- 832 Okunma
- 0 Yorum
- 0 Beğeni
Bir ana istərəm Kamandar doğa!
Elbəyi CƏLALOĞLU
Bir ana istərəm Kamandar doğa!
Ustad Aşıq Kamandarın 75 illiyinə
Dahi Üzeyir Hacıbəyov qeyd edirdi ki, "Aşıq sənəti yaşamalıdır, çünki o xalqa daha yaxın olub, xalqın yaşantılarını xalq musiqisinin başqa növlərindən fərqli olaraq daha dolğun ifadə edir". Doğrudan da hələ mətbuatın qıt vaxtlarında aşıqlar həm dil təbliğatçısı, həm informasiya daşıyıcısı, həm vətənpərvərlik anlayışları, həm də məsləhətçi, nəsihətçi və öyüdverici kimi ön planda dururdu. Təsadüfi deyil ki, məşhur aşıqlar hansı dahinin sözlərindən örnək gətirirdilərsə xalqda o şəxsiyyətə qarşı bir rəğbət yaranırdı. Aşıqlar tərəfindən yaranmış dastanların, eləcə də aşıq şeirlərinin dilin formalaşmasında müstəsna rolu olmuşdur. Bir vaxtlar qəhramanlıq mövzusunu daha çox önə gətirən ozanlar XII əsrdən sonra sufilərin təsiri nəticəsində aşığa çevrilməyə başladılar. Təməlini Həllacı Mənsur qoymuş sufiliyin novbəti böyük seyxi, türklüklə islamlığı bir vəhdətdə görərək türk sufiliyinin təməlini qoyan Əhməd əl-Yəsəviyə ilkin olaraq “aşiq” deyildi. “Aşiq” sözünün “aşıq” sözü ilə əvəzlənməsini ancaq danışıq və ya deyim uyğarlığı ilə izah etmək olar. XVI əsrdə Bəktaşıyyə sufi təriqətinin təsirilə ozanlıqdan aşiqliyə keçmə prosesi xüsusilə gücləndi. Amma, bütün bunlara baxmayaraq hal hazırda aşıq poeziyasını oxuduqca “ozanlıq” və “aşıqlığın” bir vəhdət təşkil elədiyini apaydın görürük. Azərbaycan türklərinin “aşıq” deyə andıqları şəxsiyyətləri Anadolu türklərinin “ozan” deyə anmaları buna bir bariz nümunədir. Müqayisə üçün deyərdim ki, Azərbaycan aşıqlarında Anadolu və ya başqa türk aşıqlarına nisbətən ozanlıq ruhu daha çoxdu, bunu da Azərbaycan aşıqlarının sazı zildən çalması və havanı zildən oxuması ilə izah etmək olar. “Misri”, “Cəngi”, “Qəhramanı” və. s. kimi havaları dinlədikcə gözümün önündə “döyüşdə bir qəhraman” obrazı, “Atüstü” havasını dinlədikdə isə “döyüşdən qalib çıxıb yorğun halda alaçığına qayıdan bir qəhrəman” obrazı dayanır.
