- 652 Okunma
- 0 Yorum
- 0 Beğeni
Nəsillərlə əsrlərə gedəcək sərvət - kitablar
Elbəyi CƏLALOĞLU
Nəsillərlə əsrlərə gedəcək sərvət - kitablar
Uşaq vaxtı müxtəlif dastan qəhrəmanlarının adlarını eşitdikcə onlarla maraqlanır, bu barədə atamdan soruşar və cavablar məni tam qane etmədiyindən həmin dastanları tapıb oxuyardım. Roman, povest və hekayələri də həmçinin. Şeir kitablarına isə xüsusi marağım vardı. Lakin son vaxtlar kitablar məni daha böyük qüvvə ilə çəkir özünə. Yola saldığımız ildə otuza yaxın müxtəlif mövzulu kitab oxumuşam. Əbəs yerə deməyiblər ki, kitab böyük müəllim, bilik mənbəyidir. Əslində zəif kitab yoxdur, imzası tanınmayan müəllif var və istənilən kitabda mütləq yeni bir şeyə rast gəlinir.
Yanvarın 28-də şəxsi kitabxanama dörd kitab daxil oldu. Həmin gün Yazıçılar Birliyində dostum, “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyliylə görüşdüm. Birdən müəllifin masasının üstündəki, təzəcə işıq üzü görmüş “Şah Abbas” kitabı diqqətimi çəkdi. Kitabın üz qabığının maraqlı tərtibatı məni bir az düşündürdü. Sol tərəfdən üçdə biri qara boyalı kitabın qalan hissəsi qəhvəyi rəngdədir. Sanki üz qabığının ortasında günəşi xatırladan şəkli dayanmış Şah Abbas insanların qara düşüncələrinin içindən xilas olaraq aydınlığa çıxmışdı. Kitabı götürüb tez-tez vərəqləməyə başladım. Çünki uşaqlıqdan dastanlarda adına tez-tez rast gəldiyim, dərviş libas olub çox vaxt da Allahverdi xan vəzirlə birgə insanların düşüncəsi və yaşamı ilə daim maraqlanan, ədalətsizliyə qarşı amansız olan, ən başlıcası, vətənimizin bütövlüyü uğrunda can qoymiş bir kişinin – şah oğlu şah Abbasın haqqındaydı bu kitab. Eşq olsun Elçin Hüseynbəyliyə!
Kitabı vərəqlədikcə Şah Abbas xəyallarımda yazıçının düşüncələrindən qoparaq bir vətənpərvər sərkərdənin inamlı və amiranə addımlarıyla cəmiyyətin ortasına doğru irəlləyirdi. “Hamının gedəni gəlsin” deyə düşündüm. Sonra da xəyalən sual etdim:
- Hardaydın, ay Şah baba?
O isə cavabında:
- İki yüz illik rus şovnizminin qara siyasəti arxasında.
Həmin gün vaxtım olmadığından kitabı növbəti gün oxudum. Əsərin kiçik bir hissəsini əvvəllər “525-ci qəzet”də oxumuşdum. Elçinin “Şah Abbas”ı yazdığı ərəfədə onunla bir sıra səfərlərdə olduğumdan və hər dəfə bu mövzu ətrafında söhbət düşdüyündən bir qədər əvvəldən məlumatlıydım.
Elçin Hüseynbəylinin romançılıq təcrübəsinə və səriştəsinə bütün oxucaları kimi mən də yaxşı bələd olduğumdan bu ətrafda danışmaq fikrim yoxdur. Elçinin səciyyəvi cəhətlərindən biri yazılarında bəlağətə yol verməməsi, fikirlərini yığcam şəkildə izah etmək bacarığıdır. Əsərdə Şah Abbasın obrazı layiqincə və olduğu kimi təsvir edilib, maraqlısı isə müəllifin özünün müstəntiq qismində əsərin iştirakçısına çevrilməsidir.
Məhkəmə epizodlarında Şah Abbasın tutarlı cavabları müəllifin həmin dövr tariximizi nə dərəcədə əxz etməsindən, o dövrün insanlarının düşüncə tərzini dəqiq bilməsindən, hadisələri dərk edərək düzgün qiymətləndirməyi məharətlə bacarmasından xəbər verir. Eyni zamanda əsərdə şahlıq dövrünün vətənpərvərlik, insanları saflığa çağırış kimi müsbət xüsusiyyətləri və insanların amansız qətlləri, gözlərinə mil çəkilməsi, qısqanclıqdan doğan boyunvurmalar kimi eybəcərlikləri də öz əksini tapıb. Epizodların birində müstəntiqin “qardaşlarını niyə kor elədin?” sualına şah sualla da cavab verir: “Sən taxt-tacın hökmünü görsəydin, bu tövr suallar verərdin?”. Şahın qəfil sualından susan müəllif-müstəntiq bu tipli hadisələri həmin dövrün tələbi sayır. Deməli, o dövrdə zəmanəmizdən fərqli olaraq şüurlu başlarda savad olmadığından dövlətçilik və şərəf qan bahasına qorunurmuş. Şahlarsa yalnız zamanın tələbinə tabe olurlar. Elə bu yerdə Səməd Vurğunun “Vaqif” dramı yada düşür. Vaqifin “Sənin vicdanın da, qəlbin də qandır” israrlı müraciətinə Qacar “Dünya qan üstündə bir xanimandır” deyə qətiyyətlə cavab verir.
