- 840 Okunma
- 1 Yorum
- 0 Beğeni
Aşıq sənətinin inkişafında yeni mərhələ
Elbəyi CƏLALOĞLU
Aşıq sənətinin inkişafında yeni mərhələ
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaquba məktub.
Hörmətli Zəlimxan müəllim!
Bildiyimiz kimi XIX əsrin ikinci yarısında Azərbaycan aşıq sənəti özünün növbəti tərəqqi mərhələsini yaşadı. Aşıq Alı və onun şagirdi Aşıq Ələsgər, eləcə də Ağdabanlı Qurban, Molla Cuma, Bozalqanlı Hüseyn, Şenlik və bir çox digər aşıqlar sənətin inkişafı üçün bütün imkanlarından istifadə etdilər. Aşıq Ələsgər öz fitri istedadı və zəngin yaradıcılığı ilə aşıq sənətini əlçatmaz zirvələrə qaldırdı. Zövqləri oxşayan və diləyatımlı misralarını 72 saz havasında oxuyaraq nəsillərə ərməğan etdi.
XX əsrdə isə meydana yeni azmanlar gəldilər. Ustad aşıqlar Musa Məmmədov, Sadıq Sultanov, Şəmşir, Xındı Məmməd, Nəcəf, Növrəs İman, Avdı Qaymaqlı, Əmrah, Hüseyn Saraclı, Hüseyn Cavan, Şakir, Mikayıl Azaflı, İmran, Kamandar, Əkbər, Alxan Qarayazılı, Xanlar Məhərrəmov, Ədalət Nəsibov və başqaları sənətin inkişafında öz töhvələrini verdilər.
Aşıq Əmrah havaların üzərində yenidən işləyərək, gərgin əməyi sayəsində onları təkmilləşdirdi, saflaşdırdı, durulaşdırdı, eyni zamanda 10-a yaxın saz havasının da yaradıcısına çevrildi, Aşıq Avdı Qaymaqlı “İncəgülü” havasını yaratdı, Aşıq Kamandar isə bütün bu havaların və özünün yaratdığı yeni saz havaları üstündə elə özünəxas avazla oxudu ki, ondan sonrakı bütün gənc aşıqlar bu sehirdən ayrıla bilmədilər. İnanıram ki, saz havalarının yeni oxu tərzi kəşf olunsa da Aşıq Kamandar tilsimi yüzillərlə aşıq sənətini öz ovsununda saxlayacaq. Beləliklə, XX əsrin sonunda yüzə yaxın saz havalarının mövcudluğu da müəyyən olundu.
1928-ci ildə I qurultayı keçirilən Azərbaycan Aşıqlar Birliyi təşkilatın sonuncu sədri şair Hüseyn Arifin vəfatından sonra fəaliyyətini demək olar ki, dayandırdı (təbii ki, ölkəmizin keçid dövründə yaşamasının da buna mənfi təsiri oldu), sənətdə bir durğunluq yarandı və aşıq sənəti ayrı-ayrı fərdlərin pərakəndə fəaliyyətində yaşadı. Fərdlərin isə parakəndə şəkildə saz çalmağı öyrənmələri və aşıq sənətinə yiyələnmə cəhdləri sənətin hədsiz dərəcədə zəifləməsinə və bütün incəsənət növlərinin paralel gəlişməsindən geridə qalmasına gətirib çıxaran amildir.
Bu il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayı çağrıldı. Qurultay iştirakçıları Aşıqlar birliyində yeni canlanmanın təməlini qoymaqla, haqlı olaraq, hamı bir ağızdan sədrliyin məhz sizə - Azərbaycanın xalq şairi Zəlimxan Yaquba həvalə olunmasını istədilər. Hətta, qurultayda məsələ o yerə çatdı ki, səs vermənin gizli yolla keçirilməsinə belə ehtiyac qalmadı, çünki, bu yöndə sizin biliyinizə, səriştənizə və təcrübənizə hər kəs bələddir, bu münasibətlə də sizi ürəkdən təbrik edirəm.
İndi respublika rəhbərliyi də aşıq sənətinə xüsusi diqqət ayırıb. Ölkə rəhbərliyinin və Heydər Əliyev fondunun dəstəyi və qayğısı muğam sənətinın yüksək inkişafına səbəb olduğu kimi, aşıq sənətində də öz bəhrəsini verəcək. Beləliklə, zənn etmək olar ki, Azərbaycan Aşıq sənətinin yeni inkişaf mərhələsi başlayıb.
Bu gün böyük ustadların saysız-hesabsız davamçıları bu sənəti davam etdirirlər, lakin, bütün bunlarla məsələ bitmir. İndi aşıqlarımızda yaradıcılıq hissinin son dərəcə zəif olması sezilir. İstedadlar hər bir dövrdə olsa da onları yönləndirən bir qurumun olmaması bu istedadlardan bəhrələnilməməsi qədər faciədir.