Tufarqanlı Abbasdan, Xəstə Qasımdan, Qurbanidən, Qaracaoğlandan, Dadaloğludan, Aşıq Veysəldən, Aşıq Alıdan, Aşıq Ələsgərdən, Aşıq Şəmşirdən və sair üzü bəri böyük yol keçmiş aşıq sənəti XX əsrdə Borçalıda Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Alxan Qarayazılı kimi aşıqlar yetirdi, əsrin ikinci yarısında isə Borçalıda daha böyük inkişaf mərhələsini tapdı və bu yüksəliş görünməmiş vüsət aldı. Əmrah sazı, Hüseyn sözü və Kamandar avazı müqəddəs üç rəqəmində birləşərək Borçalı aşıq sənətinin QIZIL DÖVRÜnü, dünya aşıq sənətinin isə yeni və ya müasir üsulunu yaratdı. Mən inanıram ki, bu tarixdə elə bu adla da qalacaq. Ancaq sənətin sürətlə və geniş yayılmasında adını çəkdiyim ustadların yetişdirdiyi şəyirtlərinin də əməklərini danmaq olmaz, eləcə də son illərdəki Əhməd Sadaxlının, Məhəmməd Sadaxlının, Kövrək Muradın, İlməzli Aşıq Cəlalın, Aşıq Şəmdinin, Keşəli Aşıq Ziyəddinin, Kəpənəkçi Aşıq Sayadın, Qarayazılı Aşıq Asdanın və s. adını çəkmək olar. Bu gün bu ənənəni davam etdirən çağdaş aşıqlarımızdan isə məmuniyyətlə Aşıq Tərmeyxanın, Aşıq Həvəskarın, Aşıq Əşrəfin, əslən Gədəbəydən olsa da sırf Kamandar yolu ilə gedən, Ustad Kamandarın şəyirdlərindən biri - Aşıq Cahangirin də adını çəkərdim.
Adlarını çəkdiyim hər üç dahidən sonra sənətə başlayan hər kəs məhz sazı Əmrah kimi çalmağa, sözü və ya dastanları Hüseyn kimi söyləməyə və Kamandar avzilə oxumağa can atdılar ki, buna da kim nə qədər nail oldusa bəllidir və bəllənəcək də. Nurunda nurlandığımız, qürurunda qürurlandığımız ustad aşıq Kamandar saz havaları üstündə oxuma tərzini şah zirvəyə qaldırdı. Bu elə bir zirvədir ki, saz havaları üstündə oxunan qoşmalar, gəraylılar, divanilər, müxəmməslər yüz illərlə bu sehirdə, bu tilsimdə yaşayacaq. Adlarını çəkdiyim aşıq sənətinin hər üç təkrarsız yaradıcıları ürəkləri fəth etdilər, aşıq sənətinin böyüklüyünü dünyaya göstərə bildilər və tarixdə silinməz bir iz saldılar.
Yuxarıda adlarını çəkdiyim hər bir böyük ustad haqqında yaxın gələcəkdə sözümü demək arzusundayam, amma, bu dəfə 75 illik yubileyi ərəfəsində yaşadığımız böyük ustad Aşıq Kamandar Əfəndiyev haqqında danışmaq istəyirəm. Bu ad mənim üçün böyükdür və böyüklüyü qədər də doğmadır. Təbii ki, bu zirvəni Ustad özü fəth edib, bizlərə isə qibtə eləmək və ruhu qarşısında baş əymək qalır. Ustadın anadan olmasının 75 illiyi qeyd olunsa da, mənim gözümdə onun Dədə Qorqud qədər yaşı var. Çünki, Ustadın yaratdığı havacatlar, yazdığı ürfanı şeirlər, danışdığı dahiyanə sözlər, apardığı məclislər, çaldığı saz havaları, oxuduğu qoşmalar, gəraylılar, divanilər, təcnislər, müxəmməslər, söylədiyi dastanlar, eləcə də verdiyi məsləhətlər, öyüdlər, nəsihətlər məhz bu səviyyədə idi.
Namərdin ünvanı elə namərddi
Mərd kişinin ünvanı var, ay lələ - deyən Ustadın yazdığı bu beytdə də insanları mərdliyə, saflığa, ədəbli davranışa səsləməsinin şahidi oluruq.
Aşıq Kamandar tariximizdə barmaqnan sayılası ustadlarımızdandır. O, əsl ürfanıydı və məhəbbət aşiqi idi. Özündən sonrakı bütün şairlərin və aşıqların mürşidi
Kamandarı yenə dara çəkməyə
Məhəbbətin fərmanı var, ay lələ.
deyə istər-istəməz böyük sufi şeyxlərini yada salır və bu məhəbbətin elə Mənsur, Rumi, Nəimi, Bəktaş məhəbbəti olduğu görünür.
