- 1086 Okunma
- 1 Yorum
- 0 Beğeni
Elkosla Gülkos
Elkosla Gülkos
(hekayə)
Səhər yeməyindən sonra Gülkos onunla bir binada yaşayan Elkosa mobil qurğusu ilə ismarıc göndərdi ki, işə gedərkən evdən eyni vaxtda çıxsınlar. Onlar razılaşdılar və şərtləşdikləri vaxtda mənzildən çıxdılar. Binanın zirzəmisində yerləşən duracaqda görüşdükdən sonra, hər kəs öz uçan arabasına əyləşib mühərriki işə saldı. Onlar arabasını zirzəmidən bayıra çıxardıqdan sonra, radiodalğalarla xəbərləşib uçmağa start verdilər. Qısa bir vaxtda uçan arabalar səmada yan-yanaydılar. Onlara yandan-böyürdən dostları və iş yoldaşları da qoşuldular, beləcə qısa bir zamanda yarışmağa başladılar. Elkosla Gülkos mahir pilot olduqlarından “aftoşluq” edib müxtəlif ziq-zaqlı hərəkətlərlə dostlarını arxada qoydular. Bir azdan onlar yenə də təkləndilər və arabalarını bir-birinə o qədər yaxınlaşdırdılar ki, aradan heç tük də keçməzdi. Onlar qulaqcıqlarını keçirdib söhbətə başladılar. Əvvəlcə yarışmada dostlarına üstün gəlmələri onları sevindirdiyindən deyib-gülürdülər. Amma nədənsə Gülkosun gülməyi kəsmirdi. Bunu görən Elkos zarafatyana dedi:
-Ayə, sənin adını ona görə “Gülkos” qoyublar ki, ömür boyu güləsən?
Gülkos gülməyini dayandırıb dostuna cavab verdi:
-Nə bilim ee, qardaş, Gülmete babam o vaxt həftə bazarlığı üçün Yupiter planetinə gedibmiş, oradan qayıdanda kosmosun əsrarəngizliyinə heyran qalır və əhd edir ki, nəvəm oğlan olsa adını kosmosun gülü mənasında olan “Gülkos” qoyacam. Nəhayət arzusuna çatır.
-Babayın adının mənası nə deməkdir, Mete babamızdan götürülüb? – Elkos sual etdi. Gülkos isə dostunun sualını cavabsız qoymayarq dedi:
-Elkos, Mete babamızın da uluları Göy oğulları idi. Bəlkə də burada da bir bağlılıq var, onu alimlərimiz bilər, amma babamın adının mənası “gül meteorit”dir.
Söhbətin qızgın yerində qarşıda başqa bir uçan araba peyda oldu, o, əvvəlcə dostların üstünə gəldi və birdən onların uçağına dəyər-dəyməz böyük sürətlə elə keçdi ki, Elkosla Gülkosun qorxudan qanları qaçdı, sifətləri təzə yağmış qar kimi ağardı. Elkos özünü itirmiş halda Gülkosa baxdı. Onun sualla dolu baxışlarını görən Gülkos özünü ələ alaraq dedi:
-Özünə gəl, Elkos! Bu sonuncu model gözəgörünməyən arabalardan idi. Lakin o, pilotun istədiyi vaxt gözə görünə də bilir, bəs internetdə rastlaşmamısan?
-Bu cür arabalar yəqin milyarderlərə məxsusdur, - Elkos belə dedi. Gülkos isə, - ayə, nə milyarder, belə arabalarda yalnız hökumət adamları, bir də onların yaxınları uçurlar, bizlik deyil ee, qağa,- deyərək onun sözünə şərh verdi. Sonra da, - bizə bu cür ucuzvari arabalar qismət olunubsa, buna da şükr eləmək lazımdır, - dedi. Bu zaman Elkos dilləndi:
-Gülkos, sən uçağını neçəyə almısan?
-1500 manata,- Gülkos belə cavab verdi. Elkos heyrətlə onu qınadı:
-Ayə, sən nə danışırsan, səndə üç ilin arabasıdı, mənimkinin yaşı ilyarımdır, amma 1200 manata aldım, vuruğu-zadı da yoxdur, yalnız bir dəfə arabanı evin 23-cü mərtəbəsinə qaldırıb pəncərədən uşaqlara çörək verərkən özüm tərəfdəki qapını azca divara sürtmüşəm.
-Aydın oldu, amma mənim arabamın yaşı səninkindən çox olsa da demək olar ki, istifadə olunmayıb, başa düşdün?..
