- 1815 Okunma
- 2 Yorum
- 0 Beğeni
Qəlb göynədən iki “yaxşı”
Elbəyi CƏLALOĞLU
Qəlb göynədən iki “yaxşı”
Görkəmli jurnalist, şair-tərcüməçi Dünyamalı Kərəmin həyat və yaradıcılığına bir baxış
Sovet Rusiyası Cənubi Qafqazı ələ keçirdiyi vaxtlarda Borçalı qəzasının Qoçulu kənd sakini Kərəm kişinin bir oğlu dünyaya göz açdı. Bu oğlan uşağı iki qızın ardınca doğulduğundan ailənin böyük sevincinə səbəb oldu...
Bir gün Xatın xanım körpəsini qucağına alıb ərinə yaxınlaşaraq, - ay Kərəm, oğlumuza ad qoymaq lazımdır, - dedi. Kərəm kişi, dirsəkləndiyi mütəkkəni götürüb o biri qolunun altına dayadı və əlini ara-sıra dən düşmüş saçlırnda bir qədər gəzdirdikdən sonra xanımına cavab verdi:
-Ay arvad, dünənə qədər başımızın üstündə bir hökumət dayanmışdı, indi də başqası gəlir. Bu dünyada mal-mülk, var-dövlət əldən ələ keçir, doğru deyiblər ki, dünya malı dünyada qalacaq. Hər şey gəldi-gedərdi, bu gün var olan, sabah yox olur. Var-dövlət də, zər-ziynət də bax, o qucağındakı körpədir. Elə buna görə də oğlumun adını “Dünyamalı” qoyuram ki, müqəddəs zəkalı, saf düşüncəli bir insan olsun, xoş əməlləri insanlara örnək olaraq dünya malı kimi dünyada qalsın!..
Burada qeyd etmək yerinə düşər ki, Kərəm kişinin Dünyamalıdan sonra iki qızı, bir oğlu yenə dünyaya gəlmiş və o, iki oğul dörd qız atası olmuşdur.
Dünyamalının doğumundan 8-10 il ötmüşdü. Həmin vaxt İmir-Həsən TEM-inin (kənd sovetliyi əvəzi) katibi uşaqların doğum tarixini qeydə almaq məqsədilə Qoçulu kəndinə gəlmişdi. Xatın xanım oğlunun doğum tarixini dəqiq yadına sala bilmədiyindən “təzə hökumət gələndə doğulub” deyə katibə məlumat verdi. Ananı dinləyən katib uşağın təvəllüdünü “20 iyun 1922-ci il” olaraq qeydə aldı. El ağsaqqalı Mahmud kişi isə buna açıqlama gətirərək, - Gürcüstanda Sovet hakimiyyəti 1921-ci ildə qurulduğuna baxmayaraq, hərbçiləri sərhədlərə 1922-ci ildə düzüdülər, çox güman ki, katib bunu nəzərə alaraq belə yazdı, - dedi. Lakin sonralar Dünyamalının doğum tarixi “28 aprel 1920-ci il” ilə əvəz olundu, bu barədə bir az sonra oxuyacaqsınız...
Əliyev Dünyamalı Kərəm oğlu 1929-cu ildə Qoçulu kənd ibtidai məktəbinin (bu məktəb 1928-ci ildən fəaliyət göstərib) birinci sinfinə daxil oldu. Elə həmin ildə də bölgədə ərəb əlifbasından latın qrafikasına keçildi. O vaxta qədər isə Borçalının bir sıra kəndlərində molla məktəbləri fəaliyyət göstərirdi.
Dünyamalı Kərəm oğlunun ilk müəllimi Namazov Namaz Abbas oğlu olmuşdur. O, III sinifdə oxuyarkən isə Qazax Pedaqoji İnstitunun məzunu, əslən Qazağın Kəsəmənli kəndindən olan Məmməd Ağamalı oğlu təyinatla Qoçulu kənd məktəbinə gəlir və Dünyamalının ikinci müəllimi olur...
