- 940 Okunma
- 0 Yorum
- 0 Beğeni
“Çörək pulu”, yoxsa innovasiya?
Elbəyi CƏLALOĞLU
“Çörək pulu”, yoxsa innovasiya?
Son zamanlar aşıqların məclislərə dəvət almaması sarıdan gileyləri ilə tez-tez qarşılaşıram. Təbii ki, – sənətkarı el dolandırar, – deyiblər. 40-50 il öncə bizim tanıdığımız məşhur aşıqlar da dediyimiz el məsəlinin təlqini və dünyagörüşü sayəsində ailəsini dolandırıblar, “çörək pulu” qazanıblar. Həmin məclislər – şadlıqlar-şadyanalıqlar, toy-nişanlar, ad günləri elə indi də var, həm də o vaxtkından daha çox, daha təmtəraqlı. Bəs onda, aşıqların bu giley-güzarının kökündə dayanan hansı faktorlardır? Gəlin incələyək.
İlk növbədə, nə qədər gülməli görünsə də, texniki tərəqqinin aşıqların çörəyinə bais olduğunu düşünmək olar. Belə ki, hər bir aşıqpərəst sevdiyi saz ifalarını, aşıq mahnılarını cib telefonunun yaddaşına yerləşdirib, ürəyi istədiyi zaman onu qoşub feyzyab ola bilir. Demək, istisna halları nəzərə almasaq, aşığın canlı ifasına o qədər də ehtiyac qalmır. Bu yerdə daha bir el məsəli düşür ydıma: “Sənin atın hürkəcək deyə, mən tütəyimi çalmayım?” Əlbəttə, tərəqinin hər bir sahadə olması zəruridir. Tərəddüd etmədən demək olar ki, inkişafdan qalan istər ədəbi, istər elmi, istər sənaye və s. hər hansı sahə məhvə məkumdur.
Qeyd etməliyik ki, texnikanın geniş və sivil qaydada istifadə edilməsi aşıqlara başqa bir mesaj da verir. Bax, zənnimcə, bu da ciddi məsələdir. Mobil telefonların yaddaşına yazılanlar təkcə çağdaş aşıqların ifaları deyil, orada Borçalının, Tovuzun, Gədəbəyin, Şirvanın və s. korifey sənətkarlarının da məftunedici ifaları var. Dinləyici çağdaş aşıqların ifasını korifeylərdən kənarda və ya fərqli görə bilmir. Əgər o, Kamandarın, Əmrahın, Saraçlının, Əkbərin, İmranın mükəmməl ifalarını kiçicik cihazı vasitəsiylə dinləyə bilirsə, eyni ifaları bu məktəblərin yetirmələrindən niyə eşitməlidir ki? Hələ bu, bir yana qalsın, məlum havalarda korifeylər hansı şeiri oxuyublarsa, çağdaşlar da onu təkrar edirlər, öz dövrünün problemlərinə uyğun, bu zamanla səsləşən şeir nümunələrindən repertuarlarına qatmağa belə tənbəllik edirlər. Buradan məlum olur ki, əksər aşıqlarımız yenilikçi yox, təqlidçidirlər. Bundan başqa, saz ifaçılığını şouya, saz meydanını sirk meydanına çevirməklə çörək pulu xatirinə sazı ayaqlar altına atanları (əlbəttə, onlara “aşıq” demək olmaz) da görürük. Saz həm də bayağı mahnıların, şit ifaların müşayiətçisinə çevrilməklə bu cür sənətçilərin əlində daha çox simvolik xarakter daşıyır. Aşıq sənətinin tənəzzül prosesi yaşadığına dəlalət edən bu nəsnələr də bir tərəfdən aşıqların çörəyinə bais olur. Lakin baisliyin kökündə duran başlıca səbəb əsasən aşıqların innovativ çıxışlarının olmaması, ortaya yeni ifa tərzi və ya qeyri-adi aşıq musiqi bəstəsi qoya bilməmələridir. Təbii ki, tərəqqi, yenilik etmə hər kəsə qismət olmur, o, ilahi vergi kimi bir aşığa nəsib olur, qalanları isə yeni yaradıcılıq nümunələrini cilalaya-cilalaya davam etdirirlər, necə deyərlər, – bir mərdin karvanı köçdü, arxasınca el yeridi.
