- 1240 Okunma
- 0 Yorum
- 0 Beğeni
Şiringül gibi ' Bu Nasıl Sevda Böyle.. ' denecek.. / Hikmet Okuyar
Şiringül Musayeva ŞİİRLİ ROMAN TASARIMI GÜZEL SANATLAR ÖNCÜLERİ için de kültür sanat dostları için de süper bir ilgi odağı olacak.. Takipçiler de ’ Bu Nasıl Sevda Böyle ’ diyecek..
...
BU NASIL SEVDA BÖYLE ?🌷🌷🌷🐞🐞-povest-Şiringül Musayeva
*
Hislerden hayallerden çağlayıp gelen Oskar için tasarlanan roman akışı yatağını ararken; Dağların ve Çobanların Şairi Bizim Hikmet eşk nağmeleri de, Turan ülkelerinden Kafkaslardan Balkanlarda Toroslardan yankılanıyordu..
...
’ Bir gece yarısı çıktın karşıma,
Kor ataş üstüne indirdin beni.
Şebingülü deyip saldın başıma..
Sevda kayığına bindirdin beni. ’
....
Külək yarpaqları süpürləyə-süpürləyə səki boyu qovurdu və adama elə gəlirdi;yarpaqlar zar-zar ağlaşır;küləyin haqsızlığından artıq təngə gəldiklərin kiməsə,nəyəsə eşitdirmək istəyir.Elə bil,yarpaqlar azacıq dincəlmək,elə dünəndə qalan öz yaşıl,-tumurcuq ömürlərin heç olmasa xəyallarında yenidən canlandırmaq istəyir,küləksə buna aman vermir,taleyin hökmü kimi əsirdi.Sanki, külək də əsməkdən cana doymuşdu, elə bil ,onu da məcbur etmişdilər və o da yarpaqları hirsindən,hikkəsindən qovurdu.
Küçənin yuxarı başında cavan,qəşəng bir qadın göründü;külək onun saçlarını qarışdırır,yarpaqları ayağına çırpırdı.
Qadın nə küləyə,nə də ayağı altında çırpınan yarpaqlara məhəl qoymadan,yolu adlayıb sağ tərəfdəki binanın qarşısında bir anlıq ayaq saxladı;yəqin nəyisə özü üçün aydınlaşdırırdı,sonra arxayın addımlarla üçüncü mərtəbəyə qalxdı və sağ tərəfdəki mənzilin zəngini basdı.
Qapını on –on beş yaşlarında bir qız açdı,Güləri içəri dəvət etdi
-Buyurun ,doktor,atam bu otaqda yatır.
Gülər otağa keçdi ,çarpayıda uzanmış gözəl,qaraşın kişiyə yaxınlaşdı.
-Bunlar bir kişi tapmadılar göndərməyə,bu balaca qızı göndəriblər,adam ona xəstə olduğunu deməyə də utanır-kişi qalxıb yatağında oturdu.
Gülər gülümsünərək dedi:
-Sizin sahənizə mən baxıram.
-Bəs sən işləmirdin axı,-Tağıyev işləyirdi.
-Mən məzuniyyətdə idim,-o,məni əvəz edirdi.
-Analıq məzuniyyətində?
-Bəli.
-Yaxşı gəl görək ,xanım qız,görək mənə nə divan tutacaqsan.
Gülər heç nə başa düşməyərək ona baxdı.
Kişi gülümsünərək dedi:
-Deyirəm ,yəni necə müalicə edəcəksən?
-Xəstəliyiniz nədir?
-Sətəlcəm olımuşdum.Bu Tağıyev nə etdisə xəstəlik keçib getmək bilmir,nəfəs ala bilmirəm.İndi də məni xəstəxanaya göndərmək istəyir.Deyirəm ;ay kişi, 5-10 günlük xəstəliyi bu qədər uzatmısan bəs deyil,-indi də başlamısan xəstəxana?
Gülər gülməyini saxladığı üçün dodağını dişləyərək dedi:
-Bütün xəstələr ondan nəsə şikayət edirlər.
-Həkim deyil ki...
-İndi sizə baxaram.
Gülər onu yoxladıqdan sonra poliklinikaya gəlib aparata düşməyin vacib olduğunu söylədi.
Kişi narazılıqla
-Sən deyəsən məni lap ağır xəstə edəcəksən-dedi.
-Etmərəm,qorxmayın,Maşallah, pəhləvan kimisiniz.Rentgenə düşmək vacibdir.Bəlkə,sizdə sətəlcəmdir,belə olanda nəfəs almaq çətinləşir.Sabah gəlin,tənbəl olmayın.
-Sən mənə,-neçə ilin hərbçisinə tənbəl deyirsən?
-Eləysə sabah mütləq gəlin.
Yaxşı gələrəm-kişi gülümsündü.
Gülər sağollaşıb çıxdı.
...
Səhərisi gün...Gülərin başı xəstələrə qarışmışdı.Başını qaldıranda ona baxaraq gülümsəyən tanış bir adam gördü,əvvəlcə kimliyini ayırd etmədi,sonra onun dünənki xəstə olduğunu xatırladı,ona tərəf gedərək
-Ah, gəldiniz...-dedi-gedək rentgen otağına.
-Xəstənizi yola salın sonra...
Gülər xəstəsini yola salıb qayıtdı
-Heç bilmirəm xəstəmin adı nədir?-Gülər gülümsünərək altdan yuxarı kişiyə baxdı.
-Kərim Abbasov.Bəs həkimin adı nədir?
-Gülər Mirzəyeva.
Onlar rentgen otağına daxil oldular .Məlum oldu ki ,xəstədə sətəlcəm başlayıb,ciddi müalicə lazımdır.Havalar soyuq keçdiyi üçün,həm də xəstənin istəyi ilə evdə müalicə olunmasını qərara aldılar.Və həkimlərdən də elə Güləri ona təhkim etdilər.
Gülər günaşırı gedib Kərim müəllimi yoxlayırdı.Xəstə müalicəyə yaxşı cavab verirdi,artıq sağalmaq üzrəydi.
...
Bir gün Gülər yenə də xəstəyə baş çəkməyə getmişdi.Qapını Kərim müəllim özü açdı.Gülər otağa daxil oldu.Evdə heç kimin olmaması onu bir balaca sıxsa da biruzə vermədi.Xəstəni yoxladı ,vəziyyəti xeyli yaxşılaşmışdı
-Yaxşısınız.Dərmanları atırsınızmı?
-Atıram...
Gülər:
-Qızdırmanızı yoxlayaq-deyərək termometri ona uzatdı.Kərim müəllim yavaşca onun əlindən tutdu.Gülər diksinərək geri çəkildi,azacıq qızardı,lakin özünü o yerə qoymadı
Bir qədər keçdikdən sonra Gülər termometri istədi ,Kərim müəllim termometri verdi,amma nədənsə pərt olduğu sezilirdi,Gülərin üzünə baxmağa çəkinirdi,yəqin ki, öz hərəkətinin yersiz olduğunu anlayırdı...
Gülər bir şey biruzə verməyərək bir sıra məsləhətlər verib çıxdı.
...
Aradan bir neçə gün ötdü.Baş həkim Əmrahov Gülərdən xəstənin vəziyyətini soruşdu.Gülər son günlər ona baş çəkmədiyini dedi.Professor töhmətlə Gülərə baxaraq başını buladı
-Olmadı da belə ...Belə şeylərdi biz həkimləri xəstələrin gözündən salan .Sən ona vaxtaşırı baş çəkməlisən.
