- 852 Okunma
- 0 Yorum
- 0 Beğeni
Bəylərin zülmündə qalan bir aşıq
Elbəyi CƏLALOĞLU
Bəylərin zülmündə qalan bir aşıq
Aşıq Mirzə Bilalın anım günü Babayurdda qeyd olundu
İyun ayının 23-də Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü, Mədəniyyət və Turizm nazirliyinin dəstəyi və Şamaxı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Şamaxıda Aşıq Mirzə Bilalın anım günü keçirildi.
Xalq şairi Zəlimxan Yaqub, Musa Yaqub, folklorşünas alimlər Sədnik Paşa, Elxan Məmmədli, Bəhlul Abdulla, türkiyəli qonaq, folklorşünas alim Nizamettin Onk, aşıqlar Ədalət Dəlıdaglı, Ramin Qarayev, Avdı Musayev, jurnalist Musa Nəbioglu, şair Səməndər Məmmədli, Əflatun Kamandaroglu və başqalarından ibarət heyət tədbirdən bir gün öncə Şamaxıya yola düşdü.
Bizi Şamaxıda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun özü qarşıladı. Səmimi qarşılama mərasimindən sonra başçı bizi Babayurdla - tədbirin keşirələcəyi yerlə tanış etdi və dəstəmizi dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan “Çənlibel” deyilən yerə apardı. Sevincini gizlədə bilməyən Nazim müəllim sanki toy məclisi düzənləmişdi, səxavətini yetərincə nümayiş etdirdi.
Növbəti gün Babayurda yığışmışdıq. Günəşli gün idi, göyün üzündə bir əlçim bulud belə görünmürdü. Televiziya çəklişi üçün əlverişli hava şərati var idi. İctimai televiziyanın çəkliş qrupu həmin tədbiri çəkməyə tam hazır idi. Göy çəmənlikdə xallı xalçalar xüsusi zövqlə düzülmüşdü. Yüzlərlə adam bayram izdihamına qoşulmuşdu.
Məclisi Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub açıq elan edərək, ictimaiyyəti bu bayram münasibətilə təbrik etdi, tamaşaçılara Aşıq Mirzə Bilal haqqında geniş məlumat verdi və ilk sözü RİH-in başçısı Nazim İsmayılova verdi.
Yerli və bölgələrdən dəvət olunmuş ədəbiyyat və elm adamları, aşıqlar, müğənnilər öz rəngarəng çıxışları ilə məclisi bəzədilər...
Aşıq Mirzə Bilalın nəhəng portreti diqqətimi çəkdi. Mənə elə gəldi ki, ustadın özü də bu məclisdədir. Xəyallara daldım...
Ustad haqqında ilk dəfə atamdan eşitmişdim. Görkəmli alim Mürsəl Mürsəlovun tərtib etdiyi “İlk baharım gəl görüm” adlı kitabını isə 1982-ci ildə instituta qəbul üçün Bakıya gələndə mağazadan almışdım. Şeirləri ilə yaxından tanış idim. Sonralar filologiya elmləri doktoru Seyfəddin Qəniyevin “Şirvanlı Aşıq Mirzə Bilal” adlı kitabını və görkəmli alim Rafael Hüseynovun “525-ci qəzet”in 14 mart 2009-cu il nömrəsində “Aşıq qanı” məqaləsini oxumuşdum. İndi Aşıq Mirzə Bilal təsəvvür etdiyim kimi gözümün qabağında canlanırdı...
Aşıq Mirzə Bilal XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış ustad aşıq idi. Əslində həmin dövr millətimizə çox ağrı-acılar yaşatsa da ədəbiyyatımıza, elmimizə, mədəniyyətimizə əvəzsiz dahilər vermişdi. Aşıq Mirzə Bilal da onlardan biri idi...
Elə bunları düşünürdüm ki, birdən aşıq Ədalət Dəlidağlının çaldığı “Yanıq kərəmi” havası məni xəyallardan ayırdı. Aşığın barmaqları pərdələrə toxunduqca, sanki tellərdən qığılcım sıçrayırdı. Bu dəfə yanan erməni qızının eşqinə düşən Kərəm yox, rus-erməni siyasətinin alovunda yanan Aşıq Mirzə Bilal idi...
Bilal Mustafa oğlu 1872-ci il mart ayının 12-də Şamaxı qəzasının qədim Qəşəd kəndində dünyaya göz açmışdı. Atası Mustafa Mikayıl oğlu onun xüsusi istedada malik olduğunu uşaqlığından hiss etdiyindən şeirlər əzbərlədərdi. Lakin tale elə gətirdi ki, o, səkkiz yaşında olarkən, 1880-ci ildə atasını itirdi. Bilal ailənin böyük uşağı olduğundan gah qoyun-quzu otarar, gah da çöl işlərində anasına kömək edərdi. Ancaq heç zaman zümzüməsindən qalmazdı.
