- 711 Okunma
- 0 Yorum
- 0 Beğeni
Dünyadan uzaqda kök salan şair
Elbəyi CƏLALOĞLU
Dünyadan uzaqda kök salan şair
Məmməd Dəmirçioğlunun “Səhra gülləri” şeirlər kitabı barədə qeydlər
Məmməd Dəmirçioğlunun yazılarını sazsız təsəvvür etmək mümkün deyil, çünki onun doğulduğu İncə dərəsi saz yurdu, söz vətənidir. Sözümü qəribçiliyə salmasalar İncə dərəsini hətta Borçalının anklavı hesab edərdim. Bu bölgədə yaşayan insanların düşüncə tərzini, Borçalı əhalisindən heç nə ayırmır. Məmməd bəyin “Dəmirçioğlu” təxəllüsü isə onu mənən bir az da doğmalaşdırır. Belə ki, bu sətirlərin müəllifinin doğulduğu Dəmirçihasannı bölgəsində yaşayan türklərin bir hissəsinin Azərbaycanın müxtəlif ərazilərinə tarixi miqrasiyaları bizə məlumdur və bu köçlər xüsusilə Qazaxdan tutmuş Qarabağın müxtəlif ərazilərinə olunmuşdur. Hələlik İncə dərəsi əhalisinin bu toplumdan olduğunu təsdiqləyən dəlil olmasa da ürəkdən ürəyə bir doğmalıq hiss olunmaqdadır. Bundan başqa İncə dərəsinin regionda Nəqşbəndi sufi təriqətinin mərkəzi olması (təriqətin davamçısı olan şeyx Hacı Mahmud Əfəndinin türbəsi bu bölgənin Astanbəyli kəndində yerləşir) da bizlərə çox şey deyir. İncə dərəsinin Nəqşbəndiliyin mərkəzi olması da Məmməd Dəmirçioğlunun yaradıcılığına öz güclü təsirini göstərmişdir. Ulu sufilərdən, övliyalardan, pirlərdən gələn mükəmməl fikirlər, təsəvvüf əhlinin insanlara Allah eşqini təlqin etmək məqsədilə söylədiyi rəvayətlər, didaktik ifadələr bu bölgədə yaşayan əhalinin canına, qanına elə hopub ki, bu aurada yetişmiş yaradıcının əsərləri mütləq həmin ruha köklənir. Buna görə də şair-rəssam Məmməd Dəmirçioğlunun istər poeziya, istərsə də rəsm əsərləri dediyimiz kontekstdən kənarda qala bilməyib. Nümunə üçün müəllifin “Körpü” şeirinə baxaq:
Əsdim yıxılmadım kəndirbaz kimi
Yaşadım ömrümü qıl körpüsündə. (səh.35)
Bu beyt real insanlıq göstəricilərindən kənarda qalmamaqla yanaşı, həm də insanı saflığa, onun Allah eşqi ilə yaşamasına bir çağırışdır. İnsanın maddi və fani dünyadan axirət dünyasına “adlaması” üçün onun qıl körpüsündən keçəcəyini kifayət qədər oxumuşuq. Lakin bu deyimə Məmməd Dəmirçioğlunun öz empriyası çərçivəsində özəl bir yanaşması var. Əlbəttə insan kəndirbaz olsa belə onun qıldan nazik olan Sirat körpüsündən keçməsini təsəvvür etmək mümkün deyil. Deməli, bu körpüdən keçmək üçün insan mələkləşməlidir. Mələkləşmə isə “aydan arı, sudan duru” olmaq deməkdir. Burada istər istəməz ulu övliyaların kəlamları yada düşür. Həllacı Mənsura görə, insan ürəyindən bütün pislikləri atsa Allahla bütövləşər. Şəms Təbrizinin təliminə görə, insan ədəblə Mərifətə çatar və ona Həqiqətin qapısını göstərərlər. Ulu