- 525 Okunma
- 0 Yorum
- 0 Beğeni
UÇURUMLARDAN KEÇMƏYƏ YOL GÖSTƏRƏN TƏRANƏ TURAN RƏHİMLİ POEZİYASI
MAY VAN FAN,
Görkəmli Vyetnam şairi və tərcüməçisi
UÇURUMLARDAN KEÇMƏYƏ YOL GÖSTƏRƏN TƏRANƏ TURAN RƏHİMLİ POEZİYASI
Təranə Turan Rəhimlinin şeirləri ilk dəfə 2021-ci ilin may ayında tərcümə olunaraq Vyetnam oxucularının ixtiyarına verilib. Onun şeirləri tez bir zamanda yerli ədəbi ictimaiyyətdə məşhurlaşdı. Şairin özünəməxsus, güclü, lakin zərif ədəbi üslubu bütövlükdə Mərkəzi Asiyanın mahiyyətini və mədəni əzəmətini əks etdirir. Vyetnamda bir neçə mətbuat orqanında Təranənin fotosu ilə yanaşı şeirləri də dərc olunub. Onun poetik cazibəsiylə seçilən şeirləri ilə bərabər, parlaq, aydın, qətiyyətli və dərin baxışlı gözəl Azərbaycan qadını obrazı da Vyetnamlı oxucunu sehrləyib. O gözlər onun şeirlərinin ruhunu açır, şeirləri isə o ifadəli gözlərdəki dərin və gizli duyğuları dərk etməyə imkan verir. Azərbaycanlı şair Təranə Turan Rəhimli haqqında ilk təəssüratlarım bunlardır.
Təranə Turan Rəhimlinin poeziyası ölüm təhlükəsi ilə axan iti çayların, sıldırım və kələ-kötür qayaların yanında çoxsaylı dolanbac və keşməkeşli cığırları olan, nahamar, zənginlik və rəngarənglikdən uzaq bir həyatı təsvir edir. Və bu cür yollarda sualtı daşlar, təhlükəni çağıran çoxlu maneələr ola bilər. Amma maraqlısı odur ki, Təranənin şeirlərini oxuyandan sonra hər birimiz öz həyatımıza daha çox inanır, onu daha çox sevirik, daha parlaq gələcəyə ümidlənir, başqalarına daha böyük inam bəxş edirik. Az əvvəl təsvir etdiyim bu hisslər onun “Məndə daşa da sevgi var” şeirində daha dolğun bədii əksini tapmışdır:
Yenə gözlərim üşüdü,
Baxışların nə soyuqdu.
Odlu dilini don vurub,
Sözündə hərarət yoxdu.
Təranə Turan Rəhimlinin şeirlərindəki qısa marşrutlar və uzun yollar məhəbbətdəki məsafəni, bizim aramızdakı, insanın insanla, millətin millətlə distansiyasını təcəssüm etdirir. İki insanın hər gün bir-birini görməsinə, gündəlik işləri birlikdə yerinə yetirməsinə və hətta bir damı paylaşmasına baxmayaraq, qarşılıqlı anlaşması, ortaq dil tapması və empatiya qurması olduqca çətindir. Əgər bu real həyatdırsa, problem bir gecədə həll olunmayacaq. Bu təcrid, deyəsən, təkcə iki insan arasında deyil, cəmiyyətdəki bütün insanlar arasında dərin uçurumlar yaradıb. Təranə Turan Rəhimli isə oxucuların düşüncəsində buraxmış olduğu boşluqları dərhal poeziyanın qüdrətində, gözəlliyində təcəssüm tapmış böyük fədakarlıqla, güclü və əsl sevgi ilə doldurur.
Qəm etmə belə soyuqsan,
Məndə daşa da sevgi var.
("Məndə daşa da sevgi var").
Şeirin əvvəlindəki bənddə oxucunu lirik "mən"in hələ də sevdiyi insanın maneələri, soyuqluğu narahat edir. Bununla belə, şair şeirin sonunda bu soyuqluğu dağıdıb, məsafələri birliyə, bütünlüyə çevirir. Son misranın intensivliyi şeirin ümumi tempini sürətləndirir. Təranə bu möcüzəni ona görə göstərir ki, o, həmişə öz sevgisinin gerçəkliyinə və sarsılmaz sədaqətinə inanıb. Bu sevginin “dağ qayalarını əritmək” gücü var. Bu bir möminin bütün həyatını sevinclə Allaha ibadətə həsr etrməsi qədər çox gözəl bir fədakarlıqdır.