Aşıq Kamandar həm saz havalarının gözəl bilicisi və ifaçısı, həm havalar üstündə təkrarsız zənguləsi və avazı ilə oxuduğu mahnılarla, həm də bir-birindən gözəl qoşmalarilə məşhurdur. Özünün yazdığı qoşmalar kifayət qədər olsa da böyük Ustad üstünlüyü özündən əvvəlki dahilərin, ustadların yaradıcılığına verərdi. Öz yaradıcılığı onun repertuarında azlıq təşkil edir. Səməd Vurğunun “Unudulmaz tək məzar” şerini tam yeni bir qayda ilə ifa etməklə aşıq sənətinə daha bir yenilik də gətirdi, amma, bunu ustad Kamandardan sonra rəsmi olaraq hələ də oxuyan olmayıb.
Aşıq Əmrah Gülməmmədovun möhür vurduğu və ümumiyyətlə özünə qədər mövcud olan bütün saz havalarını yeni güllər və xallar əlavə etməklə, öz tərzinə uyğun, özünə məxsus çalarlarla bəzəyən aşıq Kamandar eyni zamanda “İbrahimi”, “Fəxri”, “Ata türküm”, “Kamandarı”(və ya “Qurbani”), “Qaragöz bala” kimi saz havaları da yaratdı. Bunlardan başqa Ustad həm də sazda gözəl türkülər də çalırdı və bu havaların üstündə özünə münasib bir salqarla oxuyurdu da. Təəssüf ki, yaddaşlarda bu türkülərin cəmi-cümlətəni bir neçəsi qalıb. Bu havalar çağdaş aşıqlarımız tərəfindən sevilə-sevilə çalınır və oxunur.
Göyçəli soydaşlarımız öz dədə-baba yurdundan amansızcasına qovulanda yazdığı divanidə
Qudurğanlar quduzlaşdı,
İnsana rəhm etmədi.
Tifillərə, körpələrə,
Pirana rəhm etmədi.
Parçaladı param-param,
Qurana rəhm etmədi.
Böylə azğın vəhşiliyin,
Qalarmı nişanı mərd?!
deyərək əli yerdən-göydən üzülən ustad Kamandar ümidini mütləq gələcəyə bağlayıb, bir cavanşirin, bir babəkin, bir metenin, bir bilgənin, bir şah ismayılın, bir şah abbasın meydana çıxacağına inandı və ümidlərini bu mütləqliyə yönəlti. Əsil ulu ozanlara xas bir ənənə ilə vətən, millət, torpaq sevgisini dinləyicilərinə və seyrçilərinə aşılamağa çalışan Ustadı Təbriz, Dərbənd, Göyçə, Borçalı dərdləri düşündürməyə bilməzdi, çünki ən azından bu torpaqlar davamçıları olduğu Aşıq Alı, Dədə Ələsgər yurdu, qoşmalarını gözəl saz havalarında oxuduğu Şair Ağacanın, Şair Nəbinin doğulduğu qədim Borçalı torpaqları idi. Odur ki,
Atam dəli Kürdü, anam Arazdı
Tarix ünvanımı daşlara yazdı.
Çoxum ayrı düşüb, azım çox azdı
Könüldən könülə yolum var mənim.
deyən Ustad “Sənə can demişəm, Azərbaycanım” deyərək bu dərdləri ancaq böyük və vahid Azərbaycanın sağaldacağını düşündü və ona böyük ümidlər bəsləyib yazdı:
Ən gözəl günlərin öndədir hələ
Bakımla Təbrizim versin ələlə
Min yaşa xoş aylar, illər içində.
Atam aşıq Cəlal, Dərya Məhəmməddən sonra böyük ustad aşıq Kamandara şəyirtlik (söhbət aşıqlardan gedəndə şagird sözü mənə yad görünür) edib. Atam həmişə Ustadın nəvazişindən, samballı nəsihətlərindən və öyrənclərindən, eləcə də Ustadın ailəsində gördüyü nizam-intizamdan və ədəb-ərkandan ağız dolusu danışardı. Görünür bu mühitə lap gəncliyindən düşdüyündən atamın formalaşmasında bu ocağın və ya Kamandar mühitinin rolu yetərincədir.
