QALIRAM...
Qalıram.
Baxıram Gülnisənin oğluna ağlar qalıram, Qazanır qalaq-qalaq pulları dağlar qalıram. Hər günün keçir kitabla olmusan göz dağı sən, Zəmanə sənlik deyil,bəyənmirsən bu çağı sən, Göz önündə olursan savad,kitab manyağı sən, Sənin bu işlərini gizlicə saxlar qalıram, Baxıram Gülnisənin oğluna ağlar qalıram, Qazanır qalaq-qalaq pulları dağlar qalıram. Hələ mən söyləmirəm qonşumuz qəssab oğlunu, Alverlə körpəlikdən tapıb qazancın yolunu, Pərt edib pulu ilə ətrafında sağ-solunu, Sənin qazanc yolunu falçıda yoxlar qalıram, Baxıram Gülnisənin oğluna ağlar qalıram, Qazanır qalaq-qalaq pulları dağlar qalıram. Nə tapıbsan oxumaq,yazmaq ilə söylə bala, Gözünün nuru gedib,çul düşərək çox pis hala, Bir dəri,bir sümüksən canın çıxır bax az qala, Ət,çörək həsrətində kitabı qoxlar qalıram, Baxıram Gülnisənin oğluna ağlar qalıram, Qazanır qalaq-qalaq pulları dağlar qalıram. Deyirəm tay-tuşuna baxıb bir az dərs alasan, Onlar tək çak-çuk edib halımıza sən qalasan, Savadı neyləyirəm,pullu bir oğlan olasan, Yoxsulluq üzür bizi xəyalla çağlar qalıram, Baxıram Gülnisənin oğluna ağlar qalıram, Qazanır qalaq-qalaq pulları dağlar qalıram. Mavi ekran da deyir,sənin özündən danışıb, İxtira nə deməkdir, onun düzündən danışıb, Nə isə eyləmisən,sənin sözündən danışıb, Hamı səndən danışır,mən ağzı bağlar qalıram, Baxıram Gülnisənin oğluna ağlar qalıram, Qazanır qalaq-qalaq pulları dağlar qalıram. 19.12.2014. |