- 670 Okunma
- 2 Yorum
- 0 Beğeni
Bədənlə ruhu birləşdirən varlıq – Ana!!!
Elbəyi CƏLALOĞLU
Bədənlə ruhu birləşdirən varlıq – Ana!!!
Anam - Qənirə Abdulla qızının 60 yaşı tamam olur!
Qırılması mümkün olmayan yeganə tel ana ilə
övlad arasındakı teldir.
Dahi yunan filosofu – Sokrat.
“Ana” sözü böyük hərflə yazılmalıdır. İnsan ən çətin anda Ananı anır və bəlkə də “ana” sözü elə “anma” sözündəndir.
Ana - Allahın əmrilə insanın yaradıcısıdır! Ana - Allahdan sonra insana həyat verəndir! Ana - öz bətnində bədənlə ruhu birləşdirəndir! Ana - Allahın kamilliyini özündə cəmləşdirib yaradıcı insanı zülmətdən işıqlı dünyaya gətirəndir! Nəhayət, Allahın ən möhtəşəm işləri Anadan keçir! Ulu övliya, dahi şərq mütəfəkkiri Mövlana Cəlaləddin Rumi buyurur ki, analar yaradılmışdan daha çox Yaradana bənzəyirlər.
Beləliklə mənə elə gəlir ki, Allaha gedən yol da mütləq Anadan keçir. Ona görə də, Allahı dərk etmək üçün əvvəlcə Ananı dərk eləmək mütləqdir. Mən Anamı sevirəm, özü də sonsuz sevgilə. Anamın dizləri üstünə baş qoyanda Tanrı yuxusuna gedirəm. Elə sevgi özü də insanla birlikdə Anadan doğulduğundan ilk sevgi də məhz Anayla bağlıdır. Körpə uşağın bir dəqiqə belə anasız qala bilməməsi bu sevginin nümunələrindəndir. Ürəyində Ana sevgisi olmayan insanın sadəcə düşüncəsi anormaldır.
Anam Qənirə Abdulla qızı 1947-ci ildə özünün dediyinə görə taxıl biçiləndə, sadə bir kəndli ailəsində doğulub. Borçalının aran bölgələrində, o cümlədən İlməzli kəndi ətrafında taxıl biçimi iyun ayında başlanır. Atasi Abdulla və anası Gülxanım, hər ikisi sırf borçalı qarapapaq türklərindəndirlər.
Anamın saçları erkən yaşlarında, təxminən 31 yaşında ağarmağa başladı. Bunun da səbəbi rəhmətlik Fərhad dayımın beşikdə bir körpə qoyub, vaxtsız ölümü ilə bağlıydı. İndi Anam-Qənirə xanımın heç atası və anası da yoxdur, onlar da haqq dünyasındadırlar. Hər ikisinə Allah rəhmət eləsin!
Qəmli notlara çox toxunmaq istəmirəm. Anam özü indi çox böyük analardandır, çünki, o, ən azı dünyaya iki oğul və iki qız gətirib.
Günlərin bir günü Anam mənə saçlarının ağardığını vurğulayaraq, artıq qocaldığını dedi. Mən isə ona:
Kövrəlmə Anacan baxıb saçına
Bənzəyir zirvədə qara, əzizim.
Namərd qocalığa əymə boynunu
Əyərsən, tapılmaz çara, əzizim.
Ucasan zirvəsi ən ucalardan
Hərdən bir başına çöküb çən, duman
İndi də “qocayam” deyərək yaman
Salmısan qəlbimi dara, əzizim.
Ağ saç bərəkətdi-deyib babalar
Hikmət görüb onda ellər, obalar
Bilməz qiymətini xəbis yabalar
Sığal ver, tumarla, dara, əzizim.
Kövrəlmə, ağrını alar Elbəyi
Özün öyrətmisən mənə gülməyi
Tanrı ağ saçına etsə köməyi
Üz sürtəcəm ayaqlara, əzizim.
Lap gənc vaxtlarımda Ukrainanın Donetsk şəhərində oxuyarkən hər dəfə yola düşəndə və qayıdanda, eləcə də, həqiqi hərbi xidmətə yola düşəndə və hərbi xidmət müddətimi başa vurub geri dönəndə onun əvəzsiz büllur kimi göz yaşlarının şahidi olmuşam. Amma bu göz yaşlarında bir fərq var idi. Mən yola düşərkən göz yaşları onun kədərli yanaqlarını, qayıdarkən isə gülər çöhrəsini isladırdı. Belə yaşları zahirən ağlamaq kimi qəbul etsək də, əslində bu “Böyük Ana sevgisi”nin təzahürləridir.
Bir dəfə Bakıdan kəndə getmişdim. Evimizin ikinci mərtəbəsində oturub şadyanalıq edirdik. Atam - Aşıq Cəlal sazını sinəsinə basıb meydan oxuyurdu. Onun nər kimi səsi və bülbül avazı könüllər oxşayırdı. Təsadüfən Anamın başını sağ çiyninin üstünə əyib qayğılı nəzərlərilə məni süzdüyünü gördüm. Bu süzgüdə Tanrı sevgiləri sayrışırdı. Mənə ləzzət elədiyindən əvvəlcə özümü görməməzliyə vursam da, sonra ürəyim dözmədi və onu qucaqlayıb bərk-bərk öpdüm. Anamın bu qeyri-adi baxışları beynimdə misralara çevrildi:
Qayğılı nəzərlə zilləndin mənə
“İnqə” səslərimmi qəlbində dindi?
Bükülüb bələyə, yoxsa, Anacan,
Yenidən qundağam gözündə indi?
Hər an tumarına var ehtiyacım
Sevgin hər tərəfdən yağır üstümə
Səni görməyəndə elə yanıram
Göz gözü görməyir inan tüstümə.
Qolların boynumu qucaqlayanda
Oyaq gecələrin düşür yadıma
Yuxulu gözlərə məhəl qoymadan
Qımqımı qoşardın mənim adıma.
Zülmət gecələrdən, qaranlıqlardan
Açdığın səhərlər minmi, min birmi,
Xoşbəxt görünərsə bütün körpələr,
Anaya ən böyük hədiyyədirmi?
Səni lap yenıdən qoxladım bu gün
Hansı çıçək çatar ətrinə sənin
İstədim canına can qurban deyim
Qorxdum dəyərəm xətrinə sənin.
Bu il, yəni 2007-ci il taxıl biçilən vaxtı Anam - Qənirə Abdulla qızının 60 yaşı tamam olur. Qocalmağı məni kövrəltsə də, ucalmağı məni qürurlandırır. Bəli, mənim Anam dünyanın ən möhtəşəm analarındandır.
Əziz Anam, səni bağrıma basıram, səni çox sevirəm, sən mənə həyatım qədər qiymətlisən!
100 illik yubileyində səni sağlam görmək arzusu ilə...
05 may 2007-ci il
“Geopolitika XXI əsr” qəzeti,
YORUMLAR
Allah ananıza sağlıklı ve uzun ömürler versin. Ak saçlarda çok yakışmış Anaya, gardaş acısı demek saçların ağarmasının sebebi... Allah mekanlarını cennet etsin öbür dünyaya giden atalarımızın, analarımızn ve bütün yakınlarımızın....
Ellerinize sağlık, kaleminize bereket, ne güzel anlatmışsınız ANA ne demek. okurken çok etkilendim. Annem hayatta olsaydı gidip bir daha ve bir daha ellerini öper ve koklardım onun Ana kokusunu...
saygılarımla değerli Yazarım.