Günlərin birində Dünyamalı sinif uşaqları ilə birlikdə məktəbdə şıltaqlıq edibmiş. Bu səbəbdən Məmməd müəllim ona bərk sillə vurur. Dünyamalı acıq eləyib məktəbən çıxıb gedir və tərslik edərək dərsə getməkdən imtina edir. Aradan bir neçə gün keçmiş Məmməd müəllim onu məktəbə qaytarmaq üçün evlərinə gəlir, lakin Dünyamalı məktəbə getmək istəmədiyini deyir. Dərslərini əla oxuduğundan Məmməd müəllim onun təhsilini davam etməsi üçün israrla təkid edir. Hətta, bir gün həvəsləndirmək məqsədilə Dünyamalıya qondura (botinka) da alıb gətirmişdi və - bax, sənə nə almışam, dur gedək, - deyərək onun başını sığallamışdı. Nəhayət, Dünyamalı inadını yerə qoyub yenidən dərsə getməyə başladı. Sinif yoldaşları ilə müqayisədə bilik səviyyəsi yuxarı olduğuna görə onu III sinifdən bir başa IV sinifə keçirtdilər. Beləliklə, 1932-ci ildə Dünyamalı ibtida məktəbi bitirdi və o dövrün “repressiya” dediyimiz mövcud problemiylə əlaqədar iki il təhsilini davam etdirə bilmədi. Belə ki, elə həmin illərdə Sovetin qara və çirkin siyasəti onların da ailəsindən yan ötmədi. Hökumət bir çoxlarında olduğu kimi 1931-ci ildə Kərəm kişinin də var-dövlətini əlindən alıb hökumətə keçirtmək istədi. Kərəm kişi buna etiraz etdiyinə görə onu tutmaq istədilər. Bu səbəbdən o, qaçaqlıq etməyə başladı. Lakin çox çəkmədən ələ keçdi və 1936-cı ildə onu sürgünə göndərdilər. Kərəm kişinin Arxangelsk vilayətinin Kotlas şəhərinə sürgün olunduğu və orada da rəhmətə getdiyi ailəsinə sonralar məlum oldu...
Dünyamalı Kərəm oğlu 1934-cü ildə İmir-Həsən natamam orta (7 illik) məktəbində təhsilini davam etdirmyə başlayır. Məktəbi bitirdikdən sonra, 1937-ci ildə isə sənədlərini Tiflis dövlət Azərbaycan Pedaqoji texnikumuna (əvvəl “Tiflis Türk Pedaqoji Texnikumu” adlanırdı) təqdim edir. Bu zaman ondan doğum haqqında şəhadətnamə tələb edirlər. Dünyamalı təvəllüdünün təsdiqlənməsi məqsədilə kəndlərindən iki nəfər yaşlı kişidən onunla texnikuma getməsini xahiş edir və Azərbaycanda sovet hakimiyyəti qurulanda doğulduğunu demələrini onlardan xahiş edir. Beləcə, qəlbi hər zaman Azərbaycanla döyünən Dünyamalı müəllimin doğum tarixi “28 aprel 1920-ci il” olaraq qeydə alınır və o, texnikuma daxil ola bilir...
Ziyalı düşüncəsinin kristallaşmış bakirəliyi
Dünyamalı müəllim 1937-ci ildə texnikumda oxumaqla yanaşı, həm də Bolnisidə (1944-cü ilə qədər “Lüksemburq” adlanırdı) fəaliyyət göstərən “Al bayraq” rayon qəzetində müxbir işləməyə başlayır. Elə bu vaxtdan da “Dünyamalı Kərəm” olaraq tanınmağa başlayır. Lakin bakirə mənəvi dünyası, saf vicdanı, pak düşüncəsi olan, haqq-ədaləti həmişə göz önünə gətirən Dünyamalı Kərəm Sovetin yazılmamış çirkin qanunları ilə uyğunlaşa bilmədiyindən qəzetdə uzun müddət işləyə bilmir...
