- 707 Okunma
- 0 Yorum
- 0 Beğeni
Saz aləminin sönməyən çırağı - Aşıq Əmrah
Elbəyi CƏLALOĞLU
Saz aləminin sönməyən çırağı - Aşıq Əmrah
Böyük ustadın 100 illik yubileyindən qısa qeydlər
Martın 10-da Tiflis şəhərinin “Rustaveli” teatrında görkəmli ustad sənətkar Aşıq Əmrah Gülməmmədovun 100 illik yubileyi təntənəli surətdə qeyd olundu. Yubiley mərasimində iştirak etmək üçün Azərbaycanın bir qrup ziyalıları ilə birlikdə Borçalıya yola düşdük.
Tədbirdən bir gün əvvəl Marneuli rayon mərkəzində Azərbaycandan gedən ziyalıların Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze ilə görüşündə Aşıq Əmrahın xatirəsini əbədiləşdirmək üçün qoyulacaq büstün yeri müəyyənləşdirildi. Xalq şairi Zəlimxan Yaqubun həmin abidədə Borçalının digər ustad aşıqlarının barelyefləri və ornamentlərlə bəzədilməsi təklifini bölgə qubernatoru razılıqla qarşıladı. Bu layihənin hazırlanması Azərbaycanın əməkdar memari, memarlıq namizədi Ömər Qoçuluya həvalə olundu.
Günorta vaxtı Tiflis şəhərinə yola düşdük. Tədbir saat 17-00-da başlayacaqdı. Rustaveli teatrının qarşısında canlanma müşahidə olunurdu. Tədbirin başlıca özəlliyi onun ölkə rəhbərliyinin qərarı ilə respublikanın paytaxtında keçirilməsi idi. Bu Gürcüstan hökumətinin Borçalı türklərinə ayırdığı diqqət idi.
Tədbiri Borçalı Aşıqlar Birliyinin sədri şair Osman Əhmədoğlu açıq elan edərək ilk sözü Marneuli rayon İcra Hakimiyyəti başçısının müavini Hüseyn Yüsifova verdi.
Tədbirdə Tiflisdə fəaliyyət göstərən Gənclər Təşəbbüs Qrupunun hazırladığı “Aşıq Əmrahın həyat və yaradıcılığı”ndan bəhs edən film nümayiş etdirildi. Filmdən sonra Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Azərbaycan Milli Məclisinin üzvləri Gültəkin Hacıbəyli, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva, Musa Quliyev, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Dövlət Neft Şirkətinin meneceri Arif Əliyev və başqaları çıxış edərək Aşıq Əmrahın sənətkarlıq qüdrətindən danışdılar.
Bölgə qubernatoru David Kirkitadze Marneuli şəhərindəki parkların birinin Aşıq Əmrahın adını daşıyacığını bəyan etdi.
Millət vəkili Qənirə Paşayeva yubileyi təşkil etdiklərinə görə ölkə rəhbərliyinə minnətdırlığını bildirdikdən sonra, Kvemo-Kartli qubernatoruna və Marneuli rayon rəhbərliyinə hədiyyə olaraq “Qarabağ xanəndələri” toplusunu, xalq şairi Zəlimxan Yaqubun təzəcə işıq üzü görmüş “Peyğəmbər” kitabını və saz təqdim etdi.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, səfirliyin əməkdaşları, Gürcüstan prezidentinin milli azlıqlar üzrə müşavirləri Mübariz Qarayev, Tamar Kintsuraşvili, TİKA-nın Gürcüstan bürosunun rəhbəri Aytəkin Ayden, Gürcüstanın Reinteqrasiya nazirinin müşaviri Savalan Mirzəyev, Azərbaycandan gələn qonaqlar, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Rustavi, Kaspi, Msxeta, Zalqa rayonlarından gəlmiş azərbaycanlı ziyalılar və görkəmli aşığın ailə üzvləri iştirak etdilər. Tədbirin vaxtı məhdud (cəmi iki saat yarım vaxt ayrılmışdı) olduğundan bir sıra qonaqların söz demək, aşıqların isə ifa etmək imkanı olmasa da, bəzi aşıqlar dinlənildi. Aşıq Əmrahın sazı rəmzi olaraq istedadlı gənc aşıq Ramin Kamandara təqdim olundu.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov tədbir iştirakçılarına Kvemo-Kartli qubernatorunun xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyini Tiflis şəhərində keçirmək arzusunun olduğunu bildirdi.
