- 817 Okunma
- 0 Yorum
- 0 Beğeni
Şair təfəkkürünün qızıl açarı
Elbəyi CƏLALOĞLU
Şair təfəkkürünün qızıl açarı
Xalq şairi Zəlimxan Yaqubun “Peyğəmbər” poeması barədə düşüncələr
Xalq şairi Zəlimxan Yaqubun indiyəcən 30-dan çox kitabı nəşr olunub. Qeyd etmək lazımdır ki, şairin şeirləri yaradıcılığının ilk mərhələsindən oxucuları tərəfindən sevilməyə başlayıb. Hazırda Azərbaycanda Zəlimxan Yaqubun ən azı bir misrasını əzbər bilməyən adam inanmıram ki, tapılsın. Şairin şeirləri zaman-zaman bəstəkarlarımızın notlarında, aşıqlarımız və müğənnilərimizin dilində nəğməyə çevrilib. Xalq şairinin böyük əsərləri də sevilə-sevilə oxunur. Daha doğrusu, Zəlimxan Yaqub “Saz”, “Aşıq Ələsgər”, “Hüseyn Saraclı dastanı”, “Əbədiyyət dastanı” kimi iri həcmli əsərlərilə də oxucusunun diqqətini cəlb eləyib, onun duyğularını fəth edib.
“Peyğəmbər” poeması ustad şairin hələlik sonuncu böyük əsəridir. Ustadlıq titulunu cəmiyyətdən gənc vaxtlarından qazanmış Zəlimxan Yaqub son poemasını da ömrünün mənən ustadlıq çağına, yaşının altmışına qədəm qoyduğu bir vaxtda cəmiyyətə təqdim etdi. Şairin altmış yaşına “Peyğımbər”lə gəldiyini kitabın proloq əvəzi yazılmış hissəsindəki misralarla desək yerinə düşər:
Bəlli toxum, bəlli sünbül, bəlli dən,
Haqq özüdü müşkülləri həll edən.
Yük bağladım, maya tutdum əllidən,
Altmışıma “Peyğəmbər”lə gəlmişəm.
Azərbaycan ədəbiyyatında Məhəmməd Peyğəmbər haqqında yazılmış əsərləri biz Hüseyn Cavidin və Məhəmməd Əsəd bəyin yaradıcılığında, akademik Vasim Məmmədəliyevin araşdırmalarında oxumuşuq, eləcə də, ayrı-ayrı müəlliflərin təsnifatında da rast gəlmişik. Lakin Peyğəmbərimiz haqqında deyiləsi sözlər bitib tükənmək bilmir. Bunu yazdığı hər bir mövzuda loyallığı aydınca görünən Xalq şairi Zəlimxan Yaqubun “Peyğəmbər” poemasında da hiss edirik, belə ki, şair əsərdəki hər bir rapsodiyanın əvvəlində epiqraf kimi bir Quran ayəsini xatırladır və ona istinadən fikirlərini yazır. Etiraf etməliyik ki, bu cür mövzuya girişmək asan iş deyil, çünki, özü ayrıca bir elm olan Peyğəmbərin həyatı və İslam dini mövzusu son dərəcə cəlbedici olsa da, onun sanbalı daha ağır, məsuliyyəti daha böyükdür. Bu dediklərimi müəllif özü də əsərinin “Minacat” bölməsində dilə gətirir:
Düşdüm Petğəmbərdən yazmaq eşqinə,
Sidq ilə, sevgiylə “Bismillah” dedim.
“Məndən əsirgəmə məhəbbətini,
Güc ver varlığıma, ya Allah!” dedim.
Ağırdı bu işin altına girmək,
Çətindi bu yükə çiynini vermək.
İradəm bu işə gətirməsə tab,
Sirdaşım dərd olar, qismətim əzab... - deyən şair kitabının başqa bir bölməsində bu cür əsəri yazmaq üçün müəllifin hansı keyfiyyətlərlə çıxış etməli olduğunu da təsvir edir və onu belə qələmə alır:
Peyğəmbərdən yazırsansa,
Yazdığın anı dərk elə,
Könlünü aç mələklərə,
Yerdə insanı dərk elə.
