- 894 Okunma
- 1 Yorum
- 0 Beğeni
Yarama torpaq tökün!
Elbəyi CƏLALOĞLU
Yarama torpaq tökün!
Barat Vüsal vətənin ağrı-acılarıyla yaşayan şairlərdəndir
Şair istedadı və düşüncəsi hesabına öz poetikasını qurur. Elmi biliyi onun poeziyasına zənginlik, təcrübəsi sığal, duruluq və ya ahəng, cəmiyyətdən əxz elədiyi fikirlər isə çağdaşlıq gətirir. Adını çəkdiyim əlamətlərin dərəcəsi şairin (və ya yazıçının) şairlik dərəcəsini müəyyən etdiyini düşünürəm.
Şair olmaq istəyən kəs eyni zamanda gərək dəqiq və konkret adam olsun. Təbii ki, bu tövsiyyəm bütövlükdə gənc yazarlara aiddir. Lakin, bu dəfəki söhbətim çağdaş poeziyamızda yerini müyyənləşdirmiş olan şair Barat Vüsal haqqındadır. Bu yaxınlarda onunla bir ədəbi tədbirdə görüşdük. Ədəbiyyat söhbətlərimiz, eyni zamanda o tarixçi olduğundan tarixə dair müzakirələrimiz mənə gözəl bir gün yaşatdı. Barat Vüsalla həmsöhbət olmaq yayın isti günlərində uca dağların xoş təravətini duymaq qədər gözəldir. Mən onun şeirlərini kifayət qədər oxumuşdum, lakin kitablarının əlimdə olmadığını deyəndə, o, mənə poçt vasitəsiylə göndərəcəyinə söz verdi. Doğrudan da heç arası bir həftə çəkməmiş poçtalyon Barat Vüsalın hədiyyələrini mənə çatdırdı. Çox sevindim, çünki söz verib əməl eləyənlərin sayı indi çox azdı. Kitablar Qazaxdan gəlmişdi. Oxudum və susmağı bacarmadım.
Şair var ki, onun poeziyasında qafiyə axtarmırsan, çünki onun yaradıcılığı bu üslubdan uzaqdır. Qazax şairinin şeirlərini isə qafiyəsiz təsəvvür etmək çətindir. Bu torpaq zaman-zaman M.P. Vaqif, M.V.Vidadi, S. Vurğun, M. Hüseyn, H. Arif, A.S. Əfəndi, A.Səməd kimi şairlər, Avdı Qaymaqlı, Dərya Məhəmməd kimi yaradıcı ustad aşıqlar yetirib. Bu gün də yetirməkdədir. Qafiyə ənənəsi də elə buradan gəlir. Bu ənənəyə sadiq qalan şairlərdən biri də Barat Vüsaldır.
Barat Vüsalın vətənpərvərlik ruhunda yazdığı şeirlər üsyankardır, onun düşüncələrində yenilik, fikirlərində başqa bir dinamika duyulur. Onun bu səpgidə olan şeirlərini oxuduqca az qalırsan sərhədləri aşıb qədim dədə-baba yurdumuz olan İrəvana qədər gedəsən, Dərbənddən Kərkükə qədər böyük bir ərazini göz önündə canlandırırsan.
Sənin kimi olacağam, Azərbaycan!
Sənin kimi doğranacam
Dilim-dilim, qıyma-qıyma.
Ağrının nə olduğunu
Bilməyəcəm bir yol, amma!
Yüz yol ölmüş biləcəklər,
Ölməyəcəm bir yol, amma!
Şair Barat Vüsal bu şeirində həm doğma Azərbaycanımızın zaman-zaman başına gətirilən fəlakətləri, torpaqlarımızın hissə-hissə bölünməsini, parçalanmasını, həm də ana yurdumuzun mətinliyini, ölməzliyini dilə gətirir. Bu şeiriylə o, həm də oxucusuna yeni ruh verir, onun qəlbində yeni ümid göyərdir. Həmin şeirdə eyni ampulada davam edən şair vətənini canından əziz sevdiyini belə dilə gətirir:
Mən öləndə görəcəklər
Köksüm altda ürək deyil,
Azərbaycan döyünürmüş!..
