- 781 Okunma
- 0 Yorum
- 0 Beğeni
Sınıq körpü və Ehram çayı
Elbəyi CƏLALOĞLU
Sınıq körpü və Ehram çayı
Hər dəfə Sınıq körpüdən keçəndə bu tarixi abidə haqqında yazı yazmaq istəyim baş qaldırırdı. Bu dəfə də Bakıdan Borçalıya gedərkən bu arzum məni yenidən silkələdi və yazını haradan başlayacağım barədə düşündüm. Lakin Sınıq körpüyə yaxınlaşanda onun qırmızı kərpiclərdən hörülmüş sütunları diqqətimi çəkdi. Demə, ipucu axtarmağa heç lüzüm yox imiş, çünki dərd qarşı gələndə kərəm ona sipər olur və hər şeyin öz vaxtı var...
Nədənsə əhali bu körpüyə onun dədə-baba adı olan “Sınıq körpü” yox, məhz “Qırmızı körpü” deyirlər. Yəqinki sütunlarının qırmızı kərpicdən hörülü olduğu üçün onu bu cür adlandırırlar. Qeyd edim ki, qədim türklərin düşüncəsində qırmızı rəngin kultu mövcud idi. Bu fikirin izahı üçün haşiyə çıxaraq demək istəyirəm ki, qədim dövrlərdə bu rəng günəş enerjisi və ya nur rəmzi hesab edilirdi. Beləki qədim tunc dövrü insanlarının inancına görə həmin dövrdə simvolu qırmızı rəng olan Al ruhu (bu barədə Nəsir Rzayev “Əcdadların izi ilə” kitabının 80-ci səhifəsində məlumat verir) xeyirxahlıq daşıyıcısı kimi ortaya çıxıbmış. Ona görə də qədimdə bədxah ruhlardan, bəd nəzərdən qorunmaq üçün qırmızı parçalardan geniş istifadə edirlərmiş. Bunun nəticəsi olaraq bu gün də toy-nişan, gəlin əşyaları adətən qırmızı parçalardan hazırlanır. Eləcə də qızılca və buna bənzər digər xəstəliklərə düçar olanlara qırmızı paltar geyindirilir, hətta onlar üçün yataq dəsti də qırmızı rəngdə salınır. Qeyd etmək istərdim ki, bu günümüzdə də göz səyriyəndə qocalarımız səyriyən gözün üstünə kiçicik qırmızı parça kəsiyi və ya qırmızı sap qoyulmasını tövsiyə edir, “xeyirliyə səyrisin” deyə dua edirlər. Günəşin rəmzi olan qırmızı rənglə bağlı bu ənənə qədim Şumer mədəniyyətinə söykənir.
Bundan başqa qədim dövrdə əcdadlarımız qəbirlərini əbədi yaşayış evi saydıqlarından onun içini qırmızı rəngə boyayırlarmış. Bu onların qəbirlərinin Günəş allahının himayəsində olduğunu zənn etdiklərindən və qəbirlərində həyat enerjisi olan günəş istisinin, nurun olacağına inandıqlarından belə edilirdi. Güman edirəm ki, bu gün də rəhmətə gedənlərə “qəbri nurla dolsun” deyiminin və son mənzilə yola salarkən bəzi bölgələrdə cənazənin üstünə qırmızı örtük salınmasının da kökü həmin qədimi inanclara dayanır. Sınıq körpünün də qırmızı kərpicdən hörülməsi elə bu tikilidəki və onun altından axan çaydakı müqəddəslikdən, əski inancdan xəbər verir. Nəzərinizə çatdırım ki, bəndənizin “Sınıq körpü” adlı şeiri “Ulduz” jurnalının 2007.6 nömrəsində dərc olunub.
Sınıq körpünün neçənci ildə və kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur. Bəzi alimlər onun XI-XII əsrlərdə tikildiyini deyirlər. Bu körpünün XVII əsrdə çar Rostom tərəfindən əsaslı təmir edildiyi məlumdur. Görünür, bəzi alimlər tərəfindən körpünün tikilmə tarixinin səhvən XVII əsrə aid edilməsi elə bununla bağlıdır. Lakin görkəmli alimlərdən M.Hüseynov, L.Bretanitski və Ə.Salamzadənin birgə yazdıqları “Azərbaycan memarlığı tarixi” kitabında bu körpünün tikilmə tarixinin elmi izahı verilmişdir.
