- 442 Okunma
- 0 Yorum
- 0 Beğeni
İnanc və eşqin poetik vəhdəti
Elbəyi Cəlaloğlu
İnanc və eşqin poetik vəhdəti
Şair Knyaz Aslanın 50 illik yubileyinə
Düşüncədə gedən normal mühakimələri, insanın tanıdıqları, yaxınları və dostlarıyla öz-özlüyündə qurduğu fantaziyaları qələmə almaq dəbdə olsaydı, mən birinci şair dostum Knyaz Aslanla olan savaşımı yazardım. Çünki o, gözəl təfəkkürə, fitri istedada malik olduğu halda əsərlərini çap etdirmək yadına düşmür. Oxucuları onun yaradıcılıq nümunələrini çıraqla axtarırlar. Hərdən düşünürəm ki, metromaniyanın baş alıb getdiyi bir dövrdə bəlkə Knyazın da kitab çap etdirməyə antipatiyası baş qaldırıb. Əgər belədirsə, onda çox təəssüf! Bu yerdə Hüseyn Cavidin “Topal Teymur” dramından sitat gətirmək istəyirəm. Əsərdə Yıldırım Bəyazit Teymura əsir düşərkən, ona şair Kirmani belə deyir: ”(səmimi və coşğun bir ahənglə). Məhəbbət! Məhəbbət!... Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun”. Yazıçılıq, şairlik də mənəvi bir savaşdır, düşüncələrdə özünüdərk vuruşmasıdır, oxucunun təfəkküründə obrazlı fikirlər formalaşdırma inqilabıdır. Buna görə də, şair pessimistliyə qapılaraq öz yaradıcılıq qabiliyyətini metromaniyanın qurbanına çevirməmlidir. Çünki küsüb geri çəkilmək uğursuzluğa düçar olmaqdır. Şeir yazma azarına tutulanlar, qrafomanlar bir gün knyazların yaradıcılığı ilə tanış olub, nəhayət də “qılınc”ını yerə qoyacaqlar. Mənim dostum-qardaşım Knyaz Aslan da gözəl bilir ki, özünü şair kimi təsdiq edə bilməyənlər sonda vaxtını məclislərdə şeir deməyə, tədbirlərdə söz almaq üçün dəridən-qabıqdan çıxmağa həsr edir, lakin buradan da əli çıxanda “qabiliyyət”inin qiymətləndirilməməsində bir qrup insanları suçlayaraq, məyuscasına çəkilib yerində oturur. Rus tənqidçisi Belinskinin bir fikirini xatırlayıram: “Şair olmaq, quş kimi melodik səslər çıxarıb civildəmək deyil, şair olmaq poetik obrazlarla düşünmək deməkdir”. Təbii ki, həm də düşündüyünü qələmə almaq prinsipini də buraya əlavə etmək olar.
Budur, Knyaz Aslanın “Qızlar sevgi yaşında” adlı həcmcə əl boyda olan, portativ və nəfis bir kitabını vərəqləyirəm. Əvvəldən axıracan madriqallardan ibarət olan bu kitabda mükəmməl yaradıcılıq nümunələri ilə rastlaşıram. Müəllifin yaratdığı bədii obrazlar həyatda, məişətdə rastlaşdığımız reallıqlar, qarşıya çıxacağı ehtimal olunan gerçəkliklərdən çeşidli örnəklərdir. Bu da şairdən bir sitat:
Yamandı qardaşın hədə-qorxusu,
Bəzən addım-addım izlər çoxusu..
Subay oğlanların qaçar yuxusu,
İlk sevgi yaşına çatanda qızlar.
Müəllif kitabın adını da oxucuya nostalji hisslər yaşadan bu şeirdən götürüb. Şairin bu şəffaf duyğularını yaşamayan bir insanı təsəvvür etmək çətindir. Şeir bayatılar söyləyən nənələrimizin, müdrik babalarımızın danışdığı tərzdə ifadə olunduğundan və bu hisslər bizlərə son dərəcə doğma olduğundan burada şərhə ehtiyac da qalmır.
Keçək şairin başqa bir yaradıcılıq nümunəsinə:
Qıyqacı baxışlar dərd əlacıdı,
Alışan ürəyin sevgi tacıdı!..
O məsum baxışlar, o lal baxışlar,
Dünyanın ən sirli qəlb dilmancıdı!
Müəllifin “Baxışlar” adlı şeirinin bu bəndində qeyri-adi fikirlər var. Həmin bəndin ikinci misrasını oxuyanda Aristotelin fəlsəfəsini xatırladım. Dahi filosof bütün hisslərin qəlbə bağlı olduğunu söyləyir. Deməli, sevginin də qəlbdə öz guşəsi var və o, digər hisslərdən özəlliyi ilə fərqlənir. Knyaza görə sevgi ölə bilməz, dərddən yanan isə yalnız sevginin tacı ola bilər. Bu, həm gözəl fikir, həm də gözəl bənzətmədir! Həmin bəndin axrıncı misrasında isə sevgi nümunəsi, məhəbbət təsviri olmaqla yanaşı, həm də İlahi eşq fəlsəfəsinə istinad edilir. Belə ki, sufi düşüncəsinə görə, Tanrı sevdiyi bəndələrinin könlünə ruhun dilində hikmət nazil edir, bəndə isə bu hikmətləri mənsub olduğu dildə ifadə edir. Buradan belə məlum olur ki, könül həm də Tanrı ilə onun bəndələri arasında mükəmməl bir tərcüman, İlahi bir dilmancdır. Knyaz Aslanın təşbehlərinin füsünkarlığı da elə buradan gəlir.
