- 1118 Okunma
- 0 Yorum
- 0 Beğeni
Dostunu yolda sına...
Elbəyi CƏLALOĞLU
Dostunu yolda sına...
Yazıçı dostum Elçin Hüseynbəylinin doğum gününə
Dost haqqında danışmaq həmişə çətin olur. İllah da ki, o, qələm sahibi, ürfan əhli, söz xiridarı ola. Bu dəfə haqqında danışacağım insan həm mənim, həm də Azərbaycan ədəbiyyatının dostudur.
Söhbət bir çox romanların, hekayələrin və publisistik məqalələrin müəllifi Elçin Hüseynbəylidən gedir. Əslində Elçin bəyə sıradan bir yazıçı demək yanılışlıq olardı. O əsərlərinin və publisistik məqalələrinin fabulası və strukturu baxımından nümunə olmağı bacarır. Tənqidçi olmasa da ciddi yazar kimi digər müəlliflərin əsərlərinə də mövqeyini bildirməyi bacarır və əsası odur ki, onun dediyi ilə razılaşırlar.
Yazılarındakı məqamında işlədilən sətiraltı ifadələr Elçinin professionallığından xəbər verir. Elçin Hüseynbəylinin yazdığı “Yovşan qağayılar” romanı mənim təsəvvürümdə bu günümüzlə səsləşən, dövrümüzn ən mükəmməl əsərlərindəndir. Müəllif bu əsəri ilə sanki bu günümüzdə baş verənləri gələcək nəsillərə ustalıqla çatdırmağı bacarıb. Dostum Elçin bəy tarixi mövzularda da yazmağı çox sevir. Onun bu mövzuda yazdığı “Don Juan” və “Şah Abbas” romanları çağdaş ədəbiyyatımızda müstəsna yer tutur. Əgər yazıçı tarixin görünməyən hissələrini oxucuya dolğun şəkildə göstərə bilirsə, bu onun böyüklüyündən xəbər verir. Məsələn, “Don Juan” romanındakı elçilərin səfarətində Elçin Hüseynbəyli sanki Oruc bəylə qoşa addımlayır, həmin yolları qəhramanı ilə birgə gedir, əski inanclara və milli ənənələrimizə uyğun olaraq Oruc bəyin sirlərini açmağa çalışır və buna müyəssər olur. Elçin Hüseynbəyli zahirən sakit təbiyyətli, daxilən çox çılğın adamdır. Həyatda olduğu kimi görünən Elçin bəyin romanlarında bu təbiilik qorunur, ancaq hekayələrində gənc yazıçı kimi çılğınlığını gizlədə bilmir.
Bu gün – Dekabr ayının 23-də 47 yaşı tamam olan əziz dostum Elçin Hüseynbəylinin hələ sevib, seviləcəyi illəri irəlidədir. Yaradıcılığının şah zirvəsini fəth etməkdə olan könül dostumun, eyni zamanda, nümunəvi bir ailə başçısı olması məni çox sevindirir.
Atalar deyib ki, dostunu yolda sına. Elçinlə dəfələrlə yol yoldaşı olmuşam və həmişə onun dostluğa sədaqəti diqqətimdən yayınmayıb. Özündən öncə yoldaşını, dostunu düşünən bir insandır. Elçinlə Azərbaycan bölgələrini, eləcə də Borçalını qarış-qarış gəzmişəm. Hər bir səfərimizdə mən onu yenidən kəşf eləmişəm. Məni daha çox təsirləndirən birlikdə seyr etdiyimiz füsunkar təbiət mənzərələrini Elçin Hüseynbəylinin yüksək bədii zövqlə qələmə alması olub.
“Şah Abbas”romanını yazmağa hazırlaşarkən tez-tez görüşürdük. Hər dəfə də “Qağa, mən səninlə danışa-danışa romanımı yazıram” deməklə yazacağı romanlardan bəhs edərək məni xəyalən uzaq səyahətlərə aparırdı. Şah Abbas haqqında kifayət qədər bilgilərim olsa da, Elçin bu romanı ilə düşüncələrimdə öz qəhrəmanına abidə ucaltmış oldu...
Dostum-qardaşım, yazıçı-dramaturq Elçin Hüseynbəyliyə indən belə 100 il ağrısız, acısız ömür və yaradıcılıq uğurları arzulayıram.
Təfəkkürün kökdən, özün ruhdan düşməyəsən, əziz qardaşım!
“525-ci qəzet”, 23 dekabr 2008-ci il
YORUMLAR
Henüz yorum yapılmamış.