- 2675 Okunma
- 1 Yorum
- 0 Beğeni
Bir ustad aşığın ürfan dünyası
Elbəyi CƏLALOĞLU
Bir ustad aşığın ürfan dünyası
“Eşq bir yükdür ki,..”
Yaxından tanıyan hər kəs ona “əmi” deyir, çünki özü hər kəsə yaşından asılı olmayaraq bu cür müraciət edir. Əmiylə bir neçə dəfə yaxından görüşmüşdüm, hər dəfə də söhbətlərindən ləzzət almışam. Bir sözlə, Əminin yükünə az-çox bələd idim. Bu dəfə dostum Həmid Ormanlıyla söhbətləşəndə o, Əmiylə daha yaxın olduğunu söylədi və ondan ağızdolusu danışdı. Dostumun bu söhbəti məni yenidən Əmiylə görüşə sövq etdi. Qısa zamanda görüşümüz baş tutdu və axşamdan başlanan söhbətimiz gecəyarısına qədər uzandı.
Əmi o qədər gözəl, şirin, aydın, həm də bəlağətli danışırdı ki, onu söhbətdən yayındırmaq istəmirdim. Elə bu səbəbdən ona ünvanladığım sualların cavabını çətinliklə alırdım. Belə ki, hər dəfə mənim verdiyim sualı o, cavablandırmağa çalışsa da, özündən asılı olmayaraq fikri yayınır, ulu ustadlarımızın – M.Füzulinin, İ.Nəsiminin, M.Müşviqin, Aşıq Ələsgərin poeziyasından, eləcə də Qurani-Kərimdən nümunələr gətirərək söhbətini daha da şirinləşdirir və gətirdiyi sitatların izahını verməyə çalışırdı. Yalnız qısa fasilələrdə sualımı ustada bir də xatırladırdım, bu zaman o “həə” deyib, gülərək söhbətinə davam edirdi və yenə də fikiri yayınırdı. Dediklərimi təsəvvürünüzdə canlandırmaq üçün Əminin gətirdiyi sitatlardan bəzi nümunələri diqqətinizə çatdırmaq istəyirəm. Söhbət eşqdən düşəndə o, M.Füzilinin bir beytini söylədi:
Möhnəti-eşq, ey dil, asandır deyib, çox vurma laf,
Eşq bir yükdür ki, xəm olmuş onun altında qaf.
Əmi bu beyti izah edərkən belə dedi: “Füzuli babamın ustalığına fikir verin! “Eşq” sözünü əski əlifba ilə yazdıqda onun sonuncu hərfi “qaf” olur, hansı ki, bu hərfin yazılışı 9 rəqəmini xatırladaraq daha çox əyri yazılır və üzərində iki nöqtə qoyulur. Füzuli babamın fəlsəfəsinə görə, eşq o qədər ağır yükdür ki, onun altında Qaf dağının rəmzi olan və ya bu dağı xatırladan “qaf” hərfinin qəddi əyilmişdir”. Əmi eləcə də M.Füzulinin bu hikmətindən ötə eşqi təsvir edəcək bir şeirin yaranacağına tərəddüd etdi. Bundan sonra Əmi İ.Nəsimidən sitat gətirdi:
Vəhdətin sirri qırılmaz silsilə yar zülfüdür,
Mən o zülfə bağlıyam, etməz rəha xoşdur mənə.
Əmi bu beyti əlaqələndirərək dedi ki, Allah öz nurunu Günəşə göndərir, o isə həmin nurları təbiətə, bir sözlə bizə ötürür. Deməli Allah nurunun bizə çatması üçün arada bir ötürücü, bir vasitə var, bu həyatda da belədir. Nəsimi babam “yar zülfü” dedikdə bizi Allaha bağlayan o telləri nəzərdə tutur...
Bax beləcə Əminin şirin söhbətlərini günlərlə dinləsən belə ondan doymaq olmur. O, gözəl həmsöhbət olduğu kimi, həm də tərəfmüqabilinin dərdinə və sevincinə həmdəm olmağı bacaran bir ürfan aşığıdır. Lakin buraya qədər yazılanları bəndənizin Əmiyə həsr etdiyi məqaləsinin müqəddiməsi adlandırsaq, yəqin ki, yanlış olmaz. İndi isə gəlin görək
Əmi kimdir?
