- 584 Okunma
- 0 Yorum
- 0 Beğeni
Şuşada görüşərik!
Elbəyi Cəlaloğlu
Şuşada görüşərik!
“İstanbulda quşlar qondu çiynimə”
Bu dəfəki söhbətim İstanbulda Ayasofya məbədini ziyarət edərkən düşündüklərimdən ibarətdir. Səfərimdə Sultan Əhməd camesini və Topqapı tarixi muzeyini də ziyarət etdim. Lakin, Ayasofya düşüncələrimin daha önəmli olacığını düşünürəm. Həm də yaxın keçmişdə hörmətli İradə Tuncayın İstanbul xatirələrini “525-ci qəzet”in səhifələrində oxuduğumuzdan, təkrarçılığa yol vermədən, bir haşiyə çıxaraq konkret fikirlərmi sizlərə çatdırmaq istəyirəm.
Son vaxtlar Türkiyənin Ermənistanla sərhədləri açmaq istəməsi xəbəri deyəsən Türkiyəli türkləri də sarsıdıbmış. Dükanlardan birində satıcının Azərbaycan türkü olduğumu bilib mənə yaxınlaşdığını gördüm.
Azərimisən? – dedi.
Əvət, Azərbaycan türküyəm – dedim. Bəlkə də heç növbəti sualına hazır deyildim:
- Efendim, ben de türkem, bizlere kızdınızmı?
-Türkün acısına kızmamaq olurmu? – dedim.
O, bir az düşünürək – hankı acıymış? – deyə soruşdu.
- Türkün türkü başa düşməməsindən də acı bir şey ola bilirmi, yəni? – dedim.
Yerli vətəndaşlarla olan bir çox söhbətlərimdə Türkiyə iqtidarının bu son siyasətinə onların da acıdıqlarınınn dəfələrlə şahidi oldum və türk millətinin bu birliyinə “afərin” dedim.
Nə isə keçək əsas məsələyə.
Məbədi ziyarət etmək üçün təxminən 300 metrlik məsafədən növbəyə durmalı oldum. Burada dünyanın bütün dillərində danışılırdı. Bir anlığa Babil haqqındakı əfsanələri xatırladım. Orada yazıldığına görə insanların həmfikir olaraq Babil qülləsini ucaltmağa nail olduqlarını görən Allah onların dillərini qarışdırmışdı. Qarışdırmışdı ona görə yox ki, onlar qülləni ucaltmasınlar, qarışdırmışdı ona görə ki, dünya malından insanların gözünün doymamsı ona əyan idi, bəlkə də düşünürdü ki, bu şöhrətpərəst insanlar süni düzəltikləri pillələrlə ucala-ucala Allahın mərtəbəsinə çatar və onu da taxtdan salardılar, bununla da həyat məhv olardı. Buna baxmayaraq, bizlər artıq başqa planetlərə uçmağa hazırlaşırıq. Uçuşumuz xoş niyyətli, Allah yardımçımız olsun!
Bu gəzintidə fikrimə cürbəcür ideyalar gəlirdi. Bir anlığa xalq şairi Zəlimxan Yaqubun “İstanbulda quşlar qondu çiynimə” misrasını xatırladım. İlham pərisi gəlib oturmuşdu çiynimə. Bir azca ortaq dil məsələsi məni düşündürdü. Türkiyədən Azərbaycana bir qonağımız gələndə hamımız Türkiyə türkcəsində danışmağa çalışırıq. Biz oraya gedəndə isə onlar nəinki cəhd eləmirlər, heç bu haqda düşünmürlər də. Türkiyəyə uçmaq üçün Bakı hava limanındaykən özümüzü Türkiyə türkcəsinə kökləyirik. Hələ bu nədir ki, vətənimizdə gəlmələr bir yana, yerli qeyri-türklərlə də onların öz dilində danışmağa çalışırıq. Lakin, heç bir qeyri dövlətdə yerlilərin bizim Azərbaycanlı olduğumuzu duyduqda doğma dilimizdə danışmağa cəhd etmələrinin şahidi olmamışam. Bu artıq ürəyimizin yumşaqlığından keçir nə bilim nəyə... Nədənsə özgə havasına oynamağı özümüzə ar bilmirik. Bu xüsusiyyətimizi tərgitməsək ortaq türkcənin Azərbaycan türkcəsinə yaxınlaşacağını unutmalıyıq. Ancaq bir şeyi unutmamalıyıq - ən saf türkcə Qazax-Borçalı ləhcəsi hesab edilir. Bu ayrıca bir mövzu olduğundan qısaca olaraq deyə bilərəm ki, əcnəbi dillər bu ərazidə yaşayan türklərin dilinə öz təsirini göstərə bilməyib. Hal-hazırda Borçalı Gürcüstan respublikasının tərkibində olsa da bu bölgədə yaşayan əksər türklərin gürcü dilində danışa bilməməsi buna bariz nümünədir. Bu da belə, keçək başqa bir məsələyə.
