- 599 Okunma
- 0 Yorum
- 0 Beğeni
Ruhu Vətən rəngdə olan şair
Elbəyi CƏLALOĞLU
Ruhu Vətən rəngdə olan şair
Şair Səadət Butanın 60 illik yubileyinə
Altmış yaş ömrün müdriklik çağının başlanğıcı hesab olunur, amma əlimdə ixtiyar olsaydı bunu qələm əhlinə şamil etməzdim. Çünki qələmə sarılan kəs, elə müdrikliyinə güvənir. Ömrünün altmışına çatmış şair Səadət Butanı sözlə təbrik etmək mənim də könlümdən keçdi. Bunun üçün boş-boş tərifdənsə onun poeziyasından söhbət açmağı daha üstün tutdum.
Səadət Butani gənc vaxtlarımdan “Aşıq Pəri” məclisindən tanıyıram. Şair onda da indiki kimi əsl müsəlman xanımı görkəmindəydi. Onun şeirlərini qəzetlərdən, jurnallardan oxuyurdum. Səadət Butanın şeirləri onu mənim yaddaşıma səadətin butası kimi həkk edib. Onun şeirləri özü kimi abırlı, ismətlidir. Səadətin yaradıcılığı əsasən vətənə sevgi, yurda məhəbbət, soya-kökə bağlılıq motivləri üstündə qurulub. Bunu bir az şairanə desək, Səadətin ruhunun bir rəngi var, onun ruhu Vətən rəngdədir. Bax, elə buna görə də, Səadətin şeirləri onun öz obrazının poetik ifadəsidir. “Görən çaşar hörmətindən bu elin” deyən şairin yaradıcılıq özəlliyi də elə bundadır, sanki sevgi-məhəbbətin vəsfi heç zaman bu xanımın yadına belə düşməyib. Beləcə, Səadət Butanın kövrək, niskilli misraları şırıl-şırıl oxucunun qəlbinə süzülür və aşağıdakı bənddə olduğu kimi onun könül rübabının qəm notlarını dilə gətirir:
Dərdinə can qurban, ay Vətən oğlu,
Dindirmə alınmaz qala dərdimi.
Qaçqın, köçkün elim ürək dağlayır,
Qoyma qiyamətə qala dərdimi.
Səadət Buta bu misraları yazmaqla vətənin mərd oğullarına, cəsur kişilərinə arxalandığını nümayişkaranə surətdə söyləyir. Şair bununla kifayətlənməyərək, “Yanır Sarı aşıq Yaxşıya yetir” kimi misraları ilə xalqın qədim zamanlardan bəri yaratdığı mifik obrazları, irreal qəhrəmanları, eləcə də ulu babaların ruhunu köməyə çağırır. Səadət yaxşı bilir ki, zaman-zaman teomanlar, atillalar, metelər, babəklər, xətailər, koroğlular yetirən xalq çağdaş Mübariz İbrahimovları da yetirə bilir. Bir sözlə Türk dünyasının böyük qəhrəmanları zühr etmək üçün zamanın qərarını gözləyir. Ona görə də, içində böyük bir inama sahib olaraq “Əsli kimdi, Haqq yandırdı Kərəmi” deyən şair Səadət itirilmiş torpaqlarımızın düşmən tapdağı altında qalamayacağına şübhə belə etmir və üzünü Aşıq Ələsgərin ruhuna tutub deyir:
Suyum zəhrimardır, çörəyim ağı,
Butayam, dardadı Vətən torpağı.
Gələr ömrümüzün elə bir çağı,
Çağlayar Göyçədə sazım, Ələsgər!
Səadətin şeirləri ənənəvi formaya sadiq qalsa da, məzmunca orijinallığını qoruyub saxlayır. Şairin torpağa, yurda bağlılığı sadəcə bir missiyası deyil, bu Səadət xanımın könül sevgisidir, necə ki, onun müasir və rəngarəng yardıcılığında bunu aydınca sezmək olur.
