- 994 Okunma
- 0 Yorum
- 0 Beğeni
Vətən küçəsinə yağan yaz yağmuru
Elbəyi CƏLALOĞLU
Vətən küçəsinə yağan yaz yağmuru
və ya Səlim Babullaoğlunun “İlyas Göçmənin şəkil dəftəri” kitabı barədə düşüncələrim
Bu səhər sübhdən yuxudan oyandım və adətim üzrə durub pəncərəyə yaxınlaşdım. Əvvəlcə idman etmək üçün həyətə enmək istədim, ancaq havanın əlverişli olmadığını görüb fikirimdən daşındm. Əl-üzümü yuyub mətbəxə keçdim, çayniki qazın üstünə qoyandan sonra yenidən pəncərə qarşısında dayandım. Əvvəlcə həyətdəki yamyaşıl şam ağacları, ağacların arxaslnda gizlənən, yalnız damları görünən evlər diqqətimi çəkdi. Seyr etdiyim bu mənzərənin o tərəfindəsə səssiz dayanmış Xəzər dənizi və dənizdə lövbər salaraq limana yaxınlaşmaq üçün növbə gözləyən yük gəmiləri, eləcə də sanki dənizin içinə doğru uzanan dağ silsiləsinin yaratdığı canlı rəsm məni düşündürməyə başladı. Nədənsə fotoşəkilə bənzəyən bu mənzərəni qələmə almaq istədim. Lakin birdən şəkillərdəki görüntüləri qələmə almaq üslubunun şair dostum Səlim Babullaoğluna məxsus olduğu yadıma düşdü.
Canlı təbiət hadisələrinin təsviri zaman-zaman poeziyamızda və nəsrimizdə öz əksini tapmasına rəğmən, fotoşəkillərin misralarla təsvirini ilk dəfə gənc şair Səlim Babullaoğlu təcrübədən keçirib. Mənim fikirimcə, o, bu innovasiyaya yüksək səviyyədə nail olmağı da bacarıb. Elə bu fikirlə kirayənişin olduğum mənzilin o biri başına – üstü sonradan örtülmüş balkona keçib orada yığdığım kitabların arasından Səlim Babullaoğlunun avtoqrafla mənə bağışladığı “İlyas Göçmənin şəkil dəftəri” kitabını tapdım...
“İlyas Göçmənin şəkil dəftəri”nin üz qabığı daha çox şəkil albomuna bənzəyir, yəqin ki, bu təsadüf deyil. Kitabın üz qabığının tərtibatı İlyas Göçmənin çəkdiyi fotolardan ibarətdir, lakin kitabın arxasında Səlimin çağdaş poeziyamızın çərçivəsindən çıxmış fotosu da yerləşdirilib. Bu ifadəni elə-belə işlətmədim, çünki ədəbiyyatımızda uğurlu yeni üslub yaratmış yazar yaxşı mənada çərçivədən çıxmış hesab oluna bilər. Bu münasibətlə şair dostumu təbrik edirəm!..
“İlyas Göçmənin şəkil dəftəri” kitabının birinci səhifəsini açıram, müəllifin “Təsvirə ithaf” şeirilə qarşılaşıram. Kitabboyu sol səhifədə foto şəkil, sağ səhifədə isə müəllifin həmin şəkilə aid olan şeiri yerləşdirilib. “Təsvirə ithaf” şeiri demək olar ki, foto şəkilin uğurlu təsviridir. Buna əmin olduqdan sonra, növbəti səhifəyə keçərkən fotonun üzünü bağladıqdan sonra şeiri oxuyacağım qənaətinə gəldim. Burada məqsədim şeirin yaratdığı təsəvvürlə foto şəkildəki gerçəkliyin üst-üstə düşməsinin nə qədər real olduğunu yoxlamaq idi. Belə də etdim. Müəllifin “Əlində çörək evinə qayıdan uşağın demədikləri...” şeirini oxuduqca göz önündə ehtiyac ucbatından çöllərə düşmüş əlində çörəklər tutan uşaq obrzı dayanır. Bu uşaq dükandan, limandan, çarşıdan, dərzidən qovulsa da çörəyə olan ehtiyacı onu bu nemətin dalınca qaçmağa məcbur edir. Müəllif eyni zamanda bu cür situasiyanın mifologiyasına baş vurur və onun fəlsəfəsini də açır:
...nənəm deyirdi ki, ona deyiblər
deyirlər nə vaxtsa hətta cənnətdən,
hər yerdən, hər yerdən məni qovdular...
Bu şeir oxucunu bütünlüklə düşüncəyə qapdırır, belə ki, çörək pulu qazanmaq problem olaraq uşaqlıqdan ömrün sonuna qədər hər bir insanı düşündürür. O, bütün yaş hədlərində öz mahiyyətini dəyişməsə də, insanın tutduğu mövqeyə və düşdüyü mühitə görə yalnız rəngini dəyişə bilər. Daha doğrusu, bu mövzu yaşamaqda olan insan üçün daim aktualdır. Nə isə, şeirin təəssüratından ayrılıb, bəlkə də bu, şairin öz interpretasiyası çərçivəsində şəkili izah etməsidir, deyə düşünürəm. Lakin sonra foto şəkilə diqqətlə baxıram və burada Səlimin yazdıqlarından başqa heç bir şeyi düşünmək mümkün olmadığı qənaətinə gəlirəm.
