Xəlil Rza Ulutürkə
Elnur Rəsuloğlu (Əliyev)
Ruha qida verir, ruha güc verir Əşarı Xəlilin, şeri Xəlilin. Ölsə də, o yalnız cismən ölübdür, Ruhusa dönübdür geri Xəlilin. Onun əşarıyla boy atmışıq biz, İlhamlanıb yazıb-yaratmışıq biz, Ürəkdə heykəlin ucaltmışıq biz, Qəlblərdə yaşayan diri Xəlilin. Çoxları satıldı, yalançı oldu, Onunsa həqiqət qazancı oldu. Azadlıq ən böyük inancı oldu, Azadlıq ocağı, piri Xəlilin. Onu çox sıxsa da, zindan həyatı, Sınmadı şerinin qolu, qanadı. İşıqlı günlərə ümid bağladı, Qaranlıq olsa da, yeri Xəlilin. Ney kimi sızladı, saz kimi dindi, Xalqıyla ağladı, xalqla sevindi. Göyə yüksəlməkçün xalqına endi, Bəlkə də bu imiş sirri Xəlilin. |