Özünün dediyinə görə, o, 1950-ci il martın 4-də Tovuz rayonunun Əlimərdanlı kəndində dünyaya göz açıb. Lakin onun dünyaya gəlməsində həm sevincli, həm də yumoristik səhnələr var. Belə ki, atası Abuzər kişi müharibədən qayıtdıqdan sonra bu ailənin dalbadal doğulan bir neçə uşağı necə deyərlər, onların əllərində-ovuclarında qalmırmış və ailə böyükləri bundan məyus olurlarmış. Buna baxmayaraq, müharibəyə qədər Abuzər kişi ilə Bəsdi xanımın 2 oğlu və 1 qızı dünyaya gəlmişdi. Abuzər kişi müharibədən qayıtdıqdan sonra isə yeni doğulan uşaqlarının həyatda qalmaması onları narahat etsə də, bu dəfə onların bir oğlu yenə doğulur. Bu çağa qarayanız, çəlimsiz, ölçü-biçisiz, döydüm-ölməzin biriymiş. Bir gün uşağın anası Bəsdi xanımın yumor hissi şah zirvəyə yüksələn vaxtı zarafatyana ərinə deyib ki, ay kişi, bu uşaqdan eymənirəm (vahimələnirəm E.C.), istəyirəm gecə yatanda onu altıma alıb nəfəsini kəsim. Abuzər kişi arvadının sözünə gülümsünsə də, onun üstünə acıqlanaraq deyib ki, ağlını başına cəm elə, ay arvad, Allah verən paydı. Sonra da “gör, böyüyəndə nə oğul olacaq!” deyə vurğulayıb...
Elə həmin zamanlar Əminin doğulduğu Əmirli ocaqlığına əslən Ağdam rayonunun Yekə Allar (Yahya bəy Dilqəmin Dostu xanımı da həmin kənddə doğulmuşdur) kəndindən olan Qara Seyid adlı bir kişi gələrmiş. Qara Seyid Əmirli ocaqlığının bütün kəndlərini – Xatınlı, Əlimərdanlı, Qədirli, Çilovdarlı, Qaraxanlını qarış-qarış gəzər, gördüyündən, bildiyindən danışar, ehtiyacı olana məsləhətlərini, təkliflərini verər, eyni zamanda özünə uyğun məlumat toplayarmış. O, çox söhbətcil, dərin düşüncəli bir adam olub. Qara Seyidin şirin həmsöhbətlərindən biri də Abuzər kişiymiş. O, Abuzərin oğlu doğulduğu xəbərini eşidən kimi, yenə də bu ocağa təşrif buyurub. Qara Seyid Abuzərin bu uşaqdan da narahatçılığını görəndə ona deyib ki, uşağın adını “Əli” qoyuram ki, qoy cənabi Əlinin duasıyla onu Allah saxlasın. Beləcə, Abuzər kişinin dördüncü övladı Əli günbəgün, aybay böyüməyə başlayır. Onu da qeyd edim ki, Əlidən sonra onun 1 qardaşı və 1 bacısı yenə dünyaya gəlib və onlar 4 qardaş, 2 bacı olublar...
Əli lap uşaqlıqdan atasının və böyük qardaşının sinəsində saz görüb. Saz onlarda nəsilbənəsil ötürülüb. Dülgərlik, hörükçülük, körükçülük, araba təmiri, ümumiyyətlə o dövrdə elə-elata addımbaşı lazım olan bütün sənətkarlıqları yaxşı bacaran Abuzər kişi, həm də saz ifaçısıydı. O, ən çox sevdiyi saz havası olan “Qaraçı”nın tərəkəmələrə aid olduğunu vurğulayarmış. Elə bu səbəbdən Əlinin ilk meylləndiyi həmin saz havası olub. Qardaşının sazı daha çox zövqünü oxşadığından Əli tez-tez onu götürüb köklətmək üçün qonşuları Aşıq Qəmbərin (Aşıq Mirzənin şəyirdi) yanına qaçarmış...
Abuzər kişinin yaylağı əvvəllər Murğuz dağında yerləşirdi, lakin sonralar yerlərini dəyişərək Qoşqar dağına köçüblər. Bir gün onların köçü Qoşqara gedərkən müvəqqəti istirahət üçün yolun bir yerində dayanırlar. Bu mənzərəli yerdən Həsənnənə, Həsənbaba dağlarını seyr edən qohumları 7 yaşlı Əlinin üstünə düşürlər ki, “Dağlar” mahnısı oxusun. Utancaqlıq Əliyə üstün gəldiyindən o, başını sallayıb durur. Lakin atasının təkidindən sonra o, “Koroğlu gözəlləməsi” üstündə Koroğlunun “Ala gözlü, Nigar xanım, üzün məndən niyə döndü” sözlərini oxumağa başlayır. Bir sözlə, yaşadığı mühit Əlini təkmilləşdirməkdəydi...
