- 769 Okunma
- 0 Yorum
- 0 Beğeni
“Mən oldum zəvvarın, dağlar”
Elbəyi CƏLALOĞLU
“Mən oldum zəvvarın, dağlar”
Borçalıda qara zurna sədaları altında elat bayramı
İyulun 25-də Bibiheybət məscidinin qarşısından qara zurna sədaları altında Borçalıya böyük bir maşın karvanı istiqamət götürdü. Həmin karvanın sərnişinləri arasında bəndəniz də var idi. Sınıq körpünü o taya axşamüstü adladıq. Elə oradaca Qurban kəsildi və yenidən yolumuza davam etdik. Məqsədimiz İyulun 26-da Gürcüstanın Dmanisi (Başkeçid) rayonunda Armudlu gölünün sahilindəki böyük düzənlikdə “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin təşəbbüsü, Azərbaycan və Gürcüstan hökumətlərinin dəstəyi ilə Borçalı Elat mədəniyyəti gününü keçirmək idi.
Bəri başdan qeyd edim ki, bu bayram tədbirində böyük bir qələbəlik, izdiham hökm sürürdü. Bir tərəfdə at yarışları, digər tərəfdə güləş, qurşaqtutmalar əski Borçalı mədəniyyətini əks etdirirdi.
Tədbiri folklorşünas alim Elxan Məmmədli açıq elan etdi. Çıxış edənlər ictimaiyyəti bayram münasibətilə təbrik etdilər. Kvemo-Kartli quberniyasının qubernator müavini Hüseyn Yusifov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Dmanisi rayon icra hakimiyyətinin başçısı Bakur Meqaladze və digər rəsmi şəxslər də tədbirə qatılmışdılar. “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli öz çıxışna təbriklərlə başlayaraq bu bayramın əhəmiyyətindən, mədəni irsimizin qorunmasından, gürcü və azərbaycan xalqlarının tarixi dostluğundan və bugünkü həmrəyliyindən söz açdı. Tədbirdə bir sıra gürcüstanlı və azərbaycanlı ziyalılara “Borçalı” İctimai Cəmiyyəti adından hədiyyələr təqdim olundu. Cəmiyyət sədri, eyni zamanda, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünə qəsd edənlərə də sərt mesaj göndərdi və abxazlarla, osetinlərə Borçalı türklərindən ibrət götürməyi tövsiyə etdi.
Professor Camal Mustafayev, şair Eyvaz Borçalı, tarix elmləri namizədi Kərəm Məmmədli, eləcə də digər ziyalılar da bu bayramın özəlliyindən, Borçalı türklərinin gürcü xalqına sədaqətindən danışdılar.
Mükəmməl təşkil olunmuş bu bayram şənliyində səhnəni ardıcıl olaraq rəqs qruplarının, gənc aşıq və müğənnilərin çıxışları bəzəyirdi. Günortadan sonra xüsusi zövqlə qurulmuş böyük çadırlarda iştirakçılara ziyafət verildi.
Eldən elata
Elat bayramının nəinki indi, hətta hər il ənənə halında keçirilməsinin tərəfdarıyam, çünki elat türkün başlıca mədəniyyət fəsilələrindən biridir.
Bizim leksikonumuzda həm “el”, həm də “elat” anlamı var. Bunların bir-birindən fərqi birincinin oturaq, ikincinin isə yayda yaylağa, qışda qışlağa köç etməklə qismən köçəri həyat tərzi, mənasında olmasıdır. Elat həyatı xüsusilə əhalinin heyvandarlıqla məşğul olan hissəsinə aiddir.
Borçalı türklərinin bu el bayramı zənnimcə bir çox qaranlıq məqamlara da işıq salacaq, bizi yenidən tarixə qaytaracaq, qədim mədəniyyətimizi, milli ənənələrimizi xatırladacaq, həm də güman edirəm ki, türkün qədim tarixinə və onların gürcü xalqı ilə dostluq ənənəsinə yenidən baxmağa sövq edəcəkdir. Bu mənada elat bayramının həm də tarixi əhəmiyyəti var.