Bütün əsərlərin sanbalı müəllifin müraciət elədiyi dövrün və ya baş verən ayrı-ayrı səhnələrin şifrələrini aça bilməsindən mütləq asılıdır. Elçin bunu edə bilib. Özbək hökmdarı Pir Məhəmməd ilə Şah Abbasın döyüş səhnəsini müəllif “Günəş nizə boyu qalxanda döyüş başladı” cümləsi ilə açır. Bu cümlədə hələ “döyüş” sözünə qədər olan “günəş nizə boyu qalxanda” isfadəsi oxucunu döyüş ovqatına kökləyir.
Əsərdə maraqlı epizodlardan biri də Pir Məhəmmədin əsir düşdükdən sonra Şah Abbasdan əfv diləməyi heç ağlına belə gətirməməsi səhnəsidir. Onun mərdliyindən və əyilməzliyindən xoşlanan Şah Abbas “cəsarətinə görə cəzanı yüngülləşdirirəm. Ölümü özün seç” deyərək mərdliyə mərdliklə cavab verir. Bu səhnədə hər iki hökmdarın timsalında əsl kişilik təcəssüm olunur.
Elçin Hüseynbəyli bu romanında çox ciddi taleyüklü məsələlərə də toxunur. O cümlədən, Gürcüstanla bağlı epizodda müəllif gürcü əfsanələrindən sitat gətirərək bu xalqın dövlət halına gəlməsində Şah Abbasın rolunu yüksək qiymətləndirir və bunu qoca gürcü zahidinin dili ilə gürcü xalqına müraciətlə deyir: “...O, bizim azadlığımızı qarğıyıb əlimizdən alacaq və onun gəldiyi yolları bizim qanımız boyayacaq. Amma sizi adam, Gürcüstanı isə dövlət edəcək! Ağlayın gürcülər! İran Aslanı – Şah Abbas doğulub”.
Əsərdə toponimlər, əhalinin etnik tərkibi və Şah Abbas dövründəki miqrasiyalar da lazımınca göstərilir. Eyni zamanda Şah Abbasla bağlı yaradılmış xalq dastanlarında rast gəldiyimiz kimi, bu əsərdə də şəhriyarın dərviş libas olub vəzirləri və ya qorçuları ilə elləri, kəndləri dolaşmasının, xalqın fikrini və ya ona olan münasibətini öyrənməsinin, lazım bildikdə isə kimisə mükafatlandırmasının və ya cəzalandırmasının şahidi oluruq...
Növbəti kitab yazıçı-dramaturq Nahid Hacızadənin “Yada düşdü” kitabı oldu. Bu kitabın Yazıçılar Birliyinin Natəvan klubundakı təqdimat mərasimində iştirak etdim. Nahid müəllimin şərəfli yazıçı ömrü, çoxlu ziyalı dostları olduğundan, eyni zamanda, hər biri ilə vaxtaşırı münasibətdə bulunduğundan həyatında yada düşüləsi anları bəlkə də yüz kitaba sığmaz. Lakin o, böyük yazıçıların əksəriyyətində olduğu kimi, xatirələrinin bir qismini bu memuarında qələmə alıb. “Yada düşdü” kitabı Nahid Hacızadə dəryasından götürülmüş bir mirvaridir, lakin bu dəryada belə incilərin çox olduğu da şübhəsizdir.
Həmin günün axşamı Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrında böyük filosof, professor Camal Mustafayev haqqında yazılmış məqalələr və şeirlər toplusundan tərtib olunmuş “Dədə Camal” kitabının təqdimat mərasimi keçirildi. Sazlı-sözlü bu məclis eyni zamanda əsl insan mücəssəməsi olan, pak yaşamış, duru qalmış, ömrü boyu tələbələrinə saflığı və ədalətliliyi təlqin eləmiş Camal müəllimin üstündən səthi keçilmiş 80 illik yubileyini əvəz edirdi.
Musiqili komediya teatrındakı mərasimdən çıxanda isə şair dostum Knyaz Aslan mənə öz “Qızlar sevgi yaşında” adlı kitabını bağışladı. Bu, həmin gün mənə bağışlanan dördüncü kitab idi. Kitabda müəllifin cavanlıq şövqüylə yazdığı məhəbbət şeirləri toplanıb.
Hər dörd kitabın müəlliflərinə, tərtibatçılarına və ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığımı bildirirəm.
Beləcə, günün axrında bu təəsüratların içindən ağ vərəqlərə yeni bir şeir süzüldü.
KİTABLAR
Göy şüşədə sehrlərə gedəcək,
Qalalardan qəsrlərə gedəcək,
Nəsillərlə əsrlərə gedəcək,
Bir dünyadı, bir həyatdı kitablar.
Ağılları aparacaq o başa,
Hopduracaq ürəyi, qəlbi daşa,
Ömrü çatdırarsan bəlkə min yaşa,
Anlasan ki, bir hikmətdi kitablar.
Bulub onu aqil başlar tərində,
Gözlərini qamaşdırıb şərin də,
Kökləri var tarixlərdən dərində,
Bir dözümdü, mətanətdi kitablar.
Səngitməyib varlığını gümanlar,
Çaşdırmayıb dağ başında dumanlar,
Yazıb onu qam babalar, şamanlar,
Dədələrdən əmanətdi kitablar.
Duranmazsan yüz də çalış qəsdinə,
Dəyənməzsən müdriklərin şəsdinə.
Öpüb onu qoy gözlərin üstünə,
Cəlaloğlu, ziyarətdi kitablar.
Bakı, 29.01.2009
“525-ci qəzet”, 14 fevral 2009-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.