Ustad şəyird arasında
Çox incə söhbət gərək.
İncəliyi duymayana
Çox dərin töhmət gərək.
Aşıqlığa el anası
Deyib gözəl babalar,
Bu hikmətə çatmaq üçün
Çəkəsən zəhmət gərək.
“Aşıq Kamandar filan məclisdə olacaq” deyəndə hər kəsin ürəyində həmin məclisdə iştirak etmək arzusu baş qaldırırdı. Ustadın məclislərində ara-sıra da olsa iştirak etmişəm. Onu yaxından görüb, dəfələrlə boynuna sarıldığımdan, eyni zamanda ustadın bir neçə dəfə alnımdan öpdüyünü xüsusi coşğunluqla xatırladığımdan Ustadın timsalında bir övliyya, bir şeyx görməyim qədər iddialıyam.
Yeri gəlmişkən, 1991-ci ilin payızında doğulduğum İlməzli kəndində ustad Kamandar öz növbəti kamandarlığını eləyirdi. Özümdən asılı olmayaraq dostlarımdan ayrılıb bir sakit yer seçib Ustadı diqqətlə dinləməyə başladım. Demə məni kənardan izləyən kəndimizin ağsaqqallarından biri Əşrəfoğlu Əhməd mənə yaxınlaşaraq qolumdan tutub qaldırdı və “şair bala (o mənə həmişə belə müraciət edərdi), dur şeirlərindən bir-ikisini də sən de” söylədi. Mən çəkindim, çünki böyük sənətkarların yanında icazəsiz söz demək ayıb sayılardı. Bu səhnəni gözdən qaçırmayan böyük Ustad “gəl, oğlum, çəkinmə gəl, aşıq oğlu ürəkli olar” dedi. Ustad Kamandarın bu sözündən sonra dayanmağın yeri deyildi. Mikrofona yaxınlaşıb Ustadın 60 illiyinə yazdığım iki şeirimdən birini (“Xalqım”) söylədim:
Ustad, usta tərpət bu gün sazını
Qeyrətdən bir qala yapıbdı xalqım.
Şəhid qanı kimi ana torpağa
Öz məğrur səsilə hopubdu xalqım.
Çal, daha qüssələr gəlməsin yaxın
Sevinc dəryasına mənəm gur axın
Qəlbimi sızladan xalı, bir baxın
Qılıncla doğrayıb çapıbdı xalqım.
Muraz gətiribdi muraz üstünə
Bir bahar yetirib min yaz üstünə
Ayrılıq kök salmış Araz üstünə
Qovuşmaq toxumu səpibdi xalqım.
Ustad, usta tərpət bu gün sazını
Eşitsin dünyamız xoş avazını
Bu eşqin, əməlin güllü yazını
Cosğun sənətində tapıbdı xalqım.
Dastanların dililə desək, söz tamama yetdi, Ustad alnımdan öpüb “afərin” dedi. Sonra isə - ürəyin nə istəyir, hansı havanı çalım – dedi. Onun bu sözündən, bu nəvazişindən cəsarətə gəldim və dedim - Ustad, yubileyinizə iki şeir həsr eləmişdim, icazə versəniz onu da söyləyərdim və istədiyim havanın adı da orada var. Buyur – dedi. Ürəkləndim, hələ bir atalar sözü də düşdü yadıma “bir yemirəm deyəndən qorx, bir içmirəm deyəndən”:
Ey böyük ustadım – Kamandar əmi,
Açmaq üçün xəzinəmi gəlmişəm.
Qurban olum o sədəfli sazına,
Öpmək üçün gümüş simi gəlmişəm.
Sən qurduğun böyük sənət qalası
Yurdumuzun bir sehirkar yaylası
Müqəddəsdi o “Borçalı laylası”
Yaxıb oda bu sinəmi gəlmişəm.