Müxtəlif tarixçilər tərəfindən yazılmış əsərlər qədim türklərin daima köçəri həyat sürmələrindən bəhs edirlər. Düşünürəm ki, bu iddia ilə qismən razılaşmaq olar, çünki qədim türklərin çox geniş arealda – demək olar ki, bütün Şərqdə və Avropanın təxminən yarısında məskunlaşdığını da həmin müəlliflər qeyd edirlər. Axı, türklər kiçik bir toplum deyildi ki, buradan ora, oradan da bura köçəydilər, eyni zamanda, bu xalqın qocasını, xəstəsini, qadınını, körpəsini nəzərə alsaq, bü cür düşünmək absurd görünür. Deməli, köçəri, yəni tərəkəmə türklərlə müqyisədə oturaq həyat tərzi sürən türklərin sayı daha çox olmuşdur. Dəyərli antik mənbələr miladdan öncə VII əsrin əvvəllərində böyük Sak (İskit, Skif) tayfalarının Orta Asiya tərəfdən Qafqaza və Ön Asiyaya əks miqrasiyası başlanan zaman onların Qara dənizin şimal sahillərində yaşayan Kimer tayfalarının üstünə yeriyərək ərazilərini zəbt etdiyini yazırlar. Sakların təzyiqi nəticəsində Kimerlər, ardınca da Saklarin özləri cənubi Qafqaza, o cümlədən qədim Azərbaycan ərazisi olan Qazax-Borçalı-Cəlaloğlu istiqamətində yürüşlər etmişlər. Bu tayfaların m. ö. VII əsrdəki axını Azərbaycana gəlmə türk qövmlərinin tarixin yazdığı ilk böyük axınlarından olaraq yerli türklərlə də ilk konsolidasiyası idi.
Fəxrəddin Kırzıoğluna görə m. ö. VII əsrdə Sakalar (saklar) qərbə doğru hərəkət edərkən yerləşdikləri bölgələrdə müxtəlif boylara ayrılmışdılar. O cümlədən, Borçalı, Şamsol (Samişvilde), Axılkələk, Axısqa, Ərdahan, Gölə dolaylarında yerləşənlər Göyərlər (Qaqarlar, Quqarlar) adlanırdılar.
Gürcü tarixçisi Leonti Mrovelinin m. ö. VI əsrə dair verdiyi məlumata görə, Əhəmənilər sülaləsinin qurucusu Kir tərəfindən sıxışdırılan Buntürklər 28 ailə ilə Kür çayı boyunca yuxarı hərəkət etmiş və Msxetaya gəlmişlər. Msxetadan qərbdə qayalıqda özlərinə istehkam seçərək onu “Sarkine” adlandırmışlar. Düşünürəm ki, Buntürklərin bu əraziyə gəlmələrinin səbəbi burada o dövr üçün aborigen sayılan türklərin yaşaması olub.
Borçalılar özlərini bu gün də qarapapaq sayırlar. Mənbələrdən məlum olur ki, X əsrdə Qara dənizin şimal və şərq, Xəzər dənizinin yuxarı ərazilərində yaşamış Qarapapaq türk tayfaları Göyərlərlə eyni boydan olmaları ilə yanaşı, həm də peçeneqlərin bir qoludur. Qarapapaqların böyük bir hissəsi XI əsrə qədər Qara dənizin şimalında və şərqində də yaşamışlar.
Abxaz-Kartvel hökmdarı, IV David Baqrationi Aqmaşanebeli Böyük Səlcuqlu imperatorluğunun İslam-Türk basqısına qarşı dura bilmək üçün Kuman-Qıpçaq hökmdarı Artıkın gözəlliyi ilə məşhur olan şahzadə qızı ilə evlənərək onları ölkəsinə dəvət etdi və beləliklə, 1118-ci ildə 45 min Kuman-Qıpçaq ailəsini bu ölkənin güney bölgələrinə yerləşdirdi.
Anası Kuman qızı olan kraliça Tamara (1184-1213) dövründə Gürcü dövləti quzeydən Kuman-Qıpcaqlar başbuğunun qardaşı Sevincin idarəsində yeni kütlələrin ölkəyə gəlməsi ilə siyasi durumda tarixinin ən parlaq çağını yaşadı. Bu gürcü mənbələrinin yazdığı “Yeni Qıpçaqlar” adında Gürcüstana gələn ikinci böyük Kuman-Qıpçaq köçü idi (“Borçalı spektrində tarix zolağı” adlı monoqrafik yazımda dəyərli mənbələrə istinadən bu barədə ətraflı söhbət açdığımdan bu yazımda üç faktla kifayətlənirəm).
Yuxarıda tərəkəmə və oturaq həyat tərzi keçirdən türklərin konsolidasiyasından qısaca məlumat verdim, lakin tərəkəməliklə elatı qarışdırmaq olmaz. Tərəkəməliyin miqyası çox genişdir. Bu bizə Şumerlərdən tutmuş Əmir Teymurun yürüşünə qədər olan tarixi yazılardan məlumdur. Elat isə yuxarıda qeyd etdiyim kimi, tarix boyu oturaq həyat tərzi keçirdən türklərin heyvandarlıqla məşğul olan bir hissəsinin yayda yaylağa, qışda isə qışlağa köçməsi ənənəsidir. Qarlı-çovğunlu qışın qıtlığından qurtulmuş əhalinin sevincinə səbəb olmuş bu ənənə sazın, tütəyin və ya qara zurnanın sədaları altında həyata keçirildiyindən insanlara bayram ovqatı yaşadarmış.
