- 1416 Okunma
- 2 Yorum
- 0 Beğeni
“Sözündən tanıdım səni”
Elbəyi Cəlaloğlu
“Sözündən tanıdım səni”
Yeni kəşflər axtarışında olan gənc Təyyar Şərifə
Boş vaxtlarımın bir hissəsini “Facebook”da keçirirəm, burada dostların fikirləri və sitatları ilə maraqlanıram. Adı çəkilən sitedə digər yazılarla yanaşı, könül oxşayacaq bədii yaradıcılıq nümunələrinə də tez-tez rast gəlmək olur. Bu sırada “Təyyar Şərif” imzalı gənc müəllifin də şeirləri diqqətimi çəkdi. Onun qələminin məhsulu olan misraları oxuyarkən, bəzən yetkin bir şair olduğunu düşünür, bəzən də bu yolda hələ ilk kövrək addımlarını atan bir gənci gözlərim önünə gətirirdim. Bu səbəbdən də Təyyar Şərifin kimliyi barədə maraqlanmağa başladım. Məlum oldu ki, Təyyar hələ çox gəncdir, cəmisi 14 yaşı var. Üzünü görmədiyim bu gəncin internetdə yerləşdirdiyi bir qovluğa sığışmayacaq qədər olan şeirlərinin hamısını oxudum. Oxudum və dərhal qərara gəldim ki, gənc şairin yaradıcılığı barədə bəzi düşüncələrimi bölüşüm. Təyyarın şeirlərindən biri belə başlayır:
Öncə sözündən tanıdım səni
Sonra səsindən
Sözünlə səsin arasında
Qəribə kontrast kəşf etdim...
Çox gözəl duyğulardır, bu şeirdə fikirlərin intuitiv və müqayisəli ifadəsi var. Gənc müəllif sevgi ampulasında təqdim etdiyi bu şeirində sanki sözün ifadəsilə səsin ahəngində düz mütənasüblük axtarır. Lakin burada “kontrast” kəlməsi bədii termin olmadığından başqa bir ifadə ilə (məsələn: təzad, ixtilaf) əvəzlənsəydi daha yaxşı səslənə bilərdi. Fikrimcə, Təyyarın şeir texnikasının hələlik gəlişməyə kifayət qədər macal tapa bilməməsindən dolayı onun bu “günahını” bağışlamaq olar.
Müəllif müraciət etdiyi obrazda sözlə səsin balans yaratmadığına tərəddüd edərək, əvvəl ifadə etdiyi mövqeyindən özünə poetik debarkader yaratmaqla fikrinin tamamlanması üçün şeirin sonuna qədər eyni templə, inadkarcasına irəliləyir və düşüncəsinin daha dərinliyinə getmək üçün mətanətlə çalışır və hətta buna nail olur da:
Təsadüf sandım bunu.
Daha sonra yuxuma gəldin, üzünü tanıdım
aramağa başladım səni,
inanmayacaqsan bəlkə,
bir əksdə üzünü də tapdım...
Hətta – “çoox gözəlsiniz” deməkdən
saxlaya bilmədim özümü, - bu da ikinci təsadüf...
Çox maraqlıdır ki, müəllif gənc təfəkkürü ilə fikir dəryasının lap dibinə enməyə çalışır və orada yeni incilər axtarışına çıxır. Bu cəsarəti bizləri Təyyarın gələcəyinə böyük ümidlər bəsləməyə sövq edir.
Təyyarın “Yazmağım gəlir” rədifli qoşması da maraqlıdır. Bu şeirə “söz yığını” demək insafsızlıq olar, çünki yazdıqları onun gənc düşüncəsindən bal kimi süzülüb gəlir:
Çaydı bu, axarı özü seçəcək,
Arzudu ürəkdə, gəlib keçəcək,
Dərdi də bəyənib özü seçəcək
Bir ürək dərdindən yazmağım gəlir.
(bu bənddə “özü seçəcək” ifadəsi I və III misrada sadəcə təkrarlanaraq qafiyə qanunundan kənara çıxır)
yaxud,
Havalıdı Təyyar, dəli demə sən,
Qaniçən doymaza zəli demə sən,
Hər sözü gözələ bəli demə sən,
Əxlaqı gözəldən yazmağım gəlir.