-Yaxşı ...Bu gün gedərəm...
Gülər getməmişdən Kərimə zəng vurdu
Kərim halının yaxşı olduğunu dedi.
-Eləysə sabah poliklinikaya gəlin.
-Halımın nisbətən yaxşı olması o demək deyil ki,mən ümumiyyətlə xəstə deyiləm.Xanım qız,bu sizin işinizdir.İşinizə çox laqeyd yanaşırsınız.
Gülər gələcəyini söyləyib telefonu bağladı.Nəsə getmək istəmirdi...Getməməyə də professordan çəkinirdi.İstər- istəməz plaşını geyinib çıxdı.
Qapını yenə də Kərim açdı.Yenə də tək idi.Gülümsünərək Güləri içəri dəvət etdi.Onun üzündəki mehriban ifadəni görən Gülərin qorxusu dağıldı.
Kərim həkimlərin sənəti haqqında maraqla danışır və Gülər də qeyri-ixtiyari gülümsünərək onu yoxlayırdı.
Kərim birdən onu qucaqladı.Gülər dəhşətlə dartındı,dodaqlarını öpmək istəyən Kərimdən başını qaçırdı,kişinin öpüşü onun boynuna düşdü.Gülər hirslə dartınıb ayağa durdu.Kərim onun qollarını buraxmayaraq asta pıçıltılarla söylədi
-Səni görən gündən bəri gecə də ,gündüz də səni fikirləşirəm.Mən səni sevirəm.
Gülər heyrətlə yaxından onun gözlərinə,gülümsəyən dodaqlarına baxır,astadan pıçıltılarla danışan Kərimin səsi onu olmazın dərəcədə qorxuzurdu.İlahi,o Gülərlə nə üçün belə rəftar edirdi? Gülər yəqin ki,nədəsə səhv etmişdi.Kətan kimi ağararaq dedi:
-Bu dəqiqə qışqıracağam ,əlinizi çəkin.
Kərim müəllim isə əlini çəkmək əvəzinə onu zorla sinəsinə sıxdı.
Gülər sapsarı idi,ağlayaraq
-Əlinizi çəkin ,-dedi.
Kərim əlini çəkdi
-Sənə neynirəm ki..-müqqəssircəsinə pıçıldadı
-Siz məni nə hesab edirsiz...Mən sizin üçün bəyəm nəyəm?
-Axı sən niyə elə hesab edirsən ki,mən səni nə isə hesab edirəm.Sadəcə...çox qəribə bir hissdir...səni görən andan sənə vurulmuşam.
Gülər əlləri əsərək çantasını yığışdırdı və pərt olmuş Kərim müəllimə baxmayaraq otaqdan çıxdı.
...
Nədənsə, Kərimin hərəkəti Gülərin yadından çıxmırdı.Axı o nə üçün Gülərə qarşı elə hərəkət etmişdi, Güləri nə hesab edirdi? Gülərin qanında bir intiqam ehtirası qaynayırdı , onu ələ salmaq məqsədi ilə nömrəni yığdı.
Kərimin gümrah səsi eşidildi.
Gülər onu ələ saldığını düşünərək
-Kərim müəllim,sizsiz?-deyə soruşdu
-Bəli...Nə əcəb buralara zəng etmisən?
-Heç elə- belə .Dedim görüm necəsiniz...
-Yaxşıyam...Çox sağ ol...Buralara nə vaxt gələcəksən?
-Heç vaxt...
-Kərim müəllim yaxşısınız,hətta o dərəcədə ki...(istədi desin camaatın arvadına girişirsiniz) demədi.
-Gəl...Mən səni gözləyəcəyəm...-Kərim pıçıldadı
-Gəlməyəcəm.-Gülər əsəbiləşdiyini hiss edirdi
-Gəl...-Kərim yenə pıçıldadı.
Gülər telefonu bağladı.Ürəyində ondan acıq çıxdığını düşünsə də ona belə rol oynamaq çətin idi.
...
Səhəri evdə tək idi, telefonuna zəng gəldi,Kərimdi.Əvvəlcə telefonu açmaq istəmədi.Sonra...”Sənin başına bir oyun açım ki..Bir də xalxın qadınına ,qızına ilişməyəsən...”düşünərək telefonu açdı
-Salam .Necəsən?
-Yaxşıyam.
-Nə üçün gəlmirsən bura?
-Bilsəm ki ,özünüzü düz -əməlli aparacaqsınız gələrəm.
-Düz-əməlli aparacam...Gəl...
-...Gülər bilmədi nə desin
-Darıxmışam sənin üçün ,gəl
Gülər qızararaq telefonu qapadı.Divardakı güzgüyə yaxınlaşdı,oradakı əksinə gülümsünərək göz vurdu.”Xəstəyə yaman ilişirsən ha!”
...
Aradan bir neçə gün ötdü. Gülər işdə idi.Kərim zəng etdi.Gülər canında baş qaldırmış şeytanlıqla telefonu açdı
-Hə sizsiniz?
-Bəli ,mənəm.
Necəsiz? Sağaldınız?
-Bunu həkim gəlib yoxlamalıdır.Hamısını Əmrahova deyəcəyəm.
-...Gülər bilmirdi nə desin
-Nə üçün gəlmirsən bura?
-Qorxuram-Gülər onu doladığını düşünsə də vücudunu qəribə bir titrəyiş bürümüşdü.
-Nədən ?
-Sizdən
Xəttin o başında sükut yarandı.Bir qədər sonra Kərimin səsi gəldi
-Qorxma...İki dəfə gəlmisən bura sənə nə olub?
-Kərim müəllim,arvadınız sizi xəstə ola-ola qoyub hara gedib?
-Arvadım yoxdur...Rəhmətə gedib.
Güləri gic bir gülmək tutdu.Güldüyü üçün bir az pərt olsa da özünü o yerə qoymadı,onu dolamaqda davam etdi
-Kərim müəllim,birdən mənim medsestrama vurularsınız ha...
-...Kərim müəllim güldü ,cavab vermədi.
-Yox ,siz yəqin ona eşq elan etmisinz.
-Mən elə adam deyiləm.
Gülər istədi desin: bəs mənimlə niyə elə rəftar etdiz ,-demədi,artıq danışmağa özündə taqət tapmayaraq telefonu bağladı.
...
Gülər poliklinikada idi.Nəsə xəstəsi yox idi.Qarşısına qoyduğu güzgüdə dodağına pomada çəkirdi.Bu vaxt qapı açıldı,Kərim müəllim içəri daxil oldu.Pomada Gülərin əlindən yerə düşdü.Kərim müəllim pomadanı yerdən qaldırıb Gülərə verdi. Mehriban ,qəribə nəzərlərlə Gülərə baxırdı və nəsə özünü itirmişdi.Gülər bu kişini şorgöz bir adam bilirdi,onun Gülərlə qəribə davranışı gənc qadına bu əsası vermişdi.İndi isə...qadın onun haqqında tamamilə səhv fikirdə olduğunu anlayırdı.Kərim uşaq kimi elə saflıqla ,sadəliklə gülümsəyirdi ki...Nəhayət Gülər
-Gəldiniz? Yaxşısınz?-dedi.
-Onu sən deyəcəksən.
-Gedək rentgenə.
-Rentgenə sala-sala məni birtəhər edəcəksən.
-Etmərəm...Qorxmayın.