Bundan başqa, “elat” komponenti daha önəmli digər bir anlam da daşıyır. Belə ki, XIX əsr rus işğalına qədərki dövrlərdə ölkəmizdə xanlıqlar döyüşə hazırlaşarkən “elat”ları yığıb qoşun düzəldərmiş. Elat, kəndin sayılıb-seçilən, döyüş bacarığı olan, cəsur, təlim görmüş, atı və qılıncı olan adamlara deyilərmiş. Elat olan kəs vətən üçün, torpaq üçün canını belə əsirgəməzdi, daha doğrusu kəndin seçmə oğullarına “elat” deyilib. Bundan başqa, elatlar vergidən azad olunar, hətta xanlıqdan donluq (maaş) alarmış. Onlar qeyri bir işlə məşğul olmadıqlarından öhdələrində olan torpaq sahəsini icarəyə verər və buradan da az-çox dolanmasını çıxararmış, bir sözlə elatlar dövlət qurumlarının diqqətində olarmış. Xanlar tez-tez səfərbərlik elan edib, elatların döyüş qabiliyyətini yoxlayar, təlim məşqləri keçirərmiş. Kəndin cavanları elat olmağa çox həvəsli olsalar da bu, hər adama qismət olmazmış. Belə ki, elat olmaq istəyənin yuxarıda sadaladığımız keyfiyyətlərindən başqa maddi durumu da qənaətbəxş olmalıydı, bu mənada ki, onun at, qılınc, qalxan və döyüşçüyə lazım olan digər ləvazimatları almağa pulu olmalıydı. Bunu bacarmayanlar isə əkin-tikinlə məşğul olardılar. Əski dövrlərdə el adamları, kənd sakinləri öz elatlarıyla fəxr edərmiş. Yeri gəlmişkən qeyd edim ki, Aqil Abbas “Batmanqılınc” romanında “elat”ın bu formada gözəl təsvirini vermişdir.
“Elat” türkün başlıca mədəniyyət fəsilələrindən biridir. Elə buna görə də, “elat” bayramının Borçalı türklərini özünəqayıdışa, özünüdərkə səsləməsinə, onlarda milli şüurun çağdaş dövrün mədəniyyətilə uzlaşmasına və müasir düşüncə tərzinə inteqrasiyasına çağırışı olduğuna inanıram və belə bir milli bayramın ölkəmizdə dövlət səviyyəsində keçirilməsini arzulayıram.
Gələcəyə inam
Borçalı demokratiya yolunda sürətlə irəliləyən Gürcüstan dövlətinin tərkibindədir. Respublika prezidenti Mixail Saakaşvilinin davamlı səyləri nəticəsində ölkə rüşvət virusundan azad olundu. Bu amil demokratiyanın tam və qəti qələbəsinə doğru yürüyən və bu istiqamətdə keçid mərhələsini yaşayan gənc bir ölkə üçün böyük hadisədir. Təbii ki, ölkənin siyasi və iqtisadi durumu çətinliklər, əngəllərdən də xali deyil. Düşünürəm ki, Borçalı türklərinin də təhsil sistemi və digər sahələrdəki çətinliklərlə üzləşməsi ölkənin mövcud problemlərinə söykənir. Lakin, bu vaxta qədər Gürcüstan dövlətinin qazandığı uğurlarda prezident Mixail Saakaşvilinin böyük xidmətlərini xüsusilə qeyd etmək istəyirəm. Buna misal olaraq, Tiflisdən Batumiyə qədər olan avtomobil yolunun yenidən qurulması, cinayətkarlığın, oğurluğun qarşısının alınması, təqaüdlərin, müəllimlərin maaşının artırılması, yeni doğulmuş körpələrə 1000 (500 AZN) lari yardım ayırılması, xəstələrin pulsuz müalicəsi və ya güzəştli cərrahiyyə əməliyyatının aparılması, millətlərarası ayrıseçkiliyin aradan qaldırılmasına kifayət qədər nail olunması ölkədə aparılan köklü islahatlardan xəbər verir. Yəqin ki, dövlət islahatlarının işığı yaxın gələcəkdə Borçalının keçilməsi mümkün olmayan avtomobil yollarına, təhsil sisteminə və digər problemlərinə də düşəcəkdir. Ümidvaram ki, bu çətinliklər Gürcüstan hökumətinin səyləri nəticəsində aradan götürüləcəkdir.