Dağılmadı başımızın dumanı
Ağlar gördük sazı, tarı, kamanı
Yəhya bəyin sönməz ahı, amanı
Dinləməyə bir “Dilqəmi” gəlmişəm.
El şairi səndən alır ilhamı
Saz bəzəyər, söz bəzəyər dünyamı
Səndən deyir Borçalıda, bil, hamı
Tapmaq üçün dağ-binəmi gəlmişəm.
Elbəyiyəm, saz anlayan, söz qanan,
Yüz mənanı bir kəlmədə düz qanan.
Duymaz sazı az düşünən, az qanan
Tapıb səndə can məlhəmi gəlmişəm.
Yenə də söz tamama yetən kimi cəmi həsrətlər kimi qucaqlaşdıq və Ustad heç nə soruşmadan “Dilqəmi” havası üstündə bir zəngulə vurdu ki, hələ də əks-sədası qulaqlarımdadır. Onun o gözəl havacatlarını, ata-baba istiliyini heç vaxt unuda bilmərəm.
Sonralar başqa bir məclisdə yenə də həmişəki kimi gecədən keçmişdi. Ustad ustadlığında, camaat isə dağılmaq istəmirdi, sifariş sifariş dalınca gəlirdi. Birdən O, “a cavanlar, daha qocalmışam, kövrəlmişəm, məni çox incitməyin, vaxt da keçir” dedi. Bu kəlməsindən doğan şeirimi sonralar Ustada oxuyanda yenə də alnımdan öpmüşdü.
Buluddan nəm çəkən uca dağ kimi,
Min cürə qoxuyan bağça-bağ kimi
Bu odlar yurdunda gur ocaq kimi
Bu gün Kamandarı qoca görmüşəm,
Bu qoca dünyadan uca görmüşəm.
Nifrəti oduyla yandıran atəş,
İstəyi bir günəş, eşqi bir günəş,
Belə görünəydi yüz yaşında kaş,
Bu gün Kamandarı qoca görmüşəm,
Bu qoca dünyadan uca görmüşəm.
Gəlişi oyadır bütün aləmi,
Bir ləldi, gövhərdi ötən hər dəmi.
Doğrayır kəlməsi Zülfüqar kimi
Bu gün Kamandarı qoca görmüşəm,
Bu qoca dünyadan uca görmüşəm.
Yazıqlar olsun ki, arzum çin olmadı, yüz yaşında qoca Kamandarı cismən görə bilmədim, amma, Türk dünyasında, saz aləmində əbədi bir UCA KAMANDAR, DƏDƏ KAMANDAR qaldı.
1994-cü ildə mən artıq Bakıda işləyirdim. Günlərin bir günü Ustadın Bakıya gəldiyini eşitdim və onu ziyarət etməyə tələsdim.
Mən qapıdan girəndə onun qayğılı görkəmi gözümdən yayınmadı. Yaxınlaşıb Ustadı bağrıma basdım. Nə baş verdiyini soruşsam da heç bir şeyin olmadığını dedi. Bir qədər şirin söhbətdən sonra kefinin açıldığı artıq sezilirdi. Ürəyimə saz düşmüşdü, nə qədər sazdan, aşıqlardan söhbət saldımsa Ustad sazı götürmək qərarına gəlmədiki, gəlmədi. Təxminən bir saatdan çox söhbətləşdikdən sonra getmək üçün izn aldım. Demə Ustad məni duyubmuş. Mən otaqdan dəhlizə keçib qapını açmaq istəyəndə bir nərə çəkdi:
-Heeeeyy!!!
