- 592 Okunma
- 0 Yorum
- 0 Beğeni
Borçalıda Novruz şölənləri
Elbəyi CƏLALOĞLU
Borçalıda Novruz şölənləri
Muxran çökəkliyində indiyədək görünməmiş bayram sevincləri yaşandı
Mart ayının 19-da Gürcüstanın Muxran çökəkliyində Novruz şənliklərini soydaşlarımızla birlikdə qeyd etmək üçün maşın karvanımız Bakıdan bir gün əvvəl oraya yola düşdü. Muxran çökəkliyinə yetişəndə ətraf bölgələrdən də adamlarla dolu 10-dan çox minik maşını bizə qoşuldu. Qeyd edim ki, bu möhtəşəm tədbirin təşkilatçısı “Borçalı” İctimai Cəmiyyəti və qurumun sədri Zəlimxan Məmmədli idi. Tədbirə dəvət almış bir qrup jurnalistlə birlikdə bizi Ferma kəndində Azərbaycanın AzTV, İTV və ATV televiziya şirkətlərinin Gürcüstan bürosunun çəkiliş qrupları qarşıladılar. Kənd məktəbinin qarşısında çox da böyük olmayan bir izdiham vardı. Lakin qara zurnanın və Aşıq Mirzənin sazının səsi, eləcə də “Nənəm, nənəm”, “Ay xalam qızı, oyna”, “Gürcüstan oğlanları” mahnılarının bəstəkarı və ilk ifaçısı mənəm,- deyən yerli müğənni Eldar Kaspilinin şux nəğmələri tədricən bura axışanların sayını artırdı. Yerli sakinlər gözdən bir qədər uzaq olan Muxran bölgəsində belə tədbirlərin heç zaman olmadığını dedilər. Yeri gəlmişkən qeyd edim ki, Muxran çökəkliyindəki Azərbaycan türkləri yaşayan kənd məktəblərində dərslərin təkcə gürcü dilində tədris olunması bizdə təəssüf hissi doğurdu. Yalnız Sixisdziri (Çömbərli-Qarahəsənli), kəndində həmin kənd məktəbinin müəllimi və “Varlıq” qəzetinin müxbiri Cambul Məmmədli məktəblilərə dərsdənkənar - fakültativ Azərbaycan dilini tədris edir. Ancaq düşünürəm ki, Gürcüstan hökuməti məktəblilərə öz ata dilində (nədənsə, “ana dili” ifadəsinə heç qanım qaynamır) dərs keçilməsinə yüksək səviyyədə şərait yaratmağa borcludur. Bu həm də demokratiya yolunda mühüm bir addım və dövlət başçısının başucalığı olardı.
Adını çəkdiyimiz bölgədə “Novruz bayramı” hər il ev-ailə çevrəsində qeyd olunsa da, bu cür tədbir və konsertlərin şahidi olmadıqlarını qeyd edən sakinlərin üzlərindəki məmnunluq ifadəsini asanca görmək olurdu. Bu binagüzarlıq Novruz bayramının növbəti illər üçün də təntənəli keçirdilməsinə bir stimul idi, - desəm yəqin ki, yanılmaram. İştirakçılara bukletləri paylayıb, uşaqları “Borçalı” İctimai Cəmiyətinin hədiyyələri ilə sevindirdikdən və bayramın rəmzi olan xonçanı məktəb direktoruna təqdim etdikdən sonra kənd məscidinə yollandıq və cəmiyyətin gətirdiyi qurbanlığı orada yerli axunda kəsdirərək əhaliyə paylanmasını xahiş etdik.
Baş çəkəcəyimiz kəndlərin sayı çox olduğundan yubanmamağa çalışdıq. Beləcə Qarabağlar, Saqadagiano (Tatuşağı), Oslar, Sixisdziri (Qalaaltı) və digər kəndlərdə də bu cür şənliklərdə eyni qaydada iştirak və çıxışlar edərək Xidiskuri (Körpüqulağı) kəndinə getdik. Bu kənddə izdiham böyük idi, belə ki, ətraf kəndlərdən də bura axışanların sayı-hesabı yox idi. Şair Osman Əhmədoğlunun aparıcılıq etdiyi bu tədbirdə ilk çıxış edən Kaspi rayonunun qamqebelisi (icra hakimiyətinin başçısı) Qaxaber Xaçeraşvili oldu. O, kənd camaatını bayram münasibətilə təbrik etdikdən sonra söz Zəlimxan Məmmədliyə verildi. Şida-Kartli (İç Gürcüstan) bölgəsinin qubernatoruna salamlarını və bayram tədbirinin keçirilməsinə yüksək dəyər verdiyinə görə ona təşəkkürünü ismarlayan “Borçalı” İctimai Cəmiyyətinin sədri çıxışını bitirdikdən sonra icra başçısına xatirə hədiyyəsini təqdim etdi. Bundan sonra şair Səadət Buta, bəndəniz – bu sətirlərin müəllifi, şairlər Gülzar İbrahimova, Sənəm Səbayel və digər çıxışçılar öz arzularını iştirakçılara çatdırdı. Bayram tonqalı qalandı və meydan axşama qədər davam edən çeşidli musiqiyə verildi.
