- 911 Okunma
- 0 Yorum
- 0 Beğeni
BİR DAHA VANNI GÖYÇƏK HAQQINDA
(Folklor xalqın bir ulu nemətidir, onu axtarıb üzə çıxartmaq müqəddəs sərvətdir!)
Türk xalqlarının folkloru o qədər zəngindir ki, dünyanın başqa xalqlarında bu qədər zəngin ağız ədəbiyyatının olmasını düşünmək belə mümkün deyil. Xüsusən də tərəkəmə soylu türklərdə folklorun canlılığı, həyatiliyi daha gözəl və rəngarəngdir. Tərəkəmə xalqı tarix boyu folklorun bir çox növünü yaratmışdır ki, bunlardan el nəğmələri, xalq oyunları, aşıq ədəbiyyatı, tapmacalar, nağıllar, laylalar, bayatılar, ağılar və s. göstərmək olar. Bunların içərisində nağıllar və aşıq ədəbiyyatı xüsusi yer tutur. Aşıq ədəbiyyatı nəsr və nəzmlə yaradılmış olduğuna görə digər janrları geridə qoyaraq, daha çox inkişaf etmişdir. Buna da səbəb saz kimi mükəmməl bir musiqi alətinin istifadəsi olmuşdur.
Aşıq ədəbiyyatında dastanların xüsusi yeri vardır. Ustad bir ozan el məclislərində şirin bir nağıl - əhvalat danışır, arada da öz telli – tavar sazını sinəsinə basıb nağıl qəhrəmanlarının dilindən gözəl nəğmələr oxuyur. Dinləyicilərin əhval – ruhiyyəsi dincəlir. Burada, eyni zamanda xalqın içərisindən çıxmış yaradıcı şəxsiyyətlərin adlarının əbədilişdirilməsi də vardır. Çünki, belə nağıl – rəvayətlər, dastanlar əsasən, onların həyatı ilə bilavasitə bağlı olur. Onların başlarına gələn hadisələr və yaratdıqları əsərlər bu minvalla xalq arasında yayılır və yaşayır.
Mənim məqsədim folklora dair əsər yazmaq deyil. Məqsədim yaddan çıxmış, unudulmuş nakam bir tərəkəmə şairini qədirbilən oxucuların nəzərinə çatdırmaq və folklorçuları bu işin araşdırılmasına cəlb etməkdir.
Bir qədər bundan əvvəl “Regionpress” qəzetində qocaman müəllim, əmək veteranı Təhməz Abbasovun “Üç ozandan üç tapıntı və ya xatirələr işığında” adlı məqaləsi dərc olunmuşdu. Burada Vannı Göyçək adlı bir şairin 3 şeri verilmişdi. Şerin biri çox bərbad halda idi. Tərkibində çoxlu ərəb sözləri olduğuna görə aşıqların ifasında zaman – zaman təhriflərə məruz qalaraq, anlaşılmaz hala düşmüşdü. Mən də şeri bərpa edib, açıqlamasını da yazaraq həmin qəzetdə məqalə şəklində dərc etdirdim. Məqalə oxucular tərəfindən çox maraqla qarşılandı. Ancaq bu “Vannı Göyçək” məsələsi məni rahat buraxmadı. Əvvəllər heç eşitmədiyim bir şairin ruhu daim mənim xəyalımı məşğul edir, elə bil “məni bir daha xatırlat!” deyirdi. Ancaq necə, nə yolla? Axı onun haqqıda heç yerdə bir məlumata rast gəlinmir. Bundan sui – istifadə edən bəzi bədxahlar şairə “erməni” deyəcək dərəcdə dil uzatdılar. Şairin ruhu isə elə bil dil açıb, “məni bu bədxahların əlindən qurtar...” deyə mənə yalvarırdı... Mən isə axtarışda idim...
Nəhayət, Təhməz müəllimin də qeyd etdiyi kimi, “Gənclik” nəşriyyatının 1974 – cü ildə çap etdiyi “Azərbaycanın aşıq və şair qadınları” kitabına müraciət etdim. Orada Vannı Göyçəyin adına iki, Göyçək adlı naməlum bir şairənin adına da yenə iki şer verilmişdir. Şerlərdən birini, “Bülbül” gəraylısını yenə orada adı çəkilən “El şairləri” kitabında S. Mümtaz öncədən vermişdi. “Azərbaycanın aşıq və şair qadınları” kitabında Vannı Göyçəyin adına verilmiş 1 – ci şer çox pozuqdur və həmin şerin başqa klassik şairlərdə bitkin formaları vardır.
Axır ki, Türkiyəyə müraciət etməli oldum. Orada məşhur tərəkəmə aşığı İslam Ərdənərin oğlu, yaxın dostum, aşıq – şair Musa Ərdənərlə əlaqə yaratdım. Onun da bu şairdən heç xəbəri yoxdu. Musanın ilkin araşdırmalarından bəlli oldu ki Vannı Göyçəyi Türkiyədə “Göyçək Riza” kimi tanıyırlar.
Bu günlərdə təsadüf nəticəsində bir el ozanı ilə qarşılaşdım. Bu, vaxtilə Borçalının adıbəlli ustad ozanı Sadıq Sultanovun şəyirdi olmuş aşıq Ağəli Həsənov idi. Eloğlum aşıq Ziyəddinin evinə bir iş üçün getdiyimdə, onu orada görüb çox sevindim. Xoş – beşdən sonra Ziyəddinlə söhbətləşərkən, sözümüz Vannı Göyçəkdən düşdü. Söhbətimizi dinləyən aşıq Ağəli “Onun haqqında nə bilirsiniz?” – deyə soruşdu. Mən də onun bir şeri haqqında olan əhvalatı danışıb, şeri söylədim. Qocaman aşıq bir qədər fikrə dalıb dedi:
- Allah aşıq Sadığa rəhmət eyləsin. Onun sinəsi dərya idi. Vannı Göyçəyin dastanını üç gecəyə danışardı.