Məlumata görə, Sınıq körpüdən 95 metr aşağıda vaxtı ilə başqa bir körpü də olub. Həmin körpünün sol və sağ sahil bünövrələri hələ də qalmaqdadır. VII-VIII əsr alban tarixçisi Movsey Kalankatlı “Alban tarixi” əsərində söhbət açdığımız körpüdən bəhs edərək yazır: “Knyaz Feodil Uti vilayətinə (bu vilayətin Qafqaz Albaniyasının Gürcüstan ilə sərhəd olan vilayətlərindən biri oluduğu deyilir) gələrək Sınıq körpü yaxınlığında Kür çayı sahillərində yerləşdi.”
Buradan aydın olur ki, Movsey Kalankatlı tərəfindən “Alban tarixi” yazılan vaxtlarda da bu körpü elə “Sınıq körpü” adlanırmış. Həmin körpü uçduqdan sonar isə XII əsrdə bu gün bizə məlum olan Sınıq körpü inşa edilib...
Sınıq körpü Ehram çayının üzərində tikilib. Bu hidronim ad barədə də qısa fikir söyləmək istəyirəm. Çayın adı ruscada “xram”, gürcücədə “xrami”adlanır ki, bu da “ibadətxana” və ya “məbəd” mənasına gəlir. Azərbaycan türkcəsində isə bu çay “piramida” və ya “piramida şəklində olan tikili” mənası daşıyan “ehram” adlanır. Göründüyü kimi “ehram” komponenti “xram” və “xrami” ifadələri ilə deyim bənzərliyi təşkil etsə də, onun başqa dilə tərcüməsi deyil. “Xram” adı bu çayda bir müqəddəsliyin olduğunu göstərir, görünür qədimdə çayın hansısa bir hissəsində ibadətgah yerləşibmiş, yaxud da ola bilsin qədim zamanlarda bu çay insanların bizə məlum olmayan bir inanc yeri olub ki, o da bu günümüzə gəlib çatmayıb. “Ehram” adı isə çayın üstündən salınan körpünün forması ilə bağlı ola bilər, necə ki, bu çayın üstündən salınmış körpülərin əksəriyyəti qismən də olsa piramidanı xatırladır. Lakin bu çayın el arasında başqa bir adı da var ki, bu elə dediyimiz qədim inanclara istinad nöqtəsi ola bilər. Bunun üçün əvvəlcə tarixə nəzər salaq.
Nəsir Rzayevin “Əcdadların izi ilə” kitabının 15-ci səhifəsində deyilənlərə rəğmən “Avesta”da altı müqəddəs allahın adı çəkilir. Bunlardan simvolları aypara, günəş və ayğır (erkək at) təsvirlərindən ibarət, günəş, işıq və təmizlik allahı “Mehr”, əllərində və qollarında bilərzik, boynunda sinəbənd olaraq çılpaq vəziyyətdə şir, qoyun və digər heyvanların üstündə dayanmış və ya oturmuş şəkildə təsvir olunan, xeyir-bərəkət və su ilahəsi, eləcə də bütün heyvanların hamisi hesab edilən allah “Anahit”, simvolları öküz və at olan, ölkəni daşqından, aclıqdan və düşmən hücumlarından qoruyan allah “Tiştriya”, məhkəmə işləri ilə məşğul olan allah “Rtiş”, həyat ağacı və ya ağac budağı kimi simvollaşdırılmış, şərab və müqəddəs içki allahı “Homa”, simvolları toğlu (erkək qoyun), daş keçi, quş, insanın şirlə mübarizəsi, süvari, qanadlı və qanadsız at, öküz, dəvə, qaban kimi müxtəlif təsvirlər olan, əjdaha ilə vuruşan allah, qələbə allahı “Vertraqana” adlanır. Buradakı