Əli 10 yaşında olarkən günlərin birində onların ailəsi Abuzər kişi kirvəsi olduğu el şairi Musa Qəmbərin toy məclisində iştirak edirmişlər. Bu məclisə yaxası medallı üç aşıq dəvət olunubuş. Əli həmin aşıqların Əmrah, Kamandar və Hüseyn Xaloğlu olduğunu biləndə sevinir və onları diqqətlə seyr etməyə başlayır. Məclisin qızgın yerində iştirakçılar Aşıq Əmrahdan bir hava çalmasını xahiş etdilər. Ustad yerindən duranda məclisin bütün üzvləri sakitcə onun hansı havanı çalacağını gözləyirlər. Aşıq Əmrah sazın aşıqlarını qaydaya saldıqdan sonra “Ağır Şərili” havasını çalmağa başlayır. Sazın çanağı elə bil ki, Ustadın sinəsinə yapışmışdı, arabir gah yuxarıya, gah da aşağıya doğru xüsusi bir zövqlə oynayan isə yalnız sazın qolu idi. Aşıq Əmrah havanı o qədər gözəl ifa edirdi ki, məclis üzvlərinin yadına yemək-içmək də düşmürdü. Beləcə, bu gözəl gecə “Ağır Şərili” havasını Əlinin yaddaşına özəl bir sevgiylə həkk elədi və bundan sonra o, hər dəfə sazı götürəndə həmin havanı çalmağa başlayırdı...
Abuzər kişi oğlu Əlinin saza olan həvəsinin yüksək səviyyədə olduğunu görüb, onu Könəqalalı Aşıq Səməd Mehdiyevin (bu aşıq barədə söz düşəndə yerli ağsaqqallar “elə bil Aşıq Nəcəf dirilib” deyirlərmiş) yanına şəyirdliyə qoyur. Bu zaman Əli 12 yaşındaydı. Aşıq Səməd təzə şəyirdini yoxlamaq üçün onu mədəniyyət evinə aparır və orada əvvəlcə bir saz havası çalıb oxumasını tapşırır. Əli “Koroğlu gözəlləməsi”ni ifa etdikdən sonra, Ustad bir bənd şeir dedi və dediklərini təkrar söyləməyi ona tapşırdı. O, həmin bəndi səhvsiz təkrarladıqdan sonra, Aşıq Səməd hafizəsinin də yaxşılığına əmin olduğu Əlini şəyirdliyə götürüb. Aşıq Əli ustadına 5 il qulluq edib. Şəyirdliyinin III ilində (1965) Abuzər kişi ona saz bağlatmaq qərarına gəlir. Bu məqsədlə Tovuzun Bada kəndinə, sazbənd Nikolayın (Aşıq Əlinin verdiyi məlumata görə ustad aşıq Ədalət Nəsibovun sədəfli sazını Nikolayın qardaşı, sazbənd Şahin bağlayıb) yanına gedib ona 9 telli saz sifariş edir. Saz bir həftəyə hazır olur. Aşıq Səməd şəyirdinin sazını çox bəyənir, lakin bu sazın ömrü cəmi 4 il olur. Bu haqda bir az sonra danışacağıq, indi isə yeri gəlmişkən, qısaca da olsa Aşıq Səməd Mehdiyevdən bəhs etsək yerinə düşər. Şəyirdinin dediyinə görə, Aşıq Səməd “Şikəstə Atüstü Kərəm” havasını həm çox məlahətli, həm də bu hava üstündə “Əsli və Kərəm” dastanından “Bu yerlər” rədifli qöşmanı çox kövrəkliklə oxuyarmış. Ustad bu havanı çalıb-oxuyanda dinləyicinin gözündən yaş çıxırmış. Aşıq Əkbər deyirmiş ki, a Səməd, Allah bu havanı səndən ötrü yaradıb. Elə bunun nəticəsi idi ki, el arasında ustada həm də “Şikəstə Səməd” deyirlərmiş...