-Artıq etmisən...
Gülər qızardı
Gülər rentgenin cavabına baxaraq gülümsündü
-Ciyərləriniz sağlamdır.
-Ciyərlərim sağlamdır...İndi də ürəyimi xəstəliyə salmısan.
-Mən? Mən sizə neylədim ki...
-Neyləmədin ki...
Birdən- birə Gülərin ona yazığı gəldi.Doğrudan da ,deyəsən həddi aşmışdı.
-Yaxşı da...bağışlayın siz Allah...Bir də sizə zəng etməyəcəm...
-Edəcəksən!-sanki əmr edirdi.
-İstədim sizdən acıq çıxım...
-Neylədin... yaxşı elədin....Bu gün gəl .Yaxınlıqdakı parka gəl .Söhbət eləyək
-Uşaqsınız?
-Mənim ürəyim uşaq ürəyidir.
-Gəlin elə belə dost olaq.
-Olaq da ...
-Siz qadınla kişinin dostluğuna inanırsız?
-Yox .
-Niyə?
-Olmaz da ...Bilmirsən niyə?
-Axı mən inanıram.
-Mən isə inanmıram.Qadınla kişi o vaxt dost ola bilər ki,onlar arasında məhəbbət var.İşdən sonra gəl yaxşımı? Bir az söhbət edərik.
-Söhbət etdiniz də ...indi...
- Səni gözləyəcəm...
Gülər cavab vermədi.
-Yaxşı hələlik-Kərim çıxdı.
Gülər sakitcə oturub bir nöqtəyə baxırdı.Özünü çox münasibətsiz bir vəziyyətdə hiss edirdi.Axı necə oldu söhbət bu yerə gəlib çıxdı?
...
Kərim artıq işə çıxırdı.Hər gün ,günaşırı Gülərə zəng edirdi.Gülər özü də anlamadan tora düşmüşdü Nə isə onu Kərimə,onun səsinə doğru cəlb edirdi.Gülər dəhşətlə onun üçün darıxdığını hiss edirdi.Özünü danlayır,əri,oğlu olduğunu öz-özünə hey təkrarlayırdı.Bütün bunlardan əlavə heç Kərimin necə adam olduğunu belə bilmirdi.Görən Kərim onu doğrudanmı sevirdi? Ah, bu şeytani hiss...
Gülər darıxırdı...Ah,onun səsi,onun nəfəsi...Bütün günü onu fikirləşirdi,hər an onu görmək istəyirdi,o, zəng etməyəndə darıxırdı...
Bəzən Gülər saatlarla onunla yanaşı uzanmış ərinə baxır,qəlbindəki hissləri açıb söyləmək istəyirdi.Görən əri onu başa düşərdimi? Onu bu dəhşətli hisslərdən uzaqlaşdıra bilərdimi? Gülər hər şeyi açıb ərinə deyə bilsəydi...
...
Bir gün Kamran-Gülərin əri sevinclə gəldi ki,Almaniyaya getmək məsələsi baş tutur;əvvəlcə o gedəcək,sonra viza göndərəcək ,Gülər də gələcək.
Gülər saralaraq onu dinləyirdi
Kamran;
-Nə var ki,burda,tez-tez zəng edəcəm,bir-iki aya sən də gələcəksən.
-Ah,Kamran, nə var ki,orada.Mənim işim var,sən də özünə bir iş tap,qəriblikdir.
Ay qız...Nə danışırsan ...Belə gözəl bir ölkədə yaşamaq...Bu mənim çoxdankı arzumdur.
Gülər dalğın-dalğın ona baxır,qəlbindəki ona əzab verən hissi açıb ərinə demək,ondan yardım almaq istəyirdi.Lakin bunun yersiz olduğunu da hiss edirdi.Bunu Kamrana demək,ümumiyyətlə yol üstə olan bir adama bunu söyləmək nə dərəcədə düzgün idi? Onun planların alt-üst etməyə əsas var idimi? Gülər özü bunu Kamransız həll edə bilməzmi,qəlbinə dolmuş bu qorxunc hissləri qəlbindən uzaqlaşdıra bilməzmi? Həm də Kamran onu nə dərəcədə düzgün başa düşər?
Artıq Kamranın sənədləri hazır idi.
Ərini yola salarkən Gülər qəlbinin dərinliyində dəhşətli bir qorxu hiss edirdi,-bu onun özünün özündən qorxusu idi. Kaş o da elə indi əri ilə çıxıb gedə biləydi, Kərim müəllimin zənglərindən,sözlərindən xilas ola biləydi.
Nə isə ...Gülər ərini yola salıb otağa qayıtdı.Oğlu hələ yatırdı.Gülər kirimiş oturub gözlərini bir nöqtəyə dikmişdi.Kamranla tanış olduğu,ailə həyatı qurduğu günləri xatırlayırdı.Düzdür,indi bunlar Gülərə çox solğun görünürdü...Telefonun səsi onu xəyaldan ayırdı.Kərim idi...Gülər xəcalətlə qəlbinin telefona doğru atıldığını hiss edirdi.Lakin yox ,Gülər tlefonu açmayacaq,ərini yola salıb başqa kişi ilə danışmayacaq.Gülər elə qadın deyil,ləyaqətlidir,neçə-neçə oğlanın içindən ərini seçib,ona ərə gedib,onu heç kəs buna məcbur etməyib.Həm də əri onu çox istəyir.Gülərin heç bir əsası yoxdur onu tanımadığı,bəlkə də ,riyakar bir adama dəyişsin.
Bilə-bilə ərin var və ondan heç bir xəyanət,riyakarlıq görmədən ona qarşı riyakar olmaq olarmı? Ona yalanlar satmaq,onu,bəlkə də,xırda,cılız bir məhəbbətə dəyişmək olarmı?
Gülər sənə nə olub?
Telefon yenə zəng çalırdı.Gülər o gün telefonu açmadı.
...
Səhərisi gün Kərim yenə zəng vurdu.
Gülər telefonu açdı.
-Necəsən?
-Yaxşıyam...
-Səsin nəsə birtəhərdir.
-...
-Nə olub sənə?
-...
-Bura bax sən heç ömründə sevmisən?
-Bəli.
-Kimi?
-Ərimi
-İnanmıram.Sevməmisən...Ailə qurmusan.Sevmək başqa şeydir.
-Bu çox qorxulu oyundur.Xahiş edirəm,gəlin bunlara son qoyaq.
-Artıq gecdir,ocaq alışıb,-onu söndürmək qeyri-mümkündür.
-Kaş mən sizə rast gəlməyəydim...-Gülər hıçqırdı.
-Ağlama...Məhəbbəti sevinclə qarşılamaq lazımdır.Məhəbbət İlahinin bizə verdiyi ən müqəddəs hissdir.
-Lakin əgər o məhəbbət kimi yox,əxlaqsızlıq kimi qarşılanacaqsa,insanlar tərəfindən başa düşülməyəcəksə?
-Sən əgər bunları fikirləşirsənsə,onda məni sevmirsən.
-...
-Onda fikirləşmə...Gəl yanıma..,gəl...
-Heç vaxt...-Gülər titrəyərək telefonu qapatdı.
...