1940-cı ildə Texnikumu bitirdikdən sonra Dünyamalı Kərəm təyinatla Bolnisi rayonunun Şəmşoy kənd ibtidai məktəbində müdir işləməyə başlayır. Bir il sonra isə İmir-Həsən natamam orta məktəbinə dərs hissə müdiri təyin olunur. Növbəti ildən 1944-cü ilə qədər həmin məktəbin direktoru vəzifəsində çalışmağa başlayır. 1944-cü ildə isə Dünyamalı müəllimin təşəbbüsü ilə Qoçulu kəndində 7 illik məktəb açılır və o, həmin məktəbin direktoru təyin olunur.
Dünyamalı Kərəm 1949-cu ildə ali təhsil almaq məqsədilə ilə Bakıya üz tutur. O, Kirov adına Bakı Dövlət Universitetinin filologiya fakültəsinin juralistika şöbəsinə daxil olur və II qrupdan başlayaraq qrup nümayəndəsi seçilir. Böyük şairimiz X.R.Ulutürk, Filologiya Elmləri doktoru Qulu Xəlilov, Filologiya Elmləri namizədi İsaxan Ömərov, Tarix Elmləri namizədi Məmməd Məmmədov, Tarix Elmləri namizədi Əlif Nəbiyevlə bir qrupda, Azərbaycan Milli Elmlər Akademiyasının akedimiki Bəkir Nəbiyev, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovla bir fakültədə oxumaq da Dünyamalı müəllimə qismət olur. Şair-jurnalist Dünyamalı Kərəm sonralar da sədaqətli dostlarını unutmadı. Hətta, Xəlil Rza Ulutürkün çətin məqamlarında ona şeirlə müraciət etdi:
Xalqımın sevimli, mübariz oğlu,
Nə qədər yaxdılar qaralar sənə.
Bir yandan dönüklər, bir yandan “yan”lar,
Vurdular çal-çarpaz yaralar sənə.
“Sapı özümüzdən olan baltalar”
Taxdı döşlərinə “qızıl xaltalar”.
Olmazın əzablar, qarlı şaxtalar
Bəxş etdi yenilməz, mərd vüqar sənə...
Universitetin sonuncu kursunda Dünyamalı müəllimin yüksək bilik səviyyəsini nəzərə alan kafedra müdiri Həsən Şahgəldiyev diplom işi olaraq ən çətin və maraqlı “Qafqazskiy raboçiy listok” başlıqlı mövzunu ona verir. Həmin mövzu 1905-ci ildən başlayaraq cəmi 17 nömrəsi işıq üzü grmüş eyni adlı qəzet barəsindəydi. Dünyamalı müəllim çətinliklə də olsa bu ağır yükün altından “əla” qiymətlə çıxır və hətta mükafatlandırılır da. Həmin diplom işi universitetin və Təhsil nazirliyinin təklifi ilə çap olunaraq ali məktəbdə dərs vəsaiti kimi istifadə edilməyə başlayır.
1954-cü ildə universiteti bitirən Dünyamalı Kərəm Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsindən “Kommunist” qəzetinin Bakı üzrə xüsusi müxbiri təyin olunur. Bu zaman tanınmış jurnalist, çox maraqlı felyetonlar müəllifi Cahangir Gözəlov da orada həmin vəzifədə çalışırdı...
Dünyamalı müəllim 1956-cı ildə adı çəkilən qəzetin Dağlıq Qarabağ Muxtar vilayəti üzrə xüsusi müxbiri təyin olunur. Onun saflığını, bakirəliyini gözdən qaçırmayan Dağlıq Qarabağ Muxtar vilayətinin I katibi “Kommunist” qəzetiniin baş redaktoruna məktub yazaraq, - bu “peyğəmbər”i haradan tapıb göndərmisiniz? – demişdi. Sən demə Dünyamalı müəllimə qədərki bölgə müxbirləri rüşvət almaq məqsədiylə bir çox obyektləri əməlli-başlı incidirlərmiş...
