- 1201 Okunma
- 3 Yorum
- 0 Beğeni
“Yox Aşıq Cəlalın yalan dilində”
Elbəyi CƏLALOĞLU
“Yox Aşıq Cəlalın yalan dilində”
Atamın 75 illik yubileyinə
Mən hər dəfə kəndə gedəndə atamda qəribə bir daxili coşğunluq sezirəm. Elə bil kişinin ilham pərisi mənimlə bir yerdə gəlir. O, işini-gücünü atıb, ancaq mənimlə danışmaq istəyir, süfrə düzəltdirir, dostlarını evə dəvət edir, rumka toqquşdurur, tost deyir, nəhayət mənim də gözlədiyim kimi telli-tavar sazını sinəsinə basıb nərə çəkir (onun uşaqlıqdan qulaqlarımda sırğa olunmuş öz nərəsi var). Beləliklə, yazımdan görəcəksiniz ki, atam – Aşıq Cəlal Bilal oğlunun özünə məxsus dünyası var.
Bu dəfə də belə oldu. Lakin bir fərq vardı, belə ki, kəndə Xalq şairi Zəlimxan Yaqub, alim dostum, professor Rüstəm Kamal və jurnalist dostum Musa Nəbioğlu ilə getmişdik (məqsədimiz Aşıq Kamandarın anım günündə iştirak etmək idi). Azərbaycanın özünü bilən körpəsindən ağsaqqalına qədər hər kəsin rəğbətini qazanmış Zəlimxan Yaqubun bizdə qonaq qalması elə bil atama bir dünya bağışlamışdı. Bu dəfə o coşmurdu, fırtına kimi tüğyan edirdi. Çeşidli saz havalarını – “Divani”, “Təcnis”, “Qaraçı”, “Zarıncı”, “Mansırı”, “Dol hicranı” “Ağır şərili”, “Borçalı gözəlləməsi” və s. ifa edən atam heç yorulmaq bimirdi. Sabahısı gün Aşıq Kamandarın anım günündə iştirak etdik və həmin günün axşamı atamı yenidən duymaq qərarına gəldim. İndi bir qrup kənd ziyalıları və müəllimlərimlə atamı seyr edirdik...
Səhər yuxudan durub həyət-bacada yenilik axtarırdım. Birdən qulağıma saz səsi gəldi, düşündüm ki, Zəlimxan ab-havası hələ atamın ovqatını tərk etməyib. Demə yenilik elə burdaymış. O, “Cəlili” havası üstündə özünün gənc vaxtlarında yazdığı “Kimi” rədifli qoşmasını oxuyurdu:
Hər üzə gülənə dost demək olmaz,
Arayıb, qəlbini bilənə kimi.
Üzünə güləcək, yaltaqlanacaq,
Cibində olanı silənə kimi.
Əlbəttə, atam zamanın çox sınaqlarından çıxıb, hər türlü insanla yol gedib, işləyib, ən əsası isə ustadlar görüb, Aşıq Dərya Məhəmməd, Aşıq Kamandar, Aşıq Əmrah, Aşıq Avdı Qaymaqlı , Azaflı Mikayıl və digər ustad aşıqlarla birlikdə məclislərdə olub. Ona görə də atamın nəsihatəmiz ifadələrinin sayı-hesabı yoxdur. Mən bu düşüncələrdəykən o, şeirin ikinci bəndini səsləndirir:
Səmimi dost kimi cəhd eyləyəcək,
Şərabdan içirdib, məst eyləyəcək,
Sonda yorğanına qəsd eyləyəcək,
Ayılıb özünə gələnə kimi.
Allah-Allah, xəyalımdan nələr keçdi. Mənəvi bakirəliyini sonacan saxlaya bilən insanların sayı çox azdı. Adam var ki, ilk görüşdəcə öz mənfi xüsusiyyətlərini büruzə verir, eləsi var ki, onun neqativ tərəfini on ildən sonra, digərlərinin isə bir az da gec duyursan. Bu dəm şeirin sonuncu bəndi məni xəyalardan ayırdı:
“Kişiyəm” deyəni tanı elində,
Aldanma namərdin fitnə-felində,
Yox Aşıq Cəlalın yalan dilində,
Dosta xain çıxmaz ölənə kimi.