Tədbir martın 20-də Qardabani rayonunun Ağ Təhlə kəndində, sabahı gün isə Marneuli şəhərində davam etdirildi. Rayon mərkəzinə on mindən çox insan axışmışdı. Tədbirdə Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze və qubernator müavini Hüseyn Yusifov, eləcə də Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Şövqi Mehdizadə, səfirliyin mədəniyyət atteşesi Fəxri Hacıyev və digər rəsmi şəxslər iştirak edirdilər. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Qənirə xanım Paşayeva və millət vəkili xanım Həvva Məmmədova da tədbirdə iştirak etdilər. Tədbirdə Gürcüstan prezidenti Mixail Saakaşvili xalqa öz təbrikini Azərbaycan türkcəsində ünvanladıqdan sonra, Azərbaycan prezidenti İlham Əliyevi və bütün azərbaycanlıları da Novruz bayramı münasibətilə təbrik etdi. Ölkə prezidenti bu bayramın hər il dövlət bayramı olaraq qeyd olunacağını və orta məktəbi Azərbaycan dilində bitirən vətəndaşların ali məktəblərə qəbulunun asanlaşdırılacağını söylədi. Gürcüstanda, xüsusilə də ölkənin azərbaycanlılar yaşayan bölgələrində vətəndaşların rifahının yüksəldilməsinə bir qədər nail olunduğundan danışan və “Gürcüstan tək bir millətin yox, buranın vətəndaşı olan hər bir azərbaycanlının, abxazın, osetinin dövlətidir” deyən ölkə prezidenti eyni zamanda dar gündə köməyini Gürcüstandan əsirgəmədiyinə görə Azərbaycana təşəkkür etdi. Mixail Saakaşvili çıxış sözünü sona çatdırdıqdan sonra, jurnalist kimi fəaliyyət göstərdiyi vaxtlarda Azərbaycanla birlikdə Gürcüstanın da maraqlarını qoruduğuna görə deputat Qənirə Paşayevaya Gürcüstanın “fəxri vətəndaşı” adını verdi.
Günün ikinci yarısı “Borçalı” İctimai Cəmiyyəti və bir qrup dövlət təmsilçiləri Marneuli rayonunun İmir kəndində xeyriyyəçi Hacı Fəxrəddin Həsənoğlu və onun oğlu Etibar tərəfindən inşa edilmiş “Məhəmməd” məscidinin açılışında iştirak etdilər. Mərasimdə Kvemo-Kartli bölgəsinin qubernator müavini Hüseyn Yusifov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Məşədi Əli Əliyev də iştirak edirdilər.
Bundan sonra karvanımız Bolnisi rayonunun Faxralı kəndində dayandı. Bayram tədbiri təmtəraqlı keçdi və axşamüstü maraqlı bir səhnə hamının diqqətini çəkdi. Faxralı kəndini əhatəsinə alan uca dağların zirvəsində saysız-hesabsız tonqallar qalanmışdı. Bir tərəfdə isə ayrıca məna kəsb etdiyindənmi, yoxsa təsadüfdənmi bilmirəm, bir, üç və yeddi tonqal daha diqqət çəkən idi. Zəlimxan Məmmədlinin təbirincə desək, bir tonqal mövcud problemin, üç tonqal ümidin, yeddi tonqal isə qələbənin göstəricisidir.
Qeyd etmək istəyirəm ki, əsası 1905-ci ildən qoyulmuş Faxralı məscidinin bərpasını bir qrup keşişin 16 sentyabr 2009-cu il tarixindən əngəllədiyi bizə mətbuatdan məlumdur. Mövcud problemin indiyədək həllini tapmaması yerli camaatın ciddi narahatçılığına səbəb olub.
Beləcə, Faxralı kəndində keçirilən görüş-konsert “Borçalı” İctimai Cəmiyyətinin təşkil etdiyi axırıncı bayram tədbiri oldu. Yeri gəlmişkən “Borçalı” İctimai Cəmiyyəti karvanımıza qoşulmuş jurnalistlərə, tədbirlərimizi lentə alan çəkiliş qruplarına və dəstəmizə qoşulmuş hər bir kəsə minnətdarlığını bildirir.