Min-min kitab yazılsa da,
Başı bir kitaba bağlı,
Min-min kitab oxusan da,
Əvvəl Quranı dərk elə.
Eyni zamanda, deyə bilərəm ki, Həzrəti Peyğəmbərimiz islam əhlinin və dünya elm adamlarının düşüncəsində, təfəkküründə öz metafizikasını qoruyaraq elə bir mərtəbədə dayanıb ki, yeni yazılan əsər ən azı buna layiq olmalı, bu müdhiş zirvəyə yüksəlməyə müvəffəq olmalıdır. Fikrimi bir az da aydınlaşdırmaq üçün deyim ki, əsər Məhəmməd Peyğəmbərin qeyri-adi qüdrətində gizlənmiş sirlərin çözümünə və ona nazil olmuş haqq kəlamlarının fəlsəfəsinə xidmət etməlidir. Yazıçı Quran ayələrinin açılmamış sirlərinin qapısına yüksək təfəkkürünün “qızıl açar”ını salmalıdır. Zəlimxan Yaqubun “Peyğəmbər” poeması da bu qəbil əsərlərdəndir.
Şair poemaya “Sənə salamlar olsun, ya Məhəmməd Mustafa!” fəsli ilə başlayır:
İşıqlı dünyamıza işıq tək gəlişinə,
Məkkədə əyilən işinə,
Bədrdə sındıralan dişinə,
Döyüşdə çapılan üzünə,
Ühüddə yaşaran gözünə,
Zərbədən qanayan sifətinə,
Sonu aydınlıq olan çətinə,
Ən gərgin anında da,
Ölümün yanında da,
Haçalanmaq bilməyən
Böyük həqiqətinə
Bizdən salamlar olsun,
Ya Məhəmməd Mustafa!
Ustad şair bu bölümdə Allah kəlamlarını insanlara çatdıran Rəsulullahı salamlayaraq onun koduna girməyə can atır və buna yüksək səviyyədə nail olur. Şair haqlı olaraq, qəhramanının bu qüdsiyyət yolunda rastlaşdığı bütün əzablarla yüklənmiş, məşəqqətlərə tuş gəlmiş məqamlarını misra-misra qələmə alaraq onların hər birini müqəddəs an hesab edir. Təbii ki, böyük nailiyyətlərin yolu gərgin əməkdən, davamlı zəhmətdən, höcətli əziyyətdən, zehni təbəddülatlardan, daxili mənəvi iztirabdan keçir.
Müəllif bu əsərində Məhəmməd Peyğəmbərin həyat fəlsəfəsinin dərin qatlarına baş vurmaqla yanaşı, onun ancaq yüksək keyfiyyətlərlə bütövləşmiş xarakterindəki əlamətlərini dilə gətirərək oxucusunu da bu pak yola səsləyir, lap elə “əş-Şəms” surəsi, 9-cu ayədə olduğu kimi: “Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!”:
Dünyaya lənət üçün yox,
Rəhmət üçün gəldin,
Sevgi üçün, barış üçün,
Mərhəmət üçün gəldin.
Barışda rəhmli,
Düşmənə münasibətdə
Düşüncəli, təmkinli, fəhmli.
Əhddə sədaqətli, sevgidə əlaçıq,
Ən gərgin anda belə
Ürəyində nə kin-küdurət, nə acıq;
Sənin böyük cəbrinə, dözümünə, səbrinə
Bizdən salamlar olsun,
Ya Məhəmməd Mustafa!
Əsərindən də göründüyü kimi, Peyğəmbərin dünyaya gəlişini zamanın tələbi, dövrün ehtiyacı kimi qiymətləndirən Zəlimxan Yaqub, eləcə də, bütün yaranışların təsadüfi olmadığını dilə gətirərək müqəddəs kitaba istinadən Peyğəmbərin də dünyaya gələciyinin Adəm ata vaxtından bəlli olduğunu qeyd edir:
Yol yoxdu haqq yolu tutub getməyə,
Cəhalət dünyası dağılmalıydı.