Aşıq sənətində reformasiyanın baş verməsi ədəbiyyata, dəqiqiliyi ilə desək poeziyanın yeni istiqamət götürməsinə də güclü təsir edəcəyinə şübhə yoxdur. Çünki aşıqlar bu günə qədər klassik romantizm üzərində yazılmış şeir nümunələri oxuyublar. Bu, muğam sənətinə də birbaşa aiddir. Aşıq musiqisində və muğamda dəyişikliyin olmaması onların klassik şeir janrının qorunub saxlanmasına əvəzsiz xidmət göstərdiyi bizə məlumdur. Lakin bu neytrallıq nə vaxta qədər davam etməlidir? Bunun təfsilatına varmaq üçün poeziyanın tarixinə qısaca nəzər salmaq məqsədimizin açıqlanmasına yardımçı ola bilər. Belə ki, şərq poeziyası orta əsrlərdə mistik düşüncənin, təsəvvüf məfkurəsinin təsiri altına düşərək, uzun müddət fəlsəfi ağırlığı çiynində daşımalı oldu. Əslində bu bəhs etdiyimiz dövrün tələbi idi. Çünki lap qədimdən üzü bəri Allahı dərk bir problem olaraq fikir adamlarını öz ağuşuna almışdı. Elə həmin zamanlarda da – e.ə. VII əsrdə Zərdüştün təkallahlıq ideyası, xeyirin şər üzərində qələbəsi bir məfkurə olaraq baş qaldırdı. Bundan sonra, həmin ideyanın pleyadası yarandı və bir-birinin ardınca nəinki filosoflar, hətta peyğəmbərlər zühur etməyə başladılar. Bu insanlar zamanını qabaqlamış fikir müəllifləri olduqlarına görə bəzən düzgün anlaşılmamış, bəzən də yaşadığı dövrün dövlət üsul-idarəsinə əngəl olduqları və ya idarəetmə ideyasına zidd olan fikirlər söylədikləri səbəbindən işgəncələrə məruz qalmışlar. Buna misal olaraq Musa, İsa, Məhəmməd peyğəmbərlərin, eləcə də, təsəvvüf İslam fonunda çıxış etməyə başladıqdan sonra ağır əzablarla üzləşmiş Həllacı Mənsur, Fəzlullah Nəimi, İmadəddin Nəsimi kimi dühaların adını çəkmək olar. Barəsində söhbət açdığımız iki min ildən də çox olan dövr fəlsəfi açıqlamalar, səmavi kitablar, eləcə də ədəbiyyat məhsulları olan məsnəvilər, bunlara paralel olaraq digər poeziya nümunələri vasitəsilə Allahı dərki və Ona qovuşma yollarını açıqlamağa xərclənmişdir. Dediklərimizə misal olaraq çox nümunələr göstərə bilərik. Hələliksə, İzəddin Həsənoğlunun bir qəzəlindən iki beytə baxaq:
Saldı əldən qəmu-məşuqə məni, yoxmu dəva,
Eşqdən oldu pərişan səri-karim, nə edim?
Hər iki dünyada Allah gözəli düst tutar,
Mən ki, Puri Həsənəm, yoxdu nigarım, nə edim?
Eyni ilə klassik romantizm ədəbiyyatının pik nöqtəsinə möhür qoymuş Məhəmməd Füzulinin bir rübaisini misal çəkə bilərik:
Hicrin ürəyini hər kimin qan eylər,
Tədricilə vəslin ona dərman eylər.
Zülfün kimi kim müddət ilə kafir idi,
Ləbin onu bir dəmdə müsəlman eylər.