Kərim Güləri dəli bir məhəbbətlə sevirdi.Əvvəlcə onu suyuşirin bir qadın kimi xoşlamış,şux zarafatları ilə onu güldürmək, araya bir şuxluq salmaq istəmişdi.Sonra...özü də anlamadığı bir hisslə ona girişmişdi.Lakin vaxt keçdi...indi Kərim qəribə bir cazibəsi olan Güləri xəyalından çıxarda bilmirdi.Kərim onu sevirdi,istəyirdi bu sevgi Gülərə də sirayət eləsin.Gülər nə iləsə ona bağlansın.İlahi,ömrün bu çağında bu vaxta qədər duymadığın bir duyğu ilə sevmək olarmış...Hansısa bir qadınla söhbət belə həyatının mənasına çevrilərmiş.Kərim onunla söhbət edəndə nədən hər şeyi unudur ;sanki Gülər də ,o da subay,bir-biri üçün yaranmış insanlar idi.Kərim bəzən düz hərəkət etmədiyini düşünürdü;ailəli ,namuslu qadındır,hiss olunur ki,ərindən başqa heç kəslə əlaqəsi olmayıb,belə bir qadını yoldan çıxartmaq nə dərəcədə düzgündür? Lakin...ömründə sevməyən,amma sevgi hisslərini yaşamaq istəyən bir kişi sevgi hissləri gələndə ondan vaz keçə bilərmi? Bəlkə, bu hissləri Gülər demişkən elə dostluqla çərçivələsinlər.Lakin... Kərim sevdiyi qadın üçün inanılmış dost yox,ehtiraslı bir sevgili olmaq istəyirdi.
...
Gülər poliklinikada əyləşmişdi.Həkim Novruzov onun kabinetində idi:İş barədə nə isə danışırdılar.Bu vaxt qapı açıldı və Kərim içəri daxil oldu.Novruzov əsəbiləşdi
-Yoldaş bu nə hərəkətdir.Biz danışırıq.
-Mən bilərəm-Kərim köntöy cavab verdi.
Bu nə deməkdir? Bu kimdir,Gülər?
-Xəstədir.
-Xəstələrə çox ixtiyar verirsiniz..
Gülər dinmədi.
-Oturmaq olar?-Kərim Gülərdən soruşdu.
-Əyləşin-Gülər dedi.
-Yaxşı ,hələlik-Novruzov Gülərə qəribə baxışlarla baxaraq çıxdı.
Gülər həyəcanla Kərimə baxdı
-İşdən nə vaxt çıxırsan?-Kərim soruşdu.
-10-15 dəqiqədən sonra...
-Aşağıda səni gözləyirəm.Ağ maşındır,nömrə...
-Nə danışırsınız,bu nə deməkdir?-Gülər onun sözünü kəsdi.
-Gedərik.Səninlə bir-iki saat söhbətim var.
-Mən gələ bilmərəm...-Gülər tamamilə pərt oldu.
-Bura bax,məni sevirsən?
-Bunun məsələyə dəxli yoxdur.
-Var! Sən böyük saxtakarsan.Denən səni sevmirəm,səni ələ salıram,sənin qəlbinlə oynayıram.
-Yox...elə etmirəm-Gülər haradasa haqsız olduğunu hiss etdi.
-Edirsən!
-...
Gəl,aşağıda səni gözləyirəm.-Kərim çıxdı.
Gülər iş vaxtının qurtarmasına baxmayaraq,oturub gözləyir,yoldaşları ilə söhbət edirdi ki,Kərim çıxıb getsin. Bu vaxt iş yoldaşı Aynur ona yaxınlaşdı
-Getmirsən?
-Gedirəm.Səhərdən yol yoldaşı axtarıram-Gülər ayağa qalxdı.
-Eləysə ,yol yoldaşı mən
-Gedək...
Kərim Gülərin başqa bir qadınla çıxmasına təəccübləndi.Budur ,Gülər heç onu tanımırmış kimi keçib getdi.Kərim heyrətlə onun arxasınca baxırdı
-Sən beləysənmiş..-Nə isə içində çarəsiz bir qəzəb var idi... Gülərin hərəkəti ona çox pis təsir edirdi.Mələk kimi təmiz,təbiətin özü kimi təbii olan bu qadın indi onun yanından necə asanlıqla keçib gedirdi.Heç ona tərəf baxmadı da...Deməli o da süni ola bilərmiş.O isə bu vaxta qədər rast gəlmədiyi,lakin həmişə arzuladığı qadını onun simasında tapdığını düşünürdü.
...
Gülər o axşam çox həyəcanlı idi. Televizorda Türk Şairi Hikmet Okuyar’ın şeirləri oxunurdu.
...
’ Ne biçim sevda bu ? Gel hele söyle.
Sen de mi yanıksın ne oldun öyle?
Nerede yaşanmış? Kim olmuş böyle?
Yıldırım çarpmışa döndürdün beni. ’
....
Bu bəla onu hardan tapdı?
Xəcalətlə nə isə danışan oğlunun sarışın tellərini sığallayırdı.Vaxt var idi qəlbində nöqtə boyda boş yer yox idi ki,ora hansısa bir hiss daxil olsun.Bəs nə oldu?
Ah,Gülər bu məhəbbətə cavab verə bilsəydi...Gülər bütün bunları bacarardı,əgər o,evli bir qadın olmasaydı...Lakin indi...
Bəs bunları bilə-bilə nə üçün ürəyi ilə bacarmır? Əgər ağılla hər şeyi ölçüb-biçəcəkdisə ürəyi ilə bacarsın da,onu sevməyə qoymasın.Lakin Gülər ürəyi ilə bacarmırdı,bu ürək sahibindən heç nə soruşmadan sevirdi.Hər an sevdiyinin səsini eşitmək,hər an onu görmək istəyirdi.O zəng etməyəndə darıxırdı.Dünyanı onsuz təsəvvür etmək,onu qəlbindən çıxarıb yaşamaq istəyirdi.Yox, bu mümkün deyildi.Əri ilə evləndiyi vaxtları xəyalında canlandırır,ərini sevdiyinə özünü inandırmaq istəyirdi.Yox,bu mümkün deyildi.O xatirələr çox sönük idi,Güləri cəzb etmirdi,ovsununa salmırdı.Oğlunun doğulmasını xatırlayırdı.Oğlunu sevirdi,lakin bu da onun qəlbinə dolmuş amansız hissləri vurub çıxartmırdı.İstəyirdi qəlbini didsin, dağıtsın ,onun üçün dərd çəkməyə qoymasın...lakin bu da mümkün deyildi.Saatlarla oturur,gözünü bir nöqtəyə dikir,həyatda belə şeylərin çox olduğunu,həmişə də əxlaqsızlıq,bişərəflik kimi qarşılandığını öz-özünə təkrarlayırdı.Bənövşə gözlü nənəsini canlandırırdı xəyalında ,ulu nənələri düşünürdü,istəyirdi onların ulu xəyalları önündə utansın,bu yersiz məhəbbətə uymasın.Lakin bu da mümkün deyildi.
Zamanı geri fırlamaq hər şeyi təzədən başlamaq olsaydı,Gülər də ,o da bir-birinə vaxtında rast gəlsəydi,onları Tanrı bir-biri üçün yaratsaydı.Lakin zaman başqa cür dövr edib,onlar o vaxt yox, bu vaxt bir-birinə rastlaşıblar.Və hansısa ecazkar bir qüvvə indi onları bir-birinə cəzb edir.Lakin...gücləri çatarmı bu məhəbbəti cəmiyyətin qarşısında etiraf etməyə.Bu mümkünmü? Gülər bunu istəyirmi?
Yox istəmirdi...