Şairin “Yığışmaz” rədifli şeirindəki bir misranın da üstündən səthi keçə bilmədim:
Ovçu mənəm, izlədiyim ovsa – sən!
Vurmamışam, vurulmuşam sinəmdən...
Bircə kəlmə “hə” cavabı deməsən,
Söz-söhbətim, vallah, sizdən yığışmaz!
Yaşamı, həyatı, məqsədi ova bənzətmək mümkün olduğu kimi, sevgini də bu cür təsəvvür etmək olar. Belə gözəl təsvirlərin birini də Knyaz Aslan yuxarıdakı bəndi ilə etmişdir. Bu şeirdə məhəbbət “ovçu”su öz şikarına atdığı “güllə” ilə özünü “yaralayır”. O, lap elə Məcnun kimi vurulur və bu zaman yenə də Aristotelin fəlsəfəsinə uyğun olaraq desək, onun hisslərinin yönəldiyi istiqaməti ağıl tənzimləməyə başlayır. Yəni “ovçu” öz şikarına sevgisini etitaf etməklə yanaşı, həm də, əgər şikarı “hə” deməzsə onun bəlkə də məcnunluğu barədə söz-söhbətin yığışmayacağını əvvəlcədən bəyan edir. Çünki o, öz sevgisində bir mənalı olaraq israrlıdır və buna özünü inandırıb. İnanc olan yerdə isə geriyə yol yoxdur. Müəllifin “Səndədi” rədifli şeirində yazdığı aşağıdakı bənd də inanca söykənir:
Bircə sözlə ürəyimi al, görüm,
Sonra mənsiz qala bilsən, qal görüm!
Bacarırsan, ömrün boyu çal görüm,
Eşq rübabım, könül sazım səndədi.
“İnanc” və “eşq”dən söhbət açmağım da səbəbsiz deyil. Ulu övliya, dahi Azərbaycan sufi şairi Şəms Təbrizinin təliminə görə, elmin sonunda eşq, alimliyin sonunda aşiqlik durur. Ulu övliya onu da qeyd edir ki, bu dünyada olan bütün sevgilər İlahi eşqin məcazıdır. Yəni biz bu dünyada həqiqi eşqin metaforasını yaşamaqla əslində məşq edirik, Tanrını sevmək öyrənirik. Bu mənada Knyaz Aslanın oxucunu sevgiyə, eşqə səsləməsi təqdirə layiqdir. Onu da qeyd edim ki, bu kitabda olanların daha çox müəllifin gənc vaxtı yazdığı şeirlərin olduğunu da sezməmək mümkün deyil. Şairin bu il əlli yaşı tamam olur, güman edirəm ki, onun indən belə yazacağı məhəbbət şeirləri öz ləngərinə görə əvvəlkilərdən seçiləcək. Çünki müşahidələrdən bu qənaətə gəlmək olur ki, şairlərin gənc vaxtı yazdığı məhəbbət şeirləri ilə yaşlı vaxtı eyni mövzuda yazdığı şeirlərin arasında xeyli fərq olur. Bu mənada ki, gənc vaxtı yazılan nümunələr daha şövqlü, daha şux olur. Buna əlavə olaraq demək istəyirəm ki, gənc vaxtı yazılan sevgi şeirinin özü elə gənclik kimi çılğın, dəlisov, təravətli olur. Yaşlı vaxtı yazılan bu cür şeirdə isə daha çox müdriklik, aqillik müşahidə olunur. Eyni zamanda bu, şairin üzünü gözələ tutub deməsi olsa da, daha çox gözəlliyin və gəncliyin özünün vəsfinə bənzəyir. Ona görə də, güman edirəm ki, dəyərli şair dostum Knyaz Aslan oxucularını intizarda qoymayacaq və onları tezliklə müdrik sevgi şeirləri ilə də sevindirəcək.
Bütün bu dediklərimə rəğmən, təəssüf edirəm ki, müəllifin başqa bir kitabı məndə yoxdur. Lakin onun vətən sevgisi, yurd məhəbbəti ilə bağlı olan şeirləri də var. Onlardan bir nümunəni isə budur, bilgisayarımın yaddaşından qoparıram:
Min il keçsin – məhəbbətim azalmaz!..
Yad felindən yurd ilqarım pozulmaz!..
Ünvanıma özgə Vətən yazılmaz,
Gözlərimin yaşındadı Borçalı!..
Göründüyü kimi, Şair Knyaz Aslanın səmimiyyəti elə onu şəxsən tanımayan oxucuya da bəllidir. Bu qədər məhəbbət şeirləri, eləcə də onun kökə-soya bağlılığını tərənnüm edən misraların müəllifini başqa cür təsəvvür etmək mümkündürmü?! Onun bütün yazı nümunələrində gənclik çılğınlığı, doğmalıq hissləri, könül adamı təzahürləri, eləcə də incəlik, kövrəklik duyulmaqdadır. Doğrudan da, Knyaz Aslan gözəl şair olduğu qədər də dəyərli dostdur.
Şair qardaşımı əlli yaşı münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları və ailə xoşbəxtliyi arzulayıram!
Bakı, 30.01.2011
“525-ci qəzet”, 08 fevral 2011-ci il
YORUMLAR
Henüz yorum yapılmamış.