AYRILDIQ
Yağış çox yaraşır göz yaşlarına,
Qucaqla cismimi, titrəsin ruhum. Baharın ecazkar fısıltısını, Sənin yoxluğunda dinləsin ruhum. Bir bahar küçədə gözlərimlə mən, Sevgidən üşüyüb geyindim səni. Heyf anlamadım bu qədər müddət, Sən sevmək xətrinə sevirdin məni. Boğub kişiliyi ürəyimdə mən, Satdım hər şeyimi qadın eşqinə. Uğrunda etdiyim fədakarlığı, Bəndə də etmədi Tanrı eşqinə. Mən səni hər şeydən uca qılarkən, Məni yoxluğunda basdırdı zaman. Son vaxtlar ətrini dəyişmişdin sən, Ayrılıq qoxurdu üst-başın tamam. Doldurub həsrəti sıxdın beynimə, Sən indi xoşbəxtlik yollarındasan. Mən özgə qadının xəyallarında, Sən başqa kişinin qollarındasan. |