Eləysə qəlbindəki bu təlatüm nədir?
Bilmirdi...Televizorda Hikmet Okuyarın növbəti şeiri oxunurdu
....
’ Gir gönlüme beni candan tanı de,
Bir gece de Hikmet sevsin beni de,
Yalan bile olsa sevdim seni de..
Deli divaneye döndürdün beni. ’
....
Telefonun səsinə ayıldı.
Qeyri-ixtiyari telefonu açdı
-Gəlim sizə?-gözəl kişi səsi pıçıldadı.
-Nə danışırsınız...-Gülər titrədi.
-Nə olacaq ki...Bir az söhbət edərik...
-Yox...yox...
-Bura bax ,açıq de ki ,məni sevmirsən.
-...
-Daha mənə zəng etməyin .Xahiş edirəm.
-Mümkün deyil bu...
...
Aradan bir müddət ötdü.Kərim demək olar ki,hər gün təkidlə zəng edir,Güləri görüşə çağırırdı.Gülər isə böyük səhvə yol verdiyini,odla oynadığını artıq başa düşmüşdü. Artıq bu od şölə çəkib yanmaqda,Güləri də,Kərimi də yandırmaqda idi..Gülərin ona yazığı gəlirdi,bu odu söndürmək üçün yollar arayırdı.Odur ki,Kərimə görüşə gələcəyinə söz verdi.
Böyük bir tərəddüdlə görüşə getdi. Kərim bağın ən dərin guşəsində oturacaqda əyləşmişdi.Güləri görcək cəld ayağa durdu,ona tərəf yeridi.
Onlar bağda gəzişirdilər.Kərim ürəyi sinəsindən çıxacaqmış kimi tez-tez nəfəs alırdı.Gülər söhbətə necə başlayacağını bilmirdi.Kərim onu yanpörtü süzür,onun yaxınlığından duyduğu məmnunluqdan gülümsəyirdi.
Nəhayət Gülər özünü toplayıb dedi
-Gəldim ki,sizinlə açıq danışım.
Kərim ona baxır,həyəcanla nəfəs alaraq Gülərin nə deyəcəyini gözləyirdi
-Gəlin bu üzüntülərə,bu oyuna son qoyaq-nəhayət Gülər pıçıldadı.
-Mən bizim münasibətlərimizə belə deməzdim
-Bunun axırı yaxşı olmayacaq-Gülər davam etdi.
Nə üçün?-Kərim dedi.
-Necə nə üçün? Siz məni sevmirsiniz-Gülər bu sözü söyləyəndə Kərim diksindi-Əgər məni sevsəydiniz mənim qəlb evimi uçurmaz,ailəmə qarşı soyutmazdınız.Nə istəyirsiniz məndən?
-Mənə sənin sevgin lazım idi.Bu sevgi yaranıbsa,mən hər şeyə hazıram:necə istəyirsən elə hərəkət edək;birbaşa zaksa gedək,mənim evimə gedək.
-Bəs mənim oğlum?
-O bizə ağırlıq etməz.
-Bəs ərim?
-Sən onu sevmirsən
-Nə olsun? Biz avropalı deyilik,-ingilis,amerikan,rus deyilik.Siz bunları bilirsiniz axı...
-Mən bir şeyi,-səni sevdiyimi bilirəm-o,Gülərin qarşısını kəsdi,əllərini onun çiyninə qoydu.Gülər ağlayaraq onun əllərindən azad olmaq istədi.Kərim müəllim onu bərk-bərk sinəsinə sıxdı.
-Gülər...-o ilk dəfə Gülərin adını dedi-həyat bizə bir dəfə verilir,unut hər şeyi,məhəbbət heç nəyi ölçüb-biçmir,sevgi qarşısındakı maneələri vurub yıxır.İndi məcnunluq-acizlik zəmanəsi deyil.Mənim fikrimcə, aşiq aciz olmalı deyil.Tapşır həyatını mənə,qayda-qanunlara qul olma,iyirmi birinci əsrdə yaşayırıq.
Gülər onun ağuşunda titrəyir,vücudunun sanki əriyərək onun vücuduna qovuşmaq istədiyini hiss edirdi.Amma yox,axı Gülər başqa niyyətlə gəlmişdi;diksinərək yavaşca Kərimi itələdi.Kərim bunu hiss etmədi
-Burax məni-Gülər ağladı.
-Yaxşı-yaxşı ağlama-Kərim dərindən köks ötürərək,Güləri sinəsindən araladı,əlləri isə hələ də onun saçlarında gəzirdi.
-Sənə neynirəm ki...ağlama...-Kərim pıçıldadı.
Birdən Gülər xatırladı: bura hər şeyə son qoymaq üçün gəlmişdi.Axşamdan plan qurmuşdu; Kərimə onunla əylənmək istədiyini, ondan intiqam aldığını söyləməli idi.
-Əgər sizi sevməsəydim,bilsəydiniz ki,sizi sevmirəm məndən əl çəkərdiniz?
-Yəqin ki...-Kərim müəllim onun əllərindən tutmaq istədi.Gülər əllərini qaçırdı Kərim müəllim davam etdi-Özünü uşaq kimi aparma. Mən uşaq deyiləm ki,sənin məni sevdiyini görməyim.
-Yox, mənim təbiətim belədir,-şıltaq.Nənəm həmişə deyərdi ki, qız gərək bir qədər ciddi olsun,həmişə mənim xasiyyətimdən qorxardı.Kərim inamsızlıqla ona baxırdı.Gülər isə artıq ixtiyarsız başladığı işi sona yetirirdi –Məni bağışlayın,mən sizi sevməmişəm,sizi ələ salmışam.Yadınızdadır: ilk günlər mənlə etdiyiniz hərəkətlər-Kərim başını utancaqlıqla tərpətdi- Bax həmin hərəkətə görə sizdən acıq çıxmışam..
Kərim qapqara qaralaraq yaxındakı skamyada əyləşdi.Qarşısındakı Gülərə baxır,beyni isə uğuldayırdı:”Demək onun belə işləri də varıymış”
Çox heyif...Kərim isə onun pörtən yanaqlarına ,gülümsəyən dodaqlarına baxaraq,lətif səsinə qulaq asaraq sevildiyini düşünürdü.Düşünürdü...ömrün qalan illərini bu sevgi xoşbəxt və mənalı edər.Nə olardı bu qadın onu sevsə? Dünyadan nə əskilərdi axı...O ki ...çox şey istəmirdi...bircə ömürlük məhəbbətdən savayı.Nə idi ki,bu?
Gülər onu gözaltı süzür və düşünürdü :deyəsən inanır...Ancaq bu yolla mümkündür onun təkidlərindən qurtarmaq..bu oyuna son qoymaq...bu yolla...bu yolla...
Hər ikisi pəjmürdə idi:danışmağa sözləri qalmamışdı
Gülər içində nəyinsə qırıldığını hiss etsə də dediyi sözü geri götürmək fikrində deyildi.Kərimin qaralmış sifəti,aşağı əyilmiş başı,dizləri üzərində çarpazladığı əlləri bu dəqiqə onu necə də cəzb edirdi.Gülər içindəki qadının bu dəqiqə ona doğru atılacağını,göz yaşları ilə onu sevdiyini söyləyəcəyini hiss edib pıçıldadı:
-Yaxşı, mən gedim...
Kərim ixtiyarsız ayağa qalxdı
-Gedək səni ötürüm.