Köhnə fikirləri alt-üst etməyə
Ruhun xilaskarı doğulmalıydı...
Əsəri oxuduqca müəllifin təkcə islam dininə və Peyğəmbərin həyatına həsr olunmuş kitabları mütaliə etməklə kifayətlənməyərək, o dövrün tarixini də mükəmməl öyrəndiyi aydınca sezilir və onun bu əlaməti əsərdə qeyri-adi sinxronika yaradır. Məlumat üçün deyim ki, tarixdən də bəlli olduğu kimi İslam dininin meydana gəldiyi vaxt Məhəmməd Peyğəmbərin təfəkkürü ilə ərəb xalqının düşüncə tərzi bir-birinə əks olaraq mezalyans təşkil edirdi. Təbii ki, İslam dininin meydana gəlməsi o dövr insanlarının, xüsusilə də bədəvi ərəblərin, ümumiyyətlə, ağlasığmaz, məşum ənənələrinin mövcudluğuna, cahilliyinə, heyvani hisslərinə bir dəfəlik son qoymuşdu. Bu dini qəbul eləmək insanlığa varmaq, varlığı dərk etmək, insanların digər canlılardan şüuru ilə seçilməsinin fərqində olmaq, Allahın insanlara bəxş etdiyi ömrü düzgün yaşamaq kimi həyatın ən ümdə və gərəkli aksiomalarını anlamaq idi. Doğrudan da, biz tarixi oxuduqca İslam dininin meydana gəlməsiylə bəşəriyyətdə yeni düşüncə tərzinin formalaşdığını və o dövr insanları üçün müasir sayılan düşüncə tərzinin birbaşa kuliminasiya nöqtəsinə yüksəldiyinin şahidi oluruq. Bu dediklərimizi şair əsərində belə ifadə edir:
Bütə tapınanlar, haqdan sapanlar,
Ağacdan, taxtadan illah yapanlar,
Körpə sinəsinə köz basdıranlar,
Yerə diri-diri qız basdıranlar,
Şeytanla dost olub şərə varanlar,
Cansız əşyalarda can axtaranlar,
Zülmü biləklərdə zəncir edənlər,
Əxlaqı, vicdanı təhqir edənlər,
Günaha bələnib küfrə batanlar,
Kölə insanları alıb-satanlar,
Ona zaman-zaman əzab verirdi...
Zəlimxan Yaqub eləcə də əsər boyu Allahın yaratdığı möcüzələri misra-misra oxucusuna təlqin edərək onu yenidən ulu yaradanın dərkinə səsləyir. Oxucu da öz növbəsində kökü “Tövrat”ın, Zəbur”un, “İncil”in və “Quran”ın dərinliklərində olan bu ilahi möcüzələri heyranlıqla yenidən xatırlayır, Allahın qüdrətinə bir daha baş endirir.
Ulu Tanrı insan üçün görün nələr yaratdı,
Ağıllara sığışmayan möcüzələr yaratdı.
İlk dəfə bir insan kimi o, Adəmi yaratdı,
Möcüzələrlə dolu bir aləmi yaratdı.
O, atadan olmadı, doğulmadı anadan,
Onu belə yaratdı Tanrı başdan-binadan.
Ağac ilana döndü, ilan isə əsaya,
Verdi möcüzəsini o, Həzrəti Musaya...
