- 465 Okunma
- 1 Yorum
- 0 Beğeni
MƏDƏNİ VƏ MİLLİ DƏYƏRLƏRİMİZİN KEŞİKÇİSI
Elbəyi CƏLALOĞLU
MƏDƏNİ VƏ MİLLİ DƏYƏRLƏRİMİZİN KEŞİKÇİSI
Ziyalı dostum Səməndər Məmmədlinin 55 yaşanın tamam olması münasibətilə
Sazlı-sözlü qədim türk yurdu Faxralıdan çağdaş mədəniyyətimizə bir nur damlası sıçradı. Aşıq ruhlu şeirlərilə və publisistik yazılarıyla dəyərli ziyalı olduğunu təsdiq etdi. Bu, indi hamımızın cani-dildən sevdiyi, ömrünün əlli beşinci pilləsini şərəf və ləyaqətlə haxlamış şair-publisist Səməndər Məmmədlidir. Səməndər müəllimin çox səmimi, xeyirxah, insanpərvər və allahısevən xüsusiyyətləri elə ilk baxışdanca insanı ovsunlayır. Məndən yaşca böyük olsa da hər görüşəndə üzündə özünəxas bir məmnunluq görmüşəm və həmişə ailə, iş və dolanışıq vəziyyətimlə, eləcə də yaradıcılığımla maraqlanıb.
Səməndər müəllim on kitabın müəllifidir. Yazılarında dədə yurdu Borçalı, doğulduğu Faxralı kəndi və bu eldən pərvazlanan şair, alim, mütəfəkkir və aşıqlar haqqında məlumatlar, eləcə də digər böyük ədiblərimiz və dəyərli ziyalılarımız haqqında yetərli bilgilər verməyi və onların yaradıcılığına vicdanlı münasibət bildirməyi də unutmayıb. Borçalı yaralarını sızıldaya-sızıldaya məqalələrinə gətirən Səməndər müəllimi Qarabağ, Zəngəzur, Göyçə, İrəvan, Təbriz, Kərkük, Dərbənd dərdləri rahat buraxmır və hər dəfə bu sayaq yazılarında gah ustad şairlərimizin beytlərilə təsəlli tapır, gah da özünün qoşduğu şeirlərlə zəfərə doğru qanad çalır. Şeirlərindən birində:
Tökülən al qanı şərəf bildiniz
Qoy meydan sulayıb gülməsin yağı!
Gücünüz düşmənin evini yıxdı,
Ucaldı göylərə vətən bayrağı! - deyən şair, 20 yanvar şəhidlərinə içindən ağrısa da mənən onlara vətən təəssübkeşləri və azadlıq fatehləri kimi baxdı. Həmin qanlı gecədə şəhid olmuş Faxralı balası - İlqar Hümbət oğlunun ünvanına yazdığı qoşmada:
Yenə matəm içindədir ağsaçlı Səngər,
Qoynuna ilqarlı İlqarı gəlir.
Şax dayan, a kəndim, bil ki, oğlunu,
Bütün Azərbaycan öz oğlu bilir. - deyərək şair Səməndər, özünü Azərbaycan türkü sayan hər kəsi və Azərbaycanın ayrılmaz hissəsi olan Borçalının ərlərini də bu mövzu ətrafında düşünməyə çağırdı.
Sazı müqəddəs bilib, ona bir ziyərətgah kimi baxan şair bu sənətin zaman-zaman meydana gəlmiş azman yaradıcılarını da özünəməxsus bir heyranlıqla vəsf edir:
Xalqımın söhbəti, sözü sazında,
Yurdumun ocağı, közü sazında,
Doğma Borçalının özü sazında,
Dil açıb danışır, çal, Əmrah dayı.
və ya ustad şair Zəlimxan Yaquba ünvanladığı şeirdə:
Söz mülkündə alnı açıq, üzü ağ,
Həm ürəkdi, həm qələmdi, həm varaq,
İlhamıyla uca dağdı, uca dağ,
Ucalıqdan heç enmədi Zəlimxan,
Aləm bilir möcüzədi Zəlimxan.
Səməndər müəllim eyni zamanda çox dəyərli və məsuliyyətli müəllimdir. Məqalələrində uşaqların təlim-tərbiyəsi movzusuna geniş yer vermiş, təlim və tərbiyə üsulları haqqında öz fikirlərini demiş, eyni zamanda cəmiyyətdə bəzi yeniyetmələrin əxlaq pozuntularını, bu arzuolunmazlığa çəkən səbəbləri araşdırmış və günahı onları təlim-tərbiyə etməyə bir başa borclu olan konkret şəxslərdə və onları əhatə edən mühitdə görür. Direktoru olduğu Sabunçu rayonu 271 nömrəli məktəbin ali ixtisas məktəblərinə daxil olan məzunlarının sevincini öz sevinci sayaraq bunu bir bayram təntənəsi kimi yaşadığının dəfələrlə şahidi olmuşam. Daim öz yetirmələrilə fəxr etdiyini söyləyib və şagirdlərinin yüksək əxlaqından danışıb.