Maddi imkanları olmadığından məktəbə gedə bilməsə də, yazıb-oxumağı molla Xasıdan dərs alan tay-tuşu, uşaqlıq dostu Veyisdən öyrəndi.
Artıq Bilalın gözəl səsi, avazı el-obaya yayılmışdı, hətta Seyid bulağından su içəndən sonra ona vergi verildiyini də deyənlər tapıldı.
Bilalın fitri istedadına və gözəl yaddaşına heyran olan Molla Xası onu öz məktəbinə götürür. Məktəbi bitirdikdən sonra isə ona Seyid Əzim Şirvaninin məktəbində oxumağı məsləhət görür. Bilalın gələcəyinə ümidlə baxan Seyid Əzim isə ona bəri başdan xeyir-dua verir...
Gənc Bilal Şamaxıda Mahmud ağanın şeir-musiqi, S.Ə.Şirvaninin “Beytüs-səfa” və digər məclislərdə mütəmadi iştirak edirdi. Həmin dövrdə o, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, S.M.Qənizadə, Aşıq İbrahim, Aşıq Nurəddin, Əbdülxaliq Əfəndi və başqa ünlü ziyalılar, qələm adamları ilə ünsiyətdə olduğundan, bu onun dünya görüşünün formalaşmasına, eləcə də aşağıdakı beytindən də göründüyü kimi yaradıcılığına təsir etmişdir.
Bəylərin zülmündə qalan bir aşıq,
Olmasın bəs günü qara, neyləsin?
Ərəb və fars dilini mükəmməl bilən Bilal klassik poeziyaya da dərindən bələd oldu. Bu mühitə düşməsi onu Mirzə Bilal kimi tanıtdı və sevdirdi.
Azərbaycanın hər yerində məşhur olan Aşıq İbrahim Mirzə Bilalı yaxından tanıdıqdan sonra onu şəyirdliyə götürür. Mirzə Bilal ustadı ilə birlikdə Şirvan, Muğan, Qarabağ, Borçalı, İrəvan, Dağıstan ellərində məclislər keçirir, püxtələşir, yetişir. Aşıq İbrahim şəyirdliyinin sonunda ona ustad şilləsi vurduqdan sonra Mirzə Məmmədhəsəndən muğam sənətini də mənimsəməyi tövsiyə edir, çünki onun məlahətli və zil səsi varıydı.
Şamaxıda poeziya və musiqinin inkişafında əvəzsiz xidmətləri olmuş xeyriyyəçi Mahmud Ağa Əhməd Ağa oğlu öz məclisində Aşıq Bilaldan bir saz havası çalıb-oxumağını xahiş edir. Bilalın məlahətli, zil və yanıqlı səsi məclisi başına götürür. Həmin havanın yeni olduğunu duyan məclis içtirakçıları ondan havanın adını soruşurlar. O isə “bu yaxınlarda bəstələdiyim “Mahmud Ağa gəraylısı”dır – deyir...
Qafqazda və İranda məşhur olmuş Mirzə Məmmədhəsəndən dərsini kamil almış Aşıq Mirzə Bilal məclislərdə həm aşıq, həm də xanəndə kimi çıxış edirmiş. Məşhur xanəndə Cabbar Qaryağdı oğlu da onun muğam oxumasına yüksək qiymət veribmiş.
Aşıq Mirzə Bilal kamil sənətkar olsa da, özündən yaşlı sənətkarlarla əlaqəni yaşadar və onlarla tez-tez təmasda olarmış. Ağsuda yaşayıb-yaradan, yaşca özündən böyük olan, bir neçə dastanları ilə yanaşı “Aşıq Calal və Kəklik” dastanının müəllifi aşıq Calal ilə də sonacan əlaqəni kəsməyib, onun öyüdlərini dinləyərmiş.
Aşıq Mirzə Bilal Mirzə Məmmədhəsənin yanına getdiyi vaxtlarda bazarlığını Sarıtorpaq məhəlləsində Talıb kişinin dükanından edərmiş. Bir gün Talıb kişinin qızı Soltanxanımı görür, ona vurulur. Nişanlanırlar, ilk görüşdən ilhama gələn aşıq sevgilisinin şərəfinə “Sarıtorpaq şikəstəsi”ni bəstələyir.