xeyir-bərəkət və su ilahəsi, eləcə də bütün heyvanların hamisi hesab edilən allahın (Anahit) adı mövzumuzla bağlı bir qədər diqqət çəkəndir. Beləki, bu ifadə Azərbaycan və Gürcüstanın bu günkü sərhədindən keçərək Kürə qovuşan Ehram çayının el arasında digər adı olan “anaxatır” ifadəsinə çox yaxındır. Xalq tərəfindən qoşulmuş bir rəvayətə görə “Ehram” adlandırdığımız çayın suları qədimdə daşaraq bir körpəni (qundağı) aparmış və ananın harayını eşidən ulu Tanrı onun xətrinə (ananın xətrinə) körpəsini bir çilləkənə ilişdirərək özünə qaytarmışdır. Rəvayətdə deyilir ki, o gündən bir çoban həmin çaya “anaxatır” adı veribmiş. Təbii ki, bu, bir xalq rəvayətidir, beləki hər hansı toponim, hidronim və ya etnonim adın etimologiyası bilinməyəndə həmin ad xalq tərəfindən əfsanələr, rəvayətlərlə bəzədilir. Lakin güman edirəm ki, Ehram çayının qədim adı yuxarıda dediyimiz allahın adından götürülən “Anahit” olubmuş və bu hidronim ad zaman-zaman metatezaya uğrayaraq el arasında əvvəlcə “anahatır”a, sonra isə “anaxatır”a çevrilib. Ola bilsin ki, yuxarıda güman etdiyimiz məbədgah və ya ibadətgah elə “Anahit”in adıyla bağlı olub. Onu da qeyd etmək istəyirəm ki, “xram” və “anaxatır” komponentləri müqəddəslik göstəriciləri ilə bir-birinə daha yaxındır. Deməli, Ehram çayının yenidən adlanması barədə düşünməyə dəyər, lakin barəsində söhbət açdığımız körpü elə “Sınıq körpü”dür.
Bakı, 08.12.2010
“Meydan” dərgisi, 4 avqust 2011-ci il, Gürcüstan
SINIQ KÖRPÜ
Sınıq qəlbim, – söyləmərəm,
Qüdrətimsən, Sınıq körpü.
Sən iç üzüm, sən varlığım,
Sərvətimsən, Sınıq körpü.
Ulduzu qovur vüqarın,
Səxavətin çıxıb Aya.
Hey məhəbbət daşıyırsan,
Yer üzündən Borçalıya.
Nələr keçib sinən üstən,
Nökər, əsir, sultan, vəzir.
İstək yağır daşlarından,
Divarında sevgi gəzir.
Soyuqqanlı gəlişin var,
Uzaqlardan yorğun, yavaş.
Çox görmüsən qurşaq tutan,
Qılınc vuran, dava, savaş.
Doludur qəlbin, bilirəm,
Yatır min-min xəzinələr.
Gözünlə od ayaqlatdı,
Bu əsrlər, qərinələr.
Nə möhtəşəm yer seçmisən,
Yol verirsən saf sulara.
Dağdan axıb, daşdan keçib
Süzülürsən duyğulara.
Əyəmmədi qürurunu
Nə iztirab, nə qəm, kədər.
Sən bu ömür yollarında
Doğmalaşdın Qorqud qədər.
Sən qırmızı görsənirsən
Şəfəqində al Günəşin.
Ərənlər qayıdan vaxtı –
Çırpa-çırpa üstü-başın.
Qırmızı göstərir səni
Dan üzü alışan üfüq.
Yara-yara zülmətləri
Həyatla qovuşan üfüq.
Oğuzların alovundan
Qırmızıya boyanmısan.
Sən tarixin keşiyində
Mətin, sütun dayanmısan.
Od qarışıq baxışın var,
Məğrurluğun danılmayıb.
Sənə qırmızı deyənlər
Düşünürəm yanılmayıb.
Qoy elə bu rəmzi olsun
Tərəqqinin, gəlişmənin.
Böyük Turan ellərində
Təkrar-təkrar buluşmanın.
Elbəyi Cəlaloğlu
YORUMLAR
Henüz yorum yapılmamış.