Almanların Valdheimi, azərbaycanlıların Kirovisi kəndi
Tədbir başa çatdıqdan sonra şair Etimad Başkeçid bizi kiçik bir dəstə ilə doğulduğu Kirovisi kəndinə dəvət etdi. Bu kənd Başkeçidin dilbər güşələrindən birində - Şindi dağlarının ətəyində yerləşir. Dağlıq yer olduğundan kənd camaatı, əsasən, heyvandarlıqla məşğuldur. Həyətyanı sahələrdə qazanc məqsədiylə yox, ailənin tələbatına görə kartof əkilir.
Əski adı Valdheim olan bu kənddə İkinci Dünya Müharibəsi illərinə qədər almanlar yaşayırmışlar. Bu kənddə almanların öz adət-ənənələrinə uyğun tikdirdikləri evlərin sayı da az deyil.
Kənd əhli məşhur Qızılhacılı tayfasından olduqlarını deyirlər. Onlardan bəziləri babalarının Marneuli rayonunun Qızılhacılı kəndindən, digərləri isə Goranboy rayonunun eyni adlı kəndindən köçüb gəldiklərini deyirlər. Başkeçidin Salamməlik və Əyriqarın ətəyindəki Şorşelet kəndləri Qızılhacılıların yaylaq yerləriymiş, XIX və XX əsrlərdə əhalinin bir hissəsi buranı özünə daimi yaşayış yeri seçib. Etimad Başkeçidin verdiyi məlumata görə, Qızılhacılıların Salamməlik və Şorşelet kəndlərindən Kirovisiyə köçü İkinci Dünya Müharibəsi illərinə təsadüf edir.
Bu kəndin gənclərinin çoxu Rusiyanın bəzi şəhərlərinə, eləcə də, Bakıya qazanc dalınca gediblər. Kənddə qalanlar, əsasən, yaşlı nəslin nümayəndələridir. Lakin, meylini heyvandarlıqla məşğul olmağa salan gənclər də az deyil.
Təhsil kənddə az qala yox dərəcəsindədir. Sakinlərdən birinin verdiyi məlumata görə, 9 illik kənd məktəbində cəmi 15 şagird oxuyur.
Dostum Rüstəm Kamalla məni dövrəyə alan sakinlər problemlərinidən bəhs etdilər. Mövcud çətinlikləri gözlə də görmək olurdu. Sakinlərdən biri gürcülər yaşayan kəndlərdən fərqli olaraq türklər yaşayan kəndlərdə təbii qazın olmamasından, digəri icarəyə torpaq sahəsi istimar edə bilməməsindən şikayətləndi. Onun dediyinə görə, bir hektar əkin sahəsinin icarə qiyməti 120 (60 AZN) laridir. Bu rəqəm kiçik görünsə də yerli əhali üçün çətin əldə edilən məbləğdir.
Rüstəm Kamalın Qarabulaq sevgisi
Ertəsi gün Rüstəm Kamalın təkidi ilə Başkeçidin Qarabulaq kəndinə gedəsi olduq. Səbəb isə dostumun öz ana nənəsinə mənəvi borcunu ödəmək istəyi idi. Rüstəmin nənəsi bu kənddə doğulubmuş, elə həmin kəndin məzarlığında da haqqın rəhmətinə qovuşub. Qarabulaqda Rüstəmin yalnız uzaq qohumları ilə görüşdük, yaxın qohumlarının bəziləri haqq dünyasına qovuşmuş, qalanları isə başqa şəhərlərə köçmüşdülər.
Kirovisidən fərqli olaraq, Qarabulaqda canlanmanı müşahidə etmək çətin deyildi. Belə ki, kəndin mərkəzindən Dmanisi, Marneuli və Tiflisə marşrut avtobusları işləyir. Əhali minik maşınlarından daha çox “Ford” markalı mikroavtobuslardan istifadə edirlər.
Qqarabulaqla yan-yana Şıxlı kəndi yerləşir. Səfərimizin birinci günü qonaq qaldığımız bu kəndin sakinləri əslən Qazax rayonunun Şıxlı kəndindən olduqlarını deyirdilər.
Başkeçid türklərinin istiqanlı, qonaqpərvər, səxavətli olduqlarını elə ilk görüşdəcə müşahidə etmək olur. Evlərdə həm içməyə, həm də məişətdə işlətməyə bulaq suyundan istifadə edirlər. Günəşli hava hərdən yerini yağışlı ruzigara verir. Başkeçiddə “qorabişirən” (iyul-avqust) ayının axşamlıarı açıq havada pencəksiz oturmaq soyuqdan xəstələnmək deməkdir...
Bakı-Borçalı-Bakı
25-28 iyul 2009-cu il
“525-ci qəzet”, 8 avqust 2009-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.