Şeirdən də göründüyü kimi, şair qardaşım Barat vətən aşiqi, millət vurğunudur. Əslində Barat Vüsal haqqında deyiləsilərin ən gözəlini bəlkə də dedim, lakin şair qardaşımın deyiləsi tərəfləri çoxdur, bunları da deməyi vacib bilirəm.
Onun şeirlərində böyük nəfəs, yüksək ruh hökm sürür. İ.Şıxlı, F. Kərimzadə, M. İbrahimov, İ. Muğanna irsini özünə ehtiva etmiş Barat Vüsal Cahandar ağanın kişilik obrazını, Gəray bəyin əyilməzliyini, İsrafil ağa və Qaçaq Kərəmin mərd düşmən, namuslu insanlıq mücəssəmələrini təkrar-təkrar bənd-bərə tanımayan yaradıcılığına gətirir. Bu əlamətlər onun əsərlərinin arxitektonikasını təşkil edir.
Bilirəm, qəlbini yandırıb-yaxıb,
İsrafil həsrəti, ay Kərəm qağa!
Öləndə deyirlər qoynundan çıxıb
Kərəmin şəkili, İsrafil qağa!
Buradakı kobud qafiyə pozuntusu böyük vətənpərvərlik hissinin, mərdlik təcəssümünün və milli özünüdərkin kölgəsində yox olur.
Barat Vüsalın yaradıcılığında qədim milli ənənələrimiz də öz əksini tapır. Yaxın keçmişə qədər milli mentalitetimizdə üç müqəddəs əlamət yaşadılırdı ki, bunun üçündən birinə xəyanət olsa, kişi kişilikdən düşürdü. Bunlar namus göstəricisi olan papaq, arvad və atdır (bəzən bu sıraya silah da qatılıb). Şair tarixə yaxşı bələd olduğundan tarixi adətlərimizi əsərlərində göz bəbəyi kimi qoruyur, lap elə “Ağa papağı” şeirində olduğu kimi. Həmin şeirdə İsrafil ağanın papaq bağışladığı bir kişi düşmənlə üz-üzə qalarkən, papağını qorumaq üçün xəncəri öz ürəyiunə teyləyir, təki başından papağı düşmənin gülləsi salmasın:
Bax, yanan düşmənə, yaxılan yada,
Düşməni içindən əyib keçindi.
Əlini yaralı sinəsinə yox,
Papağın üstünə qoyub keçindi.
Barat Vüsalın təmkinli ifadələri, ağayana tövsiyyələri, bütövlükdə didaktikası onun müdrikliyindən, böyük təcrübə yolundan xəbər verir və vətənpərvərlik hissi bütün yaradıcılığı boyu öz dominatlığını saxlayır:
Kişinin əlini kişi sıxmasa,
Gədənin-güdənin yarışı başlar.
Kişi ocağından kişi çıxmasa,
Dünyanın ən uzun qarğışı başlar.
Şair Barat Vüsal vətənin ağrı-acılarıyla yaşayan şairlərdəndir. O, şeirləriylə gah mərmiyə dönüb düşmən üstə atılır, gah əsgər olub səngərdən sıçrayır, gah da ana kimi şəhid oğlunu ağlayır. İtirilmiş torpaqlarımız qayıtmayınca vətəndaşların şəxsi işləriylə məşğul olmasını heç cürə qəbul etmir. Vətənə çox şeirlər ithaf olunub, lakin Barat Vüsal bu mövzuya öz kriteriyaları müstəvisində yanaşır:
Umduğum oğullar bazar açdılar,
Elə bildilər ki, daxılsan, Vətən!
Heyif bilmədilər dolan gözəmi,
Yanan ürəyəmi daxılsan, Vətən!
Və ya həmin şeirdə
Sənin yox, özümün sonum başlayır,
Əgər ürəyimdən yıxılsan, vətən!
Bu deyimlər vətən yaralarını dilə gətirmək üçün tamam yeni və özəl bir ifadə tərzidir.
Barat Vüsal “Şəhid oğlu” şeirini yazmaqla böyük bir dastanı dördlükdən ibarət beş bəndə sığışdırıb, bəlağətsiz, qısa və konkret mini poema yaradıb. Az oxu, çox düşün. Şairlik də elə budur.
