Dünyaya İnsan Gelmişim
DÜNYAYA İNSAN GƏLMİŞƏM
Mən nə kölə, nə dəki qul, dünyaya insan gəlmişəm, Hökm etməyə iddiam yox, ismidə pünhan gəlmişəm. Pozulubdur bu dünyanın haqqı çəkən tərəzisi, Əhrimənə qarşı duran canımda tufan gəlmişəm. Mən Hürmüzdün övladıyam, ədalətdir səsim mənim, Dünyadakı gözəlliyi eşq ilə duyan gəlmişəm. Nə Buddayam, nə kafirəm, nə Musayam, nə İsayam, Dinimdəndə dönəmmirəm, çün ki, müsəlman gəlmişəm. Vicdanımdır dinim mənim, Allahım öz içimdədir, İçimdəki haqq ilə mən zamana üsyan gəlmişəm. İnsan özü həqiqətdir, bu dünyadan uca durur, İdrakımda cahan kiçik, dünyaya meydan gəlmişəm. Coculuyam, bu dünyanı sanmamışam beşcə gündür, Zaman, məkan fəlsəfəsin bilib oxuyan gəlmişəm. DÜNƏN VƏ BU GÜN “Dünənin alqışları, Dəyişib ünvanını”. Ay ustadım tutublar, Siyasətin canını. Dünən şərə əl çalan, Bu gün xeyrə ucalır. Dünən şərə alçalan, Bu günə də əl çalır. Onlar üçün fərqi yox, Xeyir nədir, şər nədir. Əqidə kasıbları, Nə bilir bəşər nədir. Dünənin “kommunisti”, “Sağ”adını alıbdır, Dünənin Allahsızı, Bu gün “hacı”olubdur. Nə olsun ki, fırlanır, Bu dünyanın kütləsi. Dolub insan canına, Şeytanların fitnəsi. Çün ki, fələk fırladır, Öz çərxini tərsinə. Bilinməyir dünyanın, Düzəni nə, tərsi nə. Dünən də fırlanırdı, Bu gün də hey fırlanır. Dün ki, xeyrin önünə, Bu gün şər dığırlanır. Mən də öz əqidəmi, Dəyişmədim heç nəyə, Əqidəsizlər məni, Cəhd etdilər əyməyə. Əyilməyir vicdanı, Canlı olan heykəlin. İnsanları azaddır, Ədalətli ölkənin. |