Dayandım və geri döndüm. Bu nərə sanki, məni döyüşə səslədi, özümü bir anlıq Koroğlunun dəlilərindən saydım. Bəli, Aşıq Kamandarın bir-birindən gözəl havalarını və havalara bəsdələdiyi mahnıları dinləmək mənə bir daha qismət oldu. Sonda isə, - sənə bir video-kasset bağışlayacam, – deyib Zəlimxan Yaqubla birgə Qalaltı səfərindən yazılan video-kasseti mənə təqdim etdi. Halallaşıb çıxdım, sevincimdən sanki, uça-uça gəlirdim. Evə çatan kimi video-kasseti maqnitofona qoşub bu sehirlə yaşamağa davam etdim...
Aşıq Kamandarın ölüm xəbərini eşidəndə varlığımdan yox oldum, əllərim işdən soyudu, dilim söz tutmadı, qələmim yazmadı, vərəqlərim ağ qaldı, - Necə yəni, Kamandar da ölər ki? Həmin gün mənim üçün dəhşətiydi, Həllacı Mənsuru, Nəimini, Nəsimini yenidən dara çəkdilər, ölən Əhməd əl Yəsəviydi, Xoca Bəahəddiniydi, Hacı Bəktaşıydı, Füzuliydi, Nəvaiydi, Əmrəydi, Dadaloğluydu, Mola Cumaydı, Aşıq Ələsgəriydi, Səməd Vurğunuydu, Əmrahıydı, Saraclıydı, Qəndabın Novruzuydu, Şahsənəmin Qəribiydi, Gülgəzin Abbasıydı, Kərəm kimi yanan bir Kərəmiydi, bir də məniydim. Heç nə yazmaq istəmədim. Ustad Kamandara ağı yazmaq yaraşmır. Ancaq, böyük arzularımdan biri çox dəyərli Ustad haqqında dəyərli bir əsər yazmaqdır (hərçənd, onu mən artıq yazmaqdayam). Allah qismət eləsin!
Onu da deyim ki, Tanrımız Ustad Kamandara iki pəri vermişdi - biri ilham pərisiydi, biri də yenə də ulu Tanrının Ustadın alnına yazdığı, ömür-gün yoldaşı Pəri xanımıydı. Belə bir deyim var “sənətkar arvadı sənətkar olmasa da, gərək yarım sənətkar olsun”. Pəri xanım əsil bu qəbildən, Aşıq Ələsgər demişkən gözəllər sultanı, mələklər şahıydı. Ustadın bir baxışından onu tam oxuya bilirdi, nə demək istədiyini dəqiqliyilə anlayırdı. Ustad da öz növbəsində xanımını çox sevirdi, hətta onun şəninə Qurbaninin bir qoşmasını da oxumuşdu:
Başına döndüyüm, ay qəşəng Pəri
Adətdir dərərlər yaz bənövşəni.
Ağ, nazik əlinlə bir dəstə bağla,
Tər buxaq altında düz bənövşəni.
Ustad Kamandar atamı böyük qardaşı kimi təlim eləmişdisə, Pəri xanım da ona analıq, bacılıq eləmişdi. Pəri xanım həm də o vaxtlar Dəmirçi Hasannıda yeganə saz köynəyi tikə bilən bir xanımıydı və bu səbəbdən bir çox sazlar köynəksiz idi, amma, atamın sazı Pəri xanımın tikdiyi köynəkdə Pəri xanımın özü kimi gözəl, göyçək görsənirdi.
Mən Pəri xanımın üzündə həmişə təbəssüm görmüşəm. Qapısı qonaqlı, öyü urvalı olan bu xanımın dilindən həmişə bal kimi sözlər süzülərdi. Sənətkar evi, aşıq evi təbii ki, gəlimli-gedimli, qonaqlı-qaralı olar və bunu çox real sayan Pəri xanım bu hay-küydən, bu çal-oxudan, bu bayatılı-şeirli günlərdən nəyinki bezmir, heç doymurdu da. Ustad Kamandarla xanım-xatın Pərinin ulduzlarını qovuşduran ulu Tanrı burada da öz qüdrətini göstərmişdi. Hər dəfə görüşəndə əlini öpərdim, o isə məni, nəvəsini qucaqlayırmış kimi bağrına basar, başımı sığallayar, üzümdən öpərdi...
