- 664 Okunma
- 0 Yorum
- 0 Beğeni
Misralarını saza kökləyən şair
Elbəyi CƏLALOĞLU
Misralarını saza kökləyən şair
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyinə
Lap kiçik yaşlarımdan yadımdadır ki, Borçalı kəndlərinin toyları sazsız ötüşmürdü, elə indi də belədir. Məclisləri Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn kimi azmanlar idarə edərdi. “İdarə edərdi” ona görə deyirəm ki, aşıq sözün əsl mənasında aşıq olanda məclisi mənəvi və psixoloji cəhətdən idarə edə bilir. İllah da onların ikisi bir məclisə düşəndə. Səhərisi gün borçalılar bu azmanların ötən gecəki əvəzsiz ifalarından və ya danışdıqları dastandan söhbət açardılar. Aşıqlar Aşıq Ələsgərdən, Xəstə Qasımdan, Qurbanidən, Abbas Tufarqanlıdan, Aşıq Şenlikdən, Səməd Vurğundan, Hüseyn Arifdən, Osman Sarıvəllidən, şair Nəbidən, Aşıq Şəmşirdən, şair Ağacandan, Azaflı Mikayıldan, eləcə də, digər adlı-sanlı şair və aşıqların sözlərindən oxuyardılar.
Bu sırada Borçalı aşıqları ara-sıra gənc Zəlimxan Yaqubun sözlərindən də oxumağa başladılar. O vaxtlar şairin yaşı 20-yə yaxın olardı. Zəlimxan Yaqub sanki bundan ruhlandı və qısa bir vaxtda onun şeirləri bütün Borçalını başına götürdü. O, özündən 30-40 yaş böyük olan ustad aşıqlar və şairlərlə birlikdə məclislər keçirirdi, səfərlərdə olurdu.
Günlərin birində onun ustad aşıq Kamandarla qonşuluğumuzda qurulan toy məclisində iştirak etdiyi baradə xəbər kəndimizə ildırım sürətiylə yayıldı. Uşaqdan böyüyə hamı bu gənc şairi görmək arzusuyla toya axışmağa başladı. O vaxtlar mən yaşda olanları məclisə buraxmazdılar. Qaranlığa keçib toy çadırının deşiyindən həsrətlə ona baxır və dinləyirdik, o isə elə bu günkü kimi uca səs və intonasiya ilə şeirlər söyləyirdi. Şairin həmin gün söylədiyi bəzi misraları hələ də yadımdadır:
Qoca bağban bostanına gövənmə,
Dünya özü bostan əkən dünyadı.
Ağlar qoyub anasını torpağın,
Bərəkəti göyə çəkən dünyadı.
Borçalının füsünkar təbiəti, saf havası və buz bulaqlarından qaynaqlanan gənc şair Azərbaycan ədəbiyyatının da diqqətini cəlb elədi. O, Hüseyn Arif, Osman Sarıvəlli, Məmməd Araz, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, İlyas Tapdıq, Tofiq Bayram, İsa Muğanna kimi çağdaşı olduğu ünlü yazarlarla ünsiyyətdə oldu, fikirlərini bölüşdü, əsil şair həyatı yaşadı. Söz adamı kimi çevrəsi genişləndi. Ruhunun səsini vərəqlərə köçürdü, misralarını saza köklədi, özü demişkən Tanrıya mirzəlik elədi:
Düşüncə insanın sərvəti, zəri,
Şöhrət əl qabarı, ad alın təri.
Alimsən, kitabın içindən əri,
Şairsən, Allahın dilində danış.
Vaxtaşırı bir neçə məqaləmdə ustad şairin haqqında təəsüratlarımı, xatirələrimi, səfər qeydlərimi qəzetlər vasitəsiylə çatdırmışam. Ustadın 60 illik yubileyi ərəfəsində yaşadığımızdan, düşüncələrimi bir daha bu münasibətlə deməyi qərara aldım.
Zəlimxan Yaqub sənətinə səthi yanaşmadı. O, şamaniliyi, islamı, mürşidi hesab etdiyi sufi türk şairlərini, övliyaları, pirləri, Xaqanidən tutmuş çağdaş şair və nasirlərimizə qədər bütün ədəbiyyatçılarımızı, folklorumuzu və bütövlükdə milli mədəniyyətimizi kamil öyrəndi. Allah ona fitri yaddaş da verib, yeri gəldikcə dunyəvi şairlərin və ya qələm əhlinin yaradıcılığından ustalıqla sitatlar gətirir.
Xalq şairi Zəlimxan Yaqub özünü vətənsiz, torpaqsız, millətsiz təsəvvür eləmir. O, hətta, türk dünyasının ayrı-ayrı dövlət şəklində olmağıyla da razılaşmır, əsərlərində milləti birliyə çağırır:
Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı.
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bu gün-sabah dünya bizim olacaq - deyən şair Türkiyədə qondarma erməni soyqırımına görə üzr istəmək təşəbbüsündə bulunanlara hayqıraraq özünün sərt ismarıcını göndərdi. Təbii ki, bu ismarıc türk ictimaiyyətinin diqqətindən yayına bilməzdi və belə də oldu:
Oğuz olar, qopuz olar,
Qopuz dönüb toppuz olar,
Biri doxsan doqquz olar,
Türk yağıdan üzr istəməz.
Ömrünü bədii yaradıcılığa sərf edən, ədəbi irsimizin mükəmməlliyinə gedən yolda sözün əsl mənasında can qoyan ustad şair “Saz”, “Aşıq Ələsgər”, “Hüseyn Saraclı dastanı”, “Əbədiyyət dastanı”, “Peyğəmbər”, “Sürgünlə söhbət” kimi böyük əsərlərə və dillərdə nəğməyə çevrilən saysız-hesabsız şeirlərə imza ata bildi. Beləcə, həyatının o başından haqq uğrunda çalxana-çalxana, ədalətsizliklə döyüşə-döyüşə gələn Zəlimxan Yaqub ömrünün lallaşan-dərinləşən, samballaşan-salqarlanan, ustadlaşan-müdrikləşən çağına – 60 yaşına çatdı.
Otuzdan çox kitabın müəllifi olan Azərbaycan xalq şairi Zəlimxan Yaqub bir çox ölməz əsərlərindən də göründüyü kimi, tək türk xalqlarının şairi yox, həm də bəşəri şairdir:
Çoxunun ürəyindən ölməzlik gəldi-keçdi,
Ona nə xan qovuşdu, nə də paşa yetişdi!!!
Bu günlərdə Prezident İlham Əliyevin fərmanı ilə xalq şairi Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatında göstərdiyi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olundu. Ölkə rəhbərliyinin yubilyara göstərdiyi diqqət və qayğısı şairin vətənimizə, millətimizə, xalqımıza, ədəbiyyatımıza, tariximizə, dövlətimizə-dövlətçiliyimizə və bütövlükdə milli-mədəni dəyərlərimizə, kökündən bağlı olmasının bariz göstəricisidir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Azərbaycan xalq şairi Zəlimxan Yaqubu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, ailə səadəti və yaradıcılığında yeni-yeni uğurlar arzulayıram!
Bakı, 22 yanvar 2010-cu il
“Millətim” qəzeti, 04 fevral 2010-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.