- 799 Okunma
- 1 Yorum
- 0 Beğeni
"Kimdi qələm çəkən, nə gözəl çəkir?!"
Elbəyi CƏLALOĞLU
"Kimdi qələm çəkən, nə gözəl çəkir?!"
Ta qədimdən üzü bəri bir-birindən gözəl şəhərlər salınıb, imarətlər yapılıb, körpülər qurulub, məbədlər tikilib, bağlar, salonlar, muzeylər yaradılıb. İnsan zəkasının qüdrətilə yaradılmış hər bir gözəlliyi seyr edəndə istər-istəməz şair M. İlqarın bir misrasını xatırlayıram: “Kimdi qələm çəkən, nə gözəl çəkir.”
Aktuallığını heç zaman itirməyən memarlıq sənətinin ulu bir tarixi var. Ən qədim sənətlərdən olan Memarlıq sənəti çox böyük məsuliyyət tələb edən, sambalına görə çətin və ağır olsa da şərəfli olduğuna görə hər kəsə qismət olmur.
Memarlıq sənətinin çətinliyini isə, yeni qurulan tikilinin ətrafın ahəngini pozmaması, estetik quruluşla harmoniya yaratması, eyni zamanda bədii zənginlik ifadəsi, milli özünəməxsusluğu və bununla da insanların zövqünü oxşaması meyarı ilə izah etmək olar.
Memar üzü ağ olar, üzünü ağartdığı şəhərlərin, qəsəbələrin, muzeylərin üzü kimi!
Memar özü gözəl olar, yaratdığı körpülərin, abidələrin, meydanların, limanların, ümumiyyətlə sənət incilərinin özü kimi!
Memar özü gözəl olar, lap Ömər Qoçulunun özü kimi!
Peyğəmbər üzlü, filosof təfəkkürlü, şair ilhamlı, rəssam gözlü, sinəsi sazlı, ürəyi sözlü, qəlbi qürurlu bir türk oğludur Ömər Qoçulu. Ağa-bəy nəslindən olan bu kişinin kübarlığı da elə buradan gəlir.
Ömər Qoçulu hələ gənc yaşlarında Bakı Kondisionerləri Zavodu, Azərbaycan AES, Gəncə Avtomobil Zavodu, Bakı və Quba Avtovağzalları, Bakı Zərgərlik Fabriki kimi nəhəng komplekslərin layihələrini hazırlayıb. Sonrakı illərdə Bakıda Qəzet-Nəşriyyat kompleksi, Şəhidlər Xiyabanı, “Səbail” dənizkənarı uşaq istirahət guşəsi, Fəvvarələr meydanı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Yaşıl Teatr, Bərdədə 1941-1945-ci illər müharibəsində həlak olmuş bərdəlilərin xatirə-abidə kompleksi, Qərvənddə Səadət Sarayı, Şəkidə aeroportun binası kimi sənət inciləri də yaradıb. Onu da deyim ki, Qəzet-Nəşriyyat kompleksi və “Səbail” dənizkənarı uşaq istirahət guşəsi SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına layiq görülüb. Bundan başqa, Ömər Qoçulu gənc yaşlarında “Gənc Memarların Yaradıcılığına Baxış” müsabiqəsinin laureatı adına layiq görülüb. Son dövrlərdə Bakı şəhərində aparılan abadlıq işləri və şəhərdə salınan saysız, hesabsız körpülərin layihəsinin müəllifi də məhz Ömər Qoçuludur. Bir sözlə Ömər Qoçulu estetik baxımdan Azərbaycanın və xüsusilə paytaxtımızın görünən simasıdır.
Azərbaycanın Əməkdar Memarı, Memarlıq Namizədi Ömər Qoçulunun rəssam zövqüylə səf-səf düzülmüş misraları, memar sərrastlığı ilə yazılmış sənədli nəsr əsərləri və saysız, hesabsız publisistik məqalələri diqqəti cəlb edən, könül oxşayandır. Ömər Qoçulunun şeirlərində Borçalı ədəbi mühiti açıq-aydın görsənir, çünki, özü də səlis saz çalmağı bacaran bu Borçalı türkü Borçalının tanınmış söz adamlarından olan Həsən Məcruhun nəvəsi olmaqla yanaşı, Aşıq Əmrah sazının laylasında böyümüş, Aşıq Hüseyn Saraçlı sənətinin sehrində nurlanmış, Aşıq Kamandar Əfəndiyev avazının qüdrətində əzəmətlənmişdi.