Tədbirdən sonra şəhərin dilbər guşələrindən birində qonaqların şərəfinə ziyafət verildi.
“Saz dilində söz öyrətdi cahana”
Məlumat üçün bildirək ki, Aşıq Əmrah Gülməmmədov XX əsrdə Borçalıda yaşayıb-yaratmış qüdrətli saz ustası, aşıq sənətinin korifeylərindən biridir. O, aşığa xas olan bütün komponentləri, o cümlədən saz çalmaq, qoşmalar qoşmaq, mahnılar oxumaq, dastanlar danışmaq qabiliyyətini göstərməklə kamil sənətkar kimi özünü təsdiq etdi. Yaradıcılığının lokal təsvirləri ilə kifayətlənməyən ustad, yaddaşlarda saz havalarını yeni xallar və güllərlə cilalandırmaqla, eləcə də özünün yaratdığı bir-birindən gözəl saz havaları ilə qalıb. O, yaratdığı yeni saz havaları ilə aşıq idrakının bəsirət qatlarını nümayiş etdirə bildi, sazın əbədilik simfoniyasını yaratdı. Onun saz aləmində yandırdığı, bu günə qədər də sönməyən çıraq bu fikrimin silqətinə şahidlik edir. Aşıq Əmrah aşıqlığın kamillik mərtəbəsini öz varlığı və orijinal yaradıcılığı ilə fəth etdi. Böyük ustad saz havalarına özünə məxsus yeniliklər gətirməklə aşıq sənətinin dəyərlər xəzinəsini zənginləşdirdi. 10-a yaxın saz havasının müəllifi olan ustad bütün havalara demək olar ki, öz “möhürünü” vurub. “Süsənbəri”, “Turacı”, “Yurd yeri” havaları da ustadın yaradıcılıq orbitinin orijinal məhsullarıdır. İlk dəfə on bir telli sazı (məlumata görə, bu sazı 1946-cı ildə milliyətcə aysor olan Abram adlı sazbənd bağlayıb) sinəsində dilləndirən Aşıq Əmrah muğamları, Anadolu ozanlarısayaq çaldığı havaları da gözəl və məharətlə ifa edər, sanki sinəsində orkestr canlandırardı. Düzdür, bugünkü aşıqlarımız belə havalara yer vermirlər, ancaq bu cür havaların saz sənətinin inkişafında bəhrə verəcəyini düşənərək, onların fövqəladə lazım olduğunu vurğulamaq istəyirəm.
Dərsini atası aşıq Paşa, aşıq Məsim Yadigarov və şair Ağacan kimi ustadlardan alan Aşıq Əmrah 22 yaşında elə yetişmişdi ki, artıq Borçalı məclislərində, konsertlərdə məharətlə çıxış edər, seyrçilərini heyran qoyardı ki, bu da hər sənətkara qismət olmur. Radio və televiziyanın hər evə ayaq açmadığı bir dövrdə, XX əsrin 50-ci illərində 42 yaşlı ustadın möhtəşəm ifaları hətta Bakıda da sevilə-sevilə dinlənilirdi. Beləliklə, aşıq sənəti ilə cəmiyyət arasında yeni harmoniyanı yaratmaq Aşıq Əmraha öz fitri istedadı və məharəti hesabına müyəssər oldu. O, bütün sazsevərlərin diqqətini özünün kompozisiya bütövlüyü ilə seçilən və bu günə qədər də dominatlığını saxlayan yeni çalğı üslubuna çəkməyi bacardı. Onun alternativi olmayan və milli koloritli bu çalğı üslubu saz havalarında bütün gözəlliklərin rənginin və ahənginin vəhdətini təcəssüm etdirir.
“Sərraf olsa söz sataram, hər söz baha məndədi”
Aşıq Əmrah 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə digər ustadlarla birlikdə böyük uğur əldə etmişdir.
