- 2463 Okunma
- 0 Yorum
- 0 Beğeni
İMAM RZA ZİYARƏTİ
Elbəyi CƏLALOĞLU
İMAM RZA ZİYARƏTİ
Qarlı, çovğunlu son qış günlərinin birində-24 Fevral 2007 ci ildə Astara keçid məntəqəsindən keçib İran İslam Respublikasının ərazisinə daxil olduq. Məqsədimiz Qum şəhərində Həzrəti Məsumə və müqəddəs Məşhəd şəhərində dünya müsəlmanlarinin 8-ci İmamı Həzrəti Rza türbələrini ziyarət etmək idi. Ancaq içimdə bəlkə də daha böyük hisslərin baş qaldırdığının şahidi oldum. Qədim Türk ellərini gəzib, seyr eləməkdən xüsusi zövq alıram və bu zövq ömrümü birə beş artıran bir həyat şövqünə çevrilir. Gözlənilməz nasazlıqla üzləşən avtomobilimiz qarda, çovğunda sürüşə-sürüşə yavaş sürətlə getdikcə “məşəd” sözündə bir “məşəqqət” anlamının olması haqqında düşünürdüm. Hər halda yolumuz Haqq yolu olduğu üçün Allahın bizdən köməyini əsirgəməyəcəyinə inanırdım. Rəşt şəhərini keçdikdən sonra qar-boranla vidalaşsaq da avtomobilimiz hələ də xəstəhal idi. Yeri gəlmişkən bu dövlətin yollarına söz ola bilməz, bircə Astara keçid məntəqəsindəki adamı əsəbiləşdirən yersız quyular və maşın batıb qala biləcək gölməçələr olmasaydı. Bizim yollarımızın İran yollarına çatmasına hələ çox var. Anoloji müqayisəni yaxın keçmişdə Türkiyədə də görmüşdüm.
Bir zamanlar Səfəvilərin baş şəhəri olan Qəzvindən keçəndə canımdan bir istilik, ürəyimdən bir doğmalıq baş qaldırdi. Məni suallar yağışına qərq eləyən qızım Humaya cavab verə-verə özümü XXVİİ əsrdə hiss elədim, sanki azadlığı duyan, demokratiyanı hiss eləyən Don Xuan (və ya Don Juan) de Persiya Qəzvinə qayıtmışdı. Avtomobili saxlayıb bir az Qəzvin havasını udmağı özümə borc bildim. İçimdəki zümzümələrin müşaiyyətilə ətrafı xeyli piyada dolaşmaq qərarına gəldim. Və gözəlliklər məskəni Qəzvinin füsünkar sinəsilə dünyanın bütün gözəlliklərini özündə cəmləşdirmiş, gözəlliklər padişahına xas bir yerişlə məni sehirləyən bir Qəzvin gözəlinə:
Çırpınır qəlbiyin simi,
Gözəl, sənin, gözəl, sənin.
Qıvraq, ürkək ahu kimi,
Gözəl, sənin, gözəl, sənin.
Mələklərmi doğdu səni?
Ey, dağların tər süsəni.
Unutmaram bir busəni,
Gözəl, sənin, gözəl, sənin.
Göylərində bir qartalam,
Bahar kimi dürlü halam,
Nəşələrindən bihalam,
Gözəl, sənin, gözəl, sənin.
İmam nuru var üzündə,
Peyğəmbər gəzir gözündə,
Canım üzülür izində,
Gözəl, sənin, gözəl, sənin.
Qəzvin neylər gül-çiçəyi,
Üzmə əlimdən ətəyi,
Qurbanındı bu Elbəyi,
Gözəl, sənin, gözəl, sənin.
Bu dövlətin ümumi xüsusiyyətcə çox şirin dil olan sakinləri qeyri dövlətlərdə olduğu kimi hər kəs öz işində çörək pulu qazanmaqla məşğuldurlar. Dükan-mağazalar, restoranlar, avtomobil təmiri məntəqələri, ərzaq və tərəvəz bazarları və s. eynilə bizdə olduğu kimidir. Orada ərzaq mallarını bizdəkinə nisbətən bir qədər ucuz almaq olar. Məsələn: çörəyin qiyməti 50 tümən - yəni 4,75 qəpik(237,5 köhnə manat), bananın qiyməti 700 tümən-yəni 66,5 qəpikdir (3325 köhnə manat). Bunun da səbəbi yanacağın son dərəcə ucuz olmasıdır. Bir litr benzinin qiyməti 80 tüməndir ki, bu da bizim pulla təxminən 7,6 qəpik eləyir (380 köhnə manat).
