- 852 Okunma
- 1 Yorum
- 0 Beğeni
BEŞ QƏPİK (Xatirə-yazı)
2008-ci ilin iyul ayının isti günlərindən biri idi. İstanbulun “Aksaray” avtovağzalının qabağında Tbilisiyə gedən avtobusu gözləyirdim. Bilet dünəndən sifariş edilmişdi. Avtobus axşam saat 7. 00-da yola düşməli idi. Ancaq əmim oğlu, orada yaşayan iş adamı Nevzat bəy öz maşını ilə günortadan məni yola salmağa gətirmişdi. Nə üçün belə tez gəlməyimizi soruşanda Nevzat bəy dedi:
-Əmoğlu, akşama kalırsak, trafik allak-bullak oluyor. Bura İstanbul. Ulaşmamız zor ola bilir.
Nə isə... Mən bir müsafir kimi yerli qaydalara tabe olmalıyam. Bir qədər gözlədikdən sonra aclığımı hiss etdim. Yaxınlıqdakı kafedə oturub yemək sifariş verdik. Yeməyimizi yeyib, üstündən bir-iki stəkan pürrəngi çay içdik. Türkiyədə də çaya söz ola bilməz. Rəngi, ətri və dadı adama xüsusi ləzzət verir. Yemək pulunu ödəyib vağzala doğru yollandıq.
Avtobus hələ gəlməmişdi. Bir qədər var-gəl edə-edə söhbətləşdik. Artıq axşama az qalırdı. Avtobus isə gəlmək bilmirdi. Mənim hövsələdən çıxdığımı görən Nevzat bəy vağzal müdirinin kabinetinə girib bir tufan qopardı ki, gəl görəsən. O haqlı idi. İstanbul kimi nəhəng bir şəhərin vağzalında hansı nəqliyyat növünün nə vaxt hara yola düşəcəyini bildirən reproduktor Tbilisi avtobusunu nə isə unutmuşdu.
Bir az sonra məlumat verildi ki, Tbilisi avtobusu xarab olduğundan təmirə dayanıb. Sərnişinlər bir-iki saat gözləməli olacaqlar. Nə etməliydik? Gözləməkdən başqa çarəmiz yox idi.
-Nevzat bəy, bərk susamışam, bir az su içsəydik...-deyə dilləndim.
Vağzalın qabağında yanaşı iki köşk var. Birində su, digərində qəzet-jurnal satılır. Birbaş ora yollandıq. Su köşkündə növbə çox idi. Nevzat bəy növbəyə dayandı. Mən isə marağımı öldürmək üçün qəzet köşkünə yanaşdım. Burada növbə yox idi. Satıcı qızdan bir-neçə qəzet istədim. Cibimdə xeyli xırda türk pulu var idi. Sayıb-eləmədən hamısını qızın qabağındakı pul qabına qoydum. Bu pullar artıq mənə gərək deyildi. Qız pulları sayanda beş qəpik artıq olduğunu görüb özümə qaytardı. Mən götürmək istəməyib, onun mənə lazım olmadığını bildirdim. Satıcı qız israrla pulu mənə uzatdı. Mən könülsüz şəkildə ovcumu qıza uzatdım. Pul barmaqlarımın arasından sürüşüb yerə düşdü və diyirlənərək su növbəsində duran adamların ayaqları arasına getdi. Bu zaman bunu görən beş-altı yaşlı bir oğlan uşağı dərhal növbədən çıxaraq həmin pulu götürdü. Öpüb, gözünün üstünə qoydu. Sonra mənə yaxınlaşıb:
-Amca, alın paranızı – dedi.
Mən bu uşağa təşəkkür edib, bu pulun mənə gərək olmadığını və ona bağışladığımı bildirdim. Uşaq qəti etiraz edərək: “Hayır amca, bu para sizin” – dedi.
-Oğlum, mən bunu neyniyəcəyəm? Buna bir şey də düşməz – dedim.
-Bunlar çoxalırsa bir işə yarar, zatən güc birlikdədir – deyə cavab verdi.
Mənim gülümsündüyümü görən uşaq:
-Üzərində Atatürkümüzün rəsmi var – deyə dilləndi.
Gözlərimdə iki damla yaş gilələndi. Beş-altı yaşlarında bir uşaqda olan bu mədəniyyət məni möhkəmcə sarsıtmışdı. Göz yaşlarımı görən bir nəfər gənc oğlan növbədən ayrılaraq mənə yaxınlaşdı və üzrxahlıq elədi:
-Əfəndim, bağışlayın! Bəlkə cocuk xətrinizə dəymiş?..
-Yox, yox, nə danışırsınız? Əksinə, məni çox duyğulandırdı – dedim. Kaş ki, bütün uşaqlarımız belə olaydı. Bu sözləri deyib, qarşıdakı təpədə vüqarla dalğalanan al – qırmızı türk bayrağına baxaraq xəyala daldım...
-Əmoğlu, buyur suyunu iç!
Nevzatın səsi məni xəyaldan ayırdı. Suyumuzu içib, yaxınlıqdakı skamyada əyləşdik. Avtobus gəlmək bilmirdi. Bir qədər söhbət edib ayağa durduq. Var-gəl edə-edə bayaqkı uşağın hərəkətlərini düşünürdüm ki, Nevzat bəy dilləndi:
-Yaman dalğın görünürsən. Nə olub?
-Heç, dedim. Bu ruhda böyüyən körpələr gələcəkdə vətən və millət qeyrəti çəkməkdə nümunə olacaqlar. Burada hansı təpəyə, hündür binaya, qədim abidəyə baxsan, hər birinin üzərində al-qırmızı vətən bayrağı görünür. Hər yerdə Mustafa Kamal Atatürkün vətəni qorumağa, onu sevməyə səsləyən sözləri yazılmış plakatlar gözə dəyir. Əlbəttə, bu şəkildə böyüyən gənclik vətəni cani-dildən sevəcəkdir. Bu Vətən də öz övladları üçün hər şey edir. Ölkənin əsas atributlarından olan pula və bayrağa bu dərəcədə hörmət və ehtiram bu xalqa böyük iradə verir.
-Elədir, doğrudur! – deyə Nevzat bəy sözlərimi təsdiq elədi. Ancaq bir məsələ də var ki, xalq öz vətənini nə qədər çox sevsə də, yenə böyüklərdən çox şey asılıdır. Xalqın başının altına yasdıq qoyub, bir qədər güclü dövlətlərin mənafeyi üçün çalışanlar olmasa, Vətən cənnətə dönər...
Bu zaman bizim avtobusumuz gəldi və mən əmoğlu ilə vidalaşaraq yerimdə əyləşdim. Avtobus Tiflisə doğru yola düşdü və mən bir həftəlik xatirələrimin xəyallarına daldım...