-Yox ,lazım deyil.Özüm gedəcəm-Gülər dedi və dönüb getdi.
...-Buyur, bu da sənə məhəbbət...-Kərim xəcalətlə düşündü-Deyir ki ,sizi sevməmişəm,ələ salmışam,dolamışam-Kərim dişini dişinə sıxdı.-Qoy belə olsun,məni ələ salsın.Nə olar ki...Kərim, səni ələ salan bir qadından ötrü nə əzab çəkirsən,durub onun ardınca qaşmaq istəyirsən?
...
Bu arada Kamran zəng vurub viza göndərdiyini söylədi.
...
Getmək...
Biləndə ki,artıq ona əlin çatmayacaq,ünün yetməyəcək,bəlkə,unutmaq mümkün oldu.
Artıq Gülər yol tədarükü görürdü.
Getmək ...Onu görməmək...Onun səsini eşitməmək...
Getmək...Hər şeyə son qoymaq...İnsan ömrü...insan həyatı...sən nə qəribəsən?İnsanın ən ali hisslərindən olan məhəbbət insana bu qədər kədər gətirərmiş...İnsan nə irəliyə,nə də geriyə yol tapmazmış...
İrəliyə gedən yol uçurum,geriyə gedən yol qüssəli,darıxdırıcı ,yeknəsəq bir həyat demək olarmış...Viran qalmış ,bomboş bir qəlb demək olarmış...
Bəs Gülər nə etsin?
İrəliyə getmək bir qrup insanın dəhşətdən böyümüş gözləri,kinayə ilə büzülmüş dodaqları,qohumların heyrəti,nifrəti,qəzəbi,ərin sarsıntısı,məhvi,xəcaləti idi...
Bəs Gülər nə etsin?
Gülər həmişə ağlı ,həyası,tədbiri ilə seçilən bu qadın indi başını itirmişdi.
Sevmək günah idimi? Gülərin təqsiri var idimi ki,sevir? Məgər,məhəbbət nəyəsə baxırmı,məhəbbət nəyisə ölçüb-biçirmi? Məhəbbət qonduğu ürəklə hesablaşırmı?
Gülər heç olmasa onu axırda elə təhqir etməyəydi.Sevən qadına yaraşarmı sevdiyinin ürəyinə dağ çəksin,onu dəlicəsinə sevdiyi halda sevmədiyini,ələ saldığını,məsxərəyə qoyduğunu desin.Necə də tutuldu,tamam pərt oldu...
Gülər böyük bir tərəddüddən sonra telefonu götürdü,nömrəni yığdı.Kərimin səsi xətdə eşidildi
-Bəli.
-Salam-Gülər çətinliklə dilləndi.
-Salam-dedi Kərim və Gülərin nə deyəcəyini gözlədi.Gülərdən səs çıxmadığını görüb davam etdi-Nə əcəb zəng etmisən? Bir-birini ələ salan adamların bir-birinə zəng etməsi nə dərəcədə düzgündür?
-Ah, elə deməyin ,xahiş edirəm...Mən sizi ələ salmamışam.Mən istəsəm də kimisə ələ sala bilmərəm.
-O gün dedin.Yadından çıxıb?
-Ah...yox...yox...
-Sənin hərəkətlərin də bunu sübut edir
-Yox...
-Belədir.
-Yox elə deyil...Mən sizi sevirəm...Bəs siz məni?-Gülər ağlayırdı.
-...
-Gedirəm...O deyib gəl...
-Nə vaxt?-Kərim özünü nə qədər soyuq,sərt aparsa da dözmədi.
-Bu gün...
-Görürsən...Sən yenə də məni aldadırsan.Sən sevməyə qadir deyilsən.Heç ərini də sevməmisən,o səni bəyənib alıb.Sevən qadın sevdiyi ilə belə vidalaşmır.Dünən bütün bazar günü sənin ixtiyarında idi.Gəlib mənlə görüşə bilərdin.Sevən qadın sevdiyindən möhkəm qorunmur.Yola düşməyinə bir-iki saat qalıb bura zəng edirsən...
-Sizi sevirəm...-Gülər hıçqırdı.
-Nə deyirsən? Məni bir dəfə aldatmısan...Deyirsən:bir də aldanım?
-Yox...Sizi aldatmamışam.Sizin yaddaşınızda elə qalmaq istəmirəm.Mən sizi çox...lap çox sevirəm...Sağ olun.Sağlıqla qalın-Gülər ağlayırdı.
-Dayan .əzizim! Mən hər şeyə hazıram.Sən iradəli olsan,ondan ayrılsan,biz evlənəcəyik.Hər şey yaxşı olacaq.
-Mümkün deyil bu.Əlvida,əzizim...-Gülər telefonu qapatdı.
-Yaxşı yol-Kərim əlini ağrıyan ürəyinə apardı -Görürsənmi? Mən uşaq deyiləm ki...Mən sənin nəyə qadir olduğunu bilirəm.Sən beş fikrə qulluq edən adamsan.Çox təəssüf...Getmə deyən kimi telefonu qapatdı...Mən ona zor edə bilmərəm ki...Özü də deyir ki,sizi sevirəm.Necə sevgidir axı bu?
Kərim yenə başladın? O səni sevmir.Görmürsən, çıxıb ərinin yanına gedir?
Bəs nə üçün dünya, aləm birdən-birə başına belə dar oldu,nə üçün gözləri yaşla doldu,nə üçün ürəyi əsim-əsim əsir?
Deyirlər ki,kişilər güclüdür...Amma onun sevgilisi,-o sevimli qadın ağlayaraq gedir,osa heç nəyə qadir deyil,heç nəyə...
Gülər Kərimlə danışandan sonra sanki qəlbindən asılmış daş götürülmüşdü.Yox,sevdiyin adamı aldatmaq,təhqir etmək elə də asan deyil.Bu fani dünyada kimisə sevəsən ,ondan ötrü heç nədən keçməməyin bəs deyilmiş kimi ,hələ onu bir təhqir də edəsən...
Getmək...Getmək...Bir sevən qadın kimi o,heç nəyə qadir deyil.Sevgilisinin yanına getməyə,onunla yaxından vidalaşmağa belə qadir deyil.Artıq bu mümkün deyil...Artıq hər şey...bütün cəhdlər əbəsdir.Vəssalam...Hər şey bitdi...
...
Gülər çox dalğın idi...Kimlərsə ona kömək etdi,təyyarədən düşdülər,Budur,Kamran göründü.Gülə-gülə onlara tərəf qaçdı;oğlunu,Güləri öpdü.Gülərin dalğınlığını o dəqiqə sezdi.Diqqətlə ona baxaraq soruşdu
-Yol sizi yormadı ki?
-Yox...
-Xəstə deyilsən ki?
Yox...
Əri yeməyi qızdırdı. Yemək yedilər.
Otaq çox səliqəli, rahat idi.Əri gülə-gülə
-Bu gün mən sizə qulluq edəcəyəm –dedi.-Sən bir yuyun özünə gəl.Çox yorğun görünürsən .
Gülər yuyunub gələndə Kamran artıq oğlunum rahatlayıb yatırmışdı.Gülər dinməzcə qurulanıb,saçlarını darayırdı.Kamran ona yaxınlaşdı
-Darıxmışam sənin üçün-Kamran dedi.
-Mən də ...-Gülər yalan dedi
-Sənsiz bir günüm olmasın.-Kamran dedi.