Aşıq Mirzə Bilal ustadlarının xeyir-duasını aldıqdan sonra kəndə qayıdır. Kəndin girəcəyində onun füsünkar gözəlliyi aşığı ilhama gətirir və “Kəklik” rədifli qoşmasını yaradır, bu sözləri də tamam yeni havacatda oxuyur. Bu hava “Şur peşrevi” adıyla bütün Şirvan məclislərini dolaşır.
Bunlardan başqa Aşıq Mirzə Bilal “Havar-koxa”, “Güdayı”, “Kart-kurt”, “Bilal gözəlləməsi” havalarının da müəllifidir. Bir neçə köhnə saz havalarına isə aşıq Bilal nəfəsi verərək onları təkmilləşdirmişdir.
Dövrün ağrı-acılarını, azğın düşmənlərimizin aşığın doğulduğu Qəşəd kəndində həyata keçirdiyi soyqırım siyasətinin ağır nəticələrini və aşığın bu yaramazlıqlardan keçirdiyi sarsıntıları onun şeirlərində aydınca oxumaq olur.
M.Ə.Rəsulzadəylə də yaxından tanış olan Aşıq Mirzə Bilal Şamaxı İcraiyyə Komitəsinə üzv seçilmişdi. Onun nüfuzu və şeirləri kəndlərdə əhalinin Musavat ordusuna əsgərlər verməsində öz işini görmüşdü. O, eyni zamanda kəndlərində əhalinin faciəyə düçar olmaması üçün əlindən gələni əsirgəməmişdir.
1928-ci il may ayının 5-7-də Bakıda keçirilən Azərbaycan Aşıqlarının birinci qurultayında dəvət olunan 150 nəfərin içində Aşıq Mirzə Bilal da vardı. O, bu qurultayda “Qızıl Azərbaycan aşığı” fəxri adına layiq görüldü. Lakin az sonra bəstələri və şeirləri ilə yeni hökuməti alqışlayan aşıq, birdən-birə hökumət tərəfindən göz altına alındı. Onu 1933-cü ildə tutub Bakıya göndərdilər və həbs etdilər. Bəhanə isə Musavat zamanında onlara xidmət etməsi idi. Bu dəfə möcüzə nəticəsində buraxıldı. 1935-ci ildə bir çox sənət dostlarının təkidi və müraciətiylə məclislərə çıxdı. Məclislərdə daha dərdli, dövrdən gileyli mahnılarını oxudu.
Dəli könlüm, heç ahu-zar eyləmə,
Hər iş qaydasında keçib gedəcək.
Dünyanı dördəlli qamarlayanlar,
Əcəl şərbətini içib gedəcək.
Və ya
Tarix varaqladım, kitablar açdım,
Sirri açılmamış yüz dövran gördüm.
Bir yandan sevinib-gülənləri də,
Nədənsə bir yandan peşiman gördüm.
Elə həmin vaxtlar yenidən tuthatut başlandı. Onun yaxşı tanıdığı onlarla ziyalı dostları Şamaxıda əksinqilabi təşkilatın üzvü olmaqda suçlandırılaraq həbs edildilər. 1937-ci il iyul ayının 15-də aşığın özünü də apardılar. Evini axtardılar, mal-qarasını, atını, ustadlardan topladığı şeirləri, dastanlardan ibarət arxivini, özünün yazdığı şeirləri, cürə sazını, bir sözlə, nəyi vardısa apardılar.
Həbsxanada uzunmüddətli işgəncələrdən sonra saxta ittihamlara məcburiyyət qarşısında imza atan aşıq həmin il noyabrın 26-dan 27-nə keçən gecə erməni Q.B.Martirosovun qərarı və Sumbatovun göstərişi ilə 65 yaşında güllələndi. Həmin gecə onunla birlikdə 50 nəfər güllələnmişdi...
Məni xəyallardan Zəlimxan Yaqubun gur səsi ayırdı. O, məclisin yekun sözlərini söyləməklə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin gələcək planlarından danışırdı. Mənsə, deyəsən yuxu görmüşdüm. Axı Aşıq Mirzə Bilal yaşayır! Cismani ömrü rus-erməni şovinizminin qanlı siyasətinə hədəf olmuş ustad aşıq Mirzə Bilal ömrünü saz ömrünə verdi. Gözəl saz ustası, muğam ifaçısı, saz havalarının yaradıcısı olmuş ustad dövrünün dərd-sərini tərənnüm edən şeirləri, öz üslubu, öz yolu, öz irsi və aşıq sənətinə verdiyi töhvələrlə ürəklərdə, xatirələrdə, yaddaşlarda yaşayır.
Bakı-Şamaxı-Bakı, 23 iyun 2009-cu il
“Ədalət”qəzeti, 18 iyul 2009-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.