Səlim Babullaoğlunun bu kitabdakı şeirlərinin əksəriyyəti bu dərəcədə aydın təsvirlərlə əhatə olunub. Lakin müəlifin “Ayasofya qazisinin fotoqrafa söylədiklərini külək ətrafdakılara da eşitdirmişdi” başlıqlı şeiri barədə danışmaya bilmədim. Şeir “Həyata bir az qara eynək arxasından baxmaq lazımdı” misrası ilə başlanır. Qara eynək həm də gecəyə işarədir. Övliyaların təfsirinə görə, insan üçün gecə enerjinin toplanmasına, gündüz isə yığılan enerjinin xərclənməsinə xidmət edir. Həmin şeirdə isə Ayasofya qazisinin qara eynək arxasından həyat fəlsəfəsini, eləcə də müharibənin törətdiyi fəsadları və bundan doğan fanilik düşüncəsini çox güclü enerji ilə fotoqrafa danışdığının şahidi oluruq. Bu, əvvəlcə oxucunu təəccübləndirsə də, şeirin sonunda qazinin gecə-gündüz enerji toplamaqda olduğunu müəyyən edirik, yəni qazi müharibə zamanı gözdən əlil olduğundan onun üçün gecə və ya gündüzün fərqi yox imiş:
Davadan sonra onsuz da nə üçün dava etdiyini anlamırsan.
Mən əvvəl həyatdan, günəşdən gizlənirdim, İlyas.
İndi isə dava görmüş adamın kor gözlərini gizlədir qara eynəklər...
Səlim Babullaoğlunun “Adana camesindəki daş yonan kitabənin birində bu sözləri yazmağı düşünürdü” şeiri də özünəməxsusluğu ilə digərlərindən geri qalmır. Əvvəlcə qeyd etmək istəyirəm ki, şeirin başlığındakı “daş yonan” ifadəsi yəqin ki, ya “daşyonan”, ya da “daş yonan usta və ya adam” kimi işlədilməliydi. Şeirə gəldikdə isə daş yonan ustanın kitabəyə yazmaq istədikləri bir sufi düşüncəsinin məhsuludur. Fotoşəkilin bu cür poetik dillə təsvir olunması təbii ki, müəllifin təsəvvüf fəlsəfəsinə yaxşı bələd olmasından xəbər verir. Məsələn:
Bir-birinizə atmağı düşündüyünüz daşları qarşıma tullayın,
mən onlardan qələmdan yonaram,
içinə də sevgi dolu sözlərin gizləndiyi qələmlər qoyaram.
və ya
Daşı təkcə ətəyinizdən deyil,
ürəyinizdən də töküb atın!
Həmin kitabda eyni fikirləri biz “Ev qızından “Feşn” maqazinə eksklüziv” şeirində də oxuyuruq. Müəllif bu şeirdə paltarların daha çox bədəni gizlətmək üçün mövcud olduğundan bəhs edərək yazır:
...Mən onları günaşırı yuyub ipdən asıram, mən onlara bələdəm.
Bəs, görəsən köynəyimizin və sol döşümüzün altında gizlənən,
hər gün litrlərlə qan içən ürəyimizdən keçən pis niyyətlər nə olsun?
Onları kim, necə, harada və hansı sabunla yusun?...
Bu mövzu yeni olmasa da, ona şair Səlim Babullaoğlunun öz yanaşması var. Çünki təsəvvüf fəlsəfəsi insanın Allaha qovuşması üçün ona ürəyini pisliklərdən təmizləməsini ilkin şərt olaraq təlqin edir. Təbii ki, bu nailiyyətin arxasında elm, ədəb və vicdan dayanır. Sufizmə görə, ürək pisliklərdən azad olunarsa Allah könüldə təcəlla edər və insan nurlanar.
Ümumiyyətlə, Səlim Babullaoğlunun şeirlərində misralar ehtişamlı ifadələrdən uzaq olmaqla yanaşı, metaforani da özünə yaxın buraxmır. Bəlkə də, sözlər tamamilə avtologik qaydada işlədilir, desək daha düzgün olar və bu cür yaradıcılıq nümunələri demək olar ki, oxucunu yormur. Lakin Səlimin işlətdiyi ifadələrdən fərqli olaraq, metafora daha çox onun söylədiyi fikirlərin alt qatındadır. Belə ki, “İlyas Göçmənin şəkil dəftəri” kitabındakı şeirləri oxuduqca fotoşəkillərin aydın təsvirinin şahidi olmaqla yanaşı, həm də oxucu deyimlərin altında başqa düşüncələrə, fəlsəfəyə də qapılır. Bu fikrimizə nümunə kimi “Yaz yağmuru altındakı saksafon” şeirindən bir parçaya baxmaq kifayət edər:
...amma heç ayaq izi əbədi qalan birisini gördünüzmü?
Bu gün sanki yalnız bu Vətən küçəsinə yağan
və Vətən küçəsinin yalnız üstünü isladıb
bununla da altının, altında yatanların
daha qiymətli olduğunu başa salan
yaz yağmuru daha nələri anladır bizə?..
Bu cür fikirləri Səlim Babullaoğlunun “İlyas Göçmənin şəkil dəftəri” kitabında yazmış olduğu hər bir şeir haqqında söyləmək olar, amma yetər ki, adını çəkdiyimiz kitabı götürüb oxuyasınız və mənim fikirlərimdən də ötə bir qənaətə gələsiniz.
Bakı, 27 aprel 2011-ci il
“Kaspi” qəzeti, 28-30 may 2011-ci il
YORUMLAR
Henüz yorum yapılmamış.