2004-cü ildə dostum, “Geopolitika XXI əsr” qəzetinin baş redaktoru Xanoğlan Əhmədovla Borçalıya səfər etmişdik. Kamandar ocağını ziyarət etməyi borc bildiyimizdən ailəsinə üz tutduq. Artıq, cismən nə Böyük Ustad nə də ömür gün yoldaşı Pəri xanım həyatda yox idi, amma, bu ev mənim üçün “Kəbə”dir, ziyarətgahdır. Yeri gəlmişkən, indi ziyalılarımızın təkidi və təşəbbüsü ilə bu ocaqda “Aşıq Kamandarın ev muzeyi”nin açılması məni çox sevindirir. Tezliklə muzeyin Gürcüstan hökuməti tərəfindən dövlət statusu alaraq rəsmiləşməsinə də inanıram.
Bir qədər söhbətləşdikdən sonra Ustadın oğlu, xətri mənə qardaşım qədər əziz olan Əflatun, üstündə “Aşıq Kamandar” yazılmış sazı mənə doğru uzadaraq “götür çal” dedi. Əvvəlcə tərəddüd edib dedim: “Axı bu sazı Kamandar kimi çalmaq lazımdır”. Əflatun “götür çal, qoy kişinin də ruhu şad olsun” dedikdən sonra nədənsə “Dilqəmi” havasını çalmaq qərarına gəldim. Bir vaxt mənim istəyimlə Ustadın özü bu havanı başım üstündə çalmışdı. Bəlkə də “Dilqəmi” havasını çalmaq qənaətinə gəlməyim də elə bu səbəbdən idi. Bu sazda “Aşıq Qərib”, “Məsum və Diləfruz”, “Telli Həsən”, “Abbas və Gülgəz”, “Novruz və Qəndab” eləcə də saysız-hesabsız başqa-başqa dastanlar danışılmışdı, böyük ustadlar anılmışdı, el şairləri dinlənilmişdi, həm də ən əsası bu saz ustad Kamandarın sinəsinə sığınıb, nəfəsini duyub, istisinə qızınıb “Kamandar sazı” olmuşdu. Bax elə məsuliyyət də ordan gəlirdi...
Bəli, saza əlimi vuranda Ustadın özü gözümün önündə dayandı və məsuliyyətimdən tər tökə-tökə bu havanı çaldım. Beynimdə isə Ustadın bir beyti gəzirdi:
Yaxşılar dünyadan vaxtsız köçəndə
Mahal ağlamazmı, el ağlamazmı?
Nə etməli ki, həyat öz axarı ilə davam edir, Ulu Tanrının sevdiyi bəndələri, böyük üstadlar zaman-zaman dünyamıza gəlir, öz gövhər hədiyyələrini bizlərə bəxş edir və məqsədli göndərilmiş mələklər kimi yenə də uçub öz dərgahlarına qayıdırlar. Bu silsilədən bu gün saz dünyası üçün doğulmuş, uşaqlıq yaşlarından düz əməlli ayrılmamış özünü bir yetkin aşıq kimi cəmiyyətə tanıda bilən ramin kamandarlar məni bir sazsevər kimi çox sevindirir.