Bəli, Aşıq Cəlalın dilində yalan yoxdur, yalan danışan onun düşmənidir. Səhv etmiş olsan da ona düzünü deməlisən, onda gözünün işığı olarsan. Mən bu tərbiyəylə dörd uşaq böyüdən atamın ilk övladıyam. Hal-hazırda 47 yaşım var, lakin yüz yaşım da olsa nə dəxli, onun üçün elə uşağam ki, uşağam. Atamınsa qeyri-adi həyat yolu olub, bir az fərqli, bir az ağrılı...
1937-ci ildə ismətli anaların doğduğu bakirə düşəncili oğulların bir çoxu repressiya qurbanı oldu. O zaman ədəbiyyatımız, incəsənətimiz və bütövlükdə mədəniyyətimiz yeni oğullara qucağını açdı. Sürgün olunmuş, güllələnmiş ideal kişilərin yerini dolduracaq yeni körpələrin doğulması üçün qurbanlar deyildi. Bax, həmin ilin 14 noyabrında ikinci oğlu dünyaya gəldiyindən Bilal Mirzalı oğlunun sevincdən gözləri yaşardı...
O vaxt exoskopiya-filan da yoxuydu, hamilə qadının müxtəlif əlamətlərinə görə təxmin edərdilər ki, onun oğlu olacaq, ya qızı. Hətta, bir gün qonşuda bir qarı atama hamilə olan Mələk nənəmin daha da gözəlləşdiyini və ağrılarının əsasən belində olduğunu biləndə ona “oğlun olacaq” deyibmiş. Beləcə özü də mələk misallı Mələk nənəm atamı dünyaya gətirəndə ağsaqqallar repressiya qurbanlarınından birinin yerini dolduraraq cah-cəlala çevrilsin deyə atamın adını “Cəlal” qoyublar...
Cəlal böyüməyində fələk isə qəddarlığından əl çəkmədi. İkinci dünya müharibəsi başladı. 1941-ci ildə, Cəlalın 3 yaşı olarkən atası Bilal müharibəyə çağrıldı. Ailədə kişilik estafetini Cəlalın nənəsi Həcər qarı davam etdirdi. Kişi qeyrətli Həcər qarı övladlarına “düşməni sevindirmək olmaz, mərd durun” demişdi. Bu ruhdaca arzularının dalınca gedən ailənin əsas ağırlığı Mələk xanımın boynuna düşür. Əkin-tikinlə başlarını saxlayır, buğda toplayıb Kür çayının o tayına dəyirmana aparırdılar, o da necə? Bir torba dəni Mələk xanım dallayardı, yarım torba böyük oğlu 6 yaşlı İsrafil, bir qatıq torbası dəni də Cəlal əlində götürərdi, necə deyərlər “siçanın dənizə xeyri var”. Boş vaxtlarında İsrafillə Cəlal əl-ələ tutub Kür çayının sahili boyunca çıl-çırpı yığmağa gedərlərmiş. İri odunlara gücləri çatmadığından bir az dəcəllik, bir azca da şıltaqlıqla onları təpikləyərmişlər...
Axşamlar evə yığılardılar. Həcər qarı şam işığında onlara baytılar deyər, el deyimləri öyrədərmiş. Evdə xalça üstündə qarşı-qarşıya oturar, ayqlarını sayaçı sözləri ilə sayarlarmış, axrıncı kimin ayağına düşsə həmin ayaq oyundan çıxarılarmış:
Motal-motal, dərzi motal,
Ellər ötər qaymaq tutar.
Çilməçilik, yeddi milik,
Ovçu gəldi, maral, qaç.
İynə-iynə, ucu düymə,
Yırıl, yırtıl, su iç qurtul.
Əl ağacı ətir keçi,
Qoz ağacı qotur keçi...
5-6 yaşlarındaykən otaqda gəzişən vaxtı Cəlal xalça-farmaşın dalında bir saz görür. Nənəsini sorğu-suala tutduqda, o da belə nağıl edir: “Oğul, atan saz-söz həvəskarı idi, bir çox dastanları əzbərdən söyləyərdi. Həm də şair Ağacanla dost idi. O, Beriya adına kolxozun anbardarı işlədiyi vaxtlar Ağacan onun yanına tez-tez gələr və başlarına aşıqları yığıb anbardaca şeirləşərdilər, özünün də cızma-qaraları varıydı. Həmin bu sazı da atan o vaxtlar almışdı, usta olmasa da, yaxşı saz çala bilirdi”.