Qeyd edim ki, bu epiforik üslubda yazılan şeirlərə, adətən “ustadnamə” adıyla xalq dastanlarımızda, eləcə də klassik aşıqlarımızın yaradıcılığında rast gəlirik. Bir sözlə, Təyyarın yaradıcılığı ənənəviliyə sadiq qala bilir. Təbii ki, köksüz ağac tufana davam gətirməyib yıxılan kimi, ənənəviliyə söykənməyən yaradıcılıq nümunəsi də diri və duru qala bilməz. Təyyarın şeirlərini oxuduqca o, klassik ədəbiyyatımızdan haliymiş kimi görünür. Buna misal olaraq nəfis misralarla yazdığı aşağıdakı bəndi göstərmək olar:
Ağzı yoxuşadı, bu yoxluğun da,
Aclıqla qoşadı bu toxluğun da,
Alov yoxluğunda, od yoxluğunda,
Ürəkdə ocağı ürək qalarmı?
Təyyarın yaradıcılıq nümunələrinə nəzər yetirərkən, onun qıfılbəndlərə, gəraylılara, rübailərə, bayatılara, hətta qəzələ meyl etdiyini görmək elə də çətin deyildir. Onun şeirlərində türk ruhu da apaydın duyulur. Vətən, millət, torpaq sevgisini ürəyində müqəddəs varlıq kimi bəsləyən Təyyarın uğurlu şeirlərindən iki bəndə də nəzər salsaq, yerinə düşər:
Bu yağıdı, uzaqda,
Bu Vətəndi - tuzaqda,
Soyuqdu bu qucaq da,
İsti qucağın varmı?
Torpaq sirdaş istəyir,
Kasıb dam-daş istəyir,
Vətənsə baş istəyir,
Vətənçün başın varmı?
“Mən” rədifli qəzəlində olduğu kimi Təyyar bəzən sevgi hisslərinin ifadəsində də yeni kəşflər axtarışına çıxır ki, bu da oxucunun diqqətini çəkir. Gəlin həmin qəzəldən iki beytə fikir verək:
Gözəlim, gözlərinin sehrinə düşdüm, yenə mən,
Sözün aldım bu səhər, mehrinə düşdüm, yenə mən.
Nə zamandır qovuram, gözlərinin cazibəsin,
Bilmədim, hansı yöndə cəzbinə düşdüm, yenə mən.
Təyyarın fitri istedadı və güclü instinkti yazılarında aydın gözə çarpır. O, həm də bəzi hadisələri qələmə alarkən sanki ona birbaşa yox, güzgü vasitəsiylə baxır. Bu sayaq “Bilirmiş” rədifli qoşmasında Təyyar zamanın dərdlərini, yaxın keçmişdə baş verənləri, eləcə də insan taleyinin qaçılmaz məqamlarını özünəməxsus tərzdə qələmə alır:
Gün gəlib keçmirmiş, gün illənirmiş,
İnsan dillənmirmiş, dərd dillənirmiş,
Bir zaman insanlar güllələnirmiş,
Sən demə bu sirri Atam bilirmiş.
Təyyarın yazmaq xatirinə qələmə aldığı “Qutlu olsun”, “Mənim” rədifli qoşmaları sayaq zəif şeirləri, eləcə də bir çox şeirlərinin ondan çox bəndi var. Lakin müəllifin çox gənc olduğuna rəğmən, buna çox təbii baxıram. Təyyara davamlı mütaliə və ədəbi-tənqidi məqalələri gözdən qaçırmamağı tövsiyə edirəm. Çünki onun şair dünyası gözləyən çətin sınaqlar, ciddi təcrübələr hələ irəlidədir.
Təyyara yenicə qədəm basdığı bu yolda yorulmamağı və ona yaradıcılıq uğurları arzulayıram!
Bakı, 12 fevral 2012-ci il
YORUMLAR
üstadım bir deryayı anlattınız bize.14 yaşında bir şair ve mükemmel şiirler.
bu güzel çocuk şimdiden şiire aşık bir dahi.Tanıdığıma çok memnun oldum.Dilerim gelecekte güçlü bir şair olur.Türk dünyasında şiirleriyle coşar.
Bana göre bu ilim ona Allah vergisi.Azarbaycan bildiğim kadarıyla edebiyatta ve şiirde çok üstün konumda.Bu güzel delikanlıda o güzel insanlardan biri olacak.
Kalemin daim olsun üstadım.