Haqq naminə deyək ki, bu bir bənd rübai bir doktorluq dissertasiyasının özülüdür. Böyük ustad burada gözəlin və gözəlliyin vəsfini, təşbehləri, ifadə bütövlüyü və sadəliyini, islamın təbliğini, Allahın böyüklüyünü və dərkini elə yüksək dərəcədə tərənnüm etmişdir ki, bunun bu səviyyədə alternativini bəlkə də, başqa bir şairin yaradıcılığında rastlamamışıq. Məsələ burasındadır ki, hər bir mübarizə məqsədin ali zirvəsinin fəthi ilə başa çatır, bundan sonra yeni arzular insanları yeni mübarizəyə səsləyir. Ədəbiyyata da bu aspektdən yanaşsaq, onda bir sıra tənqidçilərin də təsdiqlədiyi kimi Məhəmməd Füzulidən sonra poeziya öz istiqamətini dəyişməli idi. Lakin cüzi daxili inkişafı, yəni cürbəcür şeir nümunələrinin meydana gəlməsini nəzərə almasaq, həmin ənənə günümüzə qədər davam edir. Bu halın səbəblərindən biri kimi aşıq və muğam ifaçılığının ciddi dəyişikliyə yönlənməməsini göstərmək olar. Hərhalda dediklərimizdən belə bir qənaətə gəldik ki, musiqi ilə poeziya bir-birinə söykənərək yaşayır. Ona görə də, bunlardan biri tərəqqi etməklə, o birini də yenilik etməyə vadar etməlidir.
Hərdən bizə elə gəlir ki, çağdaş ədəbiyyatımızda hansısa ciddi yeniliklər baş qaldırır. Bu yeniliklər nədən ibarətdir? Modernizmdən sonra post modernizm gündəmə gəldi, hətta son zamanlar post post modernizmdən söhbət açanlar da tapıldı. Məncə bunları aşağı-yuxarı nəsrə aid etmək olsa da, nəzm üçün elə də uğurlu yenilik deyil. Fikrimi açıqlamaq üçün qeyd etmək istəyirəm ki, maddi dünyamızda icad olunmuş bütün yaradıcılıq növləri və ya məhsulları öz təkamülünü təbiətin mükəmməl, ilahi bir dəqiqliklə yaradılmış nümunələrindən götürür. Allahın yaratdığı nə varsa, hamısı simmetriya qanunlarına tam uyğun, vəznləri son dərəcə dəqiq və bəlkə də, bizim hələ də tam xırdalıqlarına qədər anlamadığımız mükəmməl “qafiyə” sistemi ilə intişar tapıb. Belə olduğu halda, qafiyəsiz, simmetriya qanunlarına zidd olan bir yaradıcılıq nümunəsini necə yenilik hesab etmək olar?! Ritmsiz musiqi altında səhnəyə çıxan rəqqası təsəvvür etməyin mümkünsüzlüyünü hər kəs etiraf edə bilər, belə olan halda qafiyəsiz, ölçü-biçisiz şeirin nəyə qadir olduğunu söyləmək çətin deyil. Lakin dediklərimizə haşiyə olaraq, edilən cəhdləri yenilik uğrunda mübarizə kimi dəyərləndirmək olar. Çoxlarının (söhbət şairlərdən gedir) bu dünyagörüşünü dediyimiz tərzdə qavraması nisbətində şeirin musiqiyə yatsın deyə yazıldığına və ya ritm üzərində qoşulduğuna şübhə yeri qalmır. Bəlkə də, bu səbəbdən ədəbiyyatda baş qaldıran “yenilik” deyə andığımız poeziya nümunələri musiqini innovasiyaya çəkə bilmir.
Bütün bunlardan dolayı, inanıram ki, XXI əsr ədəbiyyatımızda və musiqi sənətimizdə dönüş dövrü olacaq, ya musiqi poeziyanı, ya da poeziya musiqini öz üslubunda qeyri-adi yeniliklər etməyə məcbur edəcək, birsözlə, biri digərini öz arxasınca aparacaq.
Beləliklə, bu qənaətə gəldik ki, çağdaş aşıqlarımız əvvəlcə “çörək pulu” yox, sənətdə köklü dəyişikliklər, ciddi innovasiyalar barədə düşünməlidirlər.
Bakı, 08 dekabr 2013-cü
YORUMLAR
Henüz yorum yapılmamış.