Hələ uşaq yaşlarımda ustad aşıq Kamandar Əfəndiyevin ifasında “baş sarıtel” havası üstündə dinlədiyim sözlərdən tanıyırdım Ömər müəllimi:
Əmrah dayı, götür sazı
Qoyma, boş qala barmaqlar.
Elımizi, obamızı,
Yadıma sala barmaqlar.
2007-ci ilin yayı idi. “Bu köç hara gedir?...” adlı kitabım çapa hazırlanırdı. Kitabın bədii tərtibatı məni düşündürürdü. Bu mənim ikinci kitabım idi, amma qeyd eləyim ki, ilk kitabım olan “Səninlə ilk görüşdə...” çapa gedərkən heç belə əl-ayağa düşməmişdim. Çox götür-qoydan sonra Ömər müəllimə müraciət eləmək həvəsinə düşdüm, amma şəxsi münasibətimiz olmadığından bir az tərəddüd elədim. Nəhayət, fikrimi kitabımın redaktoru Musa Nəboğluya dedidikdə, o, təşəbbüsümü bəyəndi və bir yerdə Ömər müəllimin yanına getdik...
Biz daxil olanda Ömər müəllim iş otağında təkcə oturmuşdu. Məndən yaşca böyük olsa da biz qapıdan içəri girəndə özünə məxsus bir səmimiyyətlə ayağa durdu, bizimlə görüşdü, kef-əhval tutduqdan sonra “deyəsən, mən bu gözəl oğlanı tanıyıram” dedi. Musa müəllim isə “Borçalımızın gənc yazarı - Elbəyi Cəlaloğludur” deyə vurğuladı. “Hə, deyirəm axı, hardasa görmüşəm” dedikdən sonra mənimlə yenidən hal-əhvallaşdı.
Səmimi söhbətlər əsnasında Ömər müəllimə, istəyimi bildirdim. O isə gülə-gülə:
-Promlem yoxdur, – dedi, - əlyazmalarından burada saxla, oxuyum, əgər mövzu məni tutsa, arzunu yerinə yetmiş hesab et.
Elə də elədim. Xudahafisləşib çıxdıq, amma, otağa qərib kimi girsəm də, çıxanda doğma kimi ayrıldıq. Bu Ömər müəllimin piraniliyindən və ustadlığından gələn bir məqam idi.
Aradan bir-neçə gün keçmişdi ki, zəng elədim. Köhnə dostlar kimi kef-əhval tutduqdan sonra, heç mən soruşmamış özü “əzizim, hər şey qaydasındadır, şeirlərin ürəyimə yatdı, yaxın günlərdə hazır olan kimi zəng edəcəm, gəlib götürərsən” dedi. Belə də oldu, mən ancaq üz qabığı üçün bədii tərtibat arzuladığım halda, Ömər müəllim bununla yanaşı kitabımın ayrı-ayrı fəsilləri üçün də doqquz ədəd illüstrasiya hazırlamışdı. Ön sözü yazan Xalq Şairi Zəlimxan Yaqub da, illüstrasiyaların müəllifi Ömər Qoçulu da bu kitaba böyük qayğı və sayğıyla yanaşdılar. 2007-ci il dekabrın 15-də hər iki ustadın və digər ziyalılarımızın iştirakı ilə yadda qalan təqdimat mərasimi – əsil ürfan məclisi təşkil elədik. Məni övlad kimi sevdikləri üçün hər iki ustada mənəvi övlad məhəbbətimi çatdırmağa çalışacam.
Hərdən böyükləri ziyarət eləmək adətim olduğundan, 2008-ci il fevralın 28-də əvvəlcədən telefon bağlantısı ilə şərtləşib Ömər müəllimin yanına getdim. Səmimi görüşdən sonra təzəcə yazdığı “Nənəmin nağılı” kitabı ilə maraqlandım. O, isə kitabın öz nəsil şəcərələri haqqında olduğunu deyərək bir nüsxəsini avtoqrafla mənə bağışladı. Halal-hümmət eyləyib çıxdım.
