- 716 Okunma
- 1 Yorum
- 0 Beğeni
Ömür qatarının tanrı vağzalı
Elbəyi CƏLALOĞLU
Ömür qatarının tanrı vağzalı
Dostum Musa Nəbioğlunun 50 illik yubileyinə
Arzuların məqsədə qovuşması üçün qılıncların qınlarından sıyırıldığı dövrlərdə Ulu Türk yurdu Borçalının Darvaz kəndi dünyaya Mehralı bəy kimi əvəz olunmaz qəhrəman bəxş elədi. Sonradan bu qarapapaq türkü qılıncının qəbzəsiylə məqsədinin qapısını döyüb, nurla dolu olan otaqlarına keçə bildi.
O dönəmlərdə qəhrəmanların məhdud coğrafi ərazisi varıydı, onlar məqsədə doğru gedən yolda atlarını dörd nala çapırdılar. Ancaq çağdaş dövrümüzdə texniki tərəqqi dünyanın başlanğıc və son nöqtələrini o qədər yaxınlaşdırıb ki, qələm qəhrəmanlarını bütün bəşəriyyət tanıyır. Yəni bu gün qılıncı qələm və söz əvəz edir, sanki günümüzdə ziyalı ömrünün mənəvi qatarı şütüyür.
Keçmişdə Mehralı bəylə tanınan və məşhurlaşan Darvaz kəndi bu gündə özünün dəyərli ziyalıları ilə yaddaşlara yazılır. Həmin kənddə doğulub boya-başa çatmış dostum, Borçalı Qarapapaq türkü, gözəl ziyalı Musa Nəbioğlu haqqındakı düşüncələrim güman edirəm ki, Sizlərin də zövqlərinizi oxşaya biləcək. Özümə dost bildiyim, ürəkdolusu dost dediyim hər kəsi iç dünyamın əvəzolunmaz sakini sayıram, onu sevməyi mən özümə borc bilirəm. Çünki dost dostun şad günlərinin yaraşığı, dar günlərinin isə mənəvi dayağıdır.
Musa müəllim gözəl jurnalist, əsil söz adamıdır. Onun hər yazılmış məqaləyə, əsərə, şeirə xüsusi münasibəti var və təhlil etməyi yaxşı bacarır. Bu yerdə yadıma tənqidçi alim, əziz dostum Rüstəm Kamalın dilindən eşitdiyim bir sözü düşür: “Şairi anlayan və onunla dialoqa girə bilən kəsin özü elə şairdir”.
Musa müəllim Azərbaycan və Gürcüstanda türkcə nəşr olunan bir çox qəzetlərdə müxtəlif mövzulara həsr olunmuş məqalələrlə çıxış etmişdir. Onun 1980–ci illərdə Gürcüstan radiosunun “Azərbaycan dilində verlişlər” redaksiyasında çalışması və mətbuatla sıx əlaqadə olması dünya siyasəti, eləcə də ədəbiyyat, incəsənət və mədəniyyət sahasində kifayət qədər bilgilər əldə etməsinə səbəb olmuşdur. Vətən, millət, xalq təəssübkeşi olan Musa müəllim eyni zamanda “Ulu Körpü” qəzetinin baş redaktoru, təsisçisidir. Yubiliyarın öz işinə məsuliyyətlə yanaşması Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun da diqqətini cəlb etmiş və yaxın gələcəkdə nəşrə başlayacaq Azərbaycan Aşıqlar Birliyinin “Ozan dünyası” qəzetinin baş redaktorluğunu Musa müəllimə həvalə etmişdir. Dilimizin qrammatikasını və ədəbiyyatı yaxşı bildiyinə görə bir çox kitabların redaktoru kimi də çıxış edən Musa müəllim eyni zamanda bu sətirlərin müəllifinin “Bu köç hara gedir..?” kitabının da redaktorudur.
Musa müəllimlə bir neçə dəfə yol yoldaşı olmuşam. Xalq şairi Zəlimxan Yaqubun təbirincə desək, insan yol yoldaşı olduqda tez tanınır, ayıbları varsa üzə çıxır. Lakin mən Musa müəllimdə heç bir ayıb görmədim. Onunla söhbətləşmək əsla yorğunluq gətirmir, məsləhətçil adamdır. Musa müəllım həm də gözəl ailə başçısıdır. Yüksək əxlaq və tərbiyə mənimsəmiş iki oğul atasıdır. Böyük oğlu Elşadın doğum günündə təşkil etdiyi kiçik şadyanalıq məclisində oğluna xitabən dediyi “el içində həmişə başı yuxarı gəzə bilərsiniz, çünki, ömrüm boyu heç kimin toyuğuna daş atmadım” kəlmələri həm övladlarına nəsihəti, həm də səmimiyyətindən və saflığından xəbər verən məqam idi.
Ömrü şərəflə yaşamaq hər kəsə qismət olmur. Musa müəllimin isə dost-tanış yanında hörməti və nüfuzu kifayət qədərdir, onu tanıyanların əksəriyyətinin bunu etiraf etməsinə zərrə qədər də şübhəm yoxdur. Dekabrın 26-sında dostum Musa Nəbioğlunun 50 yaşı tamam olur.
Aşağıda yazacağım fikrimlə dostumu kövrəltmək istəməsəm də, deməliyəm: 50 yaş gəncliyin qocalığı, qocalığın isə cavanlığıdır. Yəni bir əsrin yarısını başa vurmaq müdriklik dövrünün başlanğıcı sayılmalıdır. Musa müəllim mənalı bir ömür yaşadığını yubleyinə hədiyyə etdiyi “Ömrümüzdən keçən qatar” kitabı ilə də təsdiq etmişdir.
Lakin Musa müəllim kitabına bu adı versə də, onun ömür qatarı hələ keçib getməyib, öz xətti üzrə təbii sürətiylə hərəkətdədir. Bu qatar həm də onun öz xüsusiyyətinə uyğun, relsdən kənara çıxmadan məqsədə doğru yürüyür. Məqsədsə bütün ürfan əhlinin yetişdiyi “tanrı vağzalı”dır.
Mən çox İnanıram ki, Musa müəllim hələ neçə-neçə kitablara redaktor, çoxsaylı məqalələrə müəllif olacaq. Ona görə də, əziz dostum Musa Nəbioğluna Uca Tanrıdan xöşbəxtlik, bəxtiyarlıq və həyatda müvəffəqiyyətlər arzulayıram. Ürəyin arzudan, əlin işdən soyumasın Musa müəllım.
16.12.2008
“Türküstsn” qəzeti
21-27.12.2008