Sufi düşüncəsinə görə, Tanrının kölgəsi adlandırdığımız hər bir şey, eyni zamanda həm də güzgüdür, ona baxan öz könlünün əksini görər. Daha doğrusu könlündə sevgi bəsləyən hər kəs Tanrının kölgəsinə baxdıqda sevgi görər, könlündə nifrət bəsləyənlər isə nifrətdən başqa bir şey görməz. Səadət Buta da doğulduğu Borçalı torpağına sevgisini təbiətə vurğunluğu ilə izah edir və bunu şeirlərindən birində özünəxas üsulla belə dilə gətirir:
Cığırı naxışdı, izi naxışdı,
Qaynar bulaqların gözü naxışdı.
Təpədən-dırnağa özü naxışdı,
Çəmən nə gözəldi, çöl nə gözəldi.
Səadət Buta öz salqarındaca misralarını həm də didaktik yöndə qurur. Bu cür qoşmalara biz əsasən xalq dastanlarında, eləcə də ustadnamələrdə rast gəlirik. Belə şeirləri həm də onun xalq ruhuna, folklorumuza ayrılmaz tellərlə bağlılığından xəbər verir:
Mənliyin mənsəbə əyiləcəksə,
Arxanca tənələr deyiləcəksə,
Əslinə, nəslinə söyüləcəksə,
Özündən özünə şikayət elə.
Səadətin xalq ruhuna bağlılığı həm də onun Borçalı əhalisinin tolerantlıq ənənəsini, eləcə də islamçılıq əqidəsini poeziyaya gətirməsi ilə büruzə verir. Belə ki, şah Xətailərə süd anası verən, Güney Qafqazın düşmən təcavüzünə məruz qaldığı vaxtlarda Mehralı bəyə, Emin ağaya dönən borçalılar həm də, Sovet dönəmində “Nəqşbəndi” sufi təriqətini də yaşatmğı bacarmışlar, bu sevgini onlara heç kəs yasaq edə bilməmişdir. Rituallarda isə sufi şairlərin şeirlərindən istifadə edən müridlərin və ya dərvişlərin meyxana oxuması, eləcə də sufi rəqsləri etməsi hər kəsə bəllidir. Səadət xanımın bu ənənəni poeziyada yaşatması oxucunun zövqünü bir az da oxşayır:
Qonşular yığılıb desin meyxana,
Baxam gizlin-gizlin sizin eyvana,
Bir qığılcım çıxsın, od düşsün cana,
Haqq nağıla salsın nağıl Butanı.
Burada bir qədər sözün avtologik işlənməsi və ya ifadənin öz maddi anlamına sadiq qalması sezilsə də, əslində şair bunları məcazi mənada işlədir. Çünki bəndin sonunda duyğular Haqqa bağlanır. Lakin birinci misrada “qonşular” əvəzinə “dərvişlər” və ya “müridlər” ifadəsi işlədilsəydi, zənnimcə, onda ifadələrin maddi anlamı bir o qədər gözə çarpmaz, əksinə sözün metaforası daha aydın olardı.
Şair Səadat Butanı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, bu gözəl xanıma ailə səadəti, can sağlığı və yaradıcılıq uğurları arzulayıram!
Bakı, 31.01.2011
“Elimiz. Günümüz” qəzeti, fevral 2011-ci il, № 02 (27)
Ay Səadət!
Şair Səadət Butaya
Nə yaman ah-fəğan eylədin yenə,
Yağdırdın ağzından, od, ay Səadət!
Dərd əhli anlayar iztirabını,
Nə biləcək səni yad, ay Səadət?!
Özəl hikmət gəzir ağ örpəyində,
Elə bil qırovdu dağ ətəyində.
Vətən ağrısı var başda-beyində,
Zamanın özüdü bəd, ay Səadət!
Bükübsən boynunu bənövşə kimi,
Sənsən bu məclisdə zövqün həkimi.
Eyləyə bilsəydim sənə ərkimi,
Az çək, – söyləyərdim - dad, ay Səadət!
Basdın sinən üstə kədər sazını,
Göynətdin ellərin oğul-qızını.
Yenə xurcunuyun açıb ağzını,
Payladın bolluca dərd, ay Səadət!
Sızladın, qəlbimi apardı sitəm,
Şairlər üçünmü yaranıbdı qəm?
Götür Elbəyini özünə həmdəm,
Vəhdətdən güc alsın yurd, ay Səadət!
YORUMLAR
Henüz yorum yapılmamış.