Barat Vüsal əyilməyi bacarmır, düşmən önündə sınmağı özünə sığışdırmır, itən torpaqlar üçün də ağlamır, haray çəkir. Onun harayı daxilinin vətənpərvərlik, ruhunun haqq səsidir. O, bilir ki, ulu babaları ana vətənin, doğma torpaqların keşiyində mətin dayanıblar. İtirdiklərini də qısa zamanda qaytarıblar. Ümidi böyükdür, axı bu ağacların, pöhrələrin üstündə bitdiyi sağlam kök var. Sağlam kök sağlam torpaqdan qidalanar. Elə bu düşüncələrdə şair bütün daxili potensialını nümayiş etdirərək yazır:
Qan itirə-itirə elə bil can tapmışam,
Allahdan nazil olan Quran, iman tapmışam,
Bütün dərdləri yenən təzə dərman tapmışam,
Mən ayağa qalxacam, yarama torpaq tökün!
Ümumiyyətlə, Barat Vüsalın şeirləri ənənəvi poetik forma ilə dərin məna koordinatlarının kəsişmə nöqtəsində bərq vurur. Onun poeziyasını sevdirən də elə budur.
Barat Vüsalın şeirlərində saz ruhu da var. Onun sözləri sazda səslənə bilir. Şeir saza yatırsa, bu onun ifadə ahənginin qorunmasından xəbər verir. Barat müəllim öz hiss və duyğularını da sazın pərdələrində xırdalamaqda ustadır. Ona görədir ki, onun yaradıcılığı gah sazın şah pərdəsində “misri”yə, gah sinə pərdəsində “cəngi”yə dönərək haray salır, vuruşur, gah da baş pərdəsində “dilqəmi”yə dönərək oxucusuna keçdiyi yollar və keçmək istədiyi aşırımlar barədə hesabat verir. Beləcə də saz onun yaradıcılığının mehrabına çevrilir:
Saza da, sözə də səcdə edilsin,
Qiblə budu, qardaş, yön budu, qardaş.
Həmin şeirdə oxucularını saza and verməklə “başqa din gəzmirəm, din budu, qardaş” deməklə, fikrini bir qədər də şiddətləndirir:
Sizə and verirəm, gəlin, saz canı,
Eşidin dediyim sözü, dastanı.
Nəbzim saz nəbzidi, canım saz canı,
Mində bir, birdəsə min budu, qardaş.
Barat Vüsalın yaradıcılığında onun sufisayağı işlətdiyi ifadələrə də rast gəlmək olur. Bu da Qazax bölgəsi əhalisinin Nəqşbəndi sufi təriqətinə olan inamlarının təzahürüdür, desəm yəqinki, yanılmaram.
Allah könüllərdə olur,
Gəl qayıdaq könlümüzə.
Barat Vüsal özü də şair olduğundan, şairliyin məsuliyyətini yaxşı dərk edir və Koroğlu igidin başının qalda, qovğada gərək olduğunu dediyi kimi, o da şairi belə təsəvvür edir:
Açılsa qovğadan şairin başı,
Kərənin qırılan yeridi, qardaş.
Deməli şair də igiddir, lakin o, hansısa bölgənin yox, dünyanın, tarixin igididir.
Kim ki, şairinə qıyır dünyanın,
Barat, o, qəlbinə dəyir dünyanın.
Uzanan ömrüdü şair dünyanın,
Ən yaxşı xeyridi-bəhridi, qardaş.
Hər bir şairin, hər bir sənətkarın yaradıcılığı qüsursuz olmadığı kimi, Barat Vüsalın işlətdiyi bəzi terminlərdə də buna rast gəlmək olur. “Məhəbbət”, “dost”, “sevgi” kimi mücərrəd anlayışların və bir mənalı sözlərin önündə sifət işlədilməsinin əlehinəyəm. Onun şeirlərində “əsl məhəbbət”, “əsl ocaq” kimi ifadələrə rast gəlinsə də bunlar böyük məna çalarlarının arasında görünməz olur.
12.07.2009
“Millətim” qəzeti № 37, 3 dekabr 2009-cu il
“525-ci qəzet”, 4 dekabr 2009-cu il