Daim yollarda gediş-gəlişə nəzarət edən yol polisləri sürücülərdən öz nəvazişlərını əsirgəmir, yol göstərir və ehtiyacı olana kömək edirlər. Hətta Tehrandan Qum şəhərinə gedən yolu tapmadıqda müraciət edərkən yol polisləri bizi Qum şəhərinə gedən Otobana qədər müşaiyyət etdilər. Onu da deyim ki, səfarətimiz ərəfəsində əgər 10 polisə rast gəldiksə bunun 7-si Türk idi. Ümumiyyətlə “mən Türkəm” deyib sinəsinə döyənlərə addımbaşı rast gəlinir.
100 kilometrə qədər uzanan Tehran şəhərinin ziq-zaqlı və mükəmməl təmirli yollarını Gün batandan sonra keçib Quma tərəf yollandıq. Gecə vaxtı yol üstü video kamera ilə uzaqdan çəkdiyimiz, rəhmətlik Xomeyninin də uyuduğu “Behişti-Zəhra” məzarlığı cənnət bağını xatırladırdı və bu da Tehranın ən böyük məzarlıqlarındandır.
Sübh namazı vaxtı Qum şəhərində yerləşən Həzrəti Məsumə Türbəsini ziyarət etmək bizə nəsib oldu. Minarələri qızıl kərpiclərlə bəzədilmiş ziyarətgah şəhərə daxil olan kimi diqqəti cəlb edir. Onu da deyim ki, İranın bütün bölgələrində artıq çadradan tamamilə çıxmış xanımları bu sayaq ziyarətgahlara çadrasız buraxmırlar. Bu tip geyimi heç təsəvvür belə etməyən ciyərparam Humaya nə qədər qəribə də gəlsə qanuna riayət etməli oldu. Bəli, hər kəs Allaha ibadət edir, dualar oxuyur, namaz qılırdı. İlkin olaraq Həzrəti Məsuməni ziyarət etməyimiz rəvayətə görə İmam Rzanın “məni ziyarət etmək istəyənlər əvvəlcə Həzrəti Məsuməni ziyarət etsin” kəlməsindən doğmuşdu. Nə qədər qəribə də olsa Həzrəti Məsuməni ziyarət edənə qədər avtomobilimizin nasazlığını aradan qaldırmaq üçün nə usta, nə də uyğun bir təmirxana tapa bilmirdik. Bundan sonra hər şey qaydasına düşməyə başladi.
Nəhayət, 27 Fevral 2007-ci il saat 16.00-da Xorasan əyalətinin mərkəzi olan müqəddəs Məşəd şəhərinə çatdıq. Ilkin olaraq təşəbbüsünü hakim tutub ziyarətə gəldiyimiz sözün əsl mənasında dostum Xanoğlanla üç gün yol getsək də yenicə görüşürdük kimi qucaqlqşıb bir-birimizi öpdük. Sonra dostumun ömür-gün yoldaşı Fəxriyyə xanım, oğlu, həm də mənim kiçicik dostum Səid bəy və qizim Humayla bir-birimizi təbrik etdik. Bir qədər dağlıq yerdə salınmış, hal-hazırda iki milliyon əhalisi olan bu şəhər Türkmənistanla Əfqanıstanın təxminən 150-200 kilometrliyində yerləşir. Müqəddəs Məşəd şəhərinə varid olanda nədənsə yaxın keçmişdə yazdığım bir şeirim düşdü yadıma:
Allah mənim düşüncəmdə,
Alah mənim içimdədir.
Haqq işimdə, əməlimdə,
Hər ölçümdə, biçimdədir
Haqqın verdiyi gözlərlə
Baxıram Haqqın özünə.