Aşıq Əli 1967-ci ildə Azərbaycan Politexnik institutunun memarlıq fakültəsinə daxil olur. Onun mahir saz ifaçısı olması burada əngəlsiz ötüşmür. Belə ki, institutun rektoru Rza Bədəlov Əlinin ali məktəbi bitirməsinə mane olurdu, səbəbini soruşduqda isə o, “səni çox istəyirəm, lakin institumuzda səndən başqa mahir saz ifaçısı olmadığına görə səni buraxa bilmərəm, yoxsa festivallarda, müsabiqələrdə bizi kim təmsil edər?” deyirdi. Elə də 1971-ci ildə Respublika üzrə xalq yaradıcılığı televiziya festivalında Əli I yeri tutur. Həmin festivalın münsiflər heyyətində SSRİ Xalq artisti, bəstəkar Süleyman Ələsgərov, Azərbaycan Xalq artisti Şöfkət Ələkbərova və Xalq artisti, drijor Nəriman Əzimov da var idi. Bundan başqa, 1972-ci ildə isə Moskvada Zaqafqaziya günləri keçirildi və Əli burada da I yerə çıxdı, lakin festivaldan qayıdarkən çox sevdiyi sazı ilə vidalaşmaq məcburiyyətində qaldı. Belə ki, qatarda, onların yerləşdiyi hücrədə çantaların, bağlamaların çoxluğundan yer darlıq edir və Əli sazını üzbəüzdəki yataq yerinin altındakı sandığa qoyub, özü də uzanır. Gecəni yatırlar, səhər duranda əslən Borçalıdan olan vaqon bələdçisi bir saz havası dinləmək istədiyini ona deyir. Əli isə sazını köynəkdən çıxaranda gözlərinə inanmır. Demə onlarla eyni hücrədə olan kefli bir rus ağlı başında olmadığından iri həcmli çamadanını sazın üstünə qoyub. Yük çox olduğundan sandığın qapağı tam bağlanmayıb və buna məhəl qoymayan rus yatmaq üçün sandığın üzərindəki yatağa uzanıb, bununla da saz tanınmaz hala düşüb. Səfərdən məyus qayıdan Əli Tovuzun Yanıxlı kəndində yaşayan sazbənd Xuduya yeni saz bağlatmaq məcburiyyətində qalır. Həmin saz düz 39 ildir ki, Aşıq Əlinin sinəsindədir...
Deyəsən mətləbdən uzaqlaşdıq, beləliklə Əli ali məktəbdə 5 il yox, 7 il oxumalı olmuşdur. Hətta bir gün atası da Əliyə etiraz edərək deyir ki, ay bala bu necə məktəbdir ki, qurtarmaq bilmir?! İnstitutun rektoru Əlini axrıncı kursdan da buraxmayıb, sonrakı il (1974) isə dekan müavininin köməkliyi ilə Əli institutun məzunu ola bilib. Elə həmin il də onu həqiqi hərbi xidmətə çağrıblar. Aşığın özünün dediyinə görə, o, Komi MSSR-də keçirdiyi 2 illik əsgərlik həyatını kazarmanın “Lenin otağı”nda keçirib. Orada rəssam olaraq təmsil olunan Əli çoxlu şəkillər çəkir, bacarığını nümayiş etdirirmiş. Aşıq Əli əsgərlikdə olduğu kimi indi də təbiət mənzərələri və zəhmetkeş insanlardan bəhs edən rəsmlər çəkməyi daha çox sevir.
1975-ci ildə, əsgərlik müddətinin qurtarmağına 8 ay qalmış komandir Əlini yanına çağırıb ona bir aylıq məzuniyyət verildiyini deyir. Əli sevincək hazırlaşıb ata yurduna yola düşür. Lakin məsələnin başqa cür olduğunu o, evə çatanda bilib. Beləki, Əli hamıyla görüşdükdən sonra atasının xəstə olduğunu bilir və onun yatdığı otağa daxil olur. Onlar görüşüb-öpüşürlər. Ara sakitləşdikdən sonra Abuzər kişi dili tutar-tutmaz başının üstündə dayanmış şair Bəşirə pıçıltı ilə söyləyir ki, Əliyə de bir mahnı oxusun. Onda atasının vəziyyətinin yaxşı olmadığını anlayan Əli sazı götürüb Aşıq Ələsgərin “Dünyada” rədifli şerini oxuyur:
Qafil dilim, bu nə yoldu tutubsan,
Sərf еdirsən nə kamaldı dünyada.
Dovlətə güvənib, gül tək acılma,
Çox sənin tək güllər soldu dünyada.
Kibridən qəlbində bərkitmə barı,
Top dəyər, dağılar bürcü, hasarı.
Yüz sənin tək ahu gəzən şahmarı
Fələk kəməndinə saldı dünyada.
Guşumda sırğadı, sinəmdə dağdı;
Ağıllı unutmaz, nеcə ki sağdı:
Dovlətdən qismətin bеş arşın ağdı,
Cəkdiyin qovğadı, qaldı dünyada.
Fələk bərhəm еdib cox nizamları:
Söndürüb zülm ilə yanan şamları.
Hayıf cavanların gül əndamları,
Mara, mura qismət oldu dünyada.
Yığılar məxluqat, qurular məhşər,
Boyunlarda kəfən, əllərdə dəftər,
Onda vay halına, yazıq Ələsgər,
Özün gеtdin, sözün qaldı dünyada.
Söz tamama yetəndən sonra, Abuzər kişi Əlinin otaqdan çıxmasını istəyir. Əli bayıra çıxandan azacıq sonra o, bacısının haray-həşirini eşidir və atasının əbədiyyət yuxusuna getdiyini bilib, geri otağa qayıdır. Bu zaman məlum olur ki, Əli ilə vidalaşmaq üçün onu əsgərlikdən gətirdən də elə atası olubmuş...