-Mənim də...-Gülər yalan dedi.
-Sənsiz dura bilmirdim
-Mən də ...-Gülər yenə yalan dedi.
-Mənim gözəlim-Kamran onu çılğınlıqla qucaqladı.Gülər də özünü elə göstərirdi ki,guya o da ehtirasla ərini istəyir.Və qəlbində bir dəhşət var idi:İlahi, bu kişiyə qarşı qəlbində nöqtə boyda bir hiss qalmamışdı:bu an kişinin ehtirasdan yandığı bu an o,gizli bir əzabla bunun nə vaxt qurtaracağını gözləyirdi.
Ərin səni öpəndə üzdən razılaşdığın,qəlbində isə iyrəndiyin anlar olarmış.Bütün bunlar necə iyrənc şeylərdir;islaq yaş dodaqlar sənin dodaqlarını sümürür,boyun –boğazında sanki iyrənc bir kərtənkələ sürünür,qəlbində ikrah oyadan isti bir nəfəs nəfəsinə qarışır,ürəyin sıxılır;inləyərək nəfəsini azad etmək istəyirsən,o isə məmnuniyyətlə artıq ehtirasdan inlədiyini düşünür;öz yad,yadlaşmış dodaqları ilə ağzını bərk-bərk tutur.Qışqırmaq istəyirsən;çəkil ürəyim partladı axı,gözlərinlə ona yalvarırsan,bir şey anlamayan gözlərini gözlərinə dikir,əllərini azad etmək istəyirsən,barmaqlarını barmaqlarına keçirir.Çarən kəsilir,başa düşürsən ki,bütün bunlara dözməkdən başqa ayrı əlac yoxdur.
Nəhayət, hər şey sona çatır.Lakin dəhşətli odur ki,buna bənzər gecələri yenə duymalısan.
Dəhşət...Bütün bunlara dözmək lazımdır.Qalan ömrü belə keçirmək lazımdır...Başqa yol yoxdur,başqa həyat yoxdur.İnsanların yaşaması üçün başqa kainat yoxdur.Dünyaya yenidən gəlmək olmaz,yenidən uşaq olmaq,dünyaya nağıl gözü ilə baxmaq olmaz.Yenidən xəyallarda sevgili yaşatmaq,ağ atlı oğlan gözləmək olmaz .Olmaz,əzizim,olmaz.
Zaman...Ah,zaman əsrlərdir ki,insanları son baharda tökülmüş yarpaqlar kimi ağzına alıb süpürləyə-süpürləyə ölümə doğru aparan həmin zamandır.Vaxt var idi bu zaman Füzulinin dövründə əsirdi,indi də bu dövrdə əsir.Və insanların,-yarpaq kimi küləyin ağzında uçuşan insanların vaxtı çox...lap çox azdır.Bu insanlar desələr də ki,biz ölməyəcəyik,yaddaşlarda yaşayacağıq-mənasızdır.Bu yaddaşlar özü nədir ki...-uçuşan yarpaqlar.Ah,əzizim,Füzulinin dövründə də var idi məhəbbət...Ah,insanların böyük hiss adlandırdığı o nemət.Uşaq başı aldadan o şirniyyat. Birinci nə götürmüsən, götürmüsən,xoşuna gəlsə də gəlməsə də..Qəndqabından ikincisini əl uzadıb götürmək olmaz.”Sən yemisən ,o da qaqaşındır”-deyirlər.İkincini əl uzadıb götürmək üçün nələr...nələr lazımdır.Hər oğulun işi deyil bu.
Əri ,deyəsən ,nə isə duymuşdu.Çox,lap çox həssas idi Gülərə qarşı.Səhərlər işə gedərkən Gülərə yaxınlaşır,mehribanlıqla onu öpürdü.Gülər də nəzakət xatirinə onun öpüşlərinə cavab verir,qəlbində bir xəcalət duyurdu.Lakin nə mənası? Gülər Kərimi bir an da olsun xəyalından çıxarda bilmir,elə hey onu düşünürdü.
...
Günlər beləcə keçir,Gülər darıxır...darıxırdı...
...
Bərk yağış yağırdı...Gülər pəncərənin qarşısında durub bayıra baxırdı:əri işdə,oğlu baxçada idi. Göy guruldayır,yağış yağır...yağırdı...Gülər dəli bir istək duydu bu yağışın altında islanmaq,yaxınlıqdakı çayın sahilində ayaqlarını yaş otlarda islada-islada gəzmək üçün.
Əvvəlcə fikrindən daşındı:əri gəlib onu axtarardı. Sonra isə...qadın qəlbində bir qəzəb duydu,Kamranı düşünüb adicə bir istəyini həyata keçirə bilməməsinə acığı tutdu.Geyinib çayın sahilinə endi.
Necə gözəl bir mənzərə idi; Yer, Göy sanki bir- birinə qovuşmuşdu, hər tərəf su rənginə bürünmüşdü.
Nəhəng çay dalğaların Gülərin dayandığı sahilə döyəcləyərək axıb gedirdi.Qadın qəlbində bir titrəyiş duyaraq çaya baxırdı.Əsrlərdir bu çay beləcə axır,onun mavi suları nələrin...nələrin şahidi olub.Bu çay bax,beləcə axmaq üçün yaradılıb,-ulu Tanrı onu yaradanda alnına bax beləcə sahilləri döyəcləyərək axmağı yazıb.Hələ bu yağışa bax,gör necə yağır...Dünya yaranandan beləcə yağışlar yağıb,goylər guruldayıb,çaylar axıb,dənizlər dalğlanıb,insanlar yaşayıb...
İnsanlar yaranandan həmişə nəyisə sevməyə can atıblar;dağları,daşları;yerləri-göyləri,Tanrını,bir-birini seviblər.Bu sevgi onların həyatına az-çox məna,bəzək verib.Bu sevgi insanlara bəzən xoşbəxtlik,bəzən bədbəxtlik gətirib.
Ürək...Bu ürək nə deyir axı? Nə üçün sıxılır? Bir Təbiətə bax! Təbiət bax,indicə ağlamırmı? Məhəbbətə düçar olmuş sevən bir qadın kimi ağlamırmı? Çay onun damarlarından axan qanı,bu yağış göz yaşları deyilmi? Bu tutulmuş,qaralmış hava onun tutqun,kədərli siması deyilmi?
Gülər ağlayırdı...Əlindəki çətiri açıb bu selləmə axan yağışın altına tutmaq heç ağlına gəlmirdi.
Yağış yağdıqca oz suları ilə onun saçlarını yuduqca o, sanki, təsəlli tapırdı.Onun qəlbi kimi ağlayan,sıxılan bir qəlb var idi,-bu elə ana Təbiətin öz qəlbi idi.Ah,necə yaxşı olardı:bu yağışa qoşulub bu gözəl çayın sularına qarışmaq:bu sularla ,bu yağışlarla,bu göylərlə birləşmək...
Gülər zamanın axarını itirmişdi:o elə bir anda idi ki,bu anda geçmiş gələcəyə,gələcək indiki ana qarışır.
Ah ,onun sevgilisi ,o gözəl kişi...Gülərə “Gəl” deyirdi,heç nədən qorxmurdu.Xarakterinə uyğun olaraq vasvasılıqdan uzaq,tərəddüdsüz,nə istədiyini bilən adam,-Təbiətin özü kimi təbii,kobud,sərt kişi.Gülər özündə olmayan,lakin onda olan bütün cəhətlərin aşiqi idi.Belə bir kişinin səni sevdiyini duymaq özü bir xoşbəxtlikdir.