Dünyamalı Kərəm 1957-ci ildə Gürcüstana qayıtdıqdan sonra, Bolnisi rayon partiya komitəsinə təlimatçı təyin olunur. 1961-ci ildə o, “Sovet Gürcüstanı” qəzetinin (1922-ci ildən başlayaraq “Kommunist”, “Yeni fikir”, “Sovet kəndi” və nəhayət “Sovet Gürcüstanı” adı ilə yayımlanan bu qəzetin fəaliyyəti 1945-ci ildə dayandırılsa da, 1960-cı ilin avqustundan yenidən nəşr olunmağa başlayıb) “Partiya həyatı” şöbəsində, 1964-cü ildən 1985-ci ilə qədər isə həmin qəzetin məsul katibi olaraq fəaliyyət göstərib. Bundan sonra, Dünyamalı Kərəm Resbublika Əhəmiyyətli fərdi təqaüdə çıxıb...
Bakirə düşüncəsini bur əsrə yaxındır ki, çirkin ünsürlərdən qoruyaraq fitrətində kirastallaşdırmış Dünyamalı Kərəmin söhbətləri bu gün də nadir incilər kimi səslənir. Onun ömür xatirələrindən və müdrik fikirlərindən doymaq olmur, desək yanılmarıq.
Ən böyük mükafatı xalqın sevgisi olan Dünyamalı müəllim bu illər ərzində iki dəfə Ali sovetin fəxri fərmanı ilə təltif olunmuş, 1979-cu ildə “Gürcüstan respublikasının Əməkdar Jurnalisti” adına layiq görülmüş, 2000-ci ildə isə Gürcüstan respublikasının “Şərəf ordeni” ilə təltif olunmuşdur.
Dünyamalı Kərəmin söz inciləri
Ömrünün 92-ci baharını yaşayan, 2 oğul, 2 qız atası, 10 nəvə, 7 nəticə babası Dünyamalı Kərəm beş kitab müəllifidir. Bunlar, “Borçalım mənim”, “Mən atamın oğluyam”, “Qoçulu”, “Pyeslər” və Müqəddəs Nemətlə birlikdə yazdığı “Navdallıdan Milana qədər” adlı kitablardır.
Dünyamalı Kərəmin kitablarında oxucu çox maraqlı faktlarla rastlaşır. Buna misal olaraq müəllifin “Qoçulu” kitabını göstərmək olar. Belə ki, Dünyamalı müəllim kitabın giriş hissəsində dədə-baba yurdu Borçalının tarixinə toxunaraq yazır: “XIX əsrin ortalarında Borçalı mahalı qəzaya çevrildi. Bu zaman əhalisi azərbaycanlılardan ibarət olan Qarayazı (1947-ci ilədək) – indiki Qardabani və Qaraçöp (kəndləri Saqareco rayonuna daxil edilmişdir) rayonlarını Borçalıdan ayırdılar. 1929-cu ildə qəza ləğv edilib üç rayona - Borçalı (1950-ci ildən Marneuli), Lüksemburq (1946-cı ildən Bolnisi), Başkeçid (1947-cin ildən Dmanisi) rayonlarına bölündü”.
Bu fakt Borçalı tarixinin araşdırılmasında Dünyamalı müəllimin də bilgilərinin önəmli yer tutduğunu söyləməyə əsas verir. Müəllif həmin kitabda Bolnisinin də tarixinə biganə qalmayaraq qeyd edir: “Lap qədimlərdə bu bölgə Çoruk Qəmərli (xalq isə Çürük Qəmərli deyirdi) adlanırmış, 1942-ci ilə qədər indiki Bolnisi şəhərinin yuxarısında Çürük Qəmərli adında kənd olub. Həmin kənddən olan Aşıq Əmiraslan (qocaman Aşıq Hüseynin oğlu), Teymur Məhəmmədəli oğlu hazırda Sarallar kəndində yaşayırlar.
