BİR DEYİL...
BİR DEYİL...
1 ƏLİMİZİ İSTİ TUTMALI Həmişə, həmişə əlimizi isti tutmalı; ayağımız yola isti dəyməli, Hə, dəmiri isti-isti döyməli... Haqqımız hardaysa, ora varmalı, ocaqdan-ocağa od aparmalı. bişirib deməli sözümüzü də, hazırlamalı ən sərt yoxuşlara dizimizi də... Evdən çıxmalıyıq bir od parçası , hər səmtə bir od nəhri axmalıyıq, bir göy guruldayıb, ildırım çaxmalıyıq... Kölgəmizi qaralayanları buza döndərməli nəfəsimizlə. bəlkə bir közümüz, bir sözümüzlə onları buz kəsməli; əlimizi isti tutmalıyıq, isti!.. 2 İKİ GÖZÜNDƏN BİRİ... Bax, ən çox sevdiyindi iki gözündən biri; adı dilində iki sözündən biri... inan, inamın olsun, iki gözündən birinə hər vaxt salamın olsun... kürəyini söykəməyə uçulmaz divar, gözünü səndən heç qaçırmaz iki gözündən biri... hər şeyə-- yerə, göyə diqqətlicə nəzər sal; İki gözündən biri xoşbəxtliyin, xoş günün, sanki ətri bürüyür səni bir gulun... iki gözündən biri həmişə yolunu aydınladacaq; güvən daim iki gözündən birinə və görəcəksən ki, elə iki gozünmüş iki gözündən biri! 3 İRƏLİDƏ... ...Bax, hər şey irəlidə, gözəl bir nəğmə, şeir irəlidə... Bir qədəm atsan da, qələm çalsan da, hədəf irəlidir geri qalsan da... hər suala cavab var irəlidə, şirinləşir acılar irəlidə... arzu elədiyin ən gözəl həyat; o, irəlidə, ocaq irəlidə, od irəlidə... böyük bir qələbəyə aparan yoldur bir “İrəli!”çağırışı bəlkə... San ki, dayanıbdı bəxt irəlidə, körpü irəlidə, bənd irəlidə. Ümid sandığın da, inandığın da ancaq irəlidə, irəlidədir, bilsən, yüz illərin geriliyi də elə irəlidədir!.. 4 TA QƏLBİMİN... Ta qəlbimin çırpıntısı bir başqa, Görüş, vida döyüntüsü deyil ha... Seç günlərin yaxşısını, pisini; Bu mənimdi, o sənindi-ayır ha... Öndə çətin, bitməz bir yol uzanır, Çox çəkməklə məgər ömür uzanır? Dili gödək üstümə dil uzadır, Bir budağı min tərəfə əyir ha... Bu dağların qoy birinə ucalım, Qalxım, enim, ən dərinə ucalım... Bir ürəyin kədərinə ucalım; Ən hündürdən bircə kəlmə deyim ha, Yalın əlim buzda közə dəyir ha!.. |