DEPREMİ ŞİİRLERİ: "Bu gün onuncu gündür", "Deprem tablosu", "Birge saracağız bu yaranı da".
TERANE TURAN RAHİMLİ
BU GÜN ONUNCU GÜNDÜ Nəfəsim çatmır, Allah, Boğazımda düyümdü. On şəhəri yer uddu, Bu gün onuncu gündü. Viran qalan yurdların Üstündə matəm sisi. Ağlar buludlar gəzir Osmaniyə, Kilisi. Çökdü Qaziantepdə İki min yaşlı qala. Kim deyərdi Nur dağı İki yerə yarılar?! Uğultudan Afşində Əshabi-Kəf oyandı. 24 oğuz boyun Köksü qana boyandı. Babalarım yüz illər Ucaltdı yavaş-yavaş, Yıxıldı Adıyaman, Yerdə qaldı beton, daş. Ulu Kahramanmaraş İndi yerlə yeksandı. Körpələr öldü deyə Mələklər də utandı. İlk tunc dövründən qalan Tarix batdı Hatayda. Qalxan toz dumanında Gizlənib itdi ay da. Belə dərd görməmişdi Min illərdən bu yana Bilqamıs dastanında Adı keçən Adana. Bulanıb Balıqlı göl Ulu Şanlıurfada. Peyğəmbərlər şəhəri Qallb yaman cəfada. Malatya, Diyarbakır - Hər daşında qan izi. İsgəndərun su altda, Aşıb-daşdı dənizi. Bağrın yandı, Türkiyəm, Harda bir savaş oldu. Taleyin nə amansız Savaşına tuş oldun... Daş üstündə qalmayan Daşına qurban olum! Gözünün qurumayan Yaşına qurban olum! 15.02.2023. ZƏLZƏLƏ TABLOSU Nağıllarda ümid qapısı bilinən, İşıq yolu, güc timsalı "7"-ni İki dəfə gözdən salan Fəlakətin sədasıdı zəlzələ. Bir gün içində böyüyən Altı yaşlı Zibeydənin "Qardaşım Mevlut çox kiçik, Ölə bilər" nidasıdı zəlzələ. Dırnağıyla yeri qazan, Ölən qızının əlini Buraxmayan bir atanın Son vidasıdı zəlzələ. Dilsiz-ağızsız körpənin - İyirmi günlük Kərəmin Ovcundakı o bir tutam Ana saçıdı zəlzələ. İki yaşında Fatmaya Ambulans pəncərəsindən Baxan xilaskarlarının Gözlərindəki acıdı zəlzələ. Betonlar viranəsində 111 saatdı qorxan Qızcığazın əcəliylə Gizlənpaçıdı zəlzələ. On yaşlı Hilal Bilginin Daşlar altında əzilib Kəsilən sağ qolu üçün Təkcə suçludu zəlzələ. Beton yığını içində Namaz qılan gənc Adnanın Yaşam savaşı önündə Təbiətin utancıdı zəlzələ. Sınaq kimi sınaq deyil, Fələk zərbəsidi qəfil... İnsanın başına gələn Hər bəlanın, hər acının Ən qorxuncudu zəlzələ. 10.02.2023. BİRGƏ SARACAĞIQ BU YARANII DA Bu torpağın udduğu can Mənim yaralı canımdı. O daşlardan sızıb axan Öz ürəyimin qanıdı. Vətənimin harayı var "İmdad" çağıran hər səsdə. Gənc arzuları boğulan, Kəsilən körpə nəfəsdə. Viran qalan şəhərlərin Altında inləyən mənəm. Başında durub ağlayan, Fəryadın dinləyən mənəm. Bu yuxusuz gecələrin Bağrını yaran ahımdı. Uçqunların hər qatında Sıxılan mənim ruhumdu. Məhvərindən qopur dünya, Daşı, qayası laxlayır. Fəğan edir yer-göy, Allah, Bulud, səma yas saxlayır. Yaradanın qıymadığı Minillik qala yıxılır. Şər yenə meydan oxuyur, Dağılır, hər yer dağılır. Gözə gəldimi Türkiyəm? Acısı yandırıb yaxır. Bir cocuğun gözlərindən Dünyaların dərdi baxır. Qəmin böyük, canım qardaş! Yükün ağır, ağrın yaman... Səninlə birgə saracaq Bu yaranı Azərbaycan. Çıxdın necə sınaqlardan, Bilirsən, bu da keçəcək. Düşən hər daşın yerində Göyü dələn dağ bitəcək. 8. 02.2023. |