övliya eyni zamanda şükr edən ürək, zikr edən dil və səbr edən bədənlə Allaha qovuşmağın mümkünlüyünü ərz edir. Mövlana Cəlaləddin Rumi isə buyurur ki, insan dünya malına göz yummaqla, malını Allah yolunda sərf etməklə, öz “mən”indən keçməklə Tanrı ilə vəhdətdə olar. Mövlananın təlimindən bu qənaətə də gəlmək olur ki, insan helmi, elmi və vicdanından möhtəşəm bir piramida qurmaqla idrakın qapısını açar və Allahı dərk edər. Allahı dərk etmək isə onun eşqinə düşmək, övliyanın öz təbirincə desək Allaha vasil olmaqdır. Bütün dediklərimizdən belə məlum olur ki, qıl körpüdən rahat keçə bilmək üçün övliyaların dediklərinə qulaq verib, onlara riayət etməmiz lazımdır. Zənnimcə, Məmməd Dəmirçioğlunun da yuxarıdakı beytlə bizə xatırlatdığı elə budur. Qaldı ki, “Əsdim yıxılmadım kəndirbaz kimi” misrasında insanlıq əlamətləri ilə yanaşı, bu göstərici daxilində xırdaca yumoristik anlatma da var. Təsəvvür edin, insan öz mənəvi saflığına o qədər dəqiqliklə əmin olmalıdır ki, o, qıl körpüsündən keçərkən axirətini bərbad etmədiyinə azca da olsa tərəddüd etməsin, çünki bu hal ağılasığmayan bir faciə ilə - “qır qazanı”na düşməklə nəticələnə bilər.
Məmməd Dəmirçioğlunun hər bir şeirinin üzərində dayanıb sufizmə dair hüdud bilməyən fikirlər söyləmək olar. Elə bunun nəticəsidir ki, onun “Səhra gülləri” kitabından üç şeiri təqribən bir saata oxumuşam, belə ki, hər bir misra, hər bir beyt məni orta əsr sufizim fəlsəfəsinə qaytarır, Bəyazid Bəstaminin, Cüneyd Bağdadinin, Məhəmməd Qəzzalinin, Mühyiddin ibn Ərəbinin və s. fikrlərini xatırlamağa sövq edir və sanki uca Allahı ziyarətə aparırdı.
Təsəvvüf elminə köklənmiş Məmməd Dəmirçioğlunun “Ümid verin” qoşmasındakı
Dünyadan çox uzaqdayam
Dostum bir məktub yaz mənə. (səh. 45)
- beyti də maraqlıdır. Təbii ki, müəllif sufi fikirləri, təsəvvüfsayağı təhkiyələri ilə bəzi dostlarından uzaqdadır. O, dostundan məktub almaq arzusuyla onu öz düşüncəsinə dəvət etməkdədir. Burada yenə də Mövlanın “istər bütpərəst ol, istər xaçpərəst ol, istər yüz dəfə tövbəsini pozmuş ol, yenə də gəl! Çünki bizim qapımız ümid qapısıdır.” kəlamı yada düşür. Şəms Təbrizi isə buyururdu ki, hüzurumuzda görünən biədəb insan görünməyəndən daha xoşdur, çünki o, artıq könül hovuzunun kənarında dolaşır, biz onu saflaşmaya sövq etməliyik.
Məmməd Dəmirçioğlunun sifətini, üzünün quruluşunu min sifətin içindən seçmək belə mümkündür, çünki onun üz-gözündə əsl türk kişisinə məxsus ilkin əlamətlər, islamlıq mücəssəmməsi və dərviş şəffaflığının vəhdəti olduqca aydın görünür. Məmməd bəyin zahiri görünüşündəki eyforiya, onun daxili dünyasındakı inancın məhrəmliyindən doğur.