Təranə Turan Rəhimli işığa və həqiqətə inandığı qədər sevgisinə də inanır. Onun poeziyası adətən işığın üstünlüyü təəssüratını yaradır, enerji və gücün qaranlıqdan qat-qat böyük olduğunu göstərir. Bu planetdə işığın və qaranlığın dünyanın iki qütbündə bir-birini təqib etdiyini, həmişə qarşıdurmada olduğunu müşahidə etmək normaldır. Dünyanın yarısı qaranlıq, digər yarısı isə işıqlıdır.Təranənin poeziyası isə daha çox amplituda ilə işıq saçır, kainatın qanunlarından daha uzun ömür sürür. O, öz poeziyası üçün zaman qanunu və işıq qanunu yaratmışdır. Onun poeziyasındakı işıq daima gur yanır, şərin həmişə dəf ediləcəyini və kökünün kəsiləcəyini nümayiş etdirir. Bu şeirlərdə yalanlardan ucalan saxta qəsrlər sürətlə uçulur, Haqqın məhkəməsi açılır.
Hər şeyi biləcək adamlar,
Bildikcə qınayacaqlar.
Tonqallar çatılacaq
günahkar keçmişə.
Təkcə sözləri seçib saxlayacaqlar,
Bir də… məni
sevgimdən tanıyacaqlar.
("Sevgimdən tanıyacaqlar")
Bu şeirdə Təranə Turan Rəhimli bütün qorxunc düşmənlərə qalib gəlmiş qəhrəman döyüşçü kimi görünür. Bu həyatda belə düşmənlər şər, hiylə və hətta duyarsızlıqdır. O, həm də mənə ucsuz-bucaqsız okeanın ortasında nəhəng bir istridiyənin içində səssizcə böyüyən qiymətli mirvari kimi daha fərqli, başqa bir görüntünü xatırlatdı. Böyük dalğalara və şiddətli küləklərə baxmayaraq, o mirvari getdikcə daha da çox parlayır. İndi bu gözəl şeirlər vasitəsilə o inci bütün simasını oxuculara göstərir.
Hər bir şairin özünəməxsus sevgi anlayışı və təsviri var. Təranə Turan Rəhimli öz oxucularının Azərbaycan xalqının ruhuna, özünəməxsus gözəlliyinə və sirlərinə heyran olmasına imkan yaradır. Bu, qədimliyin əzəmətini müasirliklə birləşdirən fərqli bir mədəniyyət diyarının saf gözəlliyinə olan sevgidir. Onun həm Şərq, həm də Qərb mədəni ideallarını özündə cəmləşdirən poeziyasında bu sevgi intensiv surətdə və zərif bir şəkildə təmsil olunur. Təranənin misraları yeni püskürən vulkandan xəbər verir, lakin onun tutumu və əsas gücü proqnozlaşdırıla bilər.
“Hərə bir şey sayıqlayır...” şeirində çox gözəl və bənzərsiz bir keçidə rast gəldim:
Bu şəhər bəxtsiz gözəldi,
Üzü gülür, qəlbi gülmür.
Təranə Turan Rəhimlinin şeirlərində şəhərin qəlbi sanki bunca dərdə ortaq olduğu, insan yaşamının bütün çətinliklərini paylaşdığı üçün döyünür və işıq saçır. “Gülməyən qəlb” obrazı Təranənin şəhərini munis bir sirdaşa, enişli-yoxuşlu canlı həyata çevirir.
Qırılıb səbr kasası,
Yola çıxıb səbr gəzir.
İçindəki dərdi-səri
Boşaltmağa qəbir gəzir.
("Hərə bir şey sayıqlayır...")
Təranə Turan Rəhimlinin şeirlərindəki lirik "mən" bütün çətinlikləri, əngəlləri çox vaxt bu şəkildə dəf edir. Sanki yaxşılıq həmişə şərə qalib gəlir, qaranlıq isə həmişə geri çəkilir, əvəzinə işığın dolması üçün yer açılır.
Təranə Turan Rəhimlinin şeirləri ən az onun gözləri, baxışları qədər maraq oyadan və sirlidir. Bu poeziya oxucunu başqa planetə aparan hipnozedici təsirə malikdir. Onun hər bir şeiri çox vaxt özünəməxsus, bənzərsiz, öz aləmində nadir və gözlənilməz bir məkan yaradır. Bu məkanda həyatın reallığı dərin və sonsuzdur, dibini görə bilmədiyimiz uçuruma bənzəyir. O uçurum həmişə həyəcan, təhlükə, güvənsizlik və müdafiəsizlik hissləri doğursa da, Təranənin şeirləri hər birimizə hər zaman isti, səmimi əl uzadan əziz dost kimi meydana çıxır. Təranə Turan Rəhimlinin hər misrasından həmişə yaxın, isti və ağrılı çağırışlar eşidirəm. Bu çağırış bizi bu dəyişkən həyatda bütün sədləri aşmağa, maneələri, parçalanmaları və ayrı-seçkilikləri dəf etməyə səsləyir.
14 aprel 2023.
Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli
YORUMLAR
Henüz yorum yapılmamış.