Dədə Əmrah 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında ustad aşıq kimi çıxış etmışdisə, 1984-cü ildə keçirilən IV qurultayda respublikamızın ziyalıları tərəfindən yekdilliklə “sazın şah Əmrahı” kimi gurultulu alqışlarla qarşılanmışdı ki, bu da qırxa yaxın şəyird yetirmiş və çağdaşı olduğu saz pərəstişkarlarının təfəkküründə özünün etiketini yaratmış ustadın sözün əsl mənasında kimliyindən xəbər verir.
Ustadın möhtəşəmliyi, saza və sözə tam məsuliyyətiylə yanaşması qoşmalarında da apaydın görünür. “Bilməzsən” rədifli şeirində yetişdirdiyi şəyirdlərinə və ya tam püxtələşməmiş özünə “aşığam” deyənlərə üz tutaraq:
Aşıqlıq deyilən böyük sənətdir,
Qıfılbənd deyəllər yoza bilməzsən.
Məclisdə əyləşir neçə xiridar,
Üçcə kəlmə sözü düzə bilməzsən –
Və ya
Çox güvənmə sənətinə
Sənə qalmaz, ay qadası.
Sazı çalan mahir çalar,
Elə çalmaz, ay qadası
- deməıklə onları kamilliyə çağırırdı. Aşıq Əmrah sənətə son dərəcə tələbkar olduğundan bir çoxları onun iştirakçısı olduğu məclislərdə saz götürüb, söz deməyə ehtiyat edərlərmiş. Çünki, bu sənət azmanı saz havalarının güllərini sadəcə ifa etmir, onları incələyirdi, eyni zamanda sözü insanların idrakına hopdura bilirdi. O, “məndədi” rədifli qoşmasında
Sadiq olduğum sənətə əhdi-vəfa məndədi.
Telli saza mehman ol gəl, zövqü-səfa məndədi.
Qananlara canım qurban, nadanlarla işim yox,
Sərraf olsa söz sataram, hər söz baha məndədi
- deməklə hər bir sənətkarı öz sənətinin sərrafı, zərgəri kimi görmək istədiyini bildirirdi.
Böyük sənətkar xalqının mənəvi böyüklüyünü sənətkar ləyaqəti və özünə inam hissi ilə deyə bildiyi kimi “əlindədir” rədifli qoşmasında da
Ay ariflər siz də bilin,
Əmir haqqın əlindədir.
Kim Allahı çox sevirsə,
Şəhadəti dilindədir
– yazaraq, bu kimi şeirləri ilə öz imanını da təsdiq etdi. Allahın ucalığını, peyğəmbərin böyüklüyünü duyduğu kimi bu müqəddəs inamı pərəstişkarlarına da təlqin etdi.
İkiüzlü və hiyləgər varlığa çevrilən bəzi insanlara içində nifrət oyatmış ustad, qoşmalarından bir alay düzəldib onlara qarşı hücuma keçir:
Namərd ilə mərdi qoşa əyləsək,
Namərd gəlib mərdə tay ola bilməz.
Mərdə qurban olmaq ayıb eyləməz,
Namərd ilə həqqı-say ola bilməz.
Bu il 100 yaşı tamam olan Aşıq Əmrahın dünyaya gəlişi aşıq sənətində böyük bir hadisə, inqilab oldu və bu inqilab sazsevərlərin şüurunda onun istedadının yaradıcılıq ölçülərinin fövqündə olduğunu isbat etdi.
“Əmrah, ruscamı çalırsan?”