Atasının cürə sazı balaca Cəlalı özünə yaman cəlb eləyirdi, o, sazı əlindən yerə qoymaq belə istəmirdi. Bir saz həvəskarı da qonşu kənd olan Kəpənəkçidə idi, o, Həcər qarının qardaşı oğlu Musa (Aşıq Qara Musa) idi. Cəlalla Musa bir-birinə qoşulub saz çalmağı öyrənməyə başlayırlar. Cəlalın sazı zədəli olduğundan Musa ona başqa saz bağışlayır. Saz havaları Cəlalı elə ovsunlayır ki, o sazın mahir ifaçısı olmaq haqqında düşünməyə başlayır...
...Bir gün qonşuda toy idi. Toya Aşıq Dərya Məhəmməd dəvət olunmuşdu. Məclis böyük olsa da aşıqdan başqa heç kəsin səsi gəlib, cınqırı çıxmırdı. Cəlal məftunluqla Aşıq Məhəmmədi izləyirdi. Fürsət tapan kimi o, ustaddan onu şəyird götürməsini rica etdi. Aşıq Məhəmməd sazını Cəlala uzadıb, – hələ bir çal görüm, bir şey bilirsənmi? – dedi. Onda Cəlalın ərgən vaxtları idi. Gənc Cəlal sazı götürüb “Baş dubeyiti” havasını çaldı və Səməd Vurğunun “Dağlar” rədifli qoşmasından bir ağız oxudu. Dərya Məhəmməd onun alnından öpüb, – oğlum, yanıma gələrsən öyrədərəm, eşqli aşıqsan, – dedi. Elə o vaxtdan Cəlal “Məmmə” deyə müraciət etdiyi Aşıq Dərya Məhəmmədin yanına ayaq döyməyə başlayır, ustaddan aşıq sənətinin sirlərini öyrənməyə çalışır. Bu, o dövr idi ki, Aşıq Kamandar gənc ünlü aşıq kimi tanınırdı. Cəlal onunla da dostluq edirdi. Aşıq Cəlal Dərya Məhəmmədin saz-söz xəzinəsindən könül yükünü tutduqdan sonra öz sənətkarlığında püxtələşmək üçün Aşıq Kamandarla əlaqələrini möhkəmləndirir. Aşıq Kamandar sənətin sirlərini Cəlalın qarşısında əvəzsiz sərgiyə çevirir. Atam bu gün də bilgilərinin çoxunu Aşıq Kamandardan aldığını və onun yolunu tutduğunu etiraf edir. Hətta “Aşıq Kamandar ən ləziz xörəyini mənimlə yeyərdi” deyə vurğulayır. Aşıq Cəlal bir çox ünlü aşıqlarla, o cümlədən Aşıq Əmrahla da məclislər keçirib, saz çalıb, mahnı oxuyub. Aşıq Əmrahla, Aşıq Kamandar məclislərdə meydanı sanballı şəyird kimi Aşıq Cəlala verərlərmiş və ona güvənərlərmiş...
Atam ətraf Kürüstü kəndlərdə və Qarayazıda xeyli məclislər keçirib, necə deyərlər oğullar evləndirib, gəlinlər gətirib, qızlar köçürüb. İndi isə o, ömür xatirələrinə həyatının 75-ci pilləsindən baxır. Atamı 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona sağlam həyat və ata üçün ən gözəl arzu olan övladlarının gözəl günlərini görməsini arzulayıram.
Bakı, 08 yanvar 2012-ci il
YORUMLAR
Sevgili ve kıymetli dost elbeyi; aşıkları tanımak ne güzel. Güzel satırlarını, şiirlerini gönülden kutlarım.Sevgilerimle.. Selam olsun tüm dostlara, gardaşlara.
Dost dost diyen gönül için için sızılar
Dosta dost olmayı hemi de arzular
Dostom yarene gelince gönül hoş olur
Hele dost gelde iki beşlik bozalım
Yaren gönül bağına güller koyalım.
Sevgi ve selamlar.
elbeyicelaloglu
elbeyicelaloglu
çok güzel bir yazı okudum tebrikler çok sağol kıymetli dost... aşıklarıda andık çok güzel oldu... selamlar, saygılar...