Abuzər kişinin söylədikləri oğlunun yaddaşında
Abuzər kişi də qəm dağarcığı olub, Allah onun yerini cənnət eləsin! O, 1942-ci ildə müharibəyə çağırılıb. Bundan sonra, Abuzərin ömür-gün yoldaşı Bəsdi xanım uşaqları böyütmək üçün zülmə sinə gərib. Ancaq Bəsdi xanımın köməyinə bacısı Sədət xanım çatırmış. Sədət xanımın həyat yoldaşı xeyli gəvə və qoyun qarşılığında müharibəyə getməyib. Bir sözlə az-çox imkanları var imiş. Bundan başqa, adı bəlli igidlərdən olan Qaçaq Qara Tanrıverdi Abuzərin atası Həsrətqulu kişini qançaqlığa (qərargah nəzarətçisi E.C.) götürübmüş. Həsrətqulu kişinin buradan olan qazancı da azdan-çoxdan ailənin işinə yarayırmış. Lakin sonralar hündür boylu, yaraşıqlı adam olan Həsrətqulu kişi Qaçaq Tanrıverdinin yanından uzaqlaşıb. Burada bir haşiyə çıxmağa dəyər. Aşıq Əlinin verdiyi məlumata görə, Qaçaq Tanrıverdi (Aşıq Hüseyn Bozalqanlı “Qaçaq Qara Tanrıverdi” dastanını həmin qaçağa həsr edib) Qaçaq Kərəmin atası Molla Zal ilə dost olub. Rus hökuməti onun başına pul da qoyubmuş. Ruslar onu tutmaq üçün 40 kəhər at, 40 yapon tüfəngi göndərib, amma tuta bilməyiblər. Hətta ruslar bu təklifi dolayı yolla Qaçaq Kərəmə də veriblərmiş, o isə cavab verib ki, Qara Tanrıverdi mənə ata əvəzidi, birdə ki, qaçaq qaçağa güllə atmaz. Bundan sonra pristav Qaçaq Kərəmin üstünə qoşun yeridib və Qaçaq Kərəm onları darmadağın edib...
Abuzər müharibə vaxtı Ukraynada Kiyev ətrafında olub. 2 ildən sonra səngərdəykən güllə bir əsgəri deşib keçərək Abuzərin çənəsini də aparıb. Bu hadisədən sonra Abuzər qospitala yerləşdirilib, çənə sümüyü olmadığına görə əsgərlikdən buraxılıb...
Müharibədə Abuzərin bir gürcü döyüşçü yoldaşı olub. Cəbhədə aclığın hökm sürdüyü bir vaxtda Gürcü deyib ki, qaso (gürcülərdə kişiyə müraciət forması) acından ölürəm, bir şey fikirləş. Abuzərin də bir para quru çörək saxlancı varmış. Onlar quruyub daşa dönmüş həmin çörəyi çıxardıb hisə verməklə azca yumşaldaraq çətinliklə də olsa bıçaqla kəsib yeyiblər. Bundan başqa Abuzərin bir ovuc tumu (semiçka) da varmış, beləliklə iki adam 3 gün aclıqla mübarizə aparıblar və elə oradaca gürcü onu heç vaxt unutmayacağını deyib. Həmin günün sabahısı almanlar hücuma keçib və güclü atışma başlayıb. Çoxlu sayda ölən və yaralananlar olub. Bir sözlə qalanın öləndən xəbəri yoxuymuş. Bu aralıqda Abuzər də yuxarıda dediyimiz kimi ağır yaralanaraq yıxılıbmış. O, bir azdan qaranlıqda kiminsə fanarla üstünə işıq saldığını görür. İşıq salan “qaso sənsənmi?” deyəndə onun gürcü olduğunu anlayır və sevinir. Gürcü dostu bu qaçhaqaçda fədakarlıq edərək Abuzəri güllə yağışının altından götürüb, onu qospitala çatdırıb, üstəlik də həkimlərdən dostuna yaxşı baxmalarını xahiş edib. Sonradan Abuzər bir daha o gürcünü görə bilməyib, sonralar onu tapmağa can atsa da bu istəyinə heç vaxt nail ola bilməyib...
Bəyin qaçması
Aşıq Əli əsgəri xidmətini 1976-cı ildə başa vurub. Bundan sonra o, sənətində daha da kamilləşmək üçün yenə də ustad yanına getmək arzusunda olub. Bu dəfə elin sayılıb-seçilən kişilərindən olan Tatoğlu Məhəmməd onu Aşıq Ədalət Nəsibovun yanına yönləndirib. Aşıq Əli bir ilə yaxın Aşıq Ədalətə qulluq eləyib. Özünün dediyinə görə o, Aşıq Ədalətlə məclislər aparan 6 aşıqdan biri olub. Aşıq Əli ustadı Aşıq Ədalətin barəsində ağızdolusu danışaraq, onu çox istədiyini deyir və eyni zamanda qeyd edir ki, o, ustadına nə qədər hörmət edibsə, əvəzində ondan beş dəfə artıq yaxşılıq görüb...