Maraq məni götürdü. Axtardığımı tapmışdım. Qır – saqqız olub kişinin yaxasından yapışdım:
- Ağəli əmi, sən Allah, onun haqqında nə bilirsən danış – dedim.
Aşıq söhbətə başladı:
Mən 1961-ci ildə aşıq Sadığa şəyird gəldim. Onda mənim 21 yaşım vardı. Ömrünün sonuna qədər (1965) ona qulluq elədim. Bir – iki dəfə “Müşgül-güşa” dastanını mənim yanımda məclislərdə danışıb. Əvvəl - əvvəl bu dastanı mən də öyrənmək istədim. Hətta, ondan bir neçə şer də yazdım. Ancaq müəyyən səbəblər üzündən öyrənə bilmədim.
- Aşıq, o dastandan yadında nə qalıb? – dedim.
Aşıq dastanın qısa məzmununu belə danışdı:
Van şəhərində Göyçək adlı bir qıza yuxuda Kərim şahın oğlu Müşgül-güşanı buta verirər. Uzun hadisələrdən sonra Göyçək öz butasının dalınca gedir. Qarşısına bir dərya (yəqin ki bu Van gölüdür!) çıxır. Qız bir gəmiyə minir. Dəryanın ortasında fırtına gəmini parçalayır. Yazıq qız bir taxta parçası üzərində qalır. Bu zaman üzünü Haqqa çevirib deyir:
Mən istərəm Mustafanı, Qəmbəri,
Əsməlisən qibləgahım, əs indi.
Bir yel əsə, qibləgahı döndəri,
Əsməlisən qibləgahım, əs indi.
Nə bir dostum vardır, nə də həmdəmim,
Günü – gündən artır dərd ilə qəmim.
Dəryanın üzündə qərq olub gəmim,
Əsməlisən qibləgahım, əs indi.
Şahi – Mərdan bu yerlərin çiçəyi,
Yerin – göyün, asimanın dirəyi.
Darda qoyma özün Vannı Göyçəyi,
Əsməlisən qibləgahım, əs indi.
Bu zaman fırtına dayanır. Qiblə tərəfdən xəfif külək əsir. Göyçək bir taxta parçası üzərində sağ- salamat qarşı tərəfdə sevgilisi olan sahilə çıxır. Bir çox əziyyətdən sonra Kərim şahın oğlu Müşgül – güşanı tapır. Göyçək uşaq vaxtı bir ağacdan yıxılıbmış. Ağacın bir budağının sınmış, iti ucu onun sol döşünü yaralayıbmış. Yaranın izi dururmuş. Müşgül – güşa bunu görəndə şübhələnir və valideyinlərinin də təkidi ilə qızdan imtina edir. Beləliklə Vannı Göyçək faciəvi bir həyat yaşayır.
Aşığın yadında qalan ancaq bunlardır. Heyif ki, dastanın tam mətni hələlik əldə yoxdur. Burada bir qəribə iş diqqət çəkicidir. Dastanlarda adətən, butasının dalınca oğlan gedir. Burada isə əksinə, qız butası dalınca gedir. Başqa bir maraqlı cəhət də vardır. Qızın sol döşündə aldığı yaradan qalmış zədə. 1965 – ci ildə Bakıda çap olunmuş “Azərbaycan dastanları” adlı beşcildliyin 1- ci cildində “Alıxan və Pəri” dastanı vardır. Burada da hadisələr Vanda və Pitlisdə cərəyan edir. Pəri xanımı qardaşı Mahmud kürəyindən qılıncla ağır yaralayır. Bir ağacın (!) koğuşunda yaralı vəziyyətdə durarkən, Alıxan onu tapıb aparır. Bundan sonra Pəri xanımın faciəli həyatı başlayır. Hər iki dastanda olan oxşarlıqlar heyrətamizdir. Qüvvətli ehtimallara görə, “Alıxan və Pəri” dastanı da Vannı Göyçəyindir.
Kitabı diqqətlə nəzərdən keçirərkən sonuncu, “Şahzadə Əbülfəz” dastanı diqqətimi çəkdi. Orada 3-cü ustadnamədə Göçək Rzanın “Təkhatək” qoşması verilmişdir. Musanın xatırlatması yadıma düşdü. Dastanın əvvəlini oxuyanda heyrətləndim. Ənənəvi başlanğıcdan fərqli olaraq, bir tərəkəmə qızının bulaq başında qəmgin oturmağı və tərəkəmə bir qarının ona nağıl (dastan) danışması epizodu var. (Ş. İ. Xətainin uşaqlıq dövründə Borçalıdan olan Səkinə xala adlı dayəsi də olub!)
Mətləbi çox uzatmadan deyə bilərəm ki, Vannı Göyçəyin çox qüdrətli bir sənətkar və məhz tərəkəmə olması ehtimallarını doğurur. Hələlik isə onun şəxsiyyəti və yaşadığı dövr sirr olaraq qalır. Bu işin folklorçular tərəfindən araşdırılmasına ehtiyac vardır.
YORUMLAR
Henüz yorum yapılmamış.