Dostlar iş yerinə vaxtında çatmışdılar. Uçaqlarını duracaqda yerbəyer edib, “Neptun” ticarət mərkəzinin qapısından içəriyə daxil oldular. Bu nəhəng ticarət mərkəzinin sahibinin eyni tipli ikinci tikilisi də Neptun planetində yerləşirdi, həmin ticarət mərkəzi isə “Yer” adlanırdı. “Neptun”la üzbəüz isə “Mars” adlı bir nəhəng ticarət mərkəzi də var idi. Onun isə sahibinin ikinci ticarət mərkəzi “Ay” adı ilə Mars planetində məşhur idi.
“Neptun” ticarət mərkəzinin xarici görünüşü öz dövrünə uyğun olaraq ən yüksək səviyyədə tikilmişdi, hətta əfsanəvi şah sarayları kimi göy işıqlara bürünmüşdü. Lakin mərkəzin içinə girdikdə buradakı tör-töküntülüklər, zövqsüz tikilmiş dükanlar, səliqəsiz mağazalar, şüşəsi qırıq, boyası getmiş piştaxtalar XX əsr və XXI əsrin əvvəlindəki iyrənclikləri xatırladırdı. Dünyanın müxtəlif yerlərindən, eləcə də ayrı-ayrı planetlərdən gətirilmiş mallar göz oxşasa da, dükan-mağazalar “it damı, xınzır yatağın”dan seçilmirdi. Bundan başqa icarə haqları ağlasığmaz dərəcədə yüksək idi. İlin əvvəli olduğundan adət üzrə alver getmirdi, satıcılar dilxor idi. Dükançılar icarə haqlarını verə bilmədiklərindən müdriyyəti qınayırdılar. Bütün bu söz-söhbət xəbərçilər vasitəsilə müdriyyətə çatdırılsa da, dünya onların vecinə deyildi, belə çıxırdı ki, istərsən get evini sat, arabanı sat, neynirsən elə, amma icarə haqqını verməlisən, vəssalam. Bu hal dükançılara əsəb yaşatsa da, müdriyyətin də öz azar-bezarı var idi. Onlara dövlət məmurlarının qoyduğu yüksək haqq ticarət mərkəzinin qaydaya salınmasına əngəl törədirdi. Bu haqsızlıqlar, məcburi verəcəklər, qeyri-insani düşüncələr insan psixologiyasının gəlişməsinə imkan vermirdi, hər kəs ancaq çörək pulu barədə düşünürdü. Mallar satılır, yığılan pullar icarə haqlarına verilir, bu səbəbdən də dükançılar malın yerinə mal gətirə bilmir və bu hal mağazaların dalbadal iflası, eləcə də gerçəkdən tüccarların evini, arabasını satması ilə nəticələnirdi. O dövrün düşüncələri bu cür idi. Texniki tərəqqi insanları 100-150 ildə ildırım sürətilə irəliyə aparmışdı, texnikada hər gün yeniliklər müşahidə olunurdu. Texniki tərəqqi məişətdə hər bir şeyi o qədər asanlaşdırılmışdır ki, ağıl işlətməyə ehtiyac qalmadığından beyinlər öz fəaliyyətini itirməkdə idi. Bəlkə də insanların psixologiyasının XX-XXI əsrin əsiri olaraq qalmasının səbəbi elə bu idi...
Gün axşam oldu. Elkosla Gülkos mağazasını bağlayıb ticarət mərkəzindən çıxdılar. Söhbət zamanı məlum oldu ki, Elkos cəmi 12 manat qazanıb, Gülkos isə mağazadan əli ətəyindən uzun çıxıb. Onlar gündəlik ailə tələbatları üçün yüngülvari alış-veriş etdikdən sonra duracağa gəldilər və hər kəs öz uçağına əyləşdi. Beləcə, dostlar evə yollandılar...
Bakı, 01 aprel 2012-ci il
Elbəyi Cəlaloğlu
YORUMLAR
hayalin üst sınırlarında güzel bir hikaye.Fantastik duygular hekayede güzel ele alınmış.
aslında şair insan psikolojisinini hekayede bozulduğunu işlerken,günümüzdede insanların nasıl bir ruh halinde olduğunu çağrıştırmakta.
Gününmüzde kapitalizmin yani paranın güçlü olduğu, her şeyin para ile değerlendiği zamanımıza ışık tutacak bir hekaye.
kalemi kutlarım.