Dəryaların ləngərində
Axıram Haqqın özünə.
Gözlərimi yumanda da,
Allahımla başbaşayam.
Əyri yoldan, pis əməldən,
Nadürüstlükdən haşayam.
Yönəlirəm Haqq nuruna
Saf, təmiz, pak əllərimlə.
Diləyirəm arzu, murad
Bəmbəyaz əməllərimlə.
Allah mənim düşüncəmdə,
Alah mənim içimdədir.
Haqq işimdə, əməlimdə,
Hər ölçümdə, biçimdədir.
Dizlərimin taqətində,
Gözlərimin işığında,
Bədənimin halətində,
Ömrümün yaraşığında
Allah sevgisi dolaşır.
Cığırdakı izlərimdə,
Yollarımın qarışında,
Əllərimin qabarında
Alnımın hər qırışında,
Allah sevgisi dolaşır.
Udduğum hər damla suda,
İsindiyim ocaqda da,
Əzizlədiyim qocada,
Bəslədiyim körpədə də,
Allah sevgisi dolaşır.
Allah mənim düşüncəmdə,
Allah mənim içimdədir.
Haqq işimdə, əməlimdə,
Hər ölçümdə, biçimdədir.
Daim şükr eyləyirəm
Allahın hər töhvəsinə.
Gün gələr çatmaz əlimiz,
Hətta bircə zərrəsinə.
Misralarımla dolaşır
Haqqın özü sətir-sətir.
O məni ömrüm boyunca
Çirkabdan qoruyan səddir.
Halal işin mükafatı,
Haramın cəzası durur.
Tanrı harda rəva bilsə,
Orda da divanı qurur.
Allah mənim düşüncəmdə,
Alah mənim içimdədir.
Haqq işimdə, əməlimdə,
Hər ölçümdə, biçimdədir.
Bir az da ziyarətgah haqqında. Ziyarətgahın xarici əlaqələr şöbəsindən Qurani-Kərimlə bir yerdə bizə hədiyyə olunan DVD diskdən və bəzi mənbələrdən aldığım bilgilərə görə Hz. Peyğəmbər Əlejhissalamın (s) törəmələrindən olan, 7-ci İmam Musayi Kazımın oğlu, 8-ci İmam Əli İbn Musayi Rza hicri təqvimlə 765-ci ildə Mədinə şəhərində dünyaya göz açmış, 55 il ömür sürmüş (onun 20 ilini şiyələrə başçılıq etmiş) və Abbası xəlifəsi Məmun tərəfindən şəhadətə yetirilmişdir. O, indiki Məşhəd, tarixi Tus şəhəri yaxınlığında dəfn olunmuş və o yerə şəhadət yeri demışlər. İmam Rzanın məzarı üstə məqbərə tikilmiş, tədricən tarixi, qədimi daşlarla bəzədilmişdir. Hündürlüyü 20,31 metr olan Günbəz Əlirza Abbasının əl işləri ilə işlənmişdir. Kufi xəttilə yazılmış xəttatlıq nümunələrilə örtülmüş məqbərə memarlıq əsərlərinin ən böyük mərkəzlərindəndir. Hicri 932, miladi 1528-ci ildə bu mozaikalar və daşlar Şah Təhmasıb tərəfindən qızıl kərpiclərlə örtülmüşdür. Özbək Əbdül Möminxan Müntəhər hücum edərək bütün qızılları söküb aparsa da, hicri 1010-1016-cı illərdə I Şah Abbas məqbərəni yenidən qızıl kərpiclərlə örtdürmüşdür.
Dünyanın ən iri şah əsərlərindən sayılan hərəmə, hündürlüyü 40,5 metr və diametri 13 metr olan minbərlər cəzb edici görünüş verir. Hicri 1146-cı ildə Nadir Şah tərəfindən hündürlüyü 35 metr olan almaz şəkilində qızıl kərpiclərlə başqa bir minbər tikilmişdir. Bu möhtəşəmliklər, bu gözəlliklər İmam Rza naminə Allah yolunda edilmiş və bu ziyarətgah İslam dünyasının ən müqəddəs ziyarətlərindən birinə çevrilmişdir.
