- 1007 Okunma
- 1 Yorum
- 0 Beğeni
Mənim qəhrəman şəhərim - Qars
Elbəyi CƏLALOĞLU
Mənim qəhrəman şəhərim - Qars
Türkiyənin MHP Qars El başqanı Yavər Özkanın dəvəti üzərinə onun oğlu Alpın sünnət toyunda iştirak etmək üçün sentyabrın 12-də “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə Bakıdan Qarsa yola düşdük. Yolumuz Gürcüstan ərazisindən keçəcəkdi. Zəlimxan bəyin şəxsi maşınında rahat yolçuluğumuza davam etməklə bərabər, müşahidələrimiz tənqidi məqamlardan yan keçmirdi. Şəmkir bölgəsində yol polislərinin quzğun şikarına cumurmuş kimi avtomobillərin başının üstünü alaraq sürücüləri yerli-yersiz qamarlaması gülünc doğururdu. Sürücüləri sürət həddini aşmaqda günahlandıran yol polislərinin özləri isə nəfsinə hakim olmağı bacarmadığından maşını 120-150 km/saat sürətlə qovaraq təhlükə yaratmaqdan çəkinmirdilər. Onların seçkiqabağı etdikləri bu hərc-mərclik təəssüf doğururdu. O biri gün avtomobilimiz Gürcüstan və Türkiyə ərazisi ilə şütüsə də rastlaşdığımız polis maşınlarını barmaqla saymaq olardı, lakin heç bir maşına toxunmur, sürücüləri incitmirdilər. Bundan başqa, adını çəkdiyim ölkələrdə bizdən fərqli olaraq yol polisi postlarına da rast gəlinmir...
Sərhəd-keçid məntəqəsində isə Gürcüstan keçidində bir dənə də avtomobilin olmadığı halda, Azərbaycana keçmək üçün növbəyə dayanan avtomobillərin sonuncusu Gürcüstan postuna dayanmışdı. Gürcüstan postunda olan şəffaflıq Türkiyənin sərhəd-keçid məntəqəsində də qorunmaqdadır.
Doxsan min dördə az qalmış
Gürcüstanda “Borçalı” cəmiyyətinin Gürcüstan təmsilçisi İsrafil Bayramov, şair Osman Dərviş və həkim dostumuz Elmxan Məmmədli ekipimizə qoşuldular. Axısqada Gürcüstanın və Türkiyənin sərhəd-keçid məntəqəsini bir göz qırpımında maneəsiz keçdik. Şəxsən mənim Türkiyənin bu bölgəsinə ilk səfərim olsa da, sərhədi keçən kimi doğmalıq hisslərini yaşamağa başladım. Türkgözü, Posof, Hanak, Susuz və s. şəhərlərindən keçib Qarsa doğru irəlilədik. Maraqlı olanlardan biri bu idi ki, şəhər statusunda olan bəzi yaşayış məntəqələrinin əhalisinin sayı üç min doqquz yüz-dörd min iki yüz nəfərdən çox deyildi. Borçalıda isə elə kəndlər var ki, əhalisi on mindən yuxarıdır...
İlqar dağında bulaq üstə dayanmışdıq. Bulağın boğazı keyidən suyundan içə-içə Osman Əhmədoğlu bu yolların qışda keşilməz olmasından bəhs etdi. Bunu Zəlimxan bəy də təsdiqlədi. Belə ki, bu ilin yanvarında Sarıqamış şəhidlərinin anım günündə iştirak etmək məqsədilə Zəlimxan Məmmədli, Osman Əhmədoğlu, Hüseyn Artıkoğlu və İsrafil Bayramov şəxsi maşınla Türkiyəyə yollanmışdılar. Ziyarətdən geri dönəndə həmin bu yerlərdə təsəvvürəgəlməz qar-boranla üzləşiblər. Dediklərinə görə yollar buz bağlamış, hava son dərəcə sərt soyuq olmuş və ətrafa kor duman çökübmüş. Şüşələri buz bağladığından maşını idarə etmək olduqca çətin imiş. Eyni zamanda dağ yolunun bir tərəfi uçurum olduğuna görə, dərəyə yuvarlanmaq təhlükəsi də digər tərəfdən ümidləri azaldıbmış. Məsələ o yerə çatıb ki, Sarıqamış şəhidlərinin sayı az qala doxsan min dördü (90000+4) haqlayacaqmış. Lakin şükürlər olsun ki, ekip bu çətin vəziyyətdən qurtula bilmişdir...