Lakin...Gülər bu məhəbbəti ,yəqin ki,itirdi.Sevdiyi üçün heç nədən keçməyən qadın sevilərmi?
Bəs Gülər nə etsin?
İnsan yarandığı gündən onun üçün müxtəlif sədlər,sərhədlər qoyublar,həmişə insanı cilovlayıblar,onu öz məcrasına salıblar.Heç bir insan güc tapmayıb bu məcradan çıxmağa.Çıxanda gülüş hədəfi,kinayə obyekti olub,insanlar məcrasından çıxan insana həmişə istehza ilə baxıblar.İnsanın da elə bu çay kimi alnına yazılmış öz taleyi var.
Gözəl çay,nə fərqi var ki,sən hansı torpaqlarda axırsan,hansı dağlardan başlamısan.Nə fərqi var ki,sənin sahilində hansı dildə danışan insanlar gəzişir,hansı balıqlar yaşayır sənin sularında...Sən və Gülər bir ananın,-ana Təbiətin övladları deyilmi? Sən və Gülər əbədi olaraq öz məcranızda axmağa məhkum edilməmisinizmi?
Ah,əzizim Gülər,indi sən ,bu zərif qadın bu boyda çayın müqabilində nəsən ki,öz məcrandan çıxmaq istəyirsən.Bir şey ki,Təbiət etməyə qadir deyil,sən edə bilərsənmi?
Gülər ağlayırdı...
Bənövşə gözlü nənəsi gəlib gözü önündə durmuşdu,göylərdən yağış şırımları arasından ona baxırdı,bənövşə gözlərindən bu yağış kimi damlalar axırdı.Daha əvvəllərdə olduğu kimi şən-şən gülümsəmirdi,eləcə qəmgin-qəmgin baxırdı.Gülər başını onun dizlərinə qoymaq,nazlanmaq istəyirdı,nağıl söyləməsini xahiş etmək istəyirdi.
O nağıl dolu günlərə,uşaqlığa qayıtmaq olsaydı,zamanın təkərini geriyə fırlatmaq olsaydı...
Zamanın təkəri heç geriyə fırlanarmı?
Gülər əslində ərini sevmişdimi,onlar arasında ,doğrudan da,məhəbbət var idimi? Məhəbbətin nə olduğunu Gülər bilmişdimi?
Ta körpəlikdən nənələrimiz nağıllarla,analarımız arzularla bizi gələcəyə hazırlayır.Biz də qarşımıza çıxan bir kişini xəyali sevgilimiz sanırıq.Əslində bu belədirmi?
Gülərlə əri arasında Kərimə qarşı duyduğu çılğın məhəbbət var idimi?
Məhəbbət belə olurmuş...Sevdiyin adamın hər kəlməsini,sözünü xatırlamaq belə könlünə təsəlli verərmiş,onu xatirindən silməyə çalışdıqca,o ,daha böyük bir əzəmətlə xəyalına hakim kəsilərmiş.Onsuz dünya sənə bomboş,viran qalmış görünərmiş.
Başa düşərsənmiş ki,sənin qurduğun ailə əslində bir aldanış imiş,insanın özünün özünü aldatması deməkmiş,-məhəbbətdən əsər əlamət olmayan ,qarşılıqlı anlaşma əsasında qurulan bir ailə.Bu ailə məhəbbət,-o əzəmətli qüvvə gələrkən dözə bilərmi? Vaxt var idi Gülər”Leyli və Məcnun”u oxuyar ,anlamazdı ordakı duyğuları.Lakin indi...Doğrudan da,kimisə sevəndən sonra əvvəlki axarınla axmaq mümkün idimi?
Bəs bu məhəbbəti necə etiraf etmək mümkün idimi? Leyliyə nə var ki...O Gülərdən xoşbəxt idi.O qız idi ,Məcnun da oğlan Qız ərə getməli,oğlan da evlənməli idi.O sevgi kimlər tərəfindənsə başa düşülürdü.Bəs Gülərin məhəbbəti?
Günahkardır...Lakin ...O ki illərlə yuxuda olub...O ki məhəbbət nədir indi bilib...Məhəbbət budur...Gülər bircə dəfə başını onun sinəsinə qoya bilsəydi,bütün qayğılardan,bütün götür-qoylardan,onu sıxan,əzən qüvvələrdən azad nəfəs ala bilsəydi...O zaman,o an,-o an bir dəqiqə olsa belə-Gülər dünyanın ən bəxtəvər bəndəsi olardı. Mümkün idimi bu? Bəs Güləri öz məngənəsində əzən nələrdənsə azad olmaq mümkün idimi?
Bəs əvvəlki aldanışlarla necə,yaşamaq olardımı? Qədim bir əfsanədə deyilir:hər bir insanın bu dünyada yarısı var.Və insanlar yaşadıqları bu dünyada o yarını axtarırlar.Ulu Tanrı heç vaxt bu yarıları bir-birinə qovuşdurmur,onların qovuşmasından çəkinir.Niyə gorə? Gülər bunu bilmir.Yalnız onu bilir ki,bu adam onun yarısıdır ;onun fikirləri Gülərin fikirlərinin,hissləri hisslərinin,cismi cisminin yarısıdır.Və Gülərin fikirləri,hissləri,cismi bu yarıya qovuşmaq üçün uçum- uçum uçunur.Lakin bu mümkün deyil.Burada hədsiz maneələr var.Bu maneələr elə Tanrının qurduğu tordur,-yarının yarıya qovuşa bilməməsi üçün qurduğu tor.Bu tor vaxtilə kimlərəsə qurulub,indi də Gülərə qurulub.
Gülər ağlayırdı...Ərinin sevgilərinə yalandan cavab vermək o yana dursun, bəs oğlunun sevgilərinə necə cavab versin? Hər dəfə fikri dağınıq,xəyalı başqa yerdə oğluna nağıl danışanda bir xəcalət duyurdu,lakin bütün bunlara son qoymağı bacarmırdı.
-İlahi ,nə olar,yol göstər mənə -Gülər ağlayırdı-Ey axan Çay,ey çaxan şimşək ,ey yağan Yağış ,yaşamağı öyrət mənə.Sünilik bacarmayan,ana Təbiət ,mənə də özün kimi olmağı öyrət!
Gülər artıq özündə deyildi;çağlayan,sahili döyəcləyən çayın köpüklü sularına döğru gedirdi.
Hər bir insanın yarısı var,-ortaya atılan bir tapmaca.Bu yarını axtarmaq bir əzab,tapmaq iki əzab,ona qovuşmaq üçüncü əzab...
Gözəl çay əzəmətlə sinəsini açıb məcrasından çıxmışdı.Görəsən, Gülərin də məcrasından çıxmasında onun rolu olmuşmudu?
....
’ Gönlüne bülbülce dalayım derken,
Hikmetçe bir sevda salayım derken,
Harika bir nefes alayım derken..
İçinde mum gibi söndürdün beni...Hikmet Okuyar ’
......
’ Bu Nasıl Sevda Böyle ? ’ isimli Roman kapsamında istifadə olunmuş şeirlər; Gönül Seferberliği Deyişi ile tanınmış Türk Dünyası Şairi Hikmet Okuyarr’ındır..
*
Müellif : Şiringül Musayeva
..........
YORUMLAR
Henüz yorum yapılmamış.