Aşıq Əlinin həyatında maraqlı hadisələrdən biri də 1977-ci ildə, onun öz səadət toyunda olub. Ustad belə nağıl edir ki, evlənəcəyi qızla institutda oxuyarkən tanış olub. Əsgərlikdən qayıdan da isə onunla evlənməyə qərar verib. Beləliklə, toy mərasimi başlayır, gəlin qapıya gəlir. Məclis başlamağa az qalmış həyətə bir maşın gəlir. Bu da kim olsun, kim olsun?..
Birinin oğlu olmurmuş, üzünü Aşıq Əliyə tutub əhd eləyib ki, Allah ona bir oğul versin, sünnət toyunu da, səadət toyunu da sən aparacaqsan. Kişinin arzusu çin olubmuş, odur ki, Əlinin toy günündə o da oğluna sünnət edirmiş. Buna görə də gəlib ki, məclisi idarə etmək üçün Aşıq Əlini aparsın. Əli onu anlatmağa çalışır ki, toyumdur, gəlin gətiriblər, axı, mən necə gedə biərəm, adama nə deyərlər?! Kişi də iki ayağını bir başmağa qoyub ki, sən nə danışırsan, Allahın qəzəbinə gələrik, əhd eləmişik. Elə də Əli razılaşıb gedəsi olur və 80 adamlıq məclisdə çalıb-oxumağa başlayır... Aşıq Ədalət isə şəyirdinin toy məclisini aparmaq üçün gələndə görüb ki, bəy yoxdur. Aləmi hay-küy basıb ki, bəs, deməzsənmi bəy qaçıb. Xülasə, Əli məclisi başa vurduqdan sonra evə qayıdır. Bunu görən toy adamları onun başına toplaşır. Aşıq Ədalət onu görən kimi yaxınlaşıb deyir ki, ayə, a qıvlasız gəlini qoyub hara qaçmısan? Əli isə ustadını məsələdən halı edir. O vaxtdan illər ötüb, indi ustad aşıq Əli Quliyev iki oğul, bir qız atası, nəvələr babasıdır...
Dilarənin çayçısı
Əmi deyir ki, yaşından asılı olmayaraq saz götürən hər kəs imtahana hazır olmalıdır, yəni aşıq hər an sınaq qarşısında qala bilər. Təxminən 1978-80-ci illərdə Tovuzda Aşıq Hüseyn Bozalqanlının anım günü keçirilirdi. Aşıq Əli tədbirdə çıxış edərkən bir saz havası üstə Bəhmən Vətənoğlunun məşhur “saz” rədifli qoşmasını söyləyir:
Simlər sinəsində tarım-tarımdır,
Biri sevgilimdir, biri yarımdır.
Aşıq, “Kərəmi”ni çalma amandır,
Çalsan Kərəm kimi yanasıdır saz.
Aşıq Əli səhnədən çıxanda ustad aşıq Azaflı Mikayıl və onun şəyirdi Bayramlı Əliqulu ilə qarşılaşır. Ustad burada Əlini sözlə imtahana çəkir. Aşıq Azaflı ondan “Biri sevgilimdir, biri yarımdır” misrasını açıqlaya bilərsənmi, - deyə soruşur. Əli isə Ustada, - yəni biri ürəyimin parasıdır, sevgilimdir, biri də köməyimdir, yarımdır, - deyə cavab verir. Aşıq Azaflı Mikayıl ona “afərin!” söyləyir...
Aşıq Əlinin buna bənzər xatirələrindən məlum olur ki, o, bir çox ustad aşıqlarla qarşılaşıb. Buna misal olaraq Tovuz bazarında məşhur olan bir çayxanadakı görüşləri də göstərmək olar. Həmin yerə “Dilarənin çayçısı” deyirdilər. Bu çayxananı əvəllər Dilarənin əri işlədib. Kişi rəhmətə getdikdən sonra isə ərinin işini Dilarə xanım özü davam etdirməyə başlayıb. Dilarə xanım qədd-qamətli, qəşəng və eyni zamanda etibarlı bir xanım idi. Ona son dərəcə inandıqlarından, bir sözlə çaylarına xoşagəlməz bir şeyin qatılmayacağından tam arxayın olduqlarından (o vaxtlar paxıllıqdan və gözügötürməməkdən buna bənzər hadisələrin baş verdiyini ara-sıra söyləyənlər var) Göyçə, Borçalı, Qazax, Tovuz aşıqları hər həftənin III, V günləri buraya toplaşar, çaydan içib söhbətləşər, şeirləşərdilər. Dilarə xanım, - aşıqlar elin xanı-bəyidir, onlara xəyanət, naxələflik eləmək olmaz, - deyərək fikirini çoxlarına bildirmişdi. Həmin çayxananın daimi sakinlərindən biri də Aşıq Əli olub. Burada bir çox aşıqları dinləmək, onların danışdığı rəvayətləri, mübahisəyə çevrilən söhbətlərini dinləmək ona çox xoş gəlirdi. Çünki bu söhbətlərin hərəsində bir ibrət var idi. Aşıqlar ustadların deyişmələrindən, hərbə-zorbalarından, aşıqların səfərlərindən, onların başına gələn hadisələrdən, eləcə də dastanların versiyalarından bəhs edərdilər.