Əsərin “And olsun qələmə” sərlövhəli fəslində “Nun və ya əl-Qələm” surəsinin qüdrətindən ağızdolusu söhbət açan Şair eyni zamanda qələmin müqəddəsliyindən də yetərincə bəhs edir. Bu minvalla həmin bölüm oxucunun düşüncəsində bir hibrid rapsodiyaya çevrilir:
O qələm ki tarixlərə şərəf yazıb, şan yazıb,
O qələm ki gözəlliyin eşqinə fərman yazıb,
O qələm ki naxış vurub yaddaşına dünyanın,
O qələm ki göydə mələk, yerdə də insan yazıb... - deyən şair, eyni zamanda, qələmin yazdığı ədəbiyyat nümunələrinin Şumerlərdə belə mövcudluğunu qeyd edərək, həm də qələmin dünyanı, bəşəriyyəti tərəqqiyə səslədiyini, onu inkişaf etdirdiyini, buna paralel olaraq tarixi də yaradıb-yaşatdığını vurğulayır. Elə həmin bölmədə Zəlimxan Yaqub ədəbiyyatın öz təkamülünü şərqdə tapmasına da ustalıqla eyham vurur:
...Dünya aydın görəndə oyanan intibahı,
Hələ açılmamışdı Avropanın sabahı!..
Qərb şirin yuxudydı Şərq ayağa duranda,
Qərb rəngi tanımırdı
Şərq naxışlar yaradıb, kəşanələr quranda...
Poemanın “O, baqidi, biz faniyik” bölməsində isə Zəlimxan Yaqub “Məhəmməd” adının kultundan söhbət açır və ona özünün hüsni-təvəccöhü olduğunu bildirir. “Özünə bağlamısan səndən sonra doğulan bütün Məhəmmədləri!” deyən Şair bu bölümdə İstanbulun fatehi Sultan Məhəmmədin (Mehmet) və poeziya zirvəsinin fatehi Məhəmməd Füzulinin bu ada layiq olmalarından, peyğəmbərin adını doğrultduqlarından ağız dolusu danışır və fateh şairlə mükalimə qurur:
...Füzulidən soruşdum ki, adın, soyadın necədi?
Dedi: “Yaşım dünənkidi, adım çox-çox əzəldəndi.
Dilim yanıb külə dönər, desəm adım Məhəmməddi,
Bir Məhəmməd tanıyıram, hər müşkülü düzəldəndi...
...Neyləyirsən nədir adım, “Şəbi-hicran”dı fəryadım,
Mənim yanğım köz baxışdan, köz ürəkdən, köz əldəndi.
Mən nə yazdım, nə yazmışam, ancaq onun eşqinədir,
Deməsinlər elə sözü gözəllikdən, gözəldəndi...
Beləliklə, “Peyğəmbər” poemasının çox gözəl tərtib olunmuş islam dini səciyyəli dizaynı kimi, əsərin strukturu da müəllifin yüksək professionallığından xəbər verir. Oxucunu bütövlüklə qapsayan bu əsəri oxumaq adama bir dini ritual təsiri bağışlayır.
Sona qədər öz dinamikliyini qoruya bilən əsər, eyni zamanda, Zəlimxan Yaqubun imrovizativ spesifikliyi ənənəsini də özündə saxlaya bilib. Eləcə də, əsərdə ayrı-ayrı bölmələrin teolotik fabulasının oxucuya yeni bir stimul verməsi ilə yanaşı, Zəlimxan Yaqub təfəkkürünün polifoniyası da aydınca görünür. Zaman-zaman islam dini və Məhəmməd peyğəmbər haqqında əsərlərin yazılacağı istisnasız olsa da, xalq şairi Zəlimxan Yaqubun müfəssəl təsnifatlı, bu unikal “Peyğəmbər” əsərinin tarix boyu seviləcəyinə və ona istinad olunacağına heç bir şübhə yeri yoxdur.
Bu yazımı Tanrının, Peyğəmbərin və Quran ayələrinin könüllərdə bərqərar olmasının qüdsiyyətini oxucusuna təlqin edən ürfan şairinin həmin əsərindən aşağıdakı misralarla bitirirəm:
...Quranın hər ayəsində diri, canlı bir həyat var,
Ona baxın, Məhəmmədi həmişə həyatda görün.
Göy üzündən yer üzünə enib gələn ağ yolları
Cəbrayılın çiynimizdə çaldığı qanadda görün.
İslam nədi, iman nədi, nə deməkdi müsəlmanlıq?-
Rəsulullah yer üzünə gəldiyi saatda görün...
01 sentyabr 2009-cu il
“525-ci qəzet”, 6 noyabr 2009-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.