İstanbul Bizansların hakimiyyəti altında olarkən Ayasofiyanın önündə tikili bir sütün üzərində, Yustinyanın atlı heykəli dayanırmış. XIII əsr İslam coğrafiyaçılarının verdiyi məlumata görə heykəlin sağ əli havada olmaqla xalqı İstanbula dəvət edən bir mənaya dəlalət edir, sol əlində tutduğu tilsimli qızıl kürə isə düşmənin şəhəri istilasına əngəl kimi anladılırdı. Xristiyan qaynaqlarına görə isə at üzərində canlı kimi dayanan Yustinyanın heykəlinin sol əlində qızıldan böyük bir alma olub, sağ əli isə Qüdsü və İslam dünyasını göstərməklə, imperatorun dünyanı əlində tutduğunu göstərir. Xristiyan səyyahlarına görə isə, bu qızıl kürə Bizans imperatorluğuna uğur gətirirdi. Necəki, XIV əsrdə heykəlin və kürənin düşməsi bir çox ölkələrin itirilməsinə, yəni Türklər tərəfindən fəthinə və imperatorluğun süqutuna işarə sayılırdı. Bizanslılar üçün uğurlu bir tilsim sayılan bu kürə Fatih Sultan Mehmetin təşəbbüsü ilə Türklərin “Qızıl alma”sı olaraq, onların İstanbulu almaq üçün bir simvolu olmuşdur. Hətta, heykəlin üzü Anadoluya tərəf dayanaraq, əli ilə də Osmanlıları göstərməsinə Yustinyanın “məni yuxacaq insanlar bu tərəfdən gələcəklər” deməsi haqqında bir rəvayət də qoşulmuşdu. İstanbulun fəthindən sonra Qızıl alma Romaya köçürülmüşdür.
Qanuni Sultan Süleymanın dövründə Osmanlılar Xaçlı hücumlarının qaynağı olan Roma papalığına hakim ola bilmək üçün qarşılıqlarına çıxan Alman imperatorluğunu və Beç (Vyana) şəhərini tutmaq zərurətini anladılar. Beləliklə, Fatih Sultan Mehmetin təşəbbüsü ilə olan İtaliyanın fəthi təxirə salınaraq, Beç şəhəri və qalasına sahib olmaq üçün “Alman Qızıl Alması və ya Qızıl Alma səddi” ideyası təşəkkül tapdı. 1529-cu ildə Beçi mühasirəyə alan Sultan Süleyman qış gəldiyi üçün mühasirəni dayandırdı. Qışlaqları ziyarət edən cahangir əsgərlərə baş çəkərək, onların şərbətlərini içər və bardaqlarını qızıl ilə doldurub özlərinə qaytarardı. Ayrılarkən isə “Qızıl Almada görüşərik” deyib, əsgərlərdə gələcək döyüşə bir psixoloji ruh və ya yüksək döyüş ovqatı yaradaraq öz ideyalarını canlandırırdı. Əsgərlər isə onların fədakarlıqlarını ifadə edən bir tərzdə “dəstəyə güllə atar, keçəyə qılınc çalar, Qızıl Almaya tək gedərik” deyimi ilə sultana cavab verər, bağır basardılar. Buradan görünür ki, Qanuni Sultan Süleyman Beç şəhərini almaq üçün əvvəlcə əsgərlərində psixoloji bir qələbə ruhu yaratmışdı, daha doğrusu “əsgər” sözünün özündə qaliblik kultunun yaranmasına nail olmuşdu.
Bəlkə, biz də bəşəriyyətin “pul xəstiliyi”nə tutulduğu bu dövrdə Azərbaycan insanının psixologiyasına tək bircə ifadə ilə təsir edək?!
Təklifim budur ki, görüşüb ayrılarkən bir-birimizə “sağ ol” yox, ŞUŞADA GÖRÜŞƏRİK deyək!!! Bizim gözümüzü dikdiyimiz, özgə torpaqları deyil, öz dədə-baba yurdumuzdur, ulularımızın hördüyü divarlar, qurduğu qalalar, uyuduğu məzarlıqlardır.
Şuşada görüşərik!
İstanbul, 01.05.2009
“525-ci qəzet”, 16 may 2009-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.