Saz bayramı
Bu da 2007-ci il Oktyabr ayının 26-sı. Ulu Borçalının kürüstü Kəpənəkçi kəndi. Xalq şairi Zəlimxan Yaqub, folklorşünas alim Elxan Məmmədli, Respublikanın Əməkdar memarı, Memarlıq namızədi Ömər Qoçulu, şair Rövşən Nəsiboğlu, şair Rafael İncəyurd, jurnalist Musa Nəbioğlu, xeyriyyəçi İlqar Eminov, aşıq Kamandarın davamçısı və Zəlimxan Yaqubla Elxan Məmmədlinin təşəbbüsü ilə “Kamandar” təxəllüsü verilmiş gənc aşıq Ramin Kamandar və məndən ibarət bir heyyətlə Borçalıda aşıq Kamandarın Ev Muzeyinin açılışındaydıq. Bütün borçalılar bu münasibətlə bayram təntənəsi yaşayırdılar. Borçalının müxtəlif güşələrindən və Bakı şəhərindən gəlmiş saysız-hesabsız digər ziyalıların toplaşdığı bu məclisdə Kəpənəkçi və ətraf kəndlərin sakinləri də iştirak edirdi. Böyük izdihamla keçirdilən məclisi Borçalının ünlü şairi, Borçalı Aşıqlar Birliyinin və Dərviş Cəmiyyətinin sədri Dərviş Osman Əhmədoğlu açaraq ilk sözü Zəlimxan Yaquba verdi.
Xalq şairi Zəlimxan Yaqub həmişəki coşğunluqla çıxış edərək Utadla bağlı xatirələrini də danışdı. Ustadın keçirdiyi məclislərdə yetərincə iştirak etmiş Şair, ondakı ədəb-ərkandan, məclisi aparma ustalığından, şəyirtlərilə davranış mükəmməliyindən, məclis iştirakçılarında xoş ovqat yarada bilmək qabiliyyətindən və hər bir iştirakçını ayrı ayrılıqda xüsusilə nəzərə almasından ağız dolusu danışdı.
Məclisi ziyalıların çıxışlarilə birlikdə Ustadın yetişdirdiyi aşıqların ifa etdikləri rəngarəng saz havaları da bəzədi.
Sonda isə şair Dərviş Osman hər il Oktyabr ayının 27-sini Aşıq Kamandarın xatirəsinin əziz tutulması üçün “saz bayramı” elan etdi.
Məclis bitdikdən sonra Ustadın qəbrini ziyarətə getdik. Quran ayələri oxunduqdan sonra çıxışlar burada da davam etdi. Ziyarətdən qayıtdıqdan sonra isə Xalq Şairi Zəlimxan Yaqubla, Şair Dərviş Osman qırmızı lenti kəsdilər və Ustadın Ev Muzeyinin təntənəli açılış mərasimi keçirildi.
Oktyabrın 27-sində isə N.Nərimanov adına Marneuli mədəniyyət evində ustad aşıq Kamandarın anadan olmasının 75 illiyi keçirildi. Yenə də şair Dərviş Osmanın və xalq şairi Zəlimxan Yaqubun çıxışları ilə başlanan mərasim ziyalıların və aşıqların iştirakı ilə böyük bir ruh yüksəkliyi ilə sonuclandı.
RUHUN ŞAD OLSUN, USTAD!
AY USTAD!
Ustad Aşıq Kamandarın
75 illik yubileyinə
Göylərdən gəlmişdin, çəkildin göyə,
Tanrı yazan şah əsərim, ay Ustad!
İlhamından cuşa gəlib kükrədi,
Dəli Kürüm, göy Xəzərim, ay Ustad!
Kəsdin yanaqların yağmur yaşını,
Sığalladın bənövşənin başını.
Sıldırımlar, sal qayalar daşını,
Əritmisən ərim-ərim, ay Ustad!
Sildin duyğulardan qara xəttləri,
Üfürdün üzlərə müşkü, əmbəri.
Sən söz xiridarı, saz peyğəmbəri,
Kəbəm, ziyarətim, pirim, ay Ustad!
Səni hardan alım dönəsən dağa,
Yenə dodağından ləl-gövhər yağa!
Bir ana istərəm Kamandar doğa,
Altunum, gövhərim, zərim, ay Ustad!
Ovsundu, sehirdi, tilsimdi, nədi,
Sənətkar bir şahdı, saz şahanədi.
Elbəyinin sözü bir bəhanədi,
Tanrı yönüm, qiblə yerim, ay Ustad!
Bakı-Borçalı-Bakı 10-30 oktyabr 2007-ci il
YORUMLAR
Henüz yorum yapılmamış.