XIX əsrin əvəllərində Gürcüstan Çar Rusiyası tərəfindən işğal edildikdən sonra çar hökuməti almanları Şərqi Prussiyadan (Almaniya) Zaqafqaziyaya dəvət etdi. Almanların bu regiona köşürülməsinin əsas məqsədi kənd təsərrüfatının və maldarlığın qabaqcıl təcrübəsini yaymaq olmuşdur. 1818-ci ilin sonlarında Gürcüstanda almanlar yaşayan 4 kolon təşkil olunmuşdu. Belə kolonlardan biri də həmin Çürük Qəmərli kəndinin alt tərəfində məskunlaşdırılmışdı. Bu kolon Yelizavetenfeld adlanırdı. Yerli əhali isə son zamanlarafək yenə də ona “Kolon”, “Kolonka” və sadəcə olaraq “nemsə” deyirdi. Gürcüstan Sovetlər tərəfindən işğal edildikdən sonra ona Alman Kommunist Partiyasının liderlərindən biri olan Roza Lüksemburqun adı verilmişdi.
Almanların yaxşı qonşuluqları və gözəl xasiyyətləri vardı. Söyüş söyməyin, qarğış qarğamağın nə olduğunu bilməzdilər. Ən ağır sözləri: “Ay səni andır qal!” olardı. Ən yüksək dərəcədə doğruluq sevən, yalan danışmağı bacarmayan, təmizliyə riayət edən, zəhmətkeş insanlar idi. Elə ona görə də xalq arasında “nemetskiy şot” (alman hesabı) zərbi-məsələsi yaranmışdı...
...1941-1942-ci illərdə Gürcüstanda yaşayan bütün almanları, o cümlədən də Lüksemburqda yaşayanları Qazaxstana sürgün etdilər...
1946-cı ildə Lüksemburqa Bolnisi adı verildi. Buraya köçürülən və gigiyena və mədəniyyətin nə olduğunu bilməyən köçərilər – pşavlar, svanlar və s. dağ adamları təxminən 40 ildən sonra tamamilə dəyişib mədəniyyətə qovuşdular...”.
Borçalı tarixinə dair qələmə alınmış bu faktlar bölgənin tarixini araşdıranların Dünyamalı Kərəmə də istinad edəcəklərindən xəbər verir.
Bundan başqa Dünyamalı Kərəm bir sıra şeirlər müəllifidir. O, ilk şeirini 1934-cü ildə məktəbin V sinfində oxuyarkən yazdığını söyləyir. Səbəbkarı isə müəllimi olub. Belə ki, müəllim yanına çağıraraq, - qarşıdan 1 May bayramı gəlir, qəzet üçün bir şeir yaza bilərsənmi? – deyə ona müraciət edib. O isə buna cəhd edərək yazıb:
Dağlar yaşıl don geyinir,
Hər bu gözəl ay gələndə.
Könlüm dinir, gözüm gülür,
Al bəzənib May gələndə.
İndi oğlan, qız yarışır,
Axşam olur şər qarışır.
Sevinclərim dağlar aşır,
Kolxidada çay gələndə.
Dünyamalı müəllim qeyd edir ki, bu şeirin axrıncı misrasında söhbət Kolxida ovalığında yetişdirilən çay plantasiyalarından gedir.
Müəllifin mətbuatda dərc olunan ilk şeiri isə “Xaltura” olmuşdur. Şeir 1944-cü ildə “Sovet Gürcüstanı” qəzetində dərc olunmuşdur.
Görkəmli jurnalist, şair-tərcüməçi Dünyamalı Kərəmin şeirləri oxucuya klassik aşıq poeziyasını xatırladır. Təbii ki, o, dövrünün azman aşıqları olan Sadıq Sultanovu, Xındı Məmmədi, Əmrahı, Hüseyn Saraclını, Kamandarı dinləmiş, Borçalı aşıq sənətinin təfərrüatına varmışdır. Bundan başqa, şair Ağacan, şair Nəbi, Quşçu İbrahim kimi Borçalı kökənli dahilərin söz xəzinəsinə baş vurması da Dünyamalı Kərəmin yaradıcılığına təsir etmişdir. O, həm də şeirlərində özünün mənəvi dünyasını, bakirə düşüncəsini misra-misra gözəl ifadə edir. Necə ki, “İstəyirəm mən” şeirində yazır:
Həyat çox şirindir, əvəzi yoxdur,
Ömür yay üstünə qoyulmuş oxdur.