Bundan başqa Səməndər müəllim məktəb şəraitində istifadə olunan dərsliklərə də öz münasibətini bildirərək, eyni zamanda dərsliklərin hazırlanmasında öz dəyərli təkliflərini də verir, bunun məktəbli uşaqların formalaşmasında bilavasitə təsirindən narahat olur və uşaqların düzgün istiqamətləndirilməsini məsuliyytli vəzifə borcu hesab edir. Onun şagird-müəllim münasibətləri haqqında söylədikləri fikirlər də cəmiyyətin arzuolunan inkişafı, əxlaq dəyərlərinin möhtəşəmliyi və onun qorunması üçün vacib amillərdəndir.
Elə bu yaxınlarda böyüyün, kiçiyin yerini yaxşı bilən Səməndər müəllimin ağsaqqalımız və ömrünün dədəlik çağlarını şərəflə yaşayan, hörmətli professor Camal Mustafayevi ziyarət etmək təklifini canla-başla qəbul etdik. Yol uzunu bu dəfə də hər bir söhbətinə duzlu-məzəli rəvayətlərlə başlayıb, el məsəllərilə və ya ustadların şeirlərilə davam etdirməyə adət etmiş Şairin ağıllı sözlərinin, müdrik kəlmələrinin bir daha şahidi oldum. Dədə Camalla keçirtdiyimiz bir-iki saatlıq görüşdə də Səməndər müəllim sanki, bir poeziya məclisi qurdu. Bu görüşdən məmnun qalan, Z. Yaqubun təbirincə desək, Aristotel, Sokrat, Kant timsallı Camal müəllim yüksək ovqatla qarşılaşdığını etiraf etdi.
Təxminən bir il öncə ilk nəvəsinin dünyaya gəlməsi xəbərini eşidib təbrik üçün zəng etdim.
-Qağa, bəlkə, bu təbriki üz-üzə, göz-gözə edək – dedi. Əziz qardaşımın nə demək istədiyini ancaq naşılar anlamazdı. Doğrudan da on nəfərlik bir ürfan məclisi təşkil olundu. Aşıq Ramin sinəsində ölməz ustad Aşıq Kamandarın sehirli sazı çıxdı meydana. Gecəyarısına qədər davam edən bu poeziya gecəsində də sevincinin həddi-hüddudu olmayan, ailəcanlı, valideyin və uşaq mehirli Səməndər müəllimin bir daha əsil ziyalı olduğunun şahidi olduq. Səməndər müəllimə babalıq çox yraşdığı kimi, dədəlik də yaraşır. Allah qismət eləsin! Amin!
2007-ci ildə Lider televiziyası ilə yayımlanan aşıq müsabiqəsində Aşıq Raminin istedadına heyran qalmış, el təəssübkeşi Səməndər müəllim ona ardıcıl olaraq səs verməklə ərki çatan dostlarını da bu işə sövq edirdi. Eyni ssenarini 2008-ci ildə Xalq Ulduzu yarışmasında Ariz Hüseynov üçün də təkrar etdi.
Mədəniyyətimizin, milliyətimizin, elmimizin, insanlığımızın və dəyərlərimizin keşikçisi olan bütün səməndər müəllimlərə eşq olsun!
Əziz qardaşımı 55 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edirəm, ağrısız, acısız həyat, işlərində və yaradıcılığında nailliyyət, ailəsinə xoşbəxtlik arzulayıram!
SƏMƏNDƏR
Əziz dostum, gözəl ziyalı Səməndər Məmməd-
linin 55 yaşanın tamam olması münasibətilə
Dağların dalından doğdun bir səhər
Yayildı şəfəqin üzə, Səməndər.
Bəzədi düzləri bənövşə, lilpar,
Lalələr boy verdi dizə, Səməndər.
Düşüncən çəməndi, çiçəkdi, güldü,
Nurunla ellərin camalı güldü,
Sinəndən zər axdı, gövhər töküldü,
Düşdü bircə pay da bizə, Səməndər.
Sən sazın qolunda bir şah pərdəsən,
Dözdün hər barmaqdan qopan dərdə sən.
Bilirəm yerini, ürəklərdəsən,
Düşübdür Elbəyi izə, Səməndər.
12.08.2008
YORUMLAR
Milli ve manevi değerlere önem vermeyen şair şair değildir..
Bu minvalde makaleyi yazan ve yazdıranlara selam olsun
sevgi saygılarımla
Mehmet Ziya Dinç
ben yazmayanlar için söyledim
sizin ne kadar manevi degerlere önem verdiğinizi biliyorum
saygılarımla