BİR İHTİYAR YAŞAYIR
BİR QOCA YAŞAYIR
Bir qoca yaşayır bizim bu kənddə, Çəkdiyi ağrılar üzünə çıxıb. Alnı qırışanda əldən düşəndə, Taleyin dərd yükü dizinə çıxıb. Əsaya söykənib kəndin başında, Özü də bilməyir kimi gözləyir. Bu ahıl vaxtında, doxsan yaşında, Onu kim saxlayır, kim əzizləyir? Kənddə alaq basmış yollara baxır, Dərd onun içində lövbər salıbdır. Qocanı bir nisgil yandırıb yaxır, O, bu daş yollarda çox qocalıbdır. Yollardan itibdir ayaq izləri, Kənd niyə bu bədbəxt qocaya qalıb? Tanrıya dikilib məsum gözləri, Bir kəndin borcunu qocadan alıb. Tənha bir qocadır elə bağlanıb, Tay-tuşları kənddən uzaqlaşıblar. Bu həsrətdən sinələri dağlanıb, Hərəsi bir eldə məzarlaşıblar. |