Beləcə, Aşıq Əli müsahibi olmuş bu sətirlərin müəllifinə sadaladığımız bilgiləri verdikdən sonra, XX əsrdə yaşamış, əslən Tovuzlu olan üç fenomenin adını çəkdi və bunların Bozalqanlı Aşıq Hüseyn, Bozalqanlı şair Vəli və Xəyyat Mirzə olduğunu dedi. Ustadın dediyinə görə, Şair Vəli aşıq Ələsgərlə də görüşüb. O, görüşlərinin birində Aşıq Ələsgərə deyib ki, ay ustad, mənim də bir seirim var qəbul etsən sevinərəm. Aşıq Ələsgər onu dinləməyə hazır olduğunu deyib. Bu zaman Şair Vəli Aşıq Ələsgərin “Dolanır” rədifli qoşmasına yazdığı nəzirəni oxuyub:
Sədri xallı, qarlı Qoşqar köksündə
Göyə qalxıb nə tərlanlar dolanır.
Haramə baxışdı, mah qələm qaşdı
Tuti dilli dür dəndallar dolanır.
Qeyd edim ki, Aşıq Ələsgərin həmin məşhur şeiri belə başlayır:
Axşam sabah çeşmə, sənin başına,
Bilirsənmi necə canlar dolanır.
Büllür buxaq, alma yanaq, ayqabaq,
Şahmar zülfü pərişanlar dolanır.
Aşıq Ələsgər Şair Vəlinin şeirini sonuna qədər dinlədikdən sonra təvazökarlıqla “mənimkindən də gözəldir” deyib. Aşıq Qara Vəliyə gəldikdə isə, Əminin verdiyi məlumata görə, bu ifaçı aşığın çox gözəl və aydın diksiyası var imiş. O, həm də həqiqət dastanlarını çox gözəl danışan əvəzsiz bir dastançı olub. Amma gözəlləmə dastanlarını Bozalqanlı Aşıq Qədir (Hüseyn Bozalqanlının bacısı oğlu və şəyirdi) daha gözəl danışırmış...
Yuxudan həqiqətə
Aşıq Əli 1988-ci ildə yuxusunda nurani, pirani bir kişi görür, ancaq sonradan onun sifətini heç cür xatırlaya bilmir. Özünün dediyinə görə, həmin qədd-qamətli, ağımsov çalmalı, ətraf mühitlə həmahəng olan tünd yaşıl əbalı nurani kişi onun sağ əlindən tutub müqəddəs ocaqları – Məşhədi, Kərbəlanı gəzdirib, onlarla tanış edib. Bundan sonra həmin müqəddəs adam başqa ocaqları gəzdirəcəyi üçün gələcəyinə Əliyə söz verdikdən sonra qəflətən yoxa çıxıb. Bundan sonra yuxudan hövlnak oyanan Əli bədənini qan tərin içində görüb. Həmin hadisədən düz 1 həftə sonra o, Mərkəzdən teleqram alıb və bununla da Ukraynaya, oradan qayıdan kimi isə Amsterdama - Hollandiyaya göndərilib. Hollandiyada olarkən oradakı pendir zavodunun direktoru onu qonaq aparıb və dinləmək üçün 3 gün buraxmayıb. Əmi sazın hollandiyalını ovsunlamasına, onun bu sənətə bu cür sevgiylə yanaşmasına təəccübləndiyini söylədi...
Həmin səfərdən qayıdandan 15 gün sonra isə Aşıq Əlinin İran səfəri başlayıb. Onlar Təbrizə Zəlimxan Yaqub, Ağaxan Abdullayev, Arif Babayev, Hacıbaba Hüseynov və Ramiz Quliyevlə bir qrupda gediblərmiş. Əmi özünün İrana olan bu ilk səfərini ürək yanğısı ilə belə söylədi: “Süleyman Rüstəm, Rübabə Muradova “Təbriz” deyə-deyə dünyadan köçdülər. Rübabə xanımın ölmündən 5 il sonra ilk dəfə olaraq İrana biz yol açdıq. Təbriz camaatı bizi çox isti qarşıladılar, orada bizə qarşı böyük sevginin şahidi olduq”. Əmi həmin səfərdən 4 il sonra Hacıbaba Hüseynovun rəhmətə getdiyini də təəssüf hissiylə qeyd etdi.