Hər tərəfdə insanlar namaz qılır, Qurani-Kərimi oxuyur, böyük Allaha dualar edir və nəzir verirdilər. Özümüzün və yaxınlarımızın göndərdiklərı nəzirləri atdıqdan sonra məzarı ziyarət eləməyə yaxınlaşsaq da, onun ətrafına çəkilmiş məhəccərə ancaq əlimizlə toxuna bildik, zəvvarların çoxluğu məzarı öpməyə imkan vermədi. Amma, ertəsi gün lap sübh tezdən getdiyimizdən çətinliklə də olsa buna nail olduq. Mənə çatan məlumata görə ziyarətgahın gündəlik gəliri təxminən 40 000 ABŞ dollarıdır.
Allah hər kəsin ziyarətini qəbul etsin!
İmam Rza türbəsində
Səcdə qıldım Haqq adına,
İmam Rza türbəsində.
Bir peyğəmbər övladına,
İmam Rza türbəsində.
Baş-başaydım yaradanla,
Təmannasız, pak vicdanla,
Dua etdim ruhla, canla,
İmam Rza türbəsində.
Görkəmində ər qüruru,
Ələnir göylərin nuru,
Duyğular da şəffaf, duru,
İmam Rza türbəsində.
Qizildandır divarları,
Ürəkdən əridir qarı,
Sanki, hər kəs Haqqın yarı,
İmam Rza türbəsində.
Tanrının müdhiş səsi var,
Peyğəmbərin nəfəsi var,
İmamın öz hücrəsi var,
İmam Rza türbəsində.
Qədrini bil səfarətin,
Elbəyi, saf məhəbbətin,
Qəbul olsun ziyarətin,
İmam Rza türbəsində!
Vətənə döndükdən sonra hər şeyin yaxşı sonuclandığını görüb sevinsək də Azərcell telefon qovşağının zərbəsilə üzləşdiyimi bildikdə çox təəssüfləndim. İrana keçməmiş Azərsellin çox şişirdib, təriflədiyi “Rouminq” xidmətindən istifadə etmək qərarına gəldim. Taariflərlə tanış olduqda Nizami rayonunda yerləşən servis xidmətləri məntəqəsində bir dəqiqənin qiymətinin 1,5 ABŞ dolları olduğunu dedilər. Amma beş günlük səfərdə hissə-hissə günə 6 dəqiqədən 10 dəqiqəyə qədər danışsam da, qayıtdıqdan sonra ödəyəcəyim məbləğin 293 manat (337 ABŞ dolları) olduğunu bilib şoka düşdüm. Danışdığım dəqiqələrin sayını nə qədər şişirdib hesablasam da yenə də 293 manata çatmadı. Belə çıxır ki, günə 40 dəqiqə danışmışam, özü də taarifin baha olduğunu bilə-bulə. Hər şey özlərinin əlində olduğundan “onlara nəyi təsdiq edə biləcəm ki?” düşünüb müraciət eləməkdən vaz keçdim. Deməli mən İranda bir ay qalsaydım ödəyəcəyim məbləğ təxminən 1800 manata (2100 ABŞ dolları) çatacaqdı. Belə çıxır ki, qeyri danışıqları və xidmətləri nəzərə almasaq, hər 100 adamdan biri bu üzdəniraq xidmətdən istifadə etsə aylıq məbləği təxminən 148 miliyon manata (170 miliyon ABŞ dolları) çatacaqdır. Bundan dövlətə ödənən vergi isə 26 miliyon 625 min manat (30 miliyon 600 min ABŞ dolları) edir (əgər ödənirsə), bəli, təsəvvür edilməz bir rəqəm. Bundansa, İranda bir yerli telefon nömrəsi alıb işlətsəydim yəqin ki, 100 dəfə ucuz başa gələrdi. Katrina fırtınasısayaq olan üzdəniraq “Rouminq” xidməti haqqında Azərcell telefon qovşağının rəhbərliyi doğurdanmı bu qədər pirimitiv düşünür?
Bakı-Qum Məşhəd-Bakı 04 mart 2007-ci il
“Press-post” qəzeti
YORUMLAR
Henüz yorum yapılmamış.