Axşam Bakı vaxtı ilə 19.00-da (yerli vaxtla 17.00) Qarsa çatdıq. Şəhərin girişində əhali sayının yetmiş səkkiz min yüz nəfər olduğu yazılmışdı. Gözəl Qars, hər zaman arzuladığım Qars! Ulu babalarımızın at oynatdığı, qılınc çaldığı, qurşaq tutduğu, dəfələrlə yağı düşmənin təcavüzünə sinə gərdiyi, işğalçıları qovub çıxardaraq azad etdiyi Qars! Amma nədən bu vaxtacan “Qəhrəman şəhər” statusu almamış Qars! Bütün tarix bir yana qalsın, təkcə XIX əsrdə onlarla kərə yadellilərin tapdağı ilə üzləşmiş, lakin Mehralı bəy, Həşimoğlu, Dəli ağa, Kor İsmayıl kimi babalarımızın yenilməzliyi sayəsində azad olunmuş Qars! Mənim qəhrəman şəhərim!..
Bu müqəddəs duyğular sinəmdə ipə-sapa düzülürdü:
Qarsım, səndən sədalar var,
Tarixində qadalar var,
Görkəmində dədələr var,
Səni söylər hər əsərim,
Mənim qəhrəman şəhərim!
Qars qalası şah zirvəndi,
Qəlbi geniş, başı çəndi.
Od yağdırıb hər bir bəndi.
Yağılar üstə zəfərim,
Mənim qəhrəman şəhərim!
Elbəyini sev anında,
Coşsun təbi qoy onun da.
Sənin bu doğma qoynunda
Açılaydı hər səhərim,
Mənim qəhrəman şəhərim!
Qarsın “Grand Ani” Hotelində bizi Yavər Özkan və “Qars Sərhədboyları Dərnəyi”nin başqanı, “Borçalı” cəmiyyətinin Türkiyə təmsilçisi Məhərrəm Yıldız qarşıladılar. Bir azdan eyni toya dəvət olunmuş millət vəkilləri Oktay Öztürk və Atilla Kaya ilə tanış olduq. Xeyli söhbətləşdikdən sonra birlikdə şadlıq evinə yollanacaqdıq. Hələliksə gənc MHP-çiləri görürəm, onların davranışını, söhbətini izləyirəm. 20-25 yaşlarında olan bu gənclər yüksək milli təfəkkürə malik, ruhunu önə vermişlərdir. Onlar böyüklərə təzim etməyi və böyüklər tərəfindən sevilməyi bacaranlardır. Gənclik də belə olmazmı, - deyə düşünürəm. Əlbəttə ki, nəfsinə hakim olub, ruhu önə vermək “Söz”ə (Haqq sözünə, Haqqın özünə) sədaqətli olmaqdır...
Qarslıların adətinə görə toyda bütün işlərə toybabası nəzarət edir. Bu səlahiyyət Məhərrəm Yıldıza verilmişdi. Bizdən fərqli olaraq Kars toylarında yemək və spirtli içki verilmir. Onlar bunu israfçılıq hesab edir, hətta bu məsələdə Azərbaycan toylarını qınayırlar da. Süfrəni çərəz, üzüm, gavalı, fanta, cola və mineral içkilər bəzəyirdi. Birsözlə, toya gələnlərin məqsədi yeyib-içmək yox, əsasən ənənəvi rəqs etməklə toy sahibinin sevincinə şərik olmaqdır. Ən çox oynanan “Alaca barı”, “Sərxoş barı”, “Bagi”, “Üçayaq” və “Çepki” adlanan “Yallı”ya bənzər rəqslərdir. Bu rəqslərdə yan-yana düzülən oyunçular kiçik barmaqlarını bir-birinə keçirməklə dövrə vururlar, bəzən elə olur ki, iç-içə bir neçə dövrə yaradırlar. Qaydaya görə, oyun qol-qola, yaxud da əllər belə qoyulmaqla da davam etdirilə bilər. Oynayanları klarnet, akkardion və müğənni müşayiət edir. Səsgücləndiricini elə tənzimləyirlər ki, məclisdə normal söhbət edib, bir-birini rahat eşitmək mümkündür. Bir anlıq mənə elə gəldi ki, Azərbaycandakı toylarda musiqi səsinin qulaqbatırıcı olmasının səbəbi elə spirtli içkilərin verilməsidir. Çünki uca səs sərxoşlar arasında düşməsi ehtimal olunan savaşların sayını minimuma endirir. Toy məclisində ancaq Azərbaycan mahnıları ifa olunurdu. Onu da deyim ki, Qarslıların danışıq üslubu Borçalı-Qazax şivəsindən çox az fərqlənir.