Tamahkar deyiləm, gözlərim toxdur,
Gərəksiz var-dövlət istəmirəm mən,
Sadəcə səadət istəyirəm mən.
Dünyamalı Kərəm görkəmli jurnalist olduğundan ictimai-siyasi fikirlərini oxucularına adətən publisistikası vasitəsiylə çatdırmışdır. Bəlkə də bu səbəbdən onun könlündə seçilib qalan bal kimi şirin sevgi duyğuları, məhəbbət hissləri olmuşdur ki, onları da müəlif zaman-zaman gah ehmal, gah da çılğınlıqla poeziyasına gətirmişdir.
Dünyamalı Kərəmin poeziyası özəl xüsusiyyətləri ilə də seçilir. Məsələn, böyük şairlərimiz M.P.Vaqif, M.V.Vidadi dərdini söyləmək üçün üzünü durnalara tuturdusa, Dünyamali Kərəm buludlara müraciət edir:
Gah açılırsınız dümağ qar kimi,
Gah qaralırsınız dərdi var kimi.
Elə bir dərd varmı intizar kimi,
Ərzimi çatdırın yara, buludlar!
Təbii ki, burada “yar” dedikdə Allah nəzərdə tutulur və müəllif eşqini bağladığı ulu Yaradana olan intizardan böyük dərdi təsəvvürünə belə gətirmir.
Müəllifin “Gəlsin” rədifli şeirini oxuduqda, Xalq dastanlarımızın girişində ustad aşıqlarımızın söylədiyi ustadnamələr yada düşür. Körpəlikdən dastanlar dinləmiş, aşıqlar görmüş, baytılar, laylalar, holavarlar əzbərləmiş Dünyamalı Kərəmin yaradıcılığında bu cür qoşmalar büruzə verməliydi:
Yaltaq söz satmağa bazar tapmasın,
Rüşvət alan rahat güzar tapmasın.
Yaxşı adamları azar tapmasın,
Bütün dərd-bəlalar yamana gəlsin.
Gördüyü, eşidib əmin olduğu haqsızlıqara laqeyd qala bilməyən Dünyamalı Kərəm bəzən susqunluğunun səbəbini poetik dillə ifadə etmişdir. O, Qarabağda işlədiyi illərdə bu doğma torpaqları, müqəddəs ocaqları ziyarət edərək, buradakı toponim adların dəyişdirilməsi ilə qəti surətdə razılaşmayaraq yazmışdır:
Mən daha nə uşaq, nə də gəncəm,
Odlu döyüşlərdə bərkiyib pəncəm.
Adıyla çağrılsın Xankəndim, Gəncəm,
Nəyin möhtacıdır Dağlıq Qarabağ?
Çıxıb sınağından neçə dövranın,
Doğma diyarıdır o Natəvanın.
Böyük Üzeyirin, Bülbülün, Xanın,
Nurlu meracıdır Dağlıq Qarabağ!
Əlbəttə, xalqının, millətinin acı günləri şair qəlbini sarsıtmaya, silkələməyə bilməz. Bu sayaq 20 Yanvar faciəsinə də biganə qalmayan şair içindəki təlatümü, od-alovu boğa bilməyərək, üzünü Uca Yaradana tutub yazır:
Xəzər dalğalandı, Xəzər qabardı,
Xəzər qan ağladı gecə, İlahi!
Azadlıq yolunda, Vətən yolunda
Fəda oldu cavan, qoca, İlahi!
Gecənin bağrını yardı güllələr,
Neçə fədaini qırdı güllələr.
Xeyrin gözlərini tutdu güllələr,
Ağ böhtanı quca-quca, İlahi!
Haqqa, ədalətə atəş açdılar,
Canilər, qatillər qana batdılar.
Bakının qəlbini ayaqlatdılar,
Necə dəhşət oldu, necə, İlahi!
Dünyamalı ağlar ürəyində kin,
Şümür, lənətüllah məhv olsun! – Amin!
Tək-tənha vuruşan mərd Vətənimin
Eylə bayrağını uca, İlahi!