Qeyd edim ki, yubiley mərasimində fəlsəfə elmləri doktoru, professor Camal Mustafayevin tədbir iştirakçılarına müraciəti də çox maraqla qarşılandı. Həmin məktubu iştirakçıların diqqətinə bu sətirlərin müəllifi çatdırdı. Xəstəliyi ilə əlaqədar böyük sənətkarın yubileyində iştirak edə bilməməsini qeyd edən 80 yaşlı Dədə Camalın yaddaşına Aşıq Əmrahla bağlı çoxlu xatirələr həkk olunub. Həmin xatirələrdən birini siz də eşidin: “Kiçik məclis qurulmuşdu. Aşıq Əmrahın səsini lentə yazırdılar. Rəhmətliyin barmaqları elə bil saz üçün biçilmişdi. O öz Əmrahlığında, biz dinləməkdə, səsyazan isə yazmağındaydı. Bu vaxt bir tarzən qoltuğunda tar içəriyə daxil oldu və keçib bir tərəfdə oturaraq ustada qulaq asmağa başladı. Aşıq Əmrah bir neçə hava da oxuduqdan sonra ustadlara xas olan bir təvazökarlıqla üzünü mənə tutaraq – Camal müəllim, sizin icazənizlə tarzənimiz də öz məharətini göstərsin – dedi. Nəhayət, tarzən bir muğam başladı, ta axıra çatana qədər hamı onu dinlədi və ifa lentə alındı. O ifasını bitirən kimi Əmrah ayağa durub “indi icazənizlə həmin muğamı mən sazda ifa edəcəm, lentə yazdırıb müqayisə edərsiz” dedi. O muğamı çalmağa başlayanda sanki məclisə su ələndi. Muğam onun sazında o qədər gözəl, o qədər təbii, o qədər mükəmməl səsləndi ki, az qala dinləyiciləri yuxuya vermişdi. Narahat olansa tarzən idi. Əmrah möcüzəsindən heyrətə gələn tarzən ya utancdan, ya da qısqanclıqdan məclisi lal-dinməz tərk etdi”.
Qeyd edim ki, yaradıcılığının polifonikliyi ilə seçilən aşıq Əmrah əcnəbi havaları da məharətlə çalırmış. Atam aşıq Cəlalın söylədiyinə görə, bir gün Aşıq Əmrahla aşıq Hüseyn Saraçlı birgə məclis keçirirlərmiş. Aşıq Əmrah dastan danışan zaman məclisin o biri başında bir neçə gəncin səs saldığını görür və onların diqqətini çəkmək üçün bir əcnəbi hava çalır. Aşıq Hüseyn də gülərək “Əmrah, ruscamı çalırsan?” deyir.
Bir ömrə bəs edən ustad qamçısı
Tədbir öncəsi qonağı olduğum Kürüstü Kəpənəkçi kəndində aşıq Kamandarın ocağında aşıq Yaqubun dilindən eşitdiklərim: “Aşıq Əmrah 14-15 yaşlarında olarkən ustadı Aşıq Məsimlə məclis aparırlarmış. Məclisin qızğın, aşıq Məsimin başının qarışıq, canının yorğun vaxtı dinləyicilər bir saz havası sifariş edirlər. Nədənsə aşıq Məsim həmin havanı çalmaq istəmir və “bilmirəm” deyir. Yeri gəlmişkən, qeyd edim ki, adətən aşıqlar havanı bilmədiklərini bəyan etməz, özlərini sındırmamaq üçün sadəcə yayınardılar. Ustadın etirafından sonra gənc aşıq Əmrah həmin havanı çalmağa başlayır, ustadı isə onu yarımçıq saxlayır.
Məclisdən sonrakı gün aşıqların hərəsi öz atında evə qayıdırlarmış. Bir endirmədə Aşıq Məsim şəyirdindən atının qantırğasını çəkməyini əmr edir. Əmrah atı saxlayır və ustadının ifa etmək istəmədiyi havanı çalmaq ona ustad qamçısı bahasına başa gəlir”.
XAN ƏMRAHIN QÜDRƏTİ
Ustad aşıq Əmrah Gülməmmədova
Xan Əmrahın qüdrətinə bir baxın,
Duyğuların güllərini sayırmış.
Barmaqları sədəflərin üzündən
Ömrümüzə bir təravət yayırmış.
Saz dilində söz öyrətdi cahana,
Qəlbi daşlar baş endirdi bu ana.
Qurd cüssəsi gəriləndə meydana,
Sinəsində elə qurd ulayırmış.
Odur salan saz mülkünə talanı,
Fəth eylədi neçə bürcü, qalanı,
Təbi yoxsul, ilhamı ac olanı,
Xallarıyla, gülləriylə doyurmuş.
Saz dünyadı, Elbəyi, ölməz şahı,
Qəbul etmə bu kədəri, bu ahı.
Başqa adda görəcəyik Əmrahı,
Fələk onu müvəqqəti ayırmış.
Bakı-Tiflis-Bakı
09-14 mart 2009-cu il
“Ədalət” qəzeti, 21 fevral 2009-cu il
“525-ci qəzet”, 20 mart 2009-cu il
“Qarapapaqlar” jurnalı, № 3. 2009-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.