Beş yüzə yaxın iştirakçısı olan bu toyda ara-sıra fəxri qonaqlar təqdim olunur, zamanı gəldikcə xeyir-dua üçün onlara söz verilirdi. “Borçalı” cəmiyyətinin başqanı olaraq fəxri qonaqlar sırasında adı çəkilən Zəlimxan Məmmədli məclis əhlini cəmiyyət və öz adından salamladıqdan sonra, balaca Alpı, onun valideynlərini təbrik etdi. İsti sözlərini diqqətə çatıran Zəlimxan bəy Bakıdan məxsusi olaraq aldığı sazı kiçik yaşlı Alpa hədiyyə etdi. Aldığı bəxşişdən sevincək olan Alp bəy sazı boynuna keçirərək onu səsləndirməyə başladı. Zəlimxan bəyin hədiyyəsi sürəkli alqışlarla müşayiət olundu. Bir neçə rəqs və musiqi nömrəsindən sonra söz şair Drviş Osmana verildi. Dərviş Osman həmişəki kimi hayqırdı, şeirləri ilə sözün əsl mənasında kükrədi...
Toydan sonra, yerli vaxtla 23.00-da (Bakı vaxtı ilə 01.00) Murat bəyin bələdçiliyilə Qars qalasına qalxdıq. Gecə olsa da, işıqlandırıldığından tarixi abidələri kifayət qədər seyr edə bildik. Çox qan-qadalar görmüş, yadellilərin saysız-hesabsız təcavüzünə sinə gərmiş, hələ də qulaqlarında atəş səsləri guruldayan Qars qalası necə də məğrur dayanıb. Əlbəttə, buna haqqı var. Bu barədə qısaca tarixi bilgiləri xatırlamaq yerinə düşər.
Qars şəhərinin adının eradan əvvəl 130-127-ci illərdə Qafqazın şimalından buraya köç etmiş Bulqar türklərinin Velentur boyunun Qarsaq tayfasının adından götürüldyü ehtimal iolunur. Bəzi mənbələr bu şəhərin adını IX əsrin sonlarında “Vanand”, X əsrin əvvəlində isə “Qars” olaraq çəkirlər. Lakin tarixi mənbələr bu bölgənin ilk sakinlərinin hurrilər olduğunu yazırlar. Sonralar hititlərin, urartuların işğalına məruz qalmış bu bölgəyə e.ə. VIII əsrdə kimmerlər gəlmiş, e.ə. VII əsrdə iskitlər hakim olmuşlar. E.ə. VI əsrdə farslar tərəfindən istila edilmiş ərazi e.ə. IV əsrdə İskəndərin əlinə keçmişdir. Bundan sonra zaman-zaman Bizansın, Sasanilərin, Abbasilərin, Sacoğulları, Şəddadilər və nəhayət yenidən Bizansın hakimiyyəti altına düşmüş Qars şəhəri 1064-cü ildə Səlcuqlu sultanı Alparslan tərəfindən azad olundu. 1124-cü ildən 1153-cü ilə qədər gürcülərin əlinə keçib. 1239-da Moğolların, bundan sonra isə sırayla Cəlayirilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətinin ərazisinə qatıldı. 1534-cü ildə yenidən Osmanlı dövlətinin əlinə keçdi. Bu vaxtdan sonra dəfələrlə Səfəvilərin hücumuna məruz qalan Qars, 1828, 1853, 1877-ci illərdə ruslar tərəfindən işğal edildi. 1855-ci ildə Osmanlılar Qarsı rus işğalçılarından azad etdikdə ona “Qazi” statusu verdilər. 1877-1921-ci illər ərzində isə Qarsın başı rus şovnizmindən görünməmiş bəlalar çəkdi, necə deyərlər, gözüylə od ayaqladı. Bu mənada günümüzdə ən hündür zirvəsində Türkiyənin ay-ulduzlu möhtəşəm bayrağı dalğalanan Qars şəhəri “Qəhrəman şəhər” statusuna layiqdir.
Bu müqəddəs duyğulardan sonra nə qədər çətin olsa da, vaxt qıtlığı səhərisi gün bizi Qars şəhərindən geriyə dönməyə vadar etdi.
Bakı-Borçalı-Qars-Bakı, 12-15 sentyabr 2013-cü il
YORUMLAR
anlamlı ve güzel bir seyahat yapmışsınız Üstadım.
hazla okudum bir an kendimi sizin yanınızda ve düğünde sandım.
kaleminiz daim olsun. Allah'a emanet olunuz.