varlığına bilsən necə möhtacam! Sənə susuzam, sənə acam. Anacan! Doqquz ay qaranlıq dünyanda qaldım, Bir göbək bağından bir ömür aldım. Mən tez böyüdükcə, sən tez qocaldın. Lay-lay, lay-lay deyərdin, Nə qədər əzizləyərdin, Anlamazdım o zaman, Körpə idim, bağışla. Qollarında saat kimi, Sağ-sola yelləyərdin, Mışıl-mışıl yatanda mən, Yorulub tərləyərdin. Qorxmazdın ki, soyuq olar, Üşüyərsən, donarsan, Qorxurdun oyanaram, Məni yerə qoyarsan. Yuxusuz gecələrin o yorğun sabahları. Ən yaxşısı olmusan sən bütün anaların. Anacan! Kaş qayıdıb keçmişə, Öz gözümlə görəydim, məni böyütməyini. İlk dəfə öz dilimdən ana dediyim zaman, Sənin eşitməyini. Sənin eşitməyini. Sən mənə dünya verdin, Mən sənə ana adın. Mən ölümlü insanam, Sənsə ölümsüz qadın! Yadındamı anacan?! Uşaq vaxtı deyirdim, Böyüyən kimi: -sənə dünya alacam. Hələ böyüməmişəm, mən alacam, anacan! Biz sənin gözlərində həmişə balan qaldıq, Siz qocaldız amma biz, Həmişə cavan qaldıq. Anacan! Əgər sevgi həyatsa, Sən bambaşqa həyatsan. Baharıma günəşsən, Qışıma qarsan, Yaxşı ki, varsan. Yaxşı ki, varsan. Sən yalnız bizlərə yox, Lap yeri gələn zaman, Atama da anasan, anacan! Çox heyif ki, zaman qaçır, tutmaq olmur. Hamı unudulur... Bircə ananı unutmaq olmur. Bizim hər bir dərdimiz, sənin nurlu üzünə, Çəkib kobud qırışları. O mənalı baxışların, Bağışlayır mənə utanc, Bağışlayır mənə qorxu. Bağışlayır mənə sevgi. Utanıram, çox qorxuram, çox sevirəm mən səni. Anacan! Uşaq vaxtı qaçardım İsti qucağını açardın, Böyük oğlan olsam da, Balaca qollarına -sığışardım. Tumar çəkərdin mənə, Mən ordaca yatardım. Anacan! Müqəddəs adının, Sənin kimi qadının, Övladına sevgi sirrin, Heç bir kitab, heç bir şeir aça bilməz. Nə möminlər, nə alimlər heç bir zaman tapa bilməz. Ağıl ağıldan, Nə qədər olsa da üstün, Heç bir ağıl bu sevgini dərk edə bilməz! Övlad öz anasın tərk edə bilər, Analar heç zaman tərk edə bilməz! Həyat ölümlü həyat, Çətin və dözümlü həyat! Mənə sən öyrətmisən, Mənim həyat müəlliməm, Sən olmusan anacan! Həyatda hər şeyimi, Təkcə sizə borcluyam! Ana adına qurban, Ana adına qurban! |