Bolnisidə “xaç yağmuru”
İlahi, elə bil ki, Bolnisi rayonunda nəhəng bir diyircəkli yastıq dağılıb, ancaq içindən diyircəklər əvəzinə “xaç”lar tökülüb. Mən martın 21-i və 23-də Bolnisiyə səfər etdiyim zaman bu şovinistliyin (məncə, bunun başqa adı yoxdur) şahidi oldum. Maraqlıdır, yerli sakinlərin imanı ilə mezalyans təşkil edən xaçları yeri gəldi-gəlmədi addımbaşı yol qırağına, təpələrin başına sancan xristian diletantları və ya psevdoxristianlar (hələ əlçatmaz dağlardakı nəhəng xaçların elektrik işığı ilə bəzədilməsini, elektrikin oraya necə çəkilməsini demirəm) Həzrəti İsaya və “xaç”ın özünə xəyanət etdiklərini və xristianlığın bu bölgələrdə eramızın VIII əsrində iflasa uğradığını bilirlərmi? Tarixdən məlumdur ki, VII yüzilliyin sonlarında Borçalıda möhkəmlənən müsəlman Xilafət ordusu Qərbə doğru fəthlərini davam etdirirdilər. 697-ci ildə abxaz hakimi, Xəzər xaqanının qızının oğlu Leon Bizans ağalığına qarşı üsyan qaldıraraq, kömək üçün müsəlmanlara müraciət etdi. Nəticədə indiki Gürcüstanın qərb hissəsi də Xilafətə qatıldı. VIII əsrin 30-cu illərində isə bütün Azərbaycanda olduğu kimi Borçalı əhalisinin əksəriyyəti nəinki İslam dinini qəbul etmiş, hətta Cənubi Qafqazda ilk müsəlman məbədi sayıla biləcək Tiflis məscidini inşa etmişdilər. Bu da fakt. Bu “xaç yağmuru” isə yaxın bir adamı rəhmətə getmiş birisinin pessimistliyə qapılıb aylarla boş-mənasız ağlamağına bənzəyir. Lakin bir dənə də olsun nə xristianlar, nə də müsəlmanlar yaşayan kəndlərdə “aypara-ulduz” asılmayıb. Çünki, müsəlmançılığın rəmzi olan “aypara-ulduz”un müqəddəsliyi göz bəbəyi kimi qorunur.
“Varlıq”a “darlıq” haradan gəldi?
Novruz bayramı tədbirlərində Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri şair Rafiq Hümmət də bir qrup həmkarları və dostları ilə bizə qoşulmuşdu. Təfsilatına dəqiqliyi ilə varmasam da bir ağrılı məsələni qeyd etmək istəyirəm. 2009-cu il avqustun 21-də Tiflisdə Rafiq Hümmətdən aldığım müsahibəni “borchali.net” saytı vasitəsilə diqqətinizə çatdırmışdım. Həmin müsahibədən bir məqamı xatırlatmaq istəyirəm:
“- Rafiq bəy, “Varlıq” Mədəniyyət Mərkəzinin açılmasına necə nail oldunuz?
- Mərkəz Azərbaycan Parlamentinin üzvü Gültəkin xanım Hacıbəylinin təşəbbüsü, dəstəyi və Gürcüstanda Azərbaycan səfirliyinin gərgin əməyi sayəsində yarandı. Bu işdə səfirliyimizə və Gültəkin xanıma xüsusi minnətdarlığımı bildirirəm. Mərkəz eyni zamanda “Varlıq” qəzetinin də təsisçisidir.”
Bunu nəyə görə xatırlatmağımın məğzində o durur ki, bu gün “Varlıq” qəzeti maliyyə problemi ucbatından çap oluna bilmir. İnsanları ədəbi düşüncənin inkişafına, mədəni yüksəlişə, özünüdərkə səsləyən, Azərbaycan və Gürcüstanın ədəbi-mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən, regionda və dünyada gedən siyasi prosesin və iqdisadi qaynaşmanın gerçəklilklərinə güzgü tutmağı bacaran bir qəzetin çap oluna bilməməsi və ya onun dəstəklənilməməsi ovqat-təlxliyimizə səbəb oldu. Gültəkin xanım ölkəmizin parlamentinin üzvü olaraq qalır, səfirlik də həmin səfirlikdir və adı çəkilən qəzetin dərc olunmasına yenə də çalışır. Heç nəyin dəyişmədiyi halda “Varlıq”a “darlıq” haradan gəldi?
Rafiq Hümmət vaxtilə Bakıda mətbuat orqanlarında işləyib püxtələşmiş, təcrübəli jurnalist, dəyərli şairdir. O, həm də Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri olaraq əzmkarlığını da göstərə bilib. Rafiq Hümmətlə bir neçə dəfə söhbətləşdiyimdən düşüncəsinə, təfəkkürünə yaxşı bələdəm və ona bir ziyalı kimi hörmətim əvəzsizdir. Bunu yerli ziyalılar da “Rafiq Hümmətin “Varlıq” qəzeti çap olunmağa başlayalı digər qəzetlər də yaxşılığa doğru dəyişməyə, öz neqativliklərini düzəltməyə başladılar” deyə təsdiq edirlər. Mənim heç kəsin bostanına daş atmaq fikrim yoxdur, lakin “Varlıq” qəzetinin maliyyə problemi yaşamasına təəssüf edirəm.
Bakı-Muxran-Bolnisi-Bakı, 24 mart 2010-cu il
“Millətim” qəzeti, 15 aprel 2010-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.