Şair Məmməd Dəmirçioğlu “Ağlaya-ağlaya gülün” şeirində də
İblislər dəliqanlıdır
Göydə Allahımız fağır. (səh.39)
- deyərək insanları Allahla özünün arasına sərt divar çəkən mənəmlikdən imtina etməklə həlimliyə, fağırlığa çağırır. Zənnimcə, burada “fağır” ifadəsi “rəhimli”, “mərhəmətli”, “kamil” anlamındadır. Çünki insan dünyanı dərk etdikcə, Allahın və Onun yaratdıqlarının fəlsəfəsinə güzgü tutmağı bacardıqca, öz müdrikliyinin ağırlığından özü fağırlaşır. Bu mənada fağırlığın zirvəsində də elə Allah özü dayanır. Təbii ki, Quran ayələrində “Allah böyükdür”, “Allah mərhəmətlidir”, “Allah rəhmlidir” ifadələri tez-tez işlədilir. Həmin bu Quran deyimlərini Məmməd Dəmirçioğlu öz poetikasında yuxarıdakı beyti ilə özünəxas üsulla ifadə etmişdir və ya bu, müəllifin özəl perifrazasıdır.
Müəllif “gedirəm” rədifli qöşmasında isə öz yerini dostlarına sirr olmasın deyə aydınca bəyan edir:
Məni hüsnü-camalına,
Eyləmə heyran, gedirəm.
Üzü göyə bir qəribəm,
Gəlibdi karvan, gedirəm. (səh.78).
Nə gözəl! Bu bənddə şair öz ünvanını dostlarına göstərməklə yanaşı, həm də özünün asketik düşüncəsiylə dünyanın faniliyini bir daha təsdiq edir və bu zaman oxucuda əsl varlığın elə yoxluqda olmasına şübhə yeri qalmır. Daha doğrusu, Dəmirçioğlu oxucusunu tarixi min ildən də çox olan sufi düşüncəsinin doğruluğuna inandıra bilir.
Məmməd Dəmirçioğlunun şeirlərində deyilənlərlə yanaşı soya-kökə bağlılıq, saza-sözə vurğunluq, kişi sözünün qüdrətinə inam, nənələrin söylədiyi bayatılara doğmalıq motivləri də yüksək səviyyədədir, lakin müəllif bunlara ayrıca şeir həsr etməyib, əksinə bu fikirlər də həmin sufisayağı yazılmış şeirlərin tərkibindədir. Buna nümunə kimi aşağıdakı beytləri göstərmək olar:
Bişib ağzımda ləlidi,
Dilim – nənəmin nağılı. (səh. 89)
yaxud,
Elə vurulmuşam sizə, a dağlar,
Şair ilhamında söz vaxtındayam. (səh.103)
Bu yazını doğum günümdə, təsəvvüfçülərin təbirincə desək “varlıqdan yoxluğa tənəzzül etdiyim gün” yazdım. Onu da qeyd edim ki, çağdaş publisistikanın yazılmamış qanunlarını pozmamaq məqsədilə qeydlərimi qısa və konkret yazmağa çalışsam da, bir məsələyə toxunmaya bilmədim. Belə ki, son zamanlar qrammatikanın eliziya qanununu pozan təxəllüslərlə tez-tez rastlaşırıq, lap dostum-qardaşım Məmməd bəyin “Dəmirçioğlu”nda (ərkimə görə üzr istəyirəm) olduğu kimi. Eliziya hadisəsinə görə, mürəkkəb sözlərin təşkili üçün birləşəcək iki sözdən birincinin saitlə bitib, ikincinin də eynilə saitlə başlandığı halda, birinci sözün sonundakı sait düşməlidir, yəni “Dəmirçi” və “oğlu” sözləri birləşdikdə “Dəmirçoğlu” halını almalıdır.
Şair-rəssam dostum Məmməd Dəmirçioğluna daha böyük yaradıcılıq uğurları arzulayıram!
Bakı, 15.01.2011
“Şərq” qəzeti, 2 fevral 2011-ci il
YORUMLAR
Henüz yorum yapılmamış.