Dünyamalı Kərəmin digər şeirlərində olduğu kimi “Dünya gözəli” qoşmasında da gələnəksəl gözəlliklər baş-başa verib. Bu şeir eyni zamanda orta əsr şairlərimizin yazdığı klassik şeirləri də bizə xatırladır. Onu qeyd etmək istəyirəm ki, müəllifin “Dünya gözəli” qoşması doktorluq müdafiəsi üçün çox sanballı bir mövzudur. Şeiri bütövlükdə təqdim etməyimin səbəbi də, onu cani-könüldən sevməyim oldu:
Əlif qəddim dönüb oldu cavankən
Bey, Dönyagözəli, Dünyagözəli!
İndən belə daha bayramsayağı
Gey, Dünyagözəli, Dünyagözəli!
Gözəllər içində mən səni seçdim,
Yolunda canımdan, başımdan keçdim.
Şümşət əllərinlə ürəkdən içdim
Mey, Dünyagözəli, Dünyagözəli!
Namusdan, qeyrətdən çox dəm vururdun,
Könül evciyini eşqdən qururdun.
Əhdi-peymanında möhkəm dururdun
Hey, Dünyagözəli, Dünyagözəli!
O sözlər, o vədlər noldu görəsən?
Eşqi, məhəbbəti vurdun yerə sən.
İnsafdırmı sonra yada verəsən
Rəy, Dünyagözəli, Dünyagözəli!
Məndən çox uzaqsan əllərim yetməz,
Keçmiş xatirələr havayı getməz.
Qaydadır: dağlarda boş yerə ötməz
Ney, Dünyagözəli, Dünyagözəli!
Sən Dünyagözəli, mən Coşqun oldum,
Dərdini çəkməkdən yandım, qovruldum.
Mən sənin eşqinlə göyə sovruldum
Ey, Dünyagözəli, Dünyagözəli!
Bu, çox gözəl, ürəyəyatımlı, zövqoxşayan şeirin axrıncı bəndinin birinci misrasındakı “Coşqun” - Dünyamalı müəllimin gənc vaxtlarında götürdüyü təxəllüsdür. Lakin düşünürəm ki, həmin sözün yerində “Kərəm” adı çəkilsə daha gözəl olardı, çünki bu halda sevgi həsrətiylə ürəyi yananın məhz Dünyamalı Kərəm olduğu (həm də gələcəkdə dostu və həmkarı olduğu şair Mədəd Coşqunun şeirləri ilə qarışıq düşməməsi üçün) aydın görünərdi.
Bütün bu dediklərimizdən göründüyü kimi, Dünyamalı Kərəmin uğurları saya gəlməzdir. Onun zəngin mənəvi dünyası yaradıcılığında da aydın sezilir. Bütün bu nailiyyətlərinin fonunda isə Dünyamalı müəllim, onu iki “yaxşı”nın ömür boyu incitdiyini söyləyir. Belə ki, orta məktəbdə, texnikumda və universitetdə təhsil aldığı illərdə həmişə “əla” qiymət alan Dünyamalı müəllim cəmi iki ədəd “yaxşı” qiymət alıb. Daha doğrusu bu “yaxşı”ları o, almayıb, qərəzli şəkildə ona veriblər. Bunlardan birinə Tiflisdə texnikumda, ikincisinə isə Bakıda universitetdə təhsil alarkən müəllimlə arada yaranmış intiraqa səbəb olub...
Hörmətli ziyalılarımızdan biri olan, görkəmli jurnalist, dəyərli şair-tərcüməçi Dünyamalı Kərəmə cansağlığı arzulayaraq, buradaca söhbətimə nöqtə qoyuram.
Bakı, 02 fevral 2012-ci il. “Elimiz.Günümüz” qəzeti, mart 2012-ci il
YORUMLAR
uzun ve güzel bir yazı okudum.takıldığım yer olsada yorulmaya değdi.sayenizde Bir ulu şairimizi tanıdım.Dünyamalı kerem ilk kez duyduğum bir şair ve bilim adamı.Tanıttığınız için teşekkür ederim.
sağlıklı ömürler dilerim.sağolunuz.