Evə gəldim. Axşam qarşımda bir stəkan çay masa arxasında oturmuşdum. Gördüm fürsətdi, götürüb kitabı vərəqlədim. Mövzu məni necə tutmuşdusa evdəkilər bir neçə dəfə təkidlə “çay soyuyur” dedilərsə məhəl qoymadan kitabı oxumağa davam edirdim. Bəli, kitabı oxuduqca İ. Şıxlının “Ölən dünyam” romanı gözümün qabağına gəldi. O gecə bu kitabı oxuyub başa vurdum və xüsusi bir ləzzət aldım. Təbii ki, belə qürurlu babası, atası və namuslu, ismətli nənəsi, anası olan kişi Ömər Qoçulu kimi olmalıydı.
Doğrudan da Ömər Qoçulunun təvazökarlıq edərək “nəsil-şəcərələrimiz haqqındadır” dediyi, əziz qardaşımız Rüstəm Kamalın da “Omaroğlunamə” adlandırdığı bu povesti professionallıq baxımından çox yüksək səviyyəli yazılmış, türk adət-ənənələrini, türk kişisinin iç üzünü, türk kişisinin qüdrətini, türk xanımlarının abır-ismətini və borçalıların əslində kim olduğunu özündə əks elətdirir. Əsəri oxuyarkən XIX-XX əsrlərdə rus şovinizminin borçalıların başına gətirdikləri ağlasığmazlıqlar bir daha göz önünə gətirilir, beləliklə də borçalıların “o tay” “bu tay” a bölünmə səbələri bir daha xatırlanır və oxucunu yaxın tarixə qaytarır.
Əziz dostlarımız – Şair Rəfail İncəyurt və şair Rövşən Nəsiboğlunun redaktorluğu ilə hazırlanmış bu kitab özünəməxsusluğu ilə də seçilir. Xüsusilə kitabın sonunda epiloq əvəzi verilmiş duvaqqapmada redaktorların qurduğu dialoq həm əsərə münasibət, həm də təəsüratların bölüşməsi ilə yekunlaşaraq, eyni zamanda Ömər Qoçulu yaradıcılığına qısa səyahətlə yadda qalır.
Lap uşaqlıqdan həmişə Ömər müəllimin arzusu ulu babası Omar ağaya oxşamaq olub. Bəli,
indi onu tanıyanlar, eləcə də oxucuları və bir memar kimi yaratdığı əsərləri seyr edənlər əmindirlər ki, Ömər müəllim ağayanalığilə, kübarlığilə, möhtəşəmliyilə xələfi Qara Omara oxşaya bildi. Eşq olsun bu qətiyyətə, bu prinsipiallığa!
Ömər müəllimə uzun ömür, sağlam can, xoşbəxtlik və yaradıcılığında uğurlar arzulayıram.
01.03.2008
“Ekspress” qəzeti,
QOÇULU
Azərbaycanın Əməkdar Memarı,
Memarlıq namizədi
Ömər Qoçulunu oxuyarkən
Tişəsilə qayaların köksünə,
Gül basdırdı, çiçək əkdi Qoçulu.
Yeddi rəngi yetmiş yeddi çalarda,
Dağa çəkdi, daşa çəkdi Qoçulu.
Telli sazın tellərində haqq gəzir,
El yolunda hər cəfaya müntəzir,
Həm memardı, həm rəssamdı, həm şair,
Göydən enmiş bir mələkdi Qoçulu.
Fırçasından Günəş doğar hər sabah,
Kağız cəbhə, qələm qılınc, söz silah,
Rəsmdəki gözəlliyə bax, Allah!
Sevgi dolu bir ürəkdi Qoçulu.
Yalan duysa oda dönər hər ahı.
Həm mömindi, həm mötəbər, həm dahi.
Daş dəyməsin ayağına, İlahi,
Hələ bizə çox gərəkdi Qoçulu.
Duyğusu var göylər kimi tər-təmiz,
Çalxalanır sinəsində bir dəniz.
Cəlaloğlu, çalış sən də qoy bir iz,
Bu qüdrətdə hələ təkdi Qoçulu.