Başqa sahələrdə olduğu kimi, müasir dövrdə aşıq sənətinin də modernləşməsi labüddür. İnsanların hər bir sahədə yeniliklər edərək sənətin növbəti mərhələsinə keçmələri ilə əlaqədar aşıq sənətinin də eyni klassik formada uzun müddət qalması onun yavaş-yavaş biganəliklə üzləşməsinə gətirib çıxarır. Ona görə də, yeni tipli, savdlı - ədəbiyyatı, tarixi, astronomiyanı, musiqini və digər elmləri, eləcə də Qurani-Kərimi və bütün səmavi kitabları mükəmməl bilən müasir aşıqlara aşıq sənətinin çox böyük ehtiyacı var. Eyni zamanda aşıq sənəti ilə sufilik bir bədən, bir ruh kimi ayrılmaz olduğundan sufiliyin əsasları və onun cəmiyyətin formalaşmasında əhəmiyyəti haqqında da dərslərin tədrisinin vacibliyini düşünürəm. Zənnimcə, biz yeni ali təhsilli aşıqların yaranmasına nail olsaq, bu sənətdə təsəvvür etmədiyimiz yeniliklərə və uğurlara imza ata biləcəyik.
Son dövrdə aşıqların yaradıcılığında deyişmələr və ya bağlamalara rast gəlməməyimizin başlıca səbəbi də düşünürəm ki, onların bilik səviyyəsinin aşağı olmasıdır. Əvvəlki, ustadlar bir-birilə deyişərkən, qarşılıqlı olaraq tarixdən, ədəbiyyatdan, eləcə də dünyada yaranmış dinlər və təriqətlərdən suallar verər, hərbə-zorbalar deyərdilər. Bu ənənə eyni zamanda aşıqların boynuna bir məsuliyyət qoyaraq onları daha çox mütaliəyə sövq edirdi ki, bundan da dinləyicilər və ümumilikdə xalq yararlanır, məlumatlanırdı. Bu ənənənin də bərpa edilməsi aşıq sənətinin inkişafında böyük rol oynaya bilər. Aşıq sənətinin inkişafı mədəniyyətimizin yüksəlişi və dilimizin durulaşması deməkdir.
Siz hələ gənc yaşlarınızdan Şəmşir, Əmrah, Hüseyn Saraclı, Azaflı Mikayıl, Kamandar kimi ustad aşıqların, Osman Sarıvəlli, Hüseyn Arif və bir çox başqa ustad şairlərin yanında püxtələşib yetişmisiniz. İndi artıq ölkəmizin əhalisi tərəfindən kütləvi surətdə qəbul olunmuş ziyalılardan, sevilən tək-tək ustadlardansınız və saz sənətinə olan hədsiz sevginizlə bütün sazsevərlərin düşüncəsində və ya gözündə əvəzolunmaz bir Zəlimxan Yaqub obrazı yaratmısınız. Sənətin tərəqqisi naminə bu sahədə kifayət qədər olan səriştəniz, biliyiniz və nüfuzunuzdan səmərəli istifadə edəcəyinizə inanıram. İndi sizin başçılığınızla aşıq sənətinin yeni mərhələyə qədəm qoyaraq modern, müasir səviyyəyə çatacağına, dünya səhnəsinə çıxaraq yüksək mədəniyyət nümayiş etdirə biləcək yeni aşıqlarımızın meydana gəlməsinə ümidlərimiz hədsiz dərəcədə artıb. Sazın, saz havalarının və bütövlükdə aşıq sənətinin modernləşməsi və yüksək səviyyədə inkişafı gələcəkdə dünyanın digər millətlərinin də türkə məxsus olan sazı sevməsinə və ondan istifadəsinə və ya yararlanmasına gətirib çıxara bilər, necəki, bu gün də xalqımız türkə məxsus olmayan bəzi musiqi alətlərindən zövq alır və onlardan yararlanır.
Hörmətli Zəlimxan müəllim!
Azərbaycan Aşıqlar Birliyinin sizin başçılığınız altında göstərəcəyi böyük səylər nəticəsində aşıq sənətinin yüksəlişə nail olacağına inanır, adını çəkdiyim təşkilatın üzvlərinə və şəxsən sizə bu yolda uğurlar arzulayıram. Ümidvaram ki, XXI əsrdə aşıq sənəti sizin fəaliyyətiniz sayəsində bir çox müvəffəqiyyətlərə nail olacaq.
Hörmətlə,
Elbəyi Cəlaloğlu
Bakı şəhəri 22. 09. 2008
“525-ci qəzet”, 26 sentyabr 2008-ci il