Bu hadisədən bir qədər sonra Aşıq Əlini İraqa Babilistanda M.Füzulinin 500 illiyi münasibətilə keçiriləcək tədbirə göndərirlər. Orada qonaqların görüşünə Səddam Hüseyn də gəlib və Zaqafqaziyadan gələnləri şəkil çəkdirmək üçün yanına dəvət edib. Lakin həmin şəkillərdən nümunələri yalnız tədbirə Ermənistan və Gürcüstan respublikalarından qatılan qonaqlara veriblər, Azərbaycanlı qonaqlara verilməməsinin səbəbi isə bilinməyib. Həmin tədbirdə Aşıq Əli “Yanıq Kərəmi” saz havası ilə çıxış edib, havanın üstündə isə M.Füzulinin aşağıdakı beytlə başlayan qəzəlini söyləyib:
Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor!
Əminin dediyinə görə, oradakı ənənəyə əsasən, əgər çıxışdan sonra salondakılar əl çaldılarsa, çıxışçı səhnəyə qayıtmalı və həmin havanı yenidən ifa etməli idi. Aşıq Əli də sürəkli alqışların nəticəsi olaraq, yenidən səhnəyə qayıtmalı olub...
Yuxarıda söhbət açdığımız müqəddəs varlıq yuxusuna təkrar girməklə Əmi 12 imamın 8-ini röyada gördüyünü və əyanda onların məzarlarını ziyarət etdiyini deyir. Əyanda isə o, Hz.Əli əleyhissəlamın Kufədəki evində olub, onun su içdiyi quyudan su içib, hətta həmin sudan vətənə də gətirərək dünyasını dəyişmiş müəyyən adamların məzarına da çiləyib, bundan başqa yenə də Hz.Əli əleyhissəlamın Nəcəfdə dəfn olunduğu yeri, Kərbəlada Hz.Əbülfəzl Abbasın qollarının kəsildiyi, eləcə də İmam Hüseynin başı kəsildiyi yeri, Kufədə İmam Hüseynlə İmam Həsənin oturduğu hücrəni, Kufədə cənabi Cəbrayılla Adəm əleyhisalamın bir yerdə namaz qıldığı, İraqın Samirə şəhərində İmam Mehdinin qeyb olduğu yeri ziyarət edib. Əmi qeyri-adi düşüncələrini açmaqla onu da qeyd edir ki, rəssam Mikayıl Abdullayevin çəkdiyi İ.Nəsiminin rəsmini görəndə gözlərinə inanmayıb. Çünki o, İ.Nəsimini yuxusunda gördüyündən rəsmini də tanıyıb. Əmi belə güman edir ki, Mikayıl Abdullayev də əvvəlcə İ.Nəsimini yuxuda görüb, bundan sonra onun rəsmini çəkməyə nail olub. Əmi beləcə müqəddəslərin, uluların çoxunu yuxuda gördüyünü deyir. O, bu siyahıya M.Füzulini, Abbas Tufarqanlını, Aşıq Nəcəfi və.s əlavə edir.
Əməkdar İncəsənət xadimi, dəyərli aşıq şeirlərindən ibarət olan 4 kitabın müəllifi Aşıq Əli Quliyev sonuncu Aşıq Avdı Qaymaqlının “İncəgülü” havası da daxil olmaqla 73 saz havasının olduğunu vurğuladı. Söz arası onu da dedi ki, bir gün zarafatla aşıq Ədalətə dedim ki, ay ustad, hərə bir hava düzəldir, gəl birini də biz düzəldək. Ədalət gülüb cavab verdi ki, sən nə danışırsan, düzəltmə havaların heç biri qalmayacaq, əksəriyyəti havaların yedəkləməsini götürüb ayrıca çalır, onu da hava adlandırırlar...
Beləcə, aşıq sənətinin inkişafında müstəsna rolu olmuş, 60 yaşını arxada qoymuş ustad aşıq Əli Quliyevin (rəhmətlik şair Akif Səməd onu “Ürfan Əli” adlandırırdı) şərəfli ömür yolundan bəhs edən söhbətimizi hələlik bitirməyin vaxtıdır. Lakin sazın-sözün keşiyində bu cür sidq ürəklə dayanan sənətkarların “Prezident təqaüdçüsü” olmağa layiq görülməsinin tərəfdarı